Məhkəmə qərarları › İş №2-1(103)-576/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-576/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-576/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3926/2023 saylı, 10 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar massivində yerləşən sahəsi 0,12 ha olan “939” saylı bağ (torpaq) sahəsi Bakı ŞİH X1 İnkişafı və X4 bağlar sahəsindəki 65 saylı BTK tərəfindən 3 saylı orderlə (Bakı ŞİH-in 21 noyabr 2003-cü il tarixli qərarına əsasən) iddiaçıya ayrılmışdır. O, istifadəsində olan bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdehin 21 oktyabr 2022-ci il tarixli **********04 nömrəli cavab məktubu ilə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuş və imtinanın əsası kimi İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman torpaq sahəsində hasarlama və mərzçəkmə işləri sxematik bölgüyə uyğun aparılmadığı, arxiv cizgisi olmadığı, torpaq sahəsinin dəqiq yerini təyin edilməsinin mümkünsüzlüyü göstərilmişdir. Hesab olunur ki, inzibati orqanının imtina əsassız və qanunsuzdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29, 71-ci maddələrinə, Torpaq Məcəlləsinin 48, 66 – 68, 84-cü maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.7, 12.1, 15-ci maddələrinə, «Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına, eləvə də İPM-in 2.2.3, 8.1.1, 34.1-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində sahəsi 0,12 ha olan 939 “a” saylı bağ sahəsinə texniki pasportun (planölçünün) tərtib edilməsi və iddiaçının hüquqlarının daşınmaz əmlakın reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən cahiş olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 23 sentyabr 2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilən texniki baxış zamanı hasarlama və mərzçəkmə işlərinin sxematik xəritəyə uyğun aparılmadığı müəyyən olunmuş və arxiv cizgisi olmadığından, torpaq sahəsinin dəqiq yerini müəyyənləşdirmək mümkün olmamışdlr. Sözügedən torpaq sahəsi ümumi hasar daxilindədir, ara sərhəd yoxdur, keçid yolu ayrılmamışdır. Həmçinin, təqdim olunan 21 noyabr 2003-cü il tarixli 3 saylı orderin arxiv nüsxəsi İdarədə aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 7, 8.0.7, 11.1, 23-cü maddələrinə, «Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3926/2023 saylı, 10 iyul 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilən texniki baxış zamanı hasarlama və mərzçəkmə işlərinin sxematik xəritəyə uyğun aparılmadığı müəyyən olunmuş və arxiv cizgisi olmadığından, torpaq sahəsinin dəqiq yerini müəyyənləşdirmək mümkün olmamışdlr. Sözügedən torpaq sahəsi ümumi hasar daxilindədir, ara sərhəd yoxdur, keçid yolu ayrılmamışdır. Həmçinin, təqdim olunan 21 noyabr 2003-cü il tarixli 3 saylı orderin arxiv nüsxəsi İdarədə aşkar olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar massivində yerləşən sahəsi 0,12 ha olan “939” saylı bağ (torpaq) sahəsi 65 saylı BTK-nın 3 saylı orderi ilə hazırkı İddiaçı ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında və apellyasiya şikayətinin dəlillərini aşağıdakı hallara istinad etmişdir: 1) bağ sahəsinin hasarlama və mərzçəkmə işləri sxematik xəritəyə uyğun aparılmamışdır; 2) bağ sahəsinin arxiv cizgisi olmadığından, torpaq sahəsinin dəqiq yerini müəyyən edilməsi mümkün deyil; 3) torpaq sahəsi ümumi hasar daxilindədir və ara sərhəd yoxdur; 4) keçid yolu ayrılmamışdır; 5) təqdim olunan 21 noyabr 2003-cü il tarixli 3 saylı orderin arxiv nüsxəsi İdarədə aşkar olunmamışdır. İddiaçı hazırda inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir və sözügedən bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair orderlər bu əsaslar sırasındadır. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur (maddə 64.4). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Kollegiya ilk növbədə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində 65 saylı BTK-nın İddiaçı 0,12 ha ölçüdə 939 “a” saylı bağ sahəsinin ayrılması barədə 3 saylı orderinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından qeyd olunan order mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin orderin arxiv nüsxəsinin aşkar olunmaması isə iddiaçının iradəsindən asılı olan hal deyil, həmin orderin arxiv nüsxəsinin saxlanılmamasına görə iddiaçı təqsirli hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, bu qəbildən olan sənədlərin arxiv saxlayıcısı cavabdeh özüdür. Bundan əlavə iş materiallarında olan cavabdeh inzibati orqanın təqdim etdiyi arxiv sənədlərinə əsasən müəyyən olunur ki, sözügedən bağ sahəsi vaxtilə iddiaçının nənəsi X3 adına 22 may 1989-cu il tarixli 7 nömrəli order əsasında verilmiş, 2003-cü ildə nənəsinin ölümü ilə əlaqədar olaraq həm iddiaçının, həm də onun anasının yazılı ərizələri əsasında sözügedən 939a nömrəli bağ sahəsinin hazırki İddiaçı adına keçirilməsi Bağ təsərrüfatının inkişafı və istismarı İdarəsinin direktoru cənab T.Allahverdiyevdən xahiş edilmişdir. Göründüyü kimi iddiaçının hazırda təqdim etdiyi orderin verilməsinə əsas olan sənədlər cavabdehin arxivində saxlanılır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus hüquqmüəyyənedici sənəd qismində orderin mötəbərliyini təkzib edən hər hansı sübut təqdim edilmədiyindən, sözügedən sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən order olduğu təqdirdə, həmin orderin arxivdə aşkar edilməməsi əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Belə ki, müvafiq orderin əvvəlki qurum tərəfindən cari cavabdeh orqana təhvil edilməmiş olması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi, ara sərhədinin olmaması onun üzərində hüququn qeydiyyata alınmasını istisna edən edən hal deyil və bu qeydiyyata maneə yaratmır. Bağ sahəsinə keçid yoluna gəldikdə isə, həmin hal da bağ sahəsinə hazırda hüququn qeydiyyatına təsir etmir və gələcəkdə zərurət yaranarsa, məsələ qonşu ərazidə yerləşən başqa bağ sahələrindən servitut alınması və digər mülki münasibətlər üzrə həllini tapa bilər. Bundan başqa, Nardaran bağlar massivində 65 saylı BTK-nın iddiaçıya ayrılmış 939 “a” saylı bağ sahəsinin elektron baza məlumatlarına əsasən (cavabdeh faktiki uyğunsuzluğu iddia etmir) sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Həmçinin, cavabdeh qeyd olunan uyğunsuzluqla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, apellyasiya şikayətinin dəlili olmasa da, apellyasiya baxışı zamanı tərtib edilmiş torpaq sahəsinin texniki vəziyyətinə dair müayinə aktında bağ sahəsinin yol tərəfindən ümumi ərazinin üstündən yüksək gərginlikli elektrik xəttinin keçdiyi qeyd edilmişdir. Qeyd edilən hal ilə bağlı da məhkəmə kollegiyası diqqətə çatdırır ki, 1999- cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında, 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixli qərarında, 2- 1(102)- 864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1(102)-445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarında, 2-1(102)-1153/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (order) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Hazırki məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyət hüququnun yaranmasını təkzib edən hallar müəyyən edilməmiş və iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyinə xələl gətirən hər-hansı hal aşkar edilməmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ümumilikdə qeyd edir ki, bu hallar iddiaçının təqsiri hesab edilə bilməz və formal olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3926/2023 saylı, 10 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar