Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-577/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6783/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 19.02.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, 11.03.2021-ci il tarixli imtina məktubunda iddiaçının pensiya yaşına çatmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin sığorta stajına daxil edilməsi və əmək pensiyasının düzgün hesablanaraq ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 03.01.1977-ci il tarixdən 17.01.1994-cü il tarixinədək “Azon” zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda 62 yaşı var. Hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun yaranmadığını bildirmişdir. Belə ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi tarixdə o, qanunla müəyyən edilən müvafiq yaş həddinə çatmamışdır. Buna görə də, cavabdeh orqan tərəfindən əsaslı olaraq onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi, cavabdehin hərəkəti nəticəsində iddiaçının heç bir hüququ və qanuni marağı pozulmamışdır. Göstərilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6783/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə və iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iddia tələbinin qeyri-mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6783/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi qeyri-mümkün sayılmalı və apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsi qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası şikayət verilən qərarın qanuniliyini bütövlükdə yoxlayır. İşə baxan məhkəmə hazırki tələbə mahiyyəti üzrə baxaraq prosessual qanunveriliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, qərar ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ilkin şərt, zəruri pensiya yaşına çatma halı yəni, qanunla müəyyən edilmiş yaş həddi (62 yaş) mövcud deyildir. Buna görə də pensiya təyini üçün tələb olunan ikinci şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi faktı (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması faktlarının mövcud olubolmamasının müəyyən edilməsinə zərurət qalmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci yarımbəndinə əsasən 1 iyul 2020 – 30 iyun 2021-ci il üzrə qadınlara pensiya təyin edilməsi yaşı 62 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2021-ci ilin fevral ayı üzrə qadınlara yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 62 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur və nə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi 19.02.2021-ci il tarixdə, nə də məhkəməyə müraciət etdiyi 21.05.2021-ci il tarixdə 62 yaşı tamam olmamışdır (iddiaçının 62 yaşı 16.06.2021-ci il tarixdə tamam olmuşdur). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi tarixdə o, qanunla müəyyən edilən müvafiq yaş həddinə çatmamışdır. Buna görə də, cavabdeh orqan tərəfindən əsaslı olaraq onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yaranmamışdır. Göründüyü kimi hazırki iş üzrə iddia tələbinin cavabdeh inzibati orqan tərəfindən icra edilməsi mümkün olmadığından iddia tələbi qeyri-mümkün hesab edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur və nə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi 19.02.2021-ci il tarixdə, nə də məhkəməyə müraciət etdiyi 21.05.2021-ci il tarixdə 62 yaşı tamam olmamış (iddiaçının 62 yaşı 16.06.2021-ci il tarixdə tamam olmuşdur) yəni, subyektiv hüquqa malik olmamışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6783/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-577/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-577/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver