Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-576/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 1585a nömrəli bağ sahəsi ünvannda yerləşən iddiaçıya məxsus 0,12 ha ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6161/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 1585a nömrəli bağ sahəsi ünvannda yerləşən iddiaçıya məxsus 0,12 ha ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu. Kürdəxanı qəsəbəsi, Ləhiş bağ yerləşən 0.24 ha ölçülü bağ/torpaq sahəsi 0,12 ha olmaqla iki hissədən ibarətdir. Bunun 0,12 ha-lıq bir hissəsi - 1585а iddiaçının adınadır, faktiki sahibliyində və istifadəsindədir. Yerdə qalan 0.12 ha isə (bağın kök hissəsi) 1585 nömrəsi ilə bacısına məxsus olmuşdur və hal-hazırda bağ müqaviləsi ilə onun adındadır. Bacısı dünyadan köçdüyü üçün iddiaçı onun varisi olaraq 1585 nömrəli bağ sahəsinin də qanuni sahibi və faktiki istifadəçisidir. "1585а" sahəsi ilə bağlı onun keçmiş (ləğv edilmiş) X4 və İstismarı Birliyi ilə 27 iyul 1994-cü il tarixli 25603 nömrəli müqaviləsi vardır. Müqavilədən görünür ki, Bakı ŞİH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1994cü il tarixli 8 nömrəli protokolu əsasında ona 3-cü sıradan (hal-hazırda 30-cu sıra hesab olunur) 0.12 ha torpaq sahəsi ayrılmışdır. Bağının eni 25 metr, uzunluğu isə 48 metrdir. 1585 sahəsi ilə bağlı isə mərhum bacısı X1 (ləğv edilmiş) X4 və İstismarı Birliyi ilə sağlığında bağladığı 27 iyul 1994-cü il tarixli 25693 nömrəli müqaviləsi olmuş və bu müqavilə qüvvədədir. Müqavilədən görünür ki, Bakı ŞİH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1994-cü il tarixli 8 nömrəli protokolu əsasında bacısına da 3-cü sıradan (hal-hazırda 30-cu sıra hesab olunur) 0.12 ha torpaq sahəsi ayrılmışdır. Bacısının bağının eni də 25 metr uzunluğu isə 48 metrdir. Bundan əlavə bacısının bağ sahəsində 12,3 kv.m. ölçüdə bir tikili də var idi ki, bu tikilinin qalıqları indi də bağ sahəsində durmaqdadır. Bacısının bağ sahəsi yola tərəf olan sahədir, onun sahəsi isə içəri tərəfdədir. Həmin səmtlərdə torpaq sahələri kökdən/əsldən 24 sot ölçüdə olub (25x96). 1989-cu ildən sonra bu bağlar daha kiçik hissələrə bölünüb, çünki həmin zaman qəbul edilmiş qanunvericiliyə görə, bir şəxsə ayrılmış torpaq sahəsinin ölçüsü 0,12 ha-dan artıq ola bilməzdi. Məhz bu səbəbdən də əvvəllər ailələrinin qanuni istifadəsində olmuş 0,24 ha olan torpaq sahəsi 1994-cü il tarixində 2 yerə bölünməklə ona və bacısına verilmişdir. Bacısının adına olan sahə “1585” nömrəsində qalmış, ona ayrılan sahəyə isə “1585а” nömrəsi verilmişdir. “1585а” nömrəsi müqaviləsində də əks olunmuşdur. Bir neçə il bundan əvvəl torpaq sahələrinin rəsmiləşməsi üçün reyestr orqanına (1 saylı Bakı Ərazi İdarəsinə) müraciət edərkən ona yazılı imtina verilmiş, 1585a və 1584 bağ sahələri ilə birlikdə (3 tərəfli qaydada) bölgü aparılmalı olması bildirilmişdir. Xəstə olduğu üçün əraziyə ailə üzvü getmiş və mühəndisə ərazidə bağ sahələrinin yerini düzgün göstərməmişdir. Yəni uzununa göstərməli olduğu halda, eninə göstərmişdir. Bu üzdən mühəndis 1585а və 1584 bağ sahələri ilə bölgü aparılmalı olması qənaətinə gəlmişdir. Əslində isə, mühəndis ərazidə texniki səhvə yol vermişdir. Əvvəla, ona görə ki, mühəndis sxematik xəritəyə əsasən bilməli idi ki, onların (iddiaçının və bacısının) torpaq sahələri yola münasibətdə eninə deyil, uzununa yerləşir, yola olan en isə 25 metrdir. Bu 2 ədəd - hər biri 0,12 ha ölçülü torpaq sahəsi yan-yana deyil, baş-başa yerləşir. İkincisi, mühəndis onun bağ sahəsinin nömrəsini düzgün ifadə etməmişdir. O, elə bilmişdir ki, onun bağ sahəsinin nömrəsi “1585”-dir, halbuki bu “1585a”-dır. Ona görə də, səhvən, 1585а ilə bölgü aparılmalı olmasını qeyd etmişdir. Üçüncüsü, bacısı ilə onun torpaq sahəsi qeyd etdiyi kimi, yan-yana deyil, baş-başa yerləşir. Belə olan halda onların bağ sahələri 1584 nömrəli bağ sahəsi ilə üst-üstə düşə bilməz. Görünür, onun özünün əraziyə gedə bilməməsi səbəbindən ailə üzvünün mühəndisə düzgün məlumat verməməsi, mühəndisi də çaş-baş salmış, o da məsələləri qarışdırmışdır. Bununla belə hesab edir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv və baza məlumatları, arxivdə saxlanılan sxematik xəritələrlə bağ sahələrinin yerini dəqiqləşdirmək mümkün idi. Çünki onların yanında olan 1586 nömrəli bağ sahəsi artıq özəlləşdirilmiş və çıxarış alınmışdır. Onun bağ sahəsinin yol tərəfdən eni 25 metrdir. Bu ölçü onlarda da eninə 25 metrdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1584 saylı bağın ərazisinə uyğun gəlir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6161/2024 saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 1585a nömrəli bağ sahəsi ünvanında yerləşən İddiaçı məxsus 0,12 ha ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X6 1 saylı Bakı Ərazi İdarəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6161/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 27 iyul 1994-cü il tarixli, 25603 saylı “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha, 1585a saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... elektron kadastr baza məlumatına əsasən göstərilən bağ sahəsinin şimal hissəsi bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən 1584 və 1585 “a” saylı bağların ərazisinə düşür. Bundan əlavə, idarənin arxivində mövcud olan bağ müqaviləsində bağın nömrəsi 1585 “a” və 1584 saylı bağ sahələri arasında notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur”. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0. və 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.8-ci maddəsinə müvafiq olaraq, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 İnkişafı və İstismarı Birliyi ilə aralarında bağlanmış 27 iyul 1994-cü il tarixli, 25603 saylı “bağın icarəyə verilməsi haqqında” müqaviləni təqdim edir. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir. Mübahisə torpaq sahəsinin yerləşməsi ilə bağlıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpa Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Təqdim edilən müayinə aktı, ortofoto görüntüsü və sxematik xəritə məlumatlarından müəyyən edilir ki, cavabdeh imtina məktubu verərək bağların yerləşməsini sxematik xəritəyə uyğun yoxlamamışdır. İddiaçı və bacısına ayrılmış torpaq sahələri isə, 1585 saylı bağ və onun bölünəni, yəni 1585a saylı bağdır və bağların yerləşməsi eninə deyil, uzununadır və 1585a saylı bağ yol tərəfə düşür. Bu hal cavabdeh tərəfindən təqdim edilən ortoto görüntüsü ilə də təsdiq edilir Birinci instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman məhkəmə tərəfindən sorğu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlar massivi, 1585A ünvanında yerləşən İddiaçı istifadəsinə ayrılmış bağ sahəsinə dair arxiv qovluğunun, 1585A saylı bağ sahəsinə dair müayinə (baxış) aktının və ona əlavə edilmiş torpaq sahəsinin koordinatlarının, sərhədlərinin, ölçülərinin və digər texniki parametrlərə dair sənədlərin, torpaq sahəsinin sxematik xəritəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna əsasən müvafiq sənədlər təqdim edilmiş, məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş və iddiaçıya məxsus hüquqmüəyyənedici sənədin legitimliyini sual altına ala biləcək hər hansa əsas müəyyən edilməmişdir. Beləliklə, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6161/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6161/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-576/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-576/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver