Məhkəmə qərarları › İş №2-1(103)-581/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-581/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-581/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1990-cı ildə Astara şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3107/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, oxuduğu müddətdə Universitet tərəfindən verilən diplomun tanınması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə Ukrayna Dövlət Universitetinin Memarlıq və Şəhərsalma fakultəsinə daxil olmuş və 2014-cü ildə xəstəliyi ilə bağlı imtahana gedə bilməmiş və 2014-2015-ci ildə övladının səhhətində yaranmış probemlərlə bağlı dövlət imtahanına gedə bilməmişdir. 2015-ci ildə Dağıstan Dövlət X1 fakultəsinə köçürüldükdə fərq imtahanlarını vermişdir. Aldığı diplomun tanınması üçün cavabdeh idarəyə müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Dağıstan Dövlət X5 tərəfindən İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli 110524 ******* nömrəli ali təhsil haqqında bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3107/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, Dağıstan Dövlət X5 tərəfindən İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli 110524 ******* nömrəli ali təhsil haqqında bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3107/2019 nömrəli qərarının ləğv edilməsini, “Dağıstan Dövlət X5 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 110524 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması (nostrifikasiya) və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə” iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlikdə iddiaçının sənədləri araşdırılarkən məlum olmuşdur ki, təqdim edilən diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları”na uyğun gəlmədiyi Ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Dağıstan Dövlət X2 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olmuşdur. İddiaçı 5 il qiyabi təhsil müddətində 1-ci kursda 14 gün, 2-ci kursda olmamış, 3-cü kursda 5 gün, 4-cü kursda 4 gün və sonuncu kursda 5 gün həmin ölkədə olmuşdur. Qiyabi təhsil müddəti 5 il nəzərdə tutulsa da, o təhsilin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, sədrlik edənin sualına cavab olaraq, iddia ərizəsinin özü tərəfindən tərtib edildiyini və imzanın ona məxsus olduğunu, 2013-cü ildə Xarkov şəhərində Memarlıq və X3 və şəhərsalma fakültəsinə daxil olduğunu, qiyabi təhsil aldığını, 2 il orada oxuduqdan sonra ailə həyatı qurduğundan 2014cü ildən universitetə gedə bilmədiyini, 2015-ci ildə Dağıstan Dövlət İqtisad Universitenin menecment fakültəsinə qiyabi təhsilə keçid etdiyini, universitetə ancaq imtahanlarda getdiyini, müəllimlərin rus dili ilə bağlı ona köməklik etdiklərini, hal-hazırda Mərkəzi Klinikada laboratoriyada işlədiyini, təhsil dilinin rus dili olduğunu, diplomu universitetdə itirdiklərini, ona görə dublikatı verildiyini, Xarkovda ikinci kursu oxumadığını, lakin ikinci kursun imtahanlarını Dağıstanda verdiyini bildirdi. Eyni zamanda o, sədrlik edənin sualına cavab olaraq, distant təhsil aldığını və 5 il yarım təhsil almalı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materialları ilə məlum olur ki, X7 Dövlət X2 xx.xx.2018-ci il tarixli, 110524 ******* nömrəli bakalavr diplomuna Dövlət İmtahan komissiyasının qərarı ilə İddiaçı menecment ixtisası üzrə bakalavr ixtisası verilmiş və Dağıstan Respublikası Elm və Ali Təhsil Komitəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 236942 nömrə ilə təsdiq edilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, Nazirlikdə sənədləri araşdırılarkən onun adıçəkilən təhsil müəssisəsinin normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Ekspert rəyində qeyd edilir ki, X7 Dövlət X2 normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olmuşdur. Hesab olunur ki, bu qısa müddətdə diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə əsasən müraciət üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən ünvanlanmış xx.xx.2019-cu il tarixli, 33/6845 nömrəli İddiaçı dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazası məlumatlarına əsasən iddiaçının hərəkət istiqamətləri – xx.xx.2013 – Çıxış Ukrayna; xx.xx.2013 – Giriş Ukrayna; xx.xx.2013 – Çıxış Türkiyə; xx.xx.2013 – Giriş Türkiyə; xx.xx.2014 – Çıxış Rusiya; xx.xx.2014 – Giriş Ukrayna; xx.xx.2015– Çıxış Rusiya; xx.xx.2015 – Giriş Rusiya; xx.xx.2016 – Çıxış Rusiya; xx.xx.2016 – Giriş Rusiya; xx.xx.2016 – Çıxış Rusiya; xx.xx.2016 - Giriş Rusiya; xx.xx.2017- Çıxış Rusiya; xx.xx.2017 – Giriş Rusiya; xx.xx.2017 – Çıxış Rusiya; xx.xx.2017 – Giriş Rusiya; xx.xx.2018 –Çıxış Rusiya; xx.xx.2018 - Giriş Rusiya; xx.xx.2018 – Çıxış Rusiya; xx.xx.2018 - Giriş Rusiya; xx.xx.2018 –Çıxış Ukrayna; xx.xx.2018 – Giriş Ukrayna olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.27- 8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.4-cü bəndinə görə ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. Həmin Qaydaların 3.6-cı maddəsinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci maddəsinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsi yuxarıda istinad olunan “Qaydalar”ın və cavabdehin "Əsasnaməsi"nin tələblərinə əsasən cavabdeh inzibati orqanın diskresion səlahiyyətidir. Qeyd olunan maddələrin tələbləri belə nəticəyə gəlməyə əsas verir ki, qanunvericilikdə inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanı (diskresion səlahiyyətlər) verilmiş və bu səlahiyyətləri həyata keçirən zaman onların hədlərini, məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini və vətəndaşların hüquq və azadlıqlarına əsassız şəkildə müdaxilənin yolverilməzliyini nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunauyğun şəkildə həyata keçirilməməsi və bu zaman iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməsi ilə bağlı hər hansı halın mövcudluğu iş üzrə öz təsdiqini tapmır. Eyni zamanda Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyada nəzərdə tutulmuşdur ki, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2010-cu il tarixli, 117 saylı Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.1-ci bəndinə əsasən Bakalavriat - ali təhsilin birinci səviyyəsinin tələblərinə uyğun geniş profilli mütəxəssis hazırlığını təmin edən təhsil prosesidir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən bir akademik saat 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır. Tibb ixtisasının klinik fənlərində dərslər üçün ayrılan akademik saatlar ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Eyni zamanda “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü bəndinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019cu il tarixli İddiaçı dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazası məlumatlarına əsasən iddiaçı təhsil aldığı dövr ərzində Rusiya Federasiyası ərazisində illər üzrə az müddətdə olmuşdur. Məhkəmə kollegiyası inzibati orqanın iddiaçının təhsil aldığı qısa müddət ərzində diploma əlavədə qeyd olunan fənlərin mənimsənilməsinin qeyri-mümkün olması ilə bağlı dəlilləri ilə razılaşaraq, hesab edir ki, ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində şəxsin davamiyyətli olaraq tədrisdə iştirak etməməsi, onun təhsil sahəsində ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Bu qiymətləndirməni isə həyata keçirmək səlahiyyəti yuxarıda göstərilənlərə əsasən cavabdeh inzibati orqana məxsusdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus X7 Dövlət X2 xx.xx.2018-ci il tarixli, 110524 ******* nömrəli bakalavr diplomundan, eyni zamanda onun Azərbaycan dilinə tərcümə və təsdiq edilmiş surətindən müəyyən edilir ki, diplom dublikatdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçıdiplomu universitetdə itirdiklərini, ona görə dublikatı verildiyini bildirmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı özü tərəfindən tərtib edilmiş iddia ərizəsində və öz izahatında 2013-cü ildə X8 və X3 və şəhərsalma fakültəsinə daxil olduğunu bildirsə də, iş materiallarında olan (iş mat. səh. 49) O.M.Beketov adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş 3821 saylı, xx xxxx 2015-ci il tarixli akademik arayışda xx.xx.2013-xx.xx.2015-ci illər ərzində “menecment” fakültəsində qiyabi təhsil aldığı göstərilmişdir. Həmçinin, iddiaçı 2013-cü ildə X8 və İnşaat universitetinə daxil olduğunu bildirsə də, iş materiallarında iddiaçıya məxsus xx.xx.2018-ci il tarixli, 110524 ******* nömrəli bakalavr diplomuna ******* nömrəli əlavədə iddiaçının əvvəlki təhsil və ya təhsil və kvalifikasiya haqqında sənədi: 2015-ci ildə verilmiş orta təhsil haqqında attestat göstərilmişdir. Azərbaycan Respublikası İPM 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının öz izahatında qeyd etdiyi kimi, təhsil müddəti ərzində təhsil aldığı dövlətlərdə qısa müddətdə olması, onun izahatı və iş materialları arasında kəskin ziddiyyətlərin olması, izahatında qeyd etdiyi kimi, ikinci kursu ümumiyyətlə oxumaması və digər hallar hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyini göstərir. Buna görə də apellyasiya şikayəti qanuni və əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94, 99.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3107/2019 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “Dağıstan Dövlət X5 tərəfindən İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli 110524 ******* nömrəli ali təhsil haqqında bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar