Məhkəmə qərarları › İş №2-1(103)-580/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-580/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-580/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:“mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xüsusi təyinatlı qüvvələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir.

2. İddiaçıya xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli elektron çıxarışına əsasən (mötəbərliliyi QR kodla yoxlanılmış) ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.

4. İddiaçı Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək, müharibə əlili kimi mənzillə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir.

5. Cavabdeh Bakı şəhəri Cavabdeh 1.05.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...mülkiyyətinizdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, C.Cəlilov küçəsində yerləşən ümumi sahəsi 271.20 kv.m olan 46A №-li fərdi yaşayış evi olduğundan xahişinizi təmin etmək mümkün deyildir".

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir).

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə yaralandığı üçün hərbi xidmətdən ayrılmış, ona 3-cü qrup əlillik təyin edilmişdir. Hal-hazırda kirayədə yaşayır. Adına olan ev baxımsız olduğu üçün heç kim yaşamır.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir.Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.Sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırkı halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Çünki qeyd edildiyi kimi, iş üzrə onun müraciətinin təmin olunmasında imtina edilməsi üçün əsas, mülkiyyətində fərdi yaşayış evinin olmasıdır. Belə ki, iddiaçının adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmur. İddiaçı ailə üzvləri ilə birlikdə kirayədə yaşamasını qeyd etsə də, bu fakt onun xüsusi mülkiyyət hüququ ilə mənzilə sahib olması faktını dəyişmir.

11. Birinci instansiya məhkəməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51 və 53-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olsa da, əmisinin evidir.Əmisi Almaniyadadır, 4%-lə ipotekaya evi formal olaraq onun adına alıbdır.Adına ev olsa da, lakin həmin ev təmirsiz və baxımsızdır, bu səbəbdən özü və ailə üzvləri birlikdə kirayədə yaşayırlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

c) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq məhkəmə Kollegiyasının verdiyi suallara cavabında bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda xidmətdə olmuş, xidmətdə olarkən onun mənzil kirayə haqqı xidmət etdiyi orqan tərəfindən ödənilmiş, lakin 2021-ci ilin sonunda adına həmin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə müəyyən edildiyindən 2021-ci ilin sonunda kirayə haqqının ödənilməsi də dayandırılmışdır.2020-ci ilin oktyabrında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib yaralanıb və bu səbəbdən 2022-ci ilin mart ayından sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda xidmətini davam etdirə bilməmişdir. 2021-ci ilin sonunda adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə müəyyən edildiyindən 2021-ci ilin sonunda kirayə haqqının ödənilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən dayandırılsa da ev formal olaraq onun adına alınması barədə Daxili İşlər Nazirliyinə müraciəti olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar izahat verməklə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

19. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının: 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur.

21. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin” xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1-məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. İddia tələbi və apellyasiya şikayətinə münasibətdə isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

27. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutisya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir.

28. Hazırda iddiaçı müharibə əlili kimi mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

29. Cavabdeh iddiaçının mülkiyyətində daşınmaz əmlak olması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.İddiaçı isə bildirir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olsa da, əmisinin evidir.Əmisi Almaniyadadır, 4%-lə ipotekaya evi formal olaraq onun adına alıbdır.Adına ev olsa da, lakin həmin ev təmirsiz və baxımsızdır, bu səbəbdən özü və ailə üzvləri birlikdə kirayədə yaşayırlar. 30.Məhkəmə Kollegiyası hazırkı işin faktiki hallarına tətbiq edilən hüquq normalarına (Bu qərarın 17-21-ci bəndləri) əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdehin imtinası əsaslıdır.

31. Məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən qanunvericiliyin (Bu qərarın 17-21-ci bəndləri) məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir.Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır.

32. Hazırkı halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Çünki qeyd edildiyi kimi, iş üzrə onun müraciətinin təmin olunmasında imtina edilməsi üçün əsas, mülkiyyətində fərdi yaşayış evinin olmasıdır.

33. Belə ki, iddiaçının adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır.İddiaçı apellyasiya şikayətində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olsa da, əmisinin evi olmasını, əmisi Almaniyada yaşadığından 4%-lə ipotekaya evi iddiaçının adına adına aldığını, həmin evin təmirsiz və baxımsızlığı səbəbindən özü və ailə üzvləri birlikdə kirayədə yaşadıqlarını bildirsə də, şikayətin göstərilən dəlillərini təsdiq edəcək mötəbər sübutlar iş materiallarında müəyyən edilməmişdir.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin göstərilən dəlilləri üzrə faktiki halların mövcud olub-olmaması baxımından verdiyi suallara cavabında iddiaçının izahatından o da müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda xidmətdə olmuş, xidmətdə olarkən onun mənzil kirayə haqqı xidmət etdiyi orqan tərəfindən ödənilmiş, lakin 2021-ci ilin sonunda adına həmin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə müəyyən edildiyindən 2021-ci ilin sonunda kirayə haqqının ödənilməsi də dayandırılmışdır.Məhkəmə Kollegiyası onu da nəzərə alır ki, 2021-ci ilin sonunda kirayə haqqının ödənilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən dayandırılsa da xidmətdən buraxıldığı 2022-ci ilin mart tarixinə kimi iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin formal olaraq onun adına alınmasını mübahisələndirməmiş və barədə Daxili İşlər Nazirliyinə də müraciəti olmamışdır.

35. Beləliklə, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma nəticəsində işin müəyyən olunan halları və tətbiq edilən qanunvericilik normaları iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmasına əsas verməmişdir.

36. Məhkəmə Kollegiyası onu da xüsusilə qeyd edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə kirayədə yaşamasını qeyd etsə də, bu fakt onun xüsusi mülkiyyət hüququ ilə mənzilə sahib olması faktını dəyişmir.

37. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

38. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. 39.Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinə əsasən isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

40. Beləliklə, göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı və qanuni olmuşdur, odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11698/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar