Məhkəmə qərarları › İş №2-1(103)-578/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-578/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-578/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə Aslanova Gülnar Faiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi iskəndərova Günay Oqtay qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü şəxs qismində cəlb olunmaqla) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2877/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının 2011-ci ildən başlayaraq bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində Daxili İşlər Nazirliyinin əməkdaşı kimi əvvəllər olduğu qaydada (xidmət illərinə görə 3 % əlavə ilə) yenidən düzgün hesablanması və ya FHN-nin xüsusi rütbəli əməkdaşı kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.28.2-ci maddəsinin qəbul edildiyi tarixdən təminatın 80 faizi məbləğində pensiya müəyyən etməklə yenidən hesablanılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişlər. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun pensiyasının 2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşı kimi bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.İskəndərova iş materiallarına uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və 3-cü şəxslərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və 3-cü şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarına əlavə olunan iddiaçıya məxsus AA ******* № li, 3CY221D seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 noyabr 2020-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3, 1.0.4, 1.0.5, 3.3 və 9.5.1-ci maddələrinə və 29 aprel 1992-ci il tarixindən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə istinad olunaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ona 25 sentyabr 1998-cı il tarixində xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filialı tərəfindən ödənilir. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005ci il tarixli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X1 İdarəsi Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. Bu səbəbdən də daxili işlər orqanlarının əməkdaşlarına dair müvafiq artımların pensiyanın hesablanması zamanı tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 27 il 1 ay 18 gün xidmət müddətinə görə təminat xərcliyinin (747,75 manat) 71 faizi (20 ilə görə 50 faiz, 7 ilə görə 21 faiz (7x3))-530,90 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. 1 mart 2018- ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 566,99 manat; 1 mart 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 579,02 manat; 1 may 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun olaraq əmək pensiyası 651,20 manat; 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqantərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 466,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə - 211,25 manat, dəniz şəraitinə görə vəzifə maaşının 50 faizi miqdarında əlavə - 233,00 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1120,25 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (7x2) təminat xərcliyinin 14 faizi - natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,16 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 64,16 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (747,75 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1120,25 manat) arasındakı fərq məbləğinin (372,50 manat) 64,16 faizi - 239,00 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (530,90 manat) üzərinə əlavə olunmaqla 769,90 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür). Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçıya məxsus pensiya işi məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmişdir. Həmin pensiya işinə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 13 yanvar 2020-ci il tarixli qərardan görünür ki, İddiaçı 25 sentyabr 1998-ci il tarixdə DİN-nin əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. FHN-nin verdiyi məlumat vərəqəsinə əsasən pensiyası yenidən hesablanaraq, vəzifə maaşı 466 manat, rütbə maaşı 146 manat, xidmət illərinə görə 25 faiz əlavə 211,25 manat, ərzaq payı 64 manat, dəniz şəraitinə görə 50% 233 manat olmaqla, 1120,25 manat təminat xərcliyi hesablanmış, yenidən hesablanmış pensiya məbləği 769,90 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.3- cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir; 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20- ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İşin materiallarında olan sənədlərdən görünür ki, iddiaçı hazırda pensiyaçıdır. Ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə “Azərneft yanğın mühafizə idarəsinin növbətçi yanğınsöndürmə xidmətinin rəhbər köməkçisi” vəzifəsindən 25 sentyabr 1998-cı il tarixində xidmət illərinə görə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının sonuncu iş yeri üzrə işlədiyi X1 İdarəsi sonradan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilmişdir. Bundan sonra ona 2007-ci il tarixdən 2015-ci il tarixədək Fövqəladə Hallar Nazirliyində olan artımlar nəzərə alınmaqla əmək pensiyası ödənilmişdir. Məhkəməyə təqdim edilmiş pensiya işinin surətindən görünür ki, sonuncu dəfə 13 yanvar 2020-ci il tarixli qərar əsasında iddiaçının pensiyası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə əsasən yenidən hesablanmış, vəzifə maaşı 466 manat, rütbə maaşı 146 manat, xidmət illərinə görə 25 faiz əlavə 211,25 manat, ərzaq payı 64 manat, dəniz şəraitinə görə 50% 233 manat olmaqla, 1120,25 manat təminat xərcliyi hesablanmış, yenidən hesablanmış pensiya məbləği 769,90 manat təşkil etmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı onun pensiyasının 2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəli əməkdaşı kimi bütün artımlar nəzərə alınmaqla təminat xərcliyinin 71%-i məbləğində yenidən hesablanmalı olduğunu iddia edir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə pensiyaya çıxsa da, lakin onun sonuncu işlədiyi iş yeri üzrə X1 İdarəsi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında” Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verildiyindən onun daxili işlər orqanlarının əməkdaşlarına dair müvafiq artımların pensiyanın hesablanması zamanı ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. İşin materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xidmət illəri 27 il 1 ay 18 gün təşkil etmişdir. Belə olan halda cavabdeh iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq 7 il xidmət müddətinin hər ili üçün 2 faizi olmaqla, təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsinin 64,16 faiz hesablanmasında haqlı olmuşdur. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar