Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-582/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4404/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Nüşürəvan oğlu cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-ci ilin noyabr ayında Qubadlı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2 il Sovet ordusu sıralarında sıravi əsgər kimi xidmət keçdikdən sonra 1982-ci ildə tərxis olunmuş və Qubadlı rayonuna qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Respublikamızda baş vermiş məlum hadisələr zamanı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı ərazi vahidlərindən – Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrində və birləşmələrində iştirak etmişdir. x xxx 1990-cı il tarixdən 1994-cü ilədək Azərbaycan Respublikasının Dövlət Hidrometeorologiya Komitəsinin Zəngilan Hərbiləşdirilmiş Dədtəsində sürücü vəzifəsində işləmişdir. xx xxxx 1996-cı ildə isə, 2-ci dərəcəli döyüşçü vəzifəsinə keçirilmişdir. Bütün bunlara baxmayaraq, o, müharibə veteranı adı və vəsiqəsi ala bilməmişdir. O, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cvabdeh məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və AR Konstitusiyasının 60-cı maddəsinə, İPM-in 12.1, 33-cü maddələrinə, AR Nazirlər Kabinetinin 216 nömrəli xx xxxxxxxx 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin müddəalarına əsaslanaraq, ona (iddiaçıya) “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4404/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun tərtib edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, Qubadlı rayon İcra Hakimiyyətindən verilmiş 8-9/557 saylı, xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, Qubadlı rayonunun ərazisinin xx.xx.1993-cü il tarixdə işğalı ilə əlaqədar arxiv sənədləri işğal zonasında qaldığına görə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakını təsdiq edən arxiv sənədlərinin olmadığından iddiaçıya arxiv arayışının verilməsi mümkün olmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4404/2020 saylı qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya –Arxiv Fondunun 23/Ə-013 saylı xx.xx.2018-ci il tarixli arayışına əsasən iddiaçı 1990-1994-cü illərdə Azrəbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin Zəngilan Hərbiləşdirilmiş Dəstəsində sürücü vəzifəsində işləyib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ə/121 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının Xidmətin Aparatına təqdim etdiyi sənədlərdə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməyinə dair sənədlər olmadığına görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün olmayıb. Həmçinin qeyd olunub ki, tələb olunan sənədlər toplandığı və iddiaçının döyüşlərdə iştirakının təsdi edən arxiv materialları olduğu təqdirdə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi məsələsinə baxıla bilər. Birinci instansiya məhkəməsi işin hallarına “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndini, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndini, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakı ilə bağlı inzibati icraatda və inzibati məhkəmə icraatında aidiyyəti yerli icra hakimiyyəti orqanı (RİH) tərəfindən təsdiq edilmiş siyahı, hansı ki, iddiaçının həmin döyüşlərdə iştirakını əks etdirmiş olsun, təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər isə, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya – Arxiv Fondunun və Qubadlı RİH başçısının Tatar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışlarıdır ki, həmin sənədlər də yuxarıda qeyd edilən Əsasnamənin tələbləri baxmından onun həmin döyüş əməliyyatlarında iştirakını tam təsdiqləmək üçün yetərli sayıla bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 4404/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4404/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-582/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-582/2021
26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver