Məhkəmə qərarları › İş №2-1(103)-577/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-577/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-577/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndələri X6 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4303/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 368 ş/h nömrəli əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-4303/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olmuş, 2014-cü ildə Akademiyadan məzun olaraq leytenant rütbəsini almışdır. İlk xidmət yeri X14muşdur. Burada bir il xidmət etdikdən sonra X17 ezam olunmuş və 6 ay xidmət etmişdir. 2015-ci ildən X23 2 il 6 ay xidmət etmişdir. 2-ci Qarabağ Müharibəsi zamanı adını könüllü olaraq ordu sıralarına yazdırmışdır. Könüllüləri mərhələli şəkildə cəbhəyə göndərirdilər, onu cəbhəyə göndərən zaman artıq döyüşlər bitmişdir. Buna baxmayaraq, o, azad olunmuş torpaqlarda xidmət etmək istəyirdi. O, 2 günlük X25 ezam olunmuşdur. Onun qoşun növü quru qoşunları olmasına baxmayaraq, sonradan o, Cəbrayıl Artileriya dəstəsinə könüllü olaraq ezam olunmuşdur. Cəbrayıl Artileriya dəstəsi sonradan dəyişərək X8muşdur. Burada öz istəyi ilə 2 il xidmət etmişdir. Xidmət dövründə səhhətində müxtəlif problemlər yaranmışdır. Bununla bağlı həkim komissiyasının müayinəsindən keçmişdir. Səhhətində problemlər yarandığı üçün sağlamlığı fiziki cəhətdən X13 xidmət etməyə imkan vermirdi. Buna görə də o, dəfələrlə həkim komissiyasının rəyinə əsaslanaraq komandanlığa xidməti yerinin dəyişdirilməsi ilə bağlı müraciət etməyə məcbur olmuşdur. Müraciət etməyinə və həkim komissiyasının rəsmi rəyi olmasına baxmayaraq, xidmət yeri dəyişdirilmədi, əksinə əsassız olaraq qərəzli şəkildə ona cəzalar verilməyə başlanıldı. Hərbi hissə komandirinin vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ramil İbrahimov onu otağına çağıraraq bildirdi ki, Çevik X4 xx.xx.2022-ci il tarixli 368 ş/h nömrəli əmri ilə xidməti uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxılır. Bundan sonra ona təyinat vərəqəsi verdi və hərbi komissarlığa gedərək qeydiyyata alınmasını bildirdi. Əmrin surətinin ona təqdim edilməsini xahiş etsə də, yenə də ona qarşı qərəzli yanaşaraq onun hüquqlarını pozaraq onun barəsində verilmiş əmrin surətini ona təqdim etmədi. Çalışdığı müddət ərzində verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirmiş, xidmət etdiyi dövr ərzində özünü nizam-intizamlı və işgüzar hərbçi kimi aparmışdır. 10 ildən artıqdır ki, o, Sərhəd Qoşunlarında nümunəvi xidmət etmişdir. Xidməti vəzifələrini layiqincə yerinə yetirmişdir. Son illər səhhətində yaranmış problemlərlə əlaqədar X13 xidmət etməyə fiziki hazırlığı imkan vermədiyi üçün xidməti yerinin dəyişdirilməsi ilə bağlı müraciət etsə də, buna cavab olaraq qərəzli şəkildə onun xidmətdən ehtiyata buraxılmasına əsas yaratmaq üçün qanunsuz cəza əmrləri və son olaraq xx.xx.2022-ci il tarixli 368 ş/h nömrəli əmr verilmişdir. Kadr zabiti olaraq uzun illər qüsursuz və nöqsansız xidmət etməsinə baxmayaraq, bu cür alçaldıcı tərzdə xidmətdən ehtiyata buraxılması onun zabit şərəfini və ləyaqətini təhqir etməkdir. Xidməti uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxılması qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X10 və X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndələrinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan N №-li hərbi hissənin 2-ci minaatan divizionu (82 mm-lik) gərargah rəisinin rabitə üzrə köməkçisi baş leytenant İddiaçı yol verdiyi nöqsanlarla əlaqədar hərbi hissənin rəhbərliyi tərəfindən keçirilmiş dinlənilmənin 10 mart 2022-ci il tarixli 04 nömrəli protokolundan görünür ki, dinləmənin gündəliyi - baş leytenant İddiaçı yol verdiyi nöqsanlarla bağlı hərbi hissə rəhbərliyinin iclasında dinlənilməsi olmuşdur. Dinləmənin nəticəsində - sonda bütün göstərilən nöqsanlarla əlaqədar olaraq baş leytenant İddiaçı xidməti fəaliyyəti nəzarətdə saxlanılmaqla Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 71-ci maddəsinin “v” bəndinə müvafiq olaraq “Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzasının verilməsi barədə qərar qəbul olunması qərara alınmışdır. İş materiallarında olan N №-li hərbi hissənin 2-ci minaatan divizionu (82 mm-lik) qərargah rəsisinin kəşfiyyat üzrə köməkçisi baş leytenant İddiaçı yol verdiyi nöqsanlarla əlaqədar hərbi hissənin rəhbərliyi tərəfindən keçirilmiş dinlənilmənin 12 may 2022-ci il tarixli 06 nömrəli protokolundan görünür ki, dinləmənin gündəliyi - baş leytenant İddiaçı yol verdiyi nöqsanlara bağlı hərbi hissə rəhbərliyinin iclasından dinlənilməsidir. Dinləmənin nəticəsində - sonda bütün göstərilən nöqsanlarla əlaqədar olaraq baş leytenant İddiaçı xidməti fəaliyyəti nəzarətdə saxlanılmaqla Silahlı Qüvvələrin ehtiyata buraxılması barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan briqada komandirinin birinci müavini-qərargah rəsisi v.m.i.e polkovnik-leytenant X15, briqada komandirinin şəxsi heyət üzrə müavini-şəxsi heyət üzrə şöbənin rəisi mayor X11, briqada komandirinin texniki təminat üzrə müavini-texniki təminat şöbəsinin rəisi polkovnik-leytenanat X16, kadrlar bölməsinin zabiti baş leytenant X19 tərəfindən tərtib olunmuş “Dinləmə iclasının protokolu barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 2-ci minaatan divizionu (82 mm) qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi baş leytenant İddiaçı yol verdiyi nöqsanla keçirilən dinləmə iclası zamanı qeyri-səmimilik göstərərək, protokol vərəqəsinə imza etməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X4 368ş/h nömrəli, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq baş leytenant İddiaçı 2-ci minaatan divizionunun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə göndərilməsi əmr edilmişdir. Baş leytenant İddiaçı 01 oktyabr 2022-ci il tarixə xidmət illəri təqvimi 12 il, 01 ay, 00 gün qeyd olunmuşdur. Əsas: N nömrəli hərbi hissədə keçirilmiş dindənilmə iclasının xx.xx.2022-ci il tarixli 06 nömrəli protokolu. İş materiallarında olan baş leytenant İddiaçı məxsus şəxsi işə əlavədən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerini özbaşına tərk etdiyinə və hərbi nəzakət qaydalarını pozduğuna görə), xx.xx.2017-ci il tarixdə “töhmət” (nahar cərgəsinə gəlmədiyinə görə), xx.xx.2017-ci il tarixdə “töhmət” (keçirilmiş sıra baxışları zamanı aşkar olunmuş irad və çatışmazlıqları aradan qaldırmadığına görə), xx.xx.2018-ci il tarixdə “şiddətli töhmət” (ümumqarnizon səhər yerbəyerinə üzrsüz səbəbdən durmadığına və intizamsızlığa meyl göstərdiyinə görə), xx.xx.2018-ci il tarixdə “töhmət” (Qalacıq SSM-nin XDF-nın təşkilində yolverdiyi nöqsanlara görə), xx.xx.2018-ci il tarixdə “şiddətli töhmət” (smart tipli mobil telefondan istifadə etdiyinə görə), xx.xx.2018-ci il tarixdə “töhmət” (xidmət yerinə vaxtında gəlmədiyinə görə), xx.xx.2019-cu il tarixdə “töhmət” (səhər düzülüşünə gec gəldiyinə görə), xx.xx.2020-ci il tarixdə “töhmət” (günün nizam qaydalarını pozduğuna görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (günün nizam qaydalarını pozduğuna və səhər düzülüşünə vaxtında gəlmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (yerbəyerdə iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (saç düzümü nizamnamə tələblərinə uyğun olmadığı üçün), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (təkrar olaraq saç düzümü nizamnamə tələblərinə uyğun olmadığı üçün), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (günün nizam qaydalarını pozduğuna və sıra düzülüşünə vaxtında gəlmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (verilmiş tapşırığın icrasına məsuliyyətsiz yanaşaraq vaxtında icra etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (xx.xx.2021-ci il tarixdə xidmət yerinə gəlmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (xx.xx.2021-ci il tarixdə düzülüşə gecikdiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (saat 08:20 yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “töhmət” (saat 08:20 yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (saat 08:20 yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerində iştirak etmədiyinə görə), xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət” (smart tipli mobil telefondan istifadə etdiyinə görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” (hərbi hissədən kənarda hərbi geyim formasında nalayiq yerdə video çarxının çəkilməsinə görə), xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (günün nizam qaydalarını pozaraq icazəsiz əsgər yataqxanasında uzandığına görə), xx.xx.2022-ci il tarixdə “töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə) və xx.xx.2022-ci il tarixdə “töhmət” (səhər yerbəyerinə gecikdiyinə görə) cəzaları verilmişdir. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı hərbi qulluqçu olmuşdur. O, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X5 məlumatına (tələbnamə) əsasən Dövlət Sərhəd Xidmətinin X7 xidmət edərkən Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsində (hərbi xidmət üzrə vəzifələrin verinə yetirilməsi zamanı və ya belə vəzifələrin verinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkumetmə) tətbiq olunaraq barəsində 01 il 06 ay müddətinə şərti məhkumetmə təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə şərti məhkumetmə ləğv edilərək üzərindən məhkumluğu götürülmüşdür. Bundan başqa, iddiaçı xidmət etdiyi müddət ərzində intizam qaydalarını pozduğuna görə onun barəsində dəfələrlə intizam tənbehi tədbirləri görülmüşdür. İddiaçının yol verdiyi nöqsanlarla əlaqədar hərbi hissənin rəhbərliyi tərəfindən dinlənilmələr keçirilmişdir. xx.xx.2022-ci il tarixli dinlənilmə protokolundan görünür ki, iddiaçı ciddi nöqsanlara yol vermiş, o cümlədən günün nizam qaydalarını mütəmadi pozmuş, nöqsanları səmimi qəbul etməmiş, verilən tapşırıqlara məsuliyyətsiz yanaşmış, hərbi hissədən kənarda hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verərək hərbi geyim formasında nalayiq yerdə video çarxının çəkilməsi hərəkətlərinə yol vermiş, hərbi hissə komandiri tərəfindən verilən tapşırığın icrasından boyun qaçırmış, hərbi hissənin səhra çıxışı zamanı çıxışa getməkdən boyun qaçırmış, böyük rəislərə qarşı dəfələrlə nalayiq hərəkətlərə yol vermiş, yol verdiyi intizamsızlıqlara və vəzifəsinin icrasında məsuliyyətsizliklərlə əlaqədar onunla dəfələrlə söhbətlər aparılsa da, öz xidmətində dönüş yaratmamışdır. Qeyd olunanlarla əlaqədar sonda bütün göstərilən nöqsanlarla əlaqədar olaraq iddiaçının xidməti fəaliyyəti nəzarətdə saxlanılmaqla Silahlı Qüvvələrin ehtiyata buraxılması barədə qərar qəbul olunmuşdur. Dinlənilmə zamanı iddiaçıya çıxış üçün söz verilsə də, o, iclas zalını tərk etmiş, sonra isə dinlənilmə protokolunu imzalamaqdan imtina etmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X4 368ş/h nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq baş leytenant İddiaçı 2-ci minaatan divizionunun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Əmr verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Bu səbəbdən də iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4303/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar