Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-581/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3272/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən 251 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3272/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin 251 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi (istismara qəbul aktı) İdarəyə təqdim edilməmişdir. Bundan əlavə Suraxanı rayonu, "xxxx" yaşayış massivində yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillər və qeyri-yaşayış sahələrinin üzərinə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-287/2015 nömrəli, 09.01.2015-ci il tarixli icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Bu səbəblərdən də, iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan - İcraçı "xxxx" MTK ilə Payçı İddiaçı arasında imzalanmış 159 nömrəli 25.10.2010-cu il tarixli müqavilənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirildi) görünür ki, İcraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ”V” yaşayış massivində, MTK-nın təsisçiləri və Payçılarin vəsaiti hesabına inşa edilən yaşayış binasında 251 saylı mənzil təklif edir (1.2-ci bənd). Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4 giriş 4 mərtəbə 251 saylı mənzili “Payçı”ya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzil 1 otaqdan ibarətdir, ümumi sahəsi 51,4 kv.m-dir, ümumi dəyəri 15420 manat təşkil edir. Müqavilənin 2.4-cü bəndə əsasən “Payçı” mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürür. - "xxxx" MTK-nın 159 saylı 25.10.2010-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M yaşayış binası "xxxx"MTK-nin təsisçilərinin və “Payçı”larin vəsaiti hesabına inşa edilir. Bu binanın 4 giriş, 4 mərtəbə, ümumi sahəsi 51,4 kv.m olan 1 otaqlı, 251 saylı mənzilin ümumi pay dəyərindən 7710 (yeddi min yeddi yüz on) manat məbləği “Payçı” İddiaçı tərəfindən ödənilmişdir. - "xxxx" MTK-nın 361 saylı 26.10.2010-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M yaşayış binası "xxxx"MTK-nin təsisçilərinin və “Payçı” larin vəsaiti hesabına inşa edilir. Bu binanın 4 giriş, 4 mərtəbə, ümumi sahəsi 51,4 kv.m olan 1 otaqlı, 251 saylı mənzilin ümumi pay dəyərindən 7710 (yeddi min yeddi yüz on) manat məbləği “Payçı” İddiaçı tərəfindən ödənilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.07.2020-ci il tarixli, **********01 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Suraxanı rayonu, "xxxx" yaşayış massivində yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 251 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı poçt vasitəsilə daxil olmuş ********** nömrəli, 25.06.2020-ci il tarixli ərizənizə və sənədlərin surətinə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, Suraxanı rayonu, "xxxx" yaşayış massivində yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillər və qeyri-yaşayış sahələrinin üzərinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 nömrəli, 09.01.2015ci il tarixli icra vərəqəsinə əsasən həbs qoyulub. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.07.2021-ci il tarixli, **********85 saylı məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən binada 5 ədəd mənzil qeydə alınmışdır. Həmin mənzillərə dair müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ona məxsus olan mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadığından yanlış nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İcraçı "xxxx" MTK ilə Payçı İddiaçı arasında imzalanmış 159 nömrəli 25.10.2010-cu il tarixli müqaviləyə əsasən İcraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ”V” yaşayış massivində İcraçı yaşayış binasını inşa etməyi və bu binanın 4 giriş 4 mərtəbə 251 saylı mənzili “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 15420 manat təşkil edir və "xxxx" MTK-nın 159 saylı 25.10.2010-cu il tarixli və 361 saylı 26.10.2010-cu il tarixli maliyyə arayışlarına əsasən iddiaçı tərəfindən mənzilin dəyəri olan 15420 manat tam şəkildə ödənilmişdir, onun həmin müqavilə üzrə borcu qalmamışdır. Məhkəmə yekunda nəticəsini onunla əsaslandırmışdır ki, “... iddiaçı pay haqqını tam ödədiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin, 251 saylı mənzilinə mülkiyyət hüququ əldə etdiyindən, onun həmin daşınmaz əmlaka mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. ... Göründüyü kimi, qanunverici mənzil-tikinti kooperativinin pay haqqını tam ödəməklə şəxsin mənzilə mülkiyyət hüququnun yaranmasını müəyyən etsə də, həmin hüququn dövlət qeydiyyatına alınması üçün kooperativin inşa etdiyi binanın istismarına icazə aktının verilmiş olması şərtini müəyyən etmişdir. Lakin, apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının istismara qəbul edilib-edilməməsi məhkəmə tərəfindən araşdırılmamış, bununla bağlı aidiyyəti dövlət orqanlarına sorğu verilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. AR Şəhərsalma və və Tikinti Məcəlləsinin 3.0.29-cu maddəsinə əsasən, tikintiyə dövlət nəzarəti – tikinti işlərinin layihəyə uyğun aparılması, tikinti obyektlərinin etibarlılığının təmin edilməsi, tikinti materialları və məmulatının, inşaat konstruksiyalarının istehsalı ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi üzrə həyata keçirilən fəaliyyətdir. Həmin Məcəllənin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2-ci maddəsinə əsasən, tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 102.2-ci maddəsinə əsasən Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalan”nın 2.1-ci bəndinə əsasən, mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X2 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Göründüyü kimi, sadalanan qanun normalarında çoxmənzilli binaların tikintisi başa çatdıqdan sonra dövlət nəzarəti qaydasında qüvvədə olan qanunvericiliyə uyğun nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanından binanın istismarına icazə sənədi alınması məcburi göstəriş olaraq müəyyən edilmişdir. AR İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəməyə ünvanladığı 25.01.2022-ci il tarixli, MİHO/2.1-2-2022-671 saylı məktubunda qeyd edilmişdir ki, “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktının verilibverilməməsinə dair, verilmişdirsə aktın təsdiq edilmiş surətinin Bakı Apellyasiya Məhkəməsinə verilməsinə dair 10.01.2022-ci il tarixli 2-1 (103)-581/2022 nömrəli müraciətinizə (sorğunuza) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildiririk ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir.” "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış 17.02.2022 və 18.02.2022-ci il tarixli məktublardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktının alınması üçün müraciət edilməmiş, istismara qəbul aktı alınmamışdır. Beləliklə, işin faktiki halları ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktının olmaması öz təsdiqini tapır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası sadalananlara məcmu halda qiymət verərək, bu nəticəyə gəlir ki, qanunvericiliyin məcburi göstərişlərinə uyğun olaraq iddiaçının üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi mənzilin daxil olduğu çoxmənzilli binanın istismara icazə aktı olmadığından cavabdeh orqanın İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən 251 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3272/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən 251 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Azər Hüseynov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-581/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-581/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver