Məhkəmə qərarları › İş №2-1(103)-58/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-58/2020

04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-58/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(81)- 99/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 2066 saylı 1997-ci il 30 dekabr tarixli Sərəncamına əsasən iddiaçıya Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçıya ayrılmış torpaq sahəsinin xx.xx.2004-cü il tarixli cizgisindən görünür ki, torpaq sahəsinin yerləşmə yeri Badamdar qəsəbəsi, 2 yaşayış massivi, döngə 257a-dır və torpağın sahəsi isə 566 kv.m-dir. İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsi Nümayəndə ünvanlanmış **********06 nömrəli xx.xx.2017-ci il tarixli məktubda qeyd olunur: Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyət arasında sahə fərqi (sərəncamla 600 kv.m, yerləşmə cizgisi ilə 566 kv.m) movcuddur. Bundan əlavə digər şəxsin adına qeydiyyatdan keçmiş tikili iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı Mirzə qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan və onun üzərində mövcud olan tikillərə çıxarışın və texniki pasportun verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı xx.xx.1997-ci il tarixli Sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində layihəyə uyğun mövcud fərdi yaşayış evinin və yardımçı tikililərin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla vahid reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçıya Badamdar qəsəbəsi 2-ci yaşayış massivində fərdi evin tikintisi üçün xx.xx.1997-ci il tarixində 2066 nömrəli sərəncamla torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti tərəfindən ona xx.xx.2004-cü il tarixində yerləşmə cizgisi verilmişdir. Cavabdehə torpaq sahəsinə çıxarışın verilməsi üçün müraciət etmiş, ona xx.xx.2017-ci il tarixli bildirişdə göstərilmişdir ki, ona ayrılan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətlər arasında sahə fərqi mövcuddur. Bundan əlavə digər şəxsin adına qeydiyyatdan keçmiş tikili ona məxsus torpaq sahəsi üzərində yerləşir. Bildirişdə göstərilən digər şəxsin qeydiyyatında keçmiş tikili onun əri X4 məxsusdur. Eləcə də ona və ərinə məxsus torpaq sahələri bir-birinə bitişikdir, aralarında heç bir hasar yoxdur və onlara məxus 2 sahə mişar daşla tikilən hasarın içindədir. Cavabdehin etirazları: Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum omuşdur ki, İddiaçı İdarəyə torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün müraciət etmişdir. Bununla əlaqədar bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqi (sərəncamla 600 kv.m, yerləşmə cizgisi ilə 566 kv.m) mövcuddur. Bundan əlavə digər şəxsin adına qeydiyyatdan keçmiş tikili iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-99/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı xx.xx.1997-ci il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində layihəyə uyğun mövcud fərdi yaşayış evinin və yardımçı tikililərin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla vahid reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmənin qərarı ləğv olunmalıdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqi (sərəncamla 600 kv.m, yerləşmə cizgisi ilə 566 kv.m) mövcuddur. Bundan əlavə, digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş tikili iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə tərəfindən iş materialları dəqiq və düzgün araşdırılmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz kadastrı və Ünvan Reyestri Xidməti müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs kimi cəlb edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticələr: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-953/2018 saylı xx xxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-99/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)-1604/18 saylı xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-953/2018 saylı xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-126/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-99/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(102)-1975/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-126/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının “iddia tələbinin azaldılmasına dair” ərizəsini məhkəməyə təqdim edərək Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı xx.xx.1997-ci il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddiadan qismən imtina barədə iddiaçının ərizəsini məhkəməyə təqdim edərək, cavabdehə qarşı verilmiş iddianın Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinin üzərində layihəyə uyğun mövcud olan fərdi yaşayış evinin və yardımçı tikililərin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsindən imtina edildiyini və bununla bağlı həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-58/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan hissəvi imtinası qəbul edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-99/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının qismən, iddianın “Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı xx.xx.1997-ci il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinin üzərində layihəyə uyğun mövcud fərdi yaşayış evinin və yardımçı tikililərin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla vahid reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-58/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan hissəvi imtinası qəbul edilərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-99/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı qismən, iddianın “Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı xx.xx.1997-ci il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinin üzərində layihəyə uyğun mövcud fərdi yaşayış evinin və yardımçı tikililərin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla vahid reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilib, həmin hissədə iş üzrə icraata xitam verildiyi üçün hazırki apellyasiya baxışının hədlərini iddianın “Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı xx.xx.1997-ci il tarixli Sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinin qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Hazırki işdən görünür ki, iddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1997-ci il tarixii 2066 saylı Sərəncamına əsasən ona ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmiş və ona istinad etmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur, qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqi mövcuddur və digər şəxsin adına qeydiyyatdan keçmiş tikili iddiaçıya məxsus torpaq sahəsi üzərində yerləşir. İş üzrə birinci instansiya məhkəməsi mütəxəssisin iştirakı ilə sübutların olduğu və saxlanıldığı yerdə müayinə və tədqiq edilməsi zamanı iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və əlavə tikililərin ona ayrılmış torpaq sahəsi üzərində yerləşməsini müəyyən etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçıya ayrılmış torpaq sahəsi əri İmtiyaz Babayevin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə bitişikdir. Hər ikisinə ayrılmış torpaq sahəsi faktiki olaraq dörd tərəfdən mişar daşı ilə hasarlanmaqla ümumi istifadədədir, iddiaçıya məxsus torpaq sahəsi üzərində özünə məxsus fərdi yaşayış evi və yardımçı tikililər mövcuddur. Eləcə də torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluğun mövcud olması, qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətlər arasında sahə fərqinin mövcud olması barədə göstərdiyi qüsurlar iddiaçının aradan qaldıra biləcəyi qüsurlar deyildir. Buna görə də birinci instansiya məhkəməsi iddianın, o cümlədən sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qərarının yoxlanıldığı hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Bakı şəhər Səbail rayonu İcra Hakimiyyəti Başçısının 1997-ci il 30 dekabr tarixli 2066 saylı sərəncamı ilə iddiaçıya Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Həmin sərəncama əsasən 2004-cü il 3 avqust tarixdə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilərək möhürlə təsdiqlənmişdir. Beləliklə, iddiaçı torpaq sahəsinə dair qanuni hüququn sahibidir və həmin hüququn reyestrdə qeydə alınmasını tələb edə bilər. Cavabdehin imtinasından müəyyən olunur ki, Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib olunan torpaq sahəsinin yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur və qeyd olunan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında sahə fərqi (sərəncamla 600 kv.m., yerləşmə cizgisi ilə 566 kv.m.) mövcuddur. Göründüyü kimi, cavabdeh uyğunsuzluğa istinad edərkən yalnız sahə fərqini bildirmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1975/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin harada yerləşməsi, həqiqətən cavabdehin bildirdiyi kimi sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərqin olub-olmaması, iddaçıya ayrılmış sahə ilə onun əri X4 ayrılmış sahələrin üst-üstə düşüb-düşməmələri, iddiaçının qeydə aldırmaq istədiyi tikililərin onun özünə, yoxsa ərinə ayrılmış sahədə yerləşdiyi məsələsi, eləcə də X3 adına reyestrdə qeydə alınmış tikililərin harada (iddiaçıya yoxsa ərinə ayrılmış sahədə yerləşdiyi) yerləşdiyi məsələsinin aydınlaşdırılması xüsusi biliklər tələb etdiyi üçün bu barədə müvafiq ekspertizalar keçirilməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən i.v. 5-də olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihəni tədqiq edərkən həmin layihənin iddiaçının hazırkı tələbində irəli sürdüyü və adına mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi tikilililərə aid layihə olub-olmadığı müəyyənləşdirməlidir. Belə ki, həmin layihənin iddiaçı ilə yanaşı X5 məxsus yaşayış evinin tikintisi ilə bağlı olduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı işin təkrar apellyasiya baxışı zamanı Səbail rayon İcra Hakimiyyəti Başçısının 2066 saylı xx.xx.1997-ci il tarixli Sərəncamında qeyd edilmiş torpaq sahəsinin harada yerləşməsinin, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə qeyd olunmuş torpaq sahələrinin koordinatlarının uyğun olub-olmamasının, torpaq sahəsinin elektron baza məlumatları ilə faktiki vəziyyət arasında fərqin olub-olmamasının, iddiaçıya ayrılmış sahə ilə onun əri X4 ayrılmş sahələrin üst-üstə düşüb-düşməməsinin, iddiaçının qeydə aldırmaq istədiyi tikililərin onun özünə, yoxsa əri İmtiyaz Babayevə ayrılmış sahədə yerləşibyerləşməməsinin və İmtiyaz Babayevin adına reyestrdə qeydə alınmış tikililərin harada yerləşməsinin müəyyən olunması məqsədilə məhkəmə-tikinti texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24766 saylı xx xxxx 2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, tədqiq olunan torpaq sahələrinə dair mülki iş materiallarında olan sənədlər ilə baxış zamanı faktiki müəyyən edilmiş məlumatları, o cümlədən torpaq sahələrinin planlı yerləşməsi, ölçüləri, torpaq sahəsində inşa edilmiş tikililərin yerləşdiyi sahə və s. müqayisə edilərkən xx.xx.2010-cu il tarixli texniki pasport üzrə qeyd olunan “A” tikilisinin 12 saylı xx.xx.2004-cü il tarixli cizgiyə əsasən X4 ayrılmış torpaq sahəsində yerləşdiyi, eləcə də İddiaçı Mirzəağa qızına və X4 ayrılmış torpaq sahələrinin həmsərhəd olmaqla yanaşı yerləşdiyi müəyyən olunmuşdur. Beləliklə, aparılmış tədqiqatla Səbail rayon icra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 2066 saylı sərəncamında qeyd olunmuş torpaq sahəsi Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 257a saylı ünvanda yerləşir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüləri, cizgisi və mütəxəssis rəyində göstərilən koordinatlar, həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə qeyd olunmuş torpaq sahələrinin göstəriçilərinə uyğun olduğu müəyyən edilir. İddiaçı Mirzəağa qızının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri və vəziyyəti Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 2066 saylı sərəncamı əsasında ayrılmış torpaq sahəsinə dair verilmiş cizgiyə uyğun olduğu müəyyən edilir. Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 2066 saylı sərəncamına əsasən iddaçıya ayrılmış sahə ilə əri X4 ayrılmış sahə qonşuluqda yerləşərək ayrı-ayrı ərazilərdə yerləşdiyini nəzərə alaraq həmin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunur. İddiaçı Mirzəağa qızının faktiki istifadəsində olan tikililərin onun özünə ayrılmış sahədə yerləşdiyi müəyyən edilir. 2066 saylı xx.xx.1997-ci il tarixli Sərəncamda qeyd olunmuş torpaq sahəsi Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 257a saylı ünvanda yerləşir. Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 257a saylı ünvanda yerləşən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüləri, cizgisi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində göstərilən koordinatlar, həmin torpaq sahəsinin yerləşmə cizgisi ilə qeyd olunmuş torpaq sahələrinin göstəricilərinə uyğundur. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri və vəziyyəti 2066 saylı xx.xx.1997-ci il tarixli sərəncam əsasında ayrılmış torpaq sahəsinə dair verilmiş cizgiyə uyğundur. Sərəncamla iddiaçıya ayrılmış sahə ilə əri İmtiyaz Babayevə ayrılmış sahə qonşuluqda yerləşərək ayrı-ayrı ərazilərdə yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahələrinin üst-üstə düşmədiyi və İddiaçı faktiki istifadəsində olan tikililərin onun özünə ayrılmış sahədə yerləşdiyi müəyyən edilmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə təqdim etdiyi iddiaçının iddiadan hissəvi imtinası nəzərə alınaraq iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə tələbi istisna olmaqla digər tələbləri üzrə icraata apelyasiya qaydasında xitam verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə qiymət verərək hesab edir ki, həmin rəy inandırıcı olmaqla, mötəbər sübut kimi qəbul edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir. Belə olan halda iddiaçının tələbinin təmin olunmasından imtina edərkən cavabdehin istinad etdiyi dəlillərə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının ən azından mövcud vəziyyətdə olan 566 kv.m. torpaq sahəsinə hüququnu qeydə almaqdan imtina üçün əsaslar hazırki vəziyyətdə müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ən azından mövcud vəziyyətdə olan 566 kv.m. torpaq sahəsinə hüququnu qeydə almaqdan cavabdeh inzibati orqanın imtina etməsi əsassız olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qərarı Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixində 2066 No-li sərəncamına əsasən İddiaçı Mirzə qızına ayrılmış Bakı şəhəri Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən 600 kv.m. torpaq sahəsinin 566 kv.m. hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində qanuni və əsaslı olduğu üçün həmin hissədə qərar dəyişdirilmədən saxlanılmalı, qalan – 34 kv.m. torpaq sahəsi ilə bağlı iddia tələbi əsassız olduğu üçün qərar həmin hissədə ləğv edilməli və bu barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-99/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı qismən ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-99/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı qismən, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 2066 No-li sərəncamına əsasən İddiaçı Mirzə qızına ayrılmış Bakı şəhəri Badamdar qəsəbəsi 2ci yaşayış massivində yerləşən 600 kv.m. torpaq sahəsinin 34 kv.m. hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qərar “Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 2066 No-li sərəncamına əsasən İddiaçı Mirzə qızına ayrılmış Bakı şəhəri Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən 600 kv.m. torpaq sahəsinin 566 kv.m. hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti İddiaçı Mirzə qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar