Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-581/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı "iddiaçıya müvafiq arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6993/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N №li hərbi hissəsinə qarşı iddiaçının N №li hərbi hissədə xidmət edərkən N günlük Vətən müharibəsi vaxtında icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyət ilə əlaqəli olması barədə N №li hərbi hissə tərəfindən iddiaçıya müvafiq arayışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci ildən xx.xx.2022- ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində həqiqi hərbi xidmət keçmişdir.O, xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək N №-li hərbi hissədə xidmət keçmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) əsasən N №-li hərbi hissədə qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsindən istefaya buraxılmışdır.N günlük Vətən müharibəsində iştirak edərkən müxtəlif kəşfiyyat xarakterli tapşırıqlar yerinə yetirmiş və həmin tapşırıqların birini yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə yaralanmışdır. Hazırda 3-cü qrup müharibə əlillidir.“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.Adı çəkilən qanunda göstərilən kompensasiyanın alınması üçün iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir, lakin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. İmtina cavabında bildirilmişdir ki, hərbi əməliyyatlar zamanı icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat fəaliyyəti ilə əlaqəsi olmamışdır. İddiaçı isə imtinanı əsassız və qanunsuz hesab edir. Bu cavabdan sonra iddiaçı N günlük Vətən müharibəsində icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyətlə əlaqəsi olması haqqında iddiaçıya müvafiq arayışın verilməsı xahişi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir.Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. İddiaçı müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6993/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsiə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən qərarını belə əsaslandırmışdır ki, o kəşfiyyat subyekti olmamışdır. Məhkəmənin gəldiyi bu nəticə əsassız və qanunsuzdur. Belə ki o N nömrəli hərbi hissədən verilmiş və iş materiallarına əlavə olunmuş arayışa əsasən N günlük Vətən müharibasi dövrü kəşfiyyat xarakterli döyüş tapşırıqlarını yerinə yetirmişdir. O xx.xx.2020-ci il tarixdə N günlük Vətən müharibəsində yaralanmış və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsində nəzərdə tutulan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara 2 aylıq pul təminatı məbləğində verilən birdəfəlik müavinətlə təmin edilmişdir. Bu müavinətlə təmin edilməyi özü-özlüyündə onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektli olduğumu təsdiqləyir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyası iclasında iştirak edən iddiaçı izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2022ci ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.2022-ci ildə “Hərbi xidmət haqqında əsasnamə”nin 157-ci maddəsinin “b” bəndinə əsasən xəstəliklə bağlı istefaya buraxılmışdır. İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə verilməli olan kompensasiyanın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətdəki tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçının hərbi əməliyyatlar zamanı icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat fəaliyyəti ilə əlaqəsi olmamışdır. Bundan sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən qayadada gəll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. İş materiallarında olan iddiaçının hərbi biletinin surətinə əsasən, iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2022-ci ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.2022-ci ildə “Hərbi xidmət haqqında əsasnamə”nin 157- ci maddəsinin “b” bəndinə əsasən xəstəliklə bağlı istefaya buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik haqqında arayışına əsasən iddiaçıya xx.xx.2022-ci ildə “uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0- F62.9,F45-F45.9,F48-F48.9) Postkontuzion sindrom, Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, postkommotsion sindrom. Postkommotsion sindrom, davamlı sefalgik, insomnik sindromlar baş ağrıları, koqnitiv defisit və şiddətli affektiv pozulmalar ilə. Sadə herpes virusu tərəfindən törədilən keratit və, Sol gözün buynuz qişasının keçirilmiş virus keratitindən sonrakı buynuz qişanın bulanması nəticəsində görmə itiliyinin 0.2-yə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1.0 olmaqla. Barotravma (xx.xx.2020) nəticəsində sol təbil pərdəsinin quru perforasiyasının ikincili pərdə ilə bağlanması.İkitərəfli koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4.5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində hər iki sağrı,sol baldırın kor qəlpə yaralanmasından, yad cisimlərin (metal qəlpə) xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqları. Sol yanaq nahiyyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmalarına görə yaraların birincili cərrahi işləməsindən sonrakı dəri çapıqları, metal yad cisim (metal qəlpə).” diaqnozu ilə 5 il müddətinə 3 cü dərəcəli əlillik müəyyən edilmişdir. Cavabdehin təqdim etdiyi: N №li hərbi hissənin N №li hərbi hissəyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, N №li hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı N №li hərbi hissənin qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsində xidmətdə olarkən Vətən müharibəsi zamanı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N №li hərbi hissənin taktiki komanda məntəqəsinin mühafizəsi uzrə fəaliyyətləri icra etmişdir. xx.xx.2020-ci ildə baş leytenant İddiaçı özbaşına olaraq N №li hərbi hissənin xüsusi təyinatlı taboruna qoşulmuş, xx.xx.2020-ci ilədək həmin taborun tərkibində fəaliyyət göstərmişdir, Şuşa şəhərinin müdafiəsi uğrunda xüsusi təyinatlı taborun tərkibində döyüş tapşırığını yerinə yetirmişdir, hərbi əməliyyatlar zamanı kəşfiyyat (kəşfiyyat diversiya) fəaliyyətlərini icra etməmişdir; N №li hərbi hissənin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaçının xx.xx.2022-ci ildə ünvanladığı ərizəsinə Müdafiə Nazirliyinin "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya"da baxılmışdır. Müraciətlə bağlı iddiaçının xidmət etdiyi hərbi hissəyə sorğu verilmiş, sorğuya cavab olaraq hərbi əməliyyatlar zamanı iddiaçının icra etdiyi döyüş tapşırığının kəşfiyyat fəaliyyəti ilə əlaqəsi olmadığı məlum olmuşdur. Məhkəmənin Müdafiə Nazirliyinə ünvanlanmış sorğusuna cavab olaraq N №li hərbi hissənin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubuna əsasən istefada olan baş leytenant İddiaçı N günlük Vətən müharibəsi zamanı hərbi hissə komandanlığı tərəfindən hər hansı kəşfiyyat fəaliyyətinin yerinə yetirilməsi tapşırığı verilməmişdir. Həmçinin onun həmin vaxt tutduğu vəzifəsi (qərargah və təchizat taborunun qərargah bölüyünün taktiki komanda məntəqəsinin rəisi) “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli Qanununun 1.1-ci bəndində göstərilən kəşfiyyat fəaliyyəti ilə əlaqəli olmadığından İddiaçı kəşfiyyat subyektinin əməkdaşı hesab olunmurdu. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin şəxsi heyətin təltif olunması barədə xx.xx.2020-ci il tarixli məktubunda istefada olan baş leytenant İddiaçı Vətən müharibəsindəki fəaliyyəti barədə aşağıdakılar qeyd olunmuşdur: “xx.xx.2020-ci il tarixdən Şuşa istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. N №li hərbi hissənin dalğıc qrupunun tərkibində Şuşa şəhərinin işğaldan azad olunması zamanı bir zabit kimi öz bilik və bacarığını düzgün istifadə edərək yüksək şücaət göstərmişdir. Şuşa şəhərində düşmənin əks-həmlələri zamanı qrupla birlikdə düşmən qüvvələrinin qarşısının alınmasında fəallıq göstərərək düşmənə çox sayda itkilər verilməsində iştirak etmiş, döyüşdə yaralanaraq şəxsi heyətə nümunə olmuşdur.Vətən müharibəsindəki xidmətlərinə görə Müdafiə Nazirliyinin Təltif komissiyasının qərarına əsasən baş leytenant İddiaçı Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2722 nömrəli Sərəncamı ilə "Vətən uğrunda” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. Beləliklə, qeyd edilənlərdən aydın olur ki, iddiaçı N №li hərbi hissənin qərargah və təchizat taborunun qərargah rəisinin köməkçisi vəzifəsində xidmətdə olarkən Vətən müharibəsi zamanı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N №li hərbi hissənin taktiki komanda məntəqəsinin mühafizəsi uzrə fəaliyyətləri icra etmişdir, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N №li hərbi hissənin xüsusi təyinatlı taborunun tərkibində fəaliyyət göstərmiş, Şuşa şəhərinin müdafiəsi uğrunda xüsusi təyinatlı taborun tərkibində döyüş tapşırığını yerinə yetirmişdir, lakin hərbi əməliyyatlar zamanı kəşfiyyat (kəşfiyyat diversiya) fəaliyyətlərini icra etməmişdir. İddiaçı apellyasiya şikayətində “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsində nəzərdə tutulan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara 2 aylıq pul təminatı məbləğində verilən birdəfəlik müavinətlə təmin edildiyini. bu müavinətlə təmin edilməyinin özü-özlüyündə onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyəti subyekti olmasını təsdiqlədiyini bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 138 nömrəli məktubda qeyd edilmişdir ki, ehtiyatda olan baş leytenant İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin qərargah və təchizat taborunun qərargah bölüyünün taktiki komanda məntəqəsinin rəisi vəzifəsində xidmətdə olarkən, tabeliyində olan şəxsi heyətlə N nömrəli hərbi hissənin taktiki komanda məntəqəsinin tərkibində mühafizəçi qismində fəaliyyətlərə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdə Xocavənd rayonunun Çanaqçı kəndində olan zaman taktiki komanda məntəqəsinin rəhbəri ona icazə vermədiyi halda özbaşına olaraq Şuşa şəhəri istiqamətində döyüşən N nömrəli hərbi hissənin 5-ci taboruna qoşularaq tabeliyində olan şəxsi heyəti nəzarətsiz qoyub getmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin 5-ci taborunun sabiq komandiri mayor X3 tabeliyində olmuş və taborda zabit çatışmazlığı olduğundan ona verilən tapşırıqları icra etmişdir. xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissə polkovnik Zaur Zeynalov mayor Z.Hüseynova göstəriş verərək Ordu Korpusu taborunun Xankəndi şəhəri yolunda olduğunu, onların geri təxliyyə olunması üçün bir qrupun ora göndərilməsini tapşırmış, mayor Z.Hüseynov da tabeliyində olan dalğıc qrupunu İddiaçı rəhbərliyi ilə Xankəndi şəhəri istiqamətində olan taborun öz istiqamətimizə təxliyyə edilməsinə kömək məqsədilə göndərmiş, İddiaçı da həmin tapşırığı yerinə yetirmişdir. Həmin vaxt ona hər hansı xüsusi əməliyyat (kəşfiyyat) fəaliyyətini yerinə yetirmək tapşırığı verilməmişdir. Vətən müharibəsindən sonra N nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərindən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə kəşfiyyat subyektinin əməkdaşlarına nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün pul vəsaiti ayrılmışdır. O cümlədən, baş leytenant İddiaçı da kəşfiyyat subyekti əməkdaşı olmasa da belə N nömrəli hərbi hissə komandirinin, xx.xx.2020-ci il tarixli 0121 nömrəli əmrinə əsasən kəşfiyyat subyektinin əməkdaşlarına nəzərdə tutulan qaydada 1182 manat məzuniyyətə çıxarkən əlavə pul təminatı, 1774 manat müalicə və müayinə olunmaq üçün müavinət olmaqla cəmi 2956 manat pul vəsaiti ödənilmişdir. Bundan başqa həmin məktubda qeyd edilmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 0011 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin 5-ci (xüsusi təyinatlı) taborunun dalğıc qrupu kəşfiyyat qrupu hesab olunmur. Göründüyü kimi, N nömrəli hərbi hissənin 5-ci (xüsusi təyinatlı) taborunun dalğıc qrupu kəşfiyyat qrupu hesab olunmur. İş materiallarından müəyyən edilir ki, iddiaçının da fəaliyyət göstərdiyi tabor N nömrəli hərbi hissənin həmin taboru olmuşdur. Eyni zamanda qeyd edilən məktubdan görünür ki, iddiaçıya ödənilən müavinət onun kəşfiyyat subyektinin əməkdaşı olması ilə əlaqəli olmamışdır. Belə ki, kəşfiyyat subyektinin əməkdaşlarına nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün ayrılan pul vəsaətinin ödənilməsi vətən müharibəsindən sonra N nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərindən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətə şamil edilmişdir. Beləliklə qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N №li hərbi hissəsinə qarşı iddiaçının N №li hərbi hissədə xidmət edərkən N günlük Vətən müharibəsi vaxtında icra etdiyi döyüş tapşırıqlarının kəşfiyyat xarakterli fəaliyyət ilə əlaqəli olması barədə N №li hərbi hissə tərəfindən iddiaçıya müvafiq arayışın verilməsi” barədə iddiası əsaslı olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh tərəfindən inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğu sübut edilmiş, iddiaçı isə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6993/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-581/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-581/2024
12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver