Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-577/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat idarəsinin vəkili X1 iştirakı ilə pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və əlavələr nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3965/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, dövlət qulluğu üzrə pensiyanın hesablanması zamanı 2017-2018-ci illər üzrə büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və vəzifə maaşına əlavələrin nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1993-cü ilin dekabr ayından vergi orqanlarında işləmiş və pensiya yaşının çatması ilə əlaqədar 2019-cu ilin fevral ayının 11-də öz xahişilə tutduğu vəzifədən azad edilmişdir. Ona DSMF tərəfindən birinci dəfə xx.xx.2019-cu il tarixdə avtomatlaşdırılmış qaydada 335,08 manat pensiya təyin edilmişdir. Dövlət qulluqçusu kimi bütün gəlirləri nəzərə alınmaqla pensiyanın təyin edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə DSMF Yasamal rayon şöbəsinə müraciətindən sonra ona ikinci dəfə 502,28 manat pensiya təyin edilmişdir. Pensiyanın təyin edilməsi zamanı büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınması ilə bağlı müraciətinə cavabdehin xx.xx.2019-cu il tarixli **********4 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Vergilər X3 X2 tərəfindən verilmiş əmək haqqı və başqa gəlirlər haqqında xx.xx.2019-cu il tarixli arayışda qeyd olunan dövlət məvacibinin və vəzifə maaşının tərkibində büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər istisna olmaqla digər əlavələr nəzərə alınmışdır.” İddiaçı hesab edir ki, pensiyanın təyin edilməsi zamanı büdcədənkənar vəsaitlər hesabına ödənilmiş əlavələr də nəzərə alınmalıdır. Belə ki, AR VN Vergi Cinayətlərinin X2nin xx.xx.2019-cu il tarixli **********118300 nömrəli Müraciətə baxılması barədə məktubunda qeyd edilmişdir ki, “Departamentdə işlədiyiniz 2017-2018-ci illər ərzində büdcədənkənar fonddan Sizə ödənilmiş planın yerinə yetirilməsinə görə mükafata və vəzifə maaşına əlavələrə sığortaolunanın hesabına əməyin ödənişinə nisbətdə m.d.s.s. haqqı 22%, sığorta edənin hesabına əməyin ödənişinə nisbətdə m.d.s.s. haqqı 3%, sığortaolunanın hesabına işsizlikdən sığorta haqqı 0,5%, sığortaedənin hesabına işsizlikdən sığorta haqqı 0,5% hesablanmış və aidiyyəti üzrə ödənilmişdir.” Eyni zamanda, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vergi orqanlarında işlədiyi bütün dövrlərdə də, o cümlədən təkcə 2017-2018-ci illər üzrə 34.360 manat mükafat və vəzifə maaşına əlavələrə görə məcburi dövlət sığorta sisteminə hesablamalar aparılmaqla aidiyyəti üzrə ödənilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin İ hissəsinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” AR Qanununa uyğun olaraq həyala keçirilir. xx.xx.2018-ci il tarixli 1362-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Qanuna yeni məzmunda 20.30-cu maddə əlavə edilmiş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Həmin maddəyə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alnımır. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin müvafiq dəyişiklikdən sonra ödənilən vəsaitlərə şamil olunması haqqında dəlil yersizdir. Ona görə ki, maddənin özündə bu barədə hər hansı göstəriş yoxdur. Əksinə, maddə 2019cu ilin yanvar avının 1-dən qüvvəyə minib. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 3.3-cü maddəsinə əsasən, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir; xx.xx.2019-cu il tarixdən əlavə olunan 20.30-cu maddəsinə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, dövlət qulluğunda xidmət etmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Həmçinin, iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə (Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır) istinad doğru deyil. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı bəndinə görə, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. İddia ərizəsinin hüquqi baxımdan Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsi (Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir) ilə əsaslandırılması da düzgün olmamışdır. Çünki, sözügedən norma “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələrinin xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə şamil edilməsini qadağan edir. İddiaçıya isə əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3965/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı dövlət qulluğu üzrə pensiyanın hesablanması zamanı 2017-2018-ci illər üzrə büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və vəzifə maaşına əlavələrin nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-577/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-577/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver