Məhkəmə qərarları › İş №2-1(103)-580/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-580/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-580/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilərək tutulmuş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilərək tutulmuş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-8066/2024 saylı 16 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh və iddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1934-cü il təvəllüdlüdür. İddiaçıya xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3-584/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanmış və 1034 manat 47 qəpik təşkil etmişdir (əvvəlki pensiya məbləği 1527,79 manat). Yenidən hesablamanın səbəbi kimi inventarlaşdırma –artıq ödəmə göstərilmişdir. Bu hesablama ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3-17-1/3-3-584/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, məhkəməyə sübut olaraq təqdim edəcəkləri şəxslərin siyahısından aydın olur ki, İddiaçı ilə eyni vəzifədə çalışan şəxslərə əmək pensiyalarından artıq hesablanmış pulun tutulması ilə bağlı hər hansı bir hərəkət edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 580,00 manat, qulluq stajına görə əlavə 137,75 manat olmaqla orta aylıq əmək haqqı 717,75 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 9 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (717,75 manat) 80 faizi- 574,20 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 15 il 9 ay 9 gün iddiaçının qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 52,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 640,00 manat, qulluq stajına görə əlavə 152,00 manat olmaqla orta aylıq əmək haqqı 792,00 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (717,75 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (792,00 manat) arasındakı fərq məbləğinin (74,25 manat) 52,25 faizi-38,80 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (574,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 613,00 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 960,00 manat, qulluq stajına görə əlavə 228,00 manat olmaqla orta aylıq əmək haqqı 1188,00 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (792,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1188,00 manat) arasındakı fərq məbləğinin (396,00 manat) 52,25 faizi-206,91 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (613,00 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 819,91 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1210,90 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 9434,21 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar iddiaçının 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1034,47 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1527,79 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5919,84 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 15354,05 (9434,21+5919,84) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 469,20 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə onun əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanmasına yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçı 28 dekabr 2023-cü il tarixində məktub göndərilməklə 12 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8066/2024 saylı 16 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 3-17-1/3-3- 584/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyasından tutulmuş məbləğlərin qaytarılması öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi və iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə mahiyyəti üzrə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən, “iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə mahiyyəti üzrə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 640,00 manat, qulluq stajına görə əlavə 152,00 manat olmaqla orta aylıq əmək haqqı 792,00 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (717,75 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (792,00 manat) arasındakı fərq məbləğinin (74,25 manat) 52,25 faizi-38,80 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (574,20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 613,00 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 960,00 manat, qulluq stajına görə əlavə 228,00 manat olmaqla orta aylıq əmək haqqı 1188,00 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (792,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1188,00 manat) arasındakı fərq məbləğinin (396,00 manat) 52,25 faizi-206,91 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (613,00 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 819,91 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1210,90 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 9434,21 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar iddiaçının 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1034,47 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1527,79 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5919,84 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 15354,05 (9434,21+5919,84) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 469,20 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə onun əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanmasına yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçı 28 dekabr 2023-cü il tarixində məktub göndərilməklə 12 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən, “iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə mahiyyəti üzrə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 38.1, 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.1, 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin 3-17-1/3-3-584/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək tutulmuş pensiya məbləğinin ona geri qaytarılması” ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçıya xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanını tətbiq edərək iddiaçının pensiyasını öz təşəbbüsü ilə yenidən hesablamış, 3-17-1/3-3-584/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarla əvvəlki pensiya məbləği- 1527,79 manatdan azaldılaraq iddiaçının pensiyası 1034 manat 47 qəpik təşkil etmişdir. Yenidən hesablamanın səbəbi kimi inventarlaşdırma –artıq ödəmə göstərilmişdir. İddiaçı hazırda cavabdehin 3-17-1/3-3-584/2024 saylı xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirərək, onun ləğv edilməsini və tutulmuş pensiya məbləğinin ona geri qaytarılmasını xahiş edir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 5 fevral 2024-cü il tarixli “artıq ödənilmiş pul vəsaiti haqqında” məktubunda qeyd edilmişdir ki, pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Yasamal rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə maaşı 580,00 manat, qulluq stajına görə əlavə 137,75 manat olmaqla orta aylıq əmək haqqı 717,75 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 9 ay 9 gün qulluq stajına görə uyğun olaraq orta aylıq əmək haqqının (717,75 manat) 80 faizi-574,20 manat məbləğində hesablanıb. 15 il 9 ay 9 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 52,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 640,00 manat, qulluq stajına görə əlavə 152,00 manat olmaqla orta aylıq əmək haqqı 792,00 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (717,75 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqının (792,00 manat) arasındakı fərq məbləğinin (74,25 manat) 52,25 faizi-38,80 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (574.20 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 613,00 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 960,00 manat, qulluq stajına görə əlavənin 228,00 manat olmaqla orta aylıq əmək haqqı 1188,00 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (792,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1188,00 manat) arasındakı fərq məbləğinin (396,00 manat) 52,25 faizi-206,91 manat) 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (613,00 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 819,91 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1219,90 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə 9434,21 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən əmək pensiyası 1034,47 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1527,79 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 5919,84 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 15354,05 (9434,21+ 5919,84) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 15354,05 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 469,20 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin yanvar ayından etibarən hissəhissə əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanmasına yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 28 dekabr 2023-cü il tarixində məktub göndərilməklə 12 yanvar 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki işdə əmək pensiyasının hesablama qaydasının dəyişdirilməsindən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə iddiaçıya artıq ödəmələr aparıldığı üçün bu ödəmələrin bərpası məqsədilə onun pensiyasından tutulmaların aparılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsiiddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola pensiyanın yenidən hesablanması barədə inzibati akt qəbul edərkən hüquq normalarını pozaraq bu barədə iddiaçıya sadəcə məktubla məlumat verməklə kifayətlənmiş, bununla da cavabdehin qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Cavabdeh inzibati orqan yazılı etiraz məktubunda bildirmişdir ki, son üç il üzrə iddiaçıya ümumilikdə 15354,05 (9434,21+5919,84) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 469,20 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin yanvar ayından etibarən hissə-hissə onun əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilir. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Pensiya Alt sistemində olan məlumatlardan görünür ki, xx.xx.2024-xx.xx.2025-ci il tarixlərdə iddiaçının əmək pensiyasından hər ay 117.30 manat məbləğində tutulmalar tutulmuşdur. Halbuki “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub-olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ondan 15354,05 manat artıq ödənilmiş pensiya məbləğinin tutulması istiqamətində hərəkətlər etməyə başlamışdar. Həmçinin belə artıq ödəmələrin iddiaçının təqsiri üzündən aparılması faktı da iş materialları ilə müəyyən olunmur. Yuxarıda da qeyd olunduğu kimi, cavabdehin iddiaçıya ödədiyi pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı olmamışdır. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, onun iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması qanunsuz olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin öz təşəbbüsü ilə inzibati icraatı başlasa da, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə icraat aparmadan iddiaçının pensiyasının azaldılması ilə bağlı qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, iddiaçının pensiyasından tutulmuş məbləğlərin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi iş üzrə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən həm də hesab etmişdir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə mahiyyəti üzrə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin yeni qərar qəbul etmək hüququ saxlanılır, buna görə də belə qərarın qəbul edilməsini məhkəmə cavabdeh orqana həvalə etmişdir. Bu nəticə ilə razılaşmayan məhkəmə kollegiyası əvvəla qeyd etməyi vacib sayır ki, inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni, inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə də bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb etsin. Yəni, cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Həmin Qanunun 67.12-ci maddəsinin tələbinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67.6.1-ci maddəsinin tələbinə görə, maraqlı şəxs rüşvət, hədəqorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Hazırki işdə iddiaçıya münasibətdə əlverişli inzibati aktın rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə qəbul edilməsinə nail olunan inzibati akt olmadığı mübahisəsizdir. Həmin inzibati aktın ləğv olunmasını şərtləndirən hallar cavabdeh quruma xx.xx.2024-cü il tarixdə pensiyanın yenidən hesablanması ilə bağlı qərar qəbul edilməmişdən 1 ildən də çox müddət əvvəl məlum olmuşdur. Belə olan halda cavabdeh qurum tərəfindən həmin əlverişli inzibati aktın qanunsuz inzibati akt olmasına istinad edilərək, iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə mahiyyəti üzrə baxılması qanunla müəyyən edilmiş 1 illik müddət ötürüldüyü üçün artıq mümkün deyil. Buna baxmayaraq qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılması öhdəliyi əsassız olaraq cavabdeh qurumun üzərinə qoyulmuşdur. Göstərilən nəticə ilə razılaşmayan məhkəmə kollegiyası iddiaçının əlverişli inzibati akta etimad hüququnun mövcudluğunu və bu etimad hüququnun qorunması prinsipinin əlverişli inzibati aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 il keçdikdən sonra əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacağı təqdirdə pozulacağını, bununla da iddiaçının pensiya təminatı hüququna qanunsuz müdaxilə olunacağını nəzərə alaraq hesab edir ki, məhkəmə qərarı “iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı yeni qərarın qəbul edilmə öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması” hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8066/2024 saylı 16 sentyabr 2024-cü il tarixli qərarı “iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə mahiyyəti üzrə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8066/2024 saylı 16 sentyabr 2024-cü il tarixli qərarı “iddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə mahiyyəti üzrə baxılması ilə əlaqədar məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar