Məhkəmə qərarları › İş №2-1(103)-580/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-580/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-580/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X2 qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5470/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ ona 64.6 yaşdan, yəni 16.06.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5470/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 64 il 6 ay yaşdan, yəni 16.06.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası və əmək kitabçasının doldurulduğu tarixdə (gün, ay, il) qaralama müəyyən edilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında 08.07.1991-ci ildə redaktor vəzifəsinə qəbul olunduğu “7 GÜN” Qəzetində işə daxilolma tarixlərində düzəlişlər edilmişdir. Eləcə də işə daxilolma əmrinin avqust ayında verildiyini nəzərə alsaq 1 nömrəli əmrlə qeyd edilməsi əsaslı şübhələr yaradır. Bununla yanaşı, idiaçının əmək kitabçasında işdən azad edilməsi barədə qeydləri aparmağa əsas verən əmr göstərilməmişdir. Onu da qeyd etmək lazımdır ki, şəxsin işə daxilolma və işdən azadedilmə tarixləri həftənin bazar günü (qeyri-iş) gününə təsadüf edir. Həmçinin əmək kitabçasında 1991-ci ildəki işə qəbul qeydləri kiril əlifbası ilə yazılmışdır. Halbuki işə daxilolma barədə qeydlər üzərində latın qrafikalı qeydləri olan möhürlə təsdiqlənmişdir. Bu da həmin qeydlərin sonradan əlavə olunmasına dəlalət edir. Həmçinin iddiaçı məhkəməyə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi tərəfindən təqdim dövri nəşrin qeydə alınması haqqında 19.05.1992-ci il tarixli şəhadətnaməsini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi Kütləvi İnformasiya vasitələrinin qeydə alınması haqqında 15.07.1994-cü il tarixli və 31.01.1996-cı il tarixli şəhadətnamələri təqdim etmişdir. Sənədlərin heç birində qəzetin qeydiyyatı 1991-ci ilə təsadüf etmir. Eləcə də, iddiaçı məhkəməyə şəhadətnamənin əslini təqdim edə bilməmişdir. Bunları nəzərə alaraq iddiaçının ümumi sosial sığorta stajı və hərbi xidmət dövrü ilə birlikdə 18 il 5 ay 13 gün təşkil edir. X3 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992- 2006-ci illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdur. Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını izahatını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - 01.09.1973-cü il tarixdə Ağdam RİK-nin tikinti və memarlı şöbəsində əmək fəaliyyətinə başlamış, 04.12.1974-cü il tarixdə vəzifəsindən azad edilmişdir. 04.12.1974-cü il tarixdən 14.12.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. (3 il 3 ay 14 gün) - 18.02.1977-ci il tarixdə daxili işlər orqanlarına qəbul edilmiş, 01.07.1977-ci ildə işdən azad edilmişdir. (4 ay 12 gün) - 05.10.1977-ci il tarixdə mehmanxanın növbətçi administratoru vəzifəsinə qəbul edilmiş, 17.04.1979-cu il tarixdə yataqxana üzrə növbətçi vəzifəsində hesab edilmiş, laborant vəzifəsində çalışmış, 16.03.1984-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. (6 il 5 ay 13 gün) - 22.03.1984-cü il tarixdə qəzetə müxbir qəbul edilmiş, 12.02.1988-ci il tarixdə vəzifədən azad edilmişdir. (3 il 10 ay 22 gün) - 16.02.1988-ci il tarixdə müxbir işinə qəbul edilmiş, 08.07.1991-ci il tarixdə öz arzusu ilə işdən azad edilmiş, həmin tarixdən “7 gün” qəzetinin redaktoru vəzifəsinə təyin edilmiş, 01.07.2001-ci il tarixdə vəzifədən azad edilmişdir. (13 il 4 ay 15 gün) - 25.08.2001-ci ildən “Şəfa” İdman sağlamlıq mərkəzində direktor vəzifəsinə təyin edilmiş 27.12.2003-cü il tarixdə işdən azad edilmişdir. (2 il 4 ay 4 gün) İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbilə cavabdeh orqana müraciət etsə də, cavabdeh ümumi stajı 25 ildən az olduğu və yetərli pensiya kapitalı olmadığını bildirərək, iddiaçıya imtina cavabı vermişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən mübahisləi məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. Apelyasiya şikayətindən görünür ki, iddiaçının əmək kitabçasında qeyd olunan əmək fəaliyyətilə bağlı cavabdehin mübahisələndirdiyi məqam 08.07.1991-01.07.2001-ci il tarixlərə aid olan sığorta sajıdır. Cavabdeh həmin dövrü ümumi sığorta stajına daxil etməməklə iddiaçının 18 il 5 ay 13 gün stajı olduğu qeyd edir. Göründüyü kimi, iddiaçının mübahisələndirilən əmək stajı 01.01.2006-cı ilə qədər olan dövrü əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Apelyasiya şikayətində cavabdeh iddiaçının əmək kitabçasında qaralama aparıldığını, işə başlama tarixlərində düzəliş aparıldığını, işə daxil olma əmrinin avqust ayında verildiyini, işə daxil olma və işdən azad edilmə tarixlərinin həftənin bazar günü, yəni qeyri iş günlərinə düşdüyünü, o cümlədən əmək kitabçasının 1991-ci il tarixdə işə qəbul hissəsində latin qrafikalı möhürlə təsdiq edildiyini bildirir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması çərçivəsində iddiaçının əmək kitabçasının əslinə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir. AR Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. İddiaçının işə qəbul edilmə və işdən azad edilmə tarixlərinin həftənin istirahət günü hesab edilən bazar gününə təsadüf etməsilə bağlı cavabdehin mövqeyinə münasibətdə kollegiya bildirir ki, əmək qanunvericiliyində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri işçilərin işləməsinə hər hansı qadağa müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçının mübahisələndirilən dövrdəki əmək fəaliyyəti xüsusi xidmət sahəsinə aid olmaqla müəssisə daxilində iş günlərinin müəyyən edilməsində hər hansı məhdudiyyət olmamışdır. Qeyd edilənlər iddiaçının əmək faliyyətinə dair əmrlərin bazar gününə təsadüf etməsinə dair cavabdehin dəlilini əsassız edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən 3 halda möhürdən istifadə nəzərdə tutulmuşdur ki, adıçəkilən Qaydaların 3.11-ci bəndinə əsasən, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir: 4.1 İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir: 9.1. Doldurulmuş və doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu aşağıdakı qaydada aparılır: mədaxil-məxaric kitabı, əmək kitabçaları və əlavə içliklərin hərəkəti, uçot kitabı nömrələnməli, qaytanlanmalı və işəgötürənin imzası olmaqla möhürlə təsdiq edilməlidir. Göründüyü kimi, qanunvericiliklə əmək kitabçasında işə daxil olmanın deyil, işdən azad edilmənin müəssisə möhürü ilə təsdiq edilməsi qaydası müəyyən edilmişdir. İddiaçının izahatından da müəyyən edilmişdir ki, əmək kitabçasında işə qəbul edilmə hissəsinə vurulan möhür 2001-ci ildə işdən azad edilərkən vurulmuşdur. Buna görə də işə qəbul edilmə qeydində yazılar 1991-ci ilə aid kiril əlifbası ilə olsa da, möhür 2001-ci ildə latın qrafikalı yazılarla vurulmuşdur. İşdən azad edilmə barədə qeydləri aparmağa əsas verən əmrin göstərilməməsi barədə cavabdehin mövqeyinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “...iddiaçının işləmiş olduğu “7 gün” qəzetinin mövcud olubolmaması barədə əlavə araşdırma aparmış və müəyyən etmişdir ki, həmin qəzet 1991-ci ilin yanvar ayından fəaliyyət göstərmişdir. İddiaçı bununla bağlı qəzetin kütləvi informasiya vasitələrində qeydə alınması barədə şəhadətnamə təqdim etmişdir. Şəhadətnamədən də göründüyü kimi qəzet 19 may 1992-ci il tarixdə təsisçi İddiaçı tərəfindən qeydiyyatdan keçirilmiş, növbəti qeydiyyat 15 iyul 1994-cü il tarixdə aparılmış, 31 yanvar 1996-cı il tarixdə də növbəti qeydiyyat aparılmışdır. Eyni zamanda iddiaçı tərəfindən ilkin qeydiyatın 1991-ci il yanvar ayında olduğunu, bununla bağlı sənədin 19 may 1992-ci il tarixdə aparılan zaman təqdim edildiyini qeyd etmişdir ki, məhkəmə göstərilən sənədlərin əsllərinin təqdim edilməməsini iddianın təmin edilməsi ilə bağlı gəlinən nəticəyə təsir etməməsi qənaətinə gəlir. Belə ki, iş materiallarına surəti əlavə olunmuş qəzetin ilk nömrəsinin birinci səhifəsindən də göründüyü kimi iddiaçının təsis etdiyi həmin qəzet 1991-ci ilin yanvar ayında faktiki olaraq fəaliyyət göstərmişdir. Hər bir halda hətta qəzetin qeydə alınması tarixi 1991-ci il yanvar ayından hesablanmadığı, 19 may 1992-ci il tarixdən olduğu nəzərə alınsa belə nəzərə alınmayan dövr iddiaçının sığorta stajının 25 ildən artıq olmasına təsir etməyəcəyinə görə əmək pensiyasının təyin olunmasına istisna təşkil etmir.” Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır və bildirir ki, cavabdehin əmək kitabçasında işə qəbul edilməsinin latın qrafikalı möhürlə təsdiq edilmiş olması, kitabçada qaralama aparılmış olması, işə başlama tarixlərində düzəliş aparılması kimi hallar iddiaçının iradəsindən asılı olmayan, işəgötürən tərəfindən edilmiş texniki yalnışlıqlar kimi qəbul edilməklə iddiaçının xeyrinə şərh edilməli, onun pensiya təminatına imkan verməyən hallar kimi qəbul edilməməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı “7 gün” qəzetinin redaktoru vəzifəsinə təyin edilməsi barədə əmrin tarixinə və işə başlama vaxtına əsasən, o, 08.07.1991-ci il tarixindən həmin qəzetin redaktoru vəzifəsində çalışmışdır. Cavabdehin mövqeyini əsaslandırdığı yuxarıda qeyd edilən dəlillər isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası İddiaçı 08.07.1991-01.07.2001-ci il tarixlərə aid olan sığorta sajının mövcudluğunu qəbul etməklə hesab edir ki, iddiaçının əmək kitabçasına əsasən hərbi xidmət dövrü də daxil edilməklə, 27 il 08 ay 14 gün ümumi sosial sığorta stajı vardır. ((04.12.1974 – 01.09.1973 = 1 il 03 ay 03 gün) + (14.12.1976 – 04.12.1974 = 2 il 10 gün) + (01.07.1977 – 18.02.1977 = 04 ay 13 gün) + (17.04.1977 – 05.10.1977 = 1 il 06 ay 12 gün) + (16.03.1984 – 17.04.1979 = 4 il 10 ay 29 gün) + (12.02.1988 – 22.03.1984 = 3 il 10 ay 20 gün) + (07.08.1991 – 16.02.1988 = 2 il 04 ay 22 gün) + (01.07.2001 – 08.07.1991 = 9 il 11 ay 23 gün) + (27.12.2003 – 25.08.2001 = 2 il 04 ay 02 gün) = 27 il 08 ay 14 gün)) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. AR “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci yarımbəndinə əsasən, 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək kişilərin pensiya yaşı 64 il 6 ay müyyən edilmişdir. xx.xx.1955-ci il təvəllüdlü iddiaçı 16.06.2020-ci il tarixdə 64,6 yaşında olmuşdur. Beləliklə, pensiya qanunvericiliyindən də göründüyü kimi, iddia etdiyi kimi 16.06.2020-ci ildən pensiya hüuqunun yaranması üçün əsas olan iki şərt – pensiya yaşına çatması və (fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, ən azı 25 il sığorta stajına malik olmasıdır (fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalı olmadığı təqdirdə). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsi tələbinə münasibətdə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, “Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 29.06.2020-ci il tarixdə (imtina məktubunda göstərilən tarix) cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.” Sadalananlardan da göründüyü kimi, 64,6 yaşının tamam olduğu tarixdən iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh orqanın iddiaçıya pensiya təyin edilməsinə imtinası qanunsuz olmuş, hüququnun yaranmış olmasına baxmayaraq pensiya ödənişindən məhrum olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, caabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-5470/21 saylı iş üzrə qəbul etdiyi 03 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cəmilova Xəyalə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar