Məhkəmə qərarları › İş №2-1(103)-579/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-579/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-579/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər: "xxxx" MMC və X9) qarşı “mənzil ilə təmin edilməsi və kirayə pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2-1(112)-878/2024 saylı qərarından cavabdeh və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mənzil ilə təmin edilməsi üçün razılaşma aktının bağlanılması” öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan yaşayış sahələrinə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədi ilə komissiya yaradılmışdır. Xətai rayon İcra Hakimiyyəti ilə X9 arasında razılaşma aktı bağlanılmışdır. Razılaşmaya əsasən sonuncuya 30.000 manat birdəfəlik maddi yardım və alacağı təzminatın məbləğinin bankda şəxsi hesabına köçürüldükdən sonra 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün onun tərəfindən şərait yaradılacaq. X9 həmin məbləği "xxxx" MMC-yə təqdim etməklə sonuncu X9 ilə yeni müqavilə bağlanılmaqla yeni mənzillə təmin edilir. Xətai Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək iddiaçının ev 42 ünvanda yerləşən 315 saylı otağa köçürülməsi qərara alınmışdır. Həmin məhkəmənin 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 315 saylı otaqla bağlı bağlanılmış müqavilə etibarsız hesab edilərək iddiaçının sahiblik və istifadə hüququnun tanınması qərara alınmışdır. Buna uyğun olaraq iddiaçı ilə də razılaşma aktı bağlanılmalıdır ki, həmin razılaşmaya əsasən müvafiq ödənişin təmin edilməsi və ödəniş əsasında "xxxx" MMC tərəfindən mənzilin təmin edilməsi mümkün olsun. Lakin, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2-1(112)-878/2024 saylı qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanda yerləşən 315 saylı otaq üçün ödəniləcək birdəfəlik maddi yardım məbləği olan 30.000 manat pul məbləği, bir aylıq kirayə haqqı olan 500 manat olmaqla "xxxx"MMC ilə kooperativ binada mənzil tikintisi haqqında müqavilənin bağlanılması üçün tələb olunan İddiaçı ilə Xətai Rayon İcra Hakimiyyəti arasında müvafiq razılaşma aktının bağlanılması öhdəliyinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, ünvan 3 ünvanında yerləşən yataqxananın qanunsuz olaraq sökülmüş iddiaçının istifadəsində olan 315 saylı otağının əvəzinə İddiaçı 2 otaqlı mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ünvan 3 ünvanında yerləşən yataqxananın qanunsuz olaraq sökülmüş iddiaçının istifadəsində olan 315 saylı otağının əvəzinə İddiaçı 2 otaqlı mənzil verilənədək 2021-ci ilin avqust ayından başlayaraq hazırkı vaxtadək hesablanmış hər ay 300 manat məbləğində aylıq kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7- 214/7g saylı tapşırığına uyğun olaraq Bakı şəhərində qəzalı vəziyyətdə olan Xətai rayonu, G.Şıxlinski küçəsində yerləşən 42 saylı binanın sakinlərinə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30,0 min manat və sahəsi 30 kv.m-dən çox olan mənzilin əlavə sahəsinin 1 kv.m üçün 1000 manat hesablanmaqla birdəfəlik maddi yardımın ödənilərək köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Nazirinin xx.xx.2019-cu il tarixli, 7/1417 saylı məktubu əsasında General Şıxlinski küçəsi 42 saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın ədalətli bölüşdürülməsini təmin etmək məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti başçısının 08 may 2019-cu il tarixli, 101 saylı Sərəncamı ilə komissiya yaradılmışdır. Xətai rayonu, General Şıxlinski küçəsi 42 saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın hesabına Sifarişçi - Xətai Rayon İcra Hakimiyyəti və Podratçı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” İnstitutunun 09 iyun 2020-ci il tarixli texniki rəyi əsasında yataqxana binasının sökülərək yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə 63 nömrəli, xx.xx.2020-ci il tarixli icazə sənədi əsasında 12 mərtəbəli yaşayış binalarının tikintisi və payçıların ümumi sahəsi 54,5 kv.m 2 otaqlı tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və bir aylıq kirayə haqqının 500,0 (beş yüz) manat və mənzillər təqdim edilənədək hər ay 300,0 (üç yüz) manat kirayə haqqının bank vasitəsi ilə sakinlərin kart hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Xətai rayonu Qeydiyyat Şöbəsinin 15 avqust 2016-cı il tarixli “Nikahın pozulması haqqında” Şəhadətnaməyə əsasən bina sakinləri şikayətçi İddiaçı və X9 arasında nikah ləğv edilmiş və tərəflər arasında məhkəmə qaydasında boşanma və boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapmışdır. Xətai Rayon Məhkəməsinin (2019-cu ilin əvvəlində sakinlərə birdəfəlik maddi yardım ayrıldıqdan sonra) iş № 2(011)-7148/2019 nömrəli, 09 oktyabr 2019-сu il tarixli qətnaməsi üzrə General Şıxlinski küçəsi 42 ünvanında yerləşən yataqxana binasında İddiaçı 315 nömrəli otaqda yaşamaq hüququ təmin edilmiş, lakin mülkiyyət hüququ nəzərə alınmamışdır. Qəzalı binada yaşayan 146 ailənin siyahısında orderlər üzrə ümumi sahəsi 28,8 kv.m olan 314 və 315 saylı otaqlar ailə başçısı X4 (5 nəfər ailə tərkibi ilə) adına qeydiyyata alınmaqla 30500 (otuz min beş yüz) manat birdəfəlik maddi yardım ayrılmışdır. General Şıxlinski küçəsində yerləşən qəzalı və insan üçün yaşamağa və hər an uçma təhlükəsi olan 42 saylı mübahisəli yataqxanadan köçürülərək X6 General Şıxlinski küçəsi 42 ünvanında inşa olunan çoxmənzilli binada 2 otaqlı, ümumi sahəsi 54,5 kv.m tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və kirayə haqqı - 500,0 (beş yüz) manat və mənzil təqdim edilənədək 300,0 (üç yüz) manat aylıq kirayə haqqının ödənilməsi təmin olunmuşdur. Balanssaxlayıcı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin təqdim etdiyi Xətai rayonu, G.Şıxlinski küçəsi 42 ünvanında qəzalı yataqxana binasının yerində inşa olunmuş çoxmərtəbəli binalarda yataqxanada yaşayan ailələr ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı təmirli mənzillə təmin edilmişdir. Yataqxana binasında daşınmaz əmlakın dövlət reyestri xidmətinin çıxarışı və ya orderi olan ailələr balanssaxlayıcı təşkilatın təqdim etdiyi siyahı üzrə ərazidə yeni inşa edilmiş binada ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı təmirli mənzillə təmin edilmişdir. Sökülən qəzalı yataqxananın yerində tikilən binada və digər yerdə heç kimə mənzil verilməmişdir. Yataqxana binasında birdən çox mənzili olan ailə qeydə alınmayıb. Binada otaqların sahəsi 12 kv.m və 16.8 kv.m layihələndirilmişdir. Yataqxanada sahəsi 30 kv.m qədər olan və sökülən mənzillərə görə ailələrə (qanunvericilikdə nəzərdə tutulmuş 20 faiz əlavədən çox olmaqla) ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı təmirli mənzillər verilmişdir. Binada yaşayan 146 ailənin siyahısında xx.xx.1992-ci il və xx.xx.1996-cı il tarixli orderlər üzrə ümumi sahəsi 28.8 kv.m olan 314 və 315 saylı otaqlara görə ailə başçısı X6 Xətai rayonu, G.Şıxlinski küçəsi 42 ünvanında inşa edilmiş binadan ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı təmirli mənzil verilmiş və hazırda tək yaşayır. İddiaçı təmirli mənzildə yaşamaq hüququ təmin edilmişdir. Lakin İddiaçı iddiası əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-878/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməklə mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə 63 nömrəli, xx.xx.2020-ci il tarixli icazə sənədi əsasında 12 mərtəbəli yaşayış binalarının tikintisi və payçıların ümumi sahəsi 54,5 kv.m 2 otaqlı tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və bir aylıq kirayə haqqının 500,0 (beş yüz) manat və mənzillər təqdim edilənədək hər ay 300,0 (üç yüz) manat kirayə haqqının bank vasitəsi ilə sakinlərin kart hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7 214/7g saylı tapşırığına uyğun olaraq Bakı şəhərində qəzalı vəziyyətdə olan binaların sakinlərinə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30,0 min manat və sahəsi 30 kv.indən çox olan mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla birdəfəlik maddi yardımın ödənilməklə köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Nazirinin xx.xx.2019-cu il tarixli, 7/1417 saylı məktubu əsasında General Şıxlinski küçəsi 42 saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın ədalətli bölüşdürülməsini təmin etmək məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti başçısının 08 may 2019-cu il tarixli, 101 saylı Sərəncamı ilə komissiya yaradılmışdır. Xətai rayonu, General Şıxlinski küçəsi 42 saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın hesabına Sifarişçi-Xətai Rayon İcra Hakimiyyəti və Podratçı- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” İnstitutunun 09 iyun 2020-ci il tarixli texniki rəyi əsasında yataqxana binasının sökülərək yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə 68 nömrəli xx.xx.2020ci il tarixli icazə sənədi əsasında 12 mərtəbəli yaşayış binalarının tikintisi və payçıların ümumi sahəsi 54,5 kv.m 2 otaqlı tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və bir aylıq kirayə haqqının 500,0 (beş yüz) manat və mənzillər təqdim edilənədək hər ay 300,0 (üç yüz) manat kirayə haqqının bank vasitəsi ilə sakinlərin kart hesabına ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli razılaşma aktından görünür ki, X1 işində iştirak edərək, təklif olunan 30 000 (otuz min) manat birdəfəlik maddi yardımın məbləği ilə razılaşaraq və alacağı təzminatın məbləğini bankda şəxsi hesabına köçürüldükdən sonra 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün şərait yaradacağını öhdəsinə götürmüşdür. Aktda qeyd edilmişdir ki, birdəfəlik maddi yardımın məbləği 30 min, köçürülmə və bir aylıq kirayə haqqı 500 manatdır. xx.xx.2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən Xətai rayon İcra hakimiyyəti (sifarişçi) "xxxx" MMC (podratçı) və Xətai rayonu, G.Şıxlinski küçəsi 42 ünvanında yerləşən 314-315 saylı mənzilin sahibi X9 (payçı) aşağıdakılar barədə razılığa gəlmişlər: Müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı sifarişçinin sifarişi əsasında qəzalı vəziyyətdə olan Xətai rayonu, G.Şıxlinski küçəsi 42 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sökülərək həmin binanın yerində sakinlərə ayrılmış vəsait hesabına yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi və inşa ediləcək binada payçının təmirli mənzillə təmin edilməsi. Payçıya Bina 2, 11-ci mərtəbə, 2 otaqlı, 54,5 kv.metr 82 saylı mənzil təqdim ediləcəkdir. Qəzalı yaşayış binasının sökülməsi və yerində yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün ayrılmış dövlət vəsaitindən 30500 (otuz min beş yüz) manat kompensasiya vəsaiti sifarişçi tərəfindən Payçının bank hesabına köçürülür. Podratçı qəzalı yaşayış binasının sakinlərinə müqavilə imzalandığı gündən payçıya mənzil təqdim edilənədək hər ay 300 manat məbləğində kirayə haqqını həmin sakinin bank hesabına ödəyir. Payçı sifarişçi tərəfindən onun bank hesabına köçürülmüş 30 000 manat vəsaiti müqavilə imzalandığı gün podratçıya ödəyir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 171 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur, 2-ci binanın 1-ci girişi, yerdən 11-ci mərtəbəsində ümumi sahəsi 54.5 kv.m olan 2 otaqlı, 82 saylı təmirli mənzilin pay dəyəri X9 tərəfindən tam ödənilmişdir. Məhkəmənin qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 315 saylı otaq üçün ödəniləcək birdəfəlik maddi yardım məbləği olan 30000 manat pul məbləği, bir aylıq kirayə haqqı olan 500 manat olmaqla, "xxxx" MMC ilə kooperativ binada mənzil tikintisi haqqında müqavilənin bağlanılması üçün tələb olunan İddiaçı ilə Xətai Rayon İcra Hakimiyyəti arasında müvafiq razılaşma aktının bağlanılması öhdəliyi cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İşin materiallarına əlavə edilmiş Sifarişçi Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti ilə Podratçı "xxxx" MMC arasında bağlanılmış 01 saylı 25 dekabr 2019-cu il tarixli podrat müqaviləsinin predmetindən görünür ki, “Müqavilənin qüvvədə olduğu müddət ərzində Sifarişçinin sifarişinə əsasən, Xətai rayonu, G.Şıxlinski küçəsi 42 ünvanında qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasının (bundan sonra Qəzalı yaşayış binası adlandırılacaq), qəzalı binada yaşayan və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına ehtiyacları olan sakinlərin yaşayış binasının tikilməsi üçün müraciətlərini, həmçinin tikinti işlərinin vaxtında başa çatdırılması məqsədi ilə vəsaitin (büdcə) çatışmamazlığını nəzərə alaraq, Podratçı tərəfindən mənzil satışından əldə olunan gəlirlər hesabına sökülməsi və həmin binanın yerində yeni çoxmənzilli binanın inşa edilməsi təşkil etmişdir”. Müqavilənin predmetindən də görünür ki, podratçı müvafiq müraciətlər hesabına öz şəxsi vəsaiti ilə qəzalı vəziyyətdə olan binanın sökülməsini və həmin binanın yerində yeni çoxmənzilli binanın tikintisini həyata keçirmişdir. Müqavilənin 2.3.4-cü maddəsinə əsasən Sifarişçi tərəfindən Qəzalı yaşayış binasında yaşayan, ümumilikdə 146 mənzil sahibinin hər birinin bank hesabına köçürülmüş 30000 manat məbləğində kompensasiya vəsaitinin sonradan mənzil sahibləri tərəfindən Podratçı təşkilata qaytarıldıqdan sonra (yeni inşa ediləcək yaşayış binasında tikinti işləri başlayan ərəfədə) söküntüsü nəzərdə tutulan, qəzalı vəziyyətdə olan yaşayış binasının yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 146 mənzil sahibinin hər birinə 50 kv.m sahədən az olmamaq şərti ilə təmirli mənzil təqdim etmək öhdəliyi götürmüşdür. Müqavilə şərtlərindən də göründüyü kimi qəzalı vəziyyətdə olan binanın sökülməsi ilə əlaqədar həmin binanın sakinlərinə ödənilən vəsait kompensasiya xarakterli olmuşdur. Bunu vətəndaşla İcra Hakimiyyətinin yaratdığı komissiya arasında bağlanılmış razılaşma aktı da təsdiq edir. Belə ki, vətəndaş öz istəyinə uyğun olaraq, həmin aldığı kompensasiyanı "xxxx" MMC-yə podrat müqaviləsi əsasında ödədiyi təqdirdə tərəflər arasında öhdəlik münasibətləri yaranır. Qalan heç bir halda həmin vətəndaşa İcra Hakimiyyəti tərəfindən ödənilən kompensasiyaya görə, "xxxx" MMC tərəfindən həmin şəxsə hər hansı bir mənzil tikilməsi və təqdim edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış 03\01 -1744 nömrəli xx.xx.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş Obyektin Tikintisinə 63 saylı İcazədən görünür ki, Tikinti obyektinin sifarişçisi Bakı şəhər İcra Hakimiyyətidir. Yəni "xxxx" MMC öz şəxsi vəsaiti hesabına və sakinlərin müraciətləri əsasında könüllü qaydada onlara ödənilmiş kompensasiyanı "xxxx" MMC-yə ödəməklə mənzil titkintisini sifariş vermişlər. Bundan başqa qeyd edilməlidir ki, Xətai rayon İcra Hakimiyyətinin sifarişi tam olaraq yerinə yetirilmiş, sakinlərin müraciətləri əsasında onlara ödənilmiş kompensasiyanı "xxxx" MMC-yə ödənilməklə onlara güzəştli şərtlərlə mənzillər təqdim edilmiş və yerdə qalan digər mənzillər satılmaqla bina tam olaraq inşa edilmiş və podrat müqaviləsi əsasında Podratçı bütün üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının onun tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə nəzərə alınaraq dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və tərəflərindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər üçüncü şəxsin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının müraciətinə cavab olaraq Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 5-11/2-712-152/23 nömrəli, 27 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin 07 may 2019-cu il tarixli, 7-214/7g saylı məktubu əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” İnstitutunun 09 iyun 2020-ci il tarixli texniki rəyi ilə qəzalı vəziyyətdə olan Gen.Şıxlınski küçəsi, ev 42 ünvanında 5 mərtəbəli yataqxana binası sökülmüş və Xətai rayon İcra Hakimiyyətinin sifarişi ilə (siyahı üzrə ayrılmış birdəfəlik maddi yardımın hesabına) Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 63 nömrəli, xx.xx.2020-ci il tarixli icazə sənədi əsasında 12 mərtəbəli yaşayış binaları inşa olunmuş və sakinlər təmirli mənzillərlə təmin olunmuşdur. Binada yaşayan 146 ailənin siyahısında xx.xx.1992-ci il və xx.xx.1996-cı il tarixli orderlər üzrə ümumi sahəsi 28.8 kv.m olan 314 və 315 saylı otaqlar ailə başçısı X4 (5 nəfər ailə tərkibi ilə) adına qeydiyyata alınmış və 30 500 manat birdəfəlik maddi yardım ayrılmışdır. X2 rayon İcra Hakimiyyətinin 08 may 2019-cu il tarixli, 101 saylı Sərəncamı ilə yaradılmış komissiyanın 11 iyun 2021-ci il tarixli Razılaşma aktı əsasında "xxxx" ASC-nin TT**********2 nömrəli, 11 iyun 2021-ci il tarixli kassa mədaxil orderi əsasında 30500,00 manat məbləğində pul vəsaitini qəbul etmişdir. Ədliyyə Nazirliyinin Xətai rayonu Qeydiyyat Şöbəsnin 15 avqust 2013-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə əsasında X9 və İddiaçı nikahı ləğv edilmişdir. Xətai rayon Məhkəməsinin (2019-cu ilin əvvəlində sakinlərə birdəfəlik maddi yardım ayrıldıqdan sonra) İş № 2(011)-7148/2019 nömrəli, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi üzrə G.Şıxlinski küçəsi 42 ünvanında yerləşən yataqxana binasında İddiaçı 315 nömrəli otağa dair yaşamaq hüququ təmin edilmişdir. ünvan 6 ünvanında 82 saylı təmirli mənzil təhvil-təslim aktı üzrə X6 təqdim olunmuş və 09 oktyabr 2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən 82 nömrəli mənzildə yaşamaq hüququ təmin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Məişət Kondisionerləri Zavodunun xx.xx.1989-cu il tarixli və xx.xx.1996-cı il tarixli 473 nömrəli orderlərinə əsasən xx.xx.1989-cu il tarixli 173 nömrəli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 315 nömrəli otağı, xx.xx.1992-ci il tarixli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 314 nömrəli otağı zavodda işlədiyi müddətdə X10 verilmiş, orderlərdə yaşayış sahəsinə hüququ olan şəxslər sırasında İddiaçı, Lalə Qurbanovanın, Rəfi Əkbərovun və Səbinə Əkbərovanın adları da qeyd edilmişdir. - İddiaçı ilə üçüncü şəxs X9 arasındakı nikah ləğv edilmiş, bu barədə xx.xx.2013-cü il tarixdə akt qeydləri kitabında 51 nömrə ilə qeyd aparılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının üçüncü şəxsə qarşı “mənzilə köçürülmə” barədə iddia tələbi təmin edilmiş, iddaçının ünvan 2 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qət olunmuşdur. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iddiaçının sözügedən orderlər əsasında 315 saylı otaqdan istifadə hüququ yaranmışdır. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, məhz Bakı Məişət Kondisionerləri Zavodunda işlədikləri üçün ailə vəziyyəti nəzərə alınmaqla 2 ədəd order verilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X9 ilə bağlanılmış 11 iyun 2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında 171 nömrəli müqavilə 315 saylı mənzilə münasibətdə etibarsız hesab edilmişdir. Qətnamədə göstərilir ki, cavabdeh X9 iddia tələbini qəbul etmiş və qeyd etmişdir ki, müqavilə bağlanılarkən aldadılmış, iddiaçı onun keçmiş arvadı olmuş, 314 saylı mənzildə özü, 315 saylı mənzildə isə iddiaçı və uşaqları məskunlaşmışdır. Ailə vəziyyəti nəzərə alınmaqla 2-ci order verilmişdir. 315 saylı orderin əsli iddiaçıdadır. Ona sonradan məlum olmuşdur ki, iddiaçıya mənzil verilməmişdir. O, elə bilmişdir ki, yalnız öz mənzili ilə bağlı müqavilə bağlanılır. İki mənzilə bir sayğac qoyulsa da, ödənişlər bölünərək ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, 315 saylı mənzil iddiaçının faktiki istifadəsində olduğu, orderin əsli onda olduğu, kirayə müqaviləsinin onunla bağlanılmalı olduğu halda onun razılığı alınmadan və mənzilindən məhrum edildiyi halda əvəzində yaşayış sahəsi ilə təmin edilməmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. - Xətai Rayon İcra Hakimiyyətinin 27 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 314 və 315 saylı otaqlara dair ailə başçısı X6 30500 manat məbləğində ödəniş edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli məktubuna əsasən ünvan 7 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətinin müvafiq komissiyasının yaradılıb, nəticəsi barədə 08 may 2019-cu il tarixindən gec olmayaraq Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilməsi tapşırılmışdır. - Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən ünvanlanmış məktubdan görünür ki, Xətai rayonu ərazisində yerləşən binalara dair mənzildə yaşayan ailələrin hər birində ödənişlərin edilməsi müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli razılaşma aktına əsasən X1 işində iştirak edərək, təklif olunan 30 000 (otuz min) manat birdəfəlik maddi yardımın məbləği ilə razılaşaraq və alacağı təzminatın məbləğini bankda şəxsi hesabına köçürüldükdən sonra 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün şərait yaradacağını öhdəsinə götürmüşdür. Aktda qeyd edilmişdir ki, birdəfəlik maddi yardımın məbləği 30 000, köçürülmə və bir aylıq kirayə haqqı 500 manatdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, Bakı Məişət Kondisionerləri Zavodunun xx.xx.1989-cu il tarixli və xx.xx.1996-cı il tarixli 473 nömrəli orderlərinə əsasən xx.xx.1989-cu il tarixli 173 nömrəli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 315 nömrəli otağı, xx.xx.1992-ci il tarixli qərarla Gen.Şıxlinski 42 ünvanında olan yataqxananın 314 nömrəli otağı ilə bağlı iddiaçı X6 (ailə üzvləri ilə birlikdə) orderlər verilmişdir. 2013-cü ildə X9 ilə İddiaçı arasında nikah pozulmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7148/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ünvan 9 ünvanda yerləşən yataqxananın 315-ci otağına köçürülməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı müraciətinə cavabdeh inzibati orqanın imtinasının əsası ondan ibarətdir ki, X2 rayon İcra Hakimiyyətinin 08 may 2019-cu il tarixli, 101 saylı Sərəncamı ilə yaradılmış komissiyanın 11 iyun 2021-ci il tarixli Razılaşma aktı əsasında "xxxx" ASC-nin TT**********2 nömrəli, 11 iyun 2021-ci il tarixli kassa mədaxil orderi əsasında 30500,00 manat məbləğində pul vəsaitini qəbul etmişdir. Razılaşma aktı 314 və 315 saylı otaqlarla əlaqədar bağlanmışdır. İddiaçı iddia tələbi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4242/2022 saylı, 02 sentyabr 2022-ci il qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti, "xxxx" MMC və X9 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında 171 nömrəli müqavilə 315 saylı mənzilə münasibətdə etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini 31 oktyabr 2022-ci il tarixdə almışdır və həmin tarixdə qətnamə ilə bağlı icra sənədi verilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə və sahiblik hüququ olan ünvan 10 ünvanda yerləşən yataqxananın 315-ci otağının sökülməsi əvəzinə onun 2 otaqlı mənzillə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5469/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(103)-902/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5469/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1463/2022 nömrəli qərarı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iddianın mümkün sayılmaması üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçının mənzillə təmin edilmə tələbinə baxılıb qurtardıqdan sonra (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1463/2022 nömrəli qərarı, 11 oktyabr 2022-ci il tarixli qərarı) 31 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti, "xxxx" MMC və X9 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında 171 nömrəli müqavilənin 315 saylı mənzilə münasibətdə etibarsız hesab edilməsi barədə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e- 2(011)-4242/2022 saylı, 02 sentyabr 2022-ci il qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti, "xxxx" MMC və X9 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında 171 nömrəli müqavilə 315 saylı mənzilə münasibətdə etibarsız hesab edildiyi üçün iddiaçının iddia tələbinə baxılması üçün yeni əsaslar yaranmışdır. Kollegiya qeyd edir ki, ünvan 10 ünvanda yerləşən yataqxananın 315-ci otağı ilə bağlı order verildiyi zaman qüvvədə olan Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq vətəndaşların xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) ola bilər. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4242/2022 saylı, 02 sentyabr 2022-ci il qətnaməsində göstərilir ki, ünvan 11 ünvanıda yerləşən yataqxananın 314 nömrəli və 315 saylı orderlər X6 verilsə də, həmin orderlərdə X9 ilə bərabər İddiaçı və onun 2 övladı X11 və X3 həmin yaşayış sahələrinə istifadə hüququ verildiyindən, boşandıqdan sonra 314 saylı mənzil X4, 315 saylı mənzil İddiaçı və iki övladının faktiki sahibliyində olmaqla, həmin mənzillə bağlı sosial kirayə bağlamaq hüququ onların hər üçünə aid olduğundan, həmçinin İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7148/2019 saylı, 18 sentyabr 2019cu il tarixli qətnaməsi ilə ünvan 12 ünvanında yerləşən yataqxananın 315-ci otağına köçürükərək onun həmin 315 nömrəli otağa istifadə hüququ bir daha təsdiq edildiyindən 11 iyun 2021-ci il tarixli, 171 nömrəli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin şərtləri hər iki mənzili ehtiva etdiyi halda 315 saylı mənzilin faktiki sahibi İddiaçı razılığı alınmadığından və iki övladı ilə yaşadığı mənzildən məhrum olunduğundan, həmin müqavilənin bağlanması İddiaçı və onun 2 övladının hüquqlarını pozduğundan "xxxx" MMC ilə X9 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında 171 nömrəli müqavilənin 315 saylı mənzilə münasibətdə etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsaslı olduğundan həmin hissədə təmin edilməli, "xxxx" MMC ilə X9 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında 171 nömrəli müqavilə 315 saylı mənzilə münasibətdə etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilən hallar hazırkı iş üzrə preyudisial xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə uyğun olaraq preyudisiallıq işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qərar ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. Preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. İşin faktiki hallarından, həmçinin iddiaçı və üçüncü şəxs İ.Əkbərovun hazırkı və bundan əvvəlki işlər üzrə izahatlarından aydın olur ki, adıçəkilən mənzil üçüncü şəxsin yox, məhz iddiaçının istifadəsində olmuş, orderin əsli onda olmuş, iddiaçı və üçüncü şəxsin ailə münasibətləri nəzərə alınmaqla eyni zavodun işçisi kimi hər birinə bir order nəzərə alınmaqla həmin dövrün praktikasına uyğun olaraq məhz 2 order verilmiş, orderlərdə ailə başçısı kimi üçüncü şəxs İ.Əkbərovun adı yazılmış, digər ailə üzvlərinin isə orderdə adı qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2-1(112)-878/2024 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi apellyasiya icraatında verilmiş dəqiqləşdirilmə ərizəsinə uyğun olaraq təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin və üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2-1(112)-878/2024 saylı qərarı ləğv edilsin. İddia tələbi apellyasiya icraatında verilmiş dəqiqləşdirilmə ərizəsinə uyğun olaraq təmin edilsin. ünvan 13 ünvanında sökülmüş yataqxananın iddiaçının istifadəsində olan 315 saylı otağının əvəzinə İddiaçı 2 (iki) otaqlı mənzilin təhvil verilməsi və 2021-ci ilin avqust ayından başlayaraq mənzil verilənədək hər ay 300 (üç yüz) manat məbləğində aylıq kirayə haqqının iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar