Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-577/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3928/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin ləğv edilməsi nəticəsində 348 ədəd səhmə görə 3.480 AZN Əmlak Məsələləri Dövlət Komitəsi hesabına və 10.440 AZN dövlət büdcəsi hesabına iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, vətəndaşa dəymiş ziyan hüquqi şəxsin inzibati aktı nəticəsində baş verdiyindən kompensasiyanı da həmin orqan ödəməlidir. Məhkəmə qərardad qəbul edərkən bunu nəzərə almamışdır. “xxxx" ASC inzibati orqanın (Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.1997-ci il tarixli 930 nömrəli sərəncamının ləğv edilməsi barədə) qərarı ilə ləğv edildiyindən, bu kateqoriyalı işlərə inzibati məhkəmələrdə baxılmalıdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddəsi). Şikayət mahiyyətcə əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “İddiaçının hazırkı iddia ərizəsindən isə bariz şəkildə müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini və Maliyyə Nazirliyini göstərsə də, iddiaçının irəli sürdüyü tələb mülki hüquq münasibətlərinə aiddir.” İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Mübahisəli qərardaddan görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni, yəni “iddiaçının irəli sürdüyü tələbin mülki hüquq münasibətlərinə aidliyini” faktiki və hüquqi cəhətdən heç bir dəlillə əsaslandırmamış, mülki hüquq münasibətlərinin ümumi əlamətlərini və həmin elementlərin hazırkı kazusda mövcud olub-olmaması, mövcuddursa hansı formada əksini tapdığını müzakirə etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə aktının əsası kimi çıxış edən məsələ müzakirə edilməyən qərardad əsaslandırılmış sayıla bilməz. Belə ki, İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşır. Hazırkı inzibati mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş qərardadı ləğv edilməli (İPM-in 87.6-cı maddəsi), iş həmin məhkəməyə göndərilməlidir. İPM-in 90.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası bildirir ki, işin hazırkı mərhələsində iddiaçının tələbi (apellyasiya şikayəti) təmin olunduğu, cavabdehin isə heç bir, o cümlədən təmin olunmayan tələbi olmadığı və qərardad ona münasibətdə hər hansı əlverişsiz hüquqi nəticə meydana gətirmədiyi üçün, tərəflərin kassasiya şikayəti vermək hüquqları qanunla istisna olunur. Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3928/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş həmin məhkəməyə göndərilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-577/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-577/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver