Məhkəmə qərarları › İş №2-1(103)-582/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-582/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-582/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı Əliəsgər oğlunun , Cavabdehin nümayəndələri X7, X2 və X4 iştirakları ilə, İddiaçı Əliəsgər oğlunun cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv ediməsi, xidmətə bərpa edilmə” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8393/2023 nömrəli, 01 avqust 2023-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əliəsgər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə müvafiq və tam əsası olaraq (xidməti uyğunsuzluğa görə) əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 14 yanvar 2022-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə müvafiq və tam əsası olaraq (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətindən ehtiyyata buraxılmışdır. Ailəlidir, himayəsində 2 övladı var. O, işinə bərpa olunmaq, sədaqətlə və vicdanla xidmət etmək istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasi Konstitusiyasının 60-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 1 ş/h №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Adıçəkilən əmrdə baş gizir İddiaçı cənub regional şöbəsi 1-ci sahil nəzarəti bölməsi rəisinin müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, onunla xx.xx.2020-ci il tarixdə bağlanmış bağlaşmanın ləğv edilməsi, hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon idarəsinə göndərilməsi qeyd olunmuşdur. Qoşmaya əlavə olunmuş protokoldan (protokolun tarixi və nömrəsi etirazda qeyd edilmişdir) görünür ki, cənub regional şöbəsi 1-ci sahil nəzarəti bölməsi rəisinin müavini baş gizir İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi nəzakət qaydalarını pozması ilə əlaqədar dinlənilmə iclası keçirilmişdir. Həmin protokolda Sahil Mühafizəsi rəisi ilə bölmədə aparılan yoxlamalar zamanı İddiaçı bir sıra nöqsanlarının mövcud olması qeyd olunmuşdur. Belə ki, İddiaçı əməliyyat şəraitini sxem üzrə Sahil Mühafizəsi rəisinə məruzə edə bilməmiş, xidməti ərazinin səliqə-səhmanı qənaətbəxş olmamışdır. Aşkar edilən nöqsanların aradan qaldırılması üçün səy göstərilməmiş, habelə hadisə ilə bağlı cənub regional şöbənin rəisi 3-cü dərəcəli kapitan Zaur Salamova heç bir məlumat verilməmişdir. Şöbə rəisi məzuniyyətdən qayıtdıqdan sonra telefon vasitəsilə İddiaçıla əlaqə saxlamış, hadisə ilə bağlı məlumat vermədiyinə görə irad bildirərkən sonuncu şöbə rəisinə qarşı hərbi nəzakət qaydalarını pozaraq, kobud ifadələr işlətmişdir. Dinlənilmə zamanı məlum olmuşdur ki, şöbə rəisi ilə baş gizir İddiaçı arasında 2021-ci ilin aprel ayında da anlaşılmazlıq olmuş, lakin İddiaçı səhvini başa düşərək, şöbə rəisindən üzr istəmiş və şöbə rəisi ona “məzəmmət” intizam cəzası elan etmişdir. Verilmiş suallara, tutulmuş iradlara cavab olaraq baş gizir İddiaçı dinlənilmənin sonunda yol verdiyi nöqsanlarla bağlı aparılmış söhbət əsasında səhv etdiyini, iradları səmimi qəbul etdiyini, bu kimi halları bir daha təkrarlamayacağını və ona şans verilməsini xahiş etmişdir. Dinlənilmənin sonunda İddiaçı xidmətində yol verdiyi nöqsanlara görə “şiddətli töhmət” inzitam cəzası verilməklə xidmət yerinin sahil nəzarəti bölmələrindən birinə dəyişdirilməsi qərarı qəbul edilmişdir. Protokolla (protokolun tarixi və nömrəsi etirazda qeyd edilmişdir) İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Yuxarıda qeyd olunan protokolda İddiaçı “məzəmmət” intizam cəzasının verilməsi göstərilmişdir. Qeyd oluna hal qoşmaya əlavə olunmuş arayışla da təsdiq olunur. Həmin arayışda İddiaçı məzuniyyətdə olarkən xx.xx.2021-ci il tarixdə müayinə olunması məqsədilə Dövlət Sərhəd Xidmətinin Hospitalına müraciət etməsi, pandemiyanın yayılması səbəbindən müayinənin dayandırılması, bu barədə cənub şöbəsinin rəisi Zaur Salamova telefon vasitəsilə məlumat verərkən səs tonunu qaldıraraq hərbi nəzakət qaydalarını pozaraq hörmətsizlik etməsi qeyd olmuşdur. Bununla bağlı baş gizir İddiaçıla söhbət aparılmış, böyük rəisə qarşı hərbi nəzakət qaydalarını pozması onun nəzərinə çatdırılmış, eyni zamanda tutulmuş nöqsandan nəticə çıxartmadığı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilmişdir. Söhbətin sonunda İddiaçı bu cür halların bir daha təkrarlanmayacağını dair söz vermiş, arayışla tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Qoşmaya əlavə olunan xx.xx.2020-ci il tarixli öhdəliyin surətindən bəlli olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “DSX hərbi qulluqçuların etik davranış qaydalarının və əməl edilməsi ilə bağlı” öhdəliyi imzalamışdır. O, bu öhdəliyə qol çəkməklə DSX rəisinin xx.xx.2007-ci il tarixli “DSX hərbi qulluqçularının etik davranış qaydaları haqqında" əmri ilə tanış olmuş və həmin əmrin tələblərini pozmağa görə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdar edilmişdir. Həmin Qaydaların 1-ci maddəsinə əsasən, bu Qaydalar DSX-nin bütün əməkdaşlarına şamil edilir. DSX-nin hər bir əməkdaşı qanunun əliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur. Bütün bunlara baxmayaraq, İddiaçı xidməti fəaliyyətində dönüş yaratması üçün son şans verilmiş, lakin sonuncu, yuxarıda qeyd olunanlara baxmayaraq, barəsində tətbiq edilmiş intizam cəzalarından xidmət müddətində heç bir müsbət nəticə çıxarmamış və dönüş yaratmamışdır. Daha sonra İddiaçı ona göstərilən etimadı bir daha doğrultmamışdır. Belə ki, qoşmaya əlavə olunmuş protokoldan (protokolun tarixi və nömrəsi etirazda qeyd edilmişdir) görünür ki, cənub regional şöbəsi 1-ci sahil nəzarəti bölməsi rəisinin müavini baş gizir İddiaçı xx.xx.2021-ci il tarixdə üzərində “smartfon" tipli mobil telefonun olması və şöbə rəisinin əmrinə tabe olmaması ilə əlaqədar dinlənilmə iclası keçirilmişdir. Həmin protokolda bölmədə aparılan yoxlamalar zamanı İddiaçı çantasında sönülü vəziyyətdə “smartfon" tipli mobil telefonun aşkar edilməsi, şöbə rəisi Zaur Salamov və 2-ci dərəcəli kapitan Əliyev Elsevərin İddiaçı “smartfon” tipli mobil telefonu istəməsi, lakin sonuncunun telefonu verməkdən imtina etməsi qeyd olunmuşdur. Bununla da, İddiaçı buna dair öhdəlik götürərək (imzalamaqla) qadağan olduğunu bildiyi halda "Smart' tipli mobil telefondan istifadə edərək Dövlət Sərhəd Xidməti rəisinin "Dövlət Sərhəd Xidmətinin Aparatında və hərbi hissələrində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin, informasiya təhlükəsizliyinin, məxfiçilik rejiminin qorunmasının təmin edilməsi və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında” xx.xx.2017-ci il tarixli 07 nömrəli əmrinin tələblərini kobud səkildə pozmuşdur. Digər tərəfdən İddiaçı xx.xx.2018-ci il tarixdə “Hərbi sirrin qorunması və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında” öhdəliyə imza atmaqla üzərinə bir neçə öhdəlik götürmüşdür ki, onlardan biri də hərbi hissə və struktur qurumlarda foto və video çəkiliş imkanı olan “smartfon” tipli mobil telefonlardan istifadə edilməməsini nəzərdə tutur( öhdəlik qoşmaya əlavə edilir). İddiaçıla dəfələrlə izahedici söhbətlərin aparılması, keçmişdə yol verdiyi nöqsanlara görə barəsində intizam cəzalarının tətbiq olunması, İddiaçı xidmətini davam etdirməsi üçün sonuncu şansın verilməsi, habelə DSX rəisinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə baş gizir İddiaçı etimad olunaraq zabit vəzifəsinə təyin edilməsi adıçəkilən protokolda bir daha öz əksini tapmışdır. Lakin sonuncu, tutulmuş iradlardan və verilmiş tövsiyələrdən düzgün nəticə çıxarmayaraq müsbət istiqamətdə dönüş yaratması üçün səy göstərməmişdir. Dinlənilmənin sonunda İddiaçı xidməti fəaliyyəti təhlil olunaraq, zabit vəzifəsi üçün tam formalaşmadığı və tutduğu vəzifəyə uyğun olmadığı üçün yuxarıda qeyd olunanlar və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Protokolla (protokolun tarixi və nömrəsi etirazda qeyd edilmişdir) İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Qoşmaya əlavə edilmiş 01.11 2021-ci il tarixli raportda qeyd olunur ki, baş gizir İddiaçı atası vətəndaş Əliəskər Əhmədov (mobil nömrə etirazda qeyd edilmişdir) mobil nömrəsindən Sahil Mühafizəsinin kadrlar şöbəsinin rəisi Zəka Məmmədova zəng edərək, oğlu İddiaçı işi ilə bağlı görüşmək istədiyini bildirmişdir. Bununla bağlı vətəndaşa görüşməyə lüzum olmadığı izah olunsa da, sonuncu israrla xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə, saat 16:15-də radələrində vətəndaş Əliəskər Əhmədov görüş zamanı “KİA OPTİMA” markalı şəxsi avtomobilini satıb, üzərinə pul əlavə edib, oğlu İddiaçı isini həll etmək üçün Sahil Mühafizənin rəisinə “hörmət" etmək istədiyini bildirmiş, lakin kadr şöbəsinin rəisi Dövlət Sərhəd Xidmətində pul ilə məsələ həll edilmədiyini qəti şəkildə izah edərək, təkrar olaraq vətəndaşa bu məsələ ilə bağlı müraciət etməməsini bildirmişdir. İşə əlavə olunmuş İddiaçı xidməti vərəqəsinin surətindən görünür ki, xidmət etdiyi müddət ərzində xx.xx.2016-ci il, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə “töhmət”; xx.xx.2021-ci il tarixdə isə barəsində “şiddətli töhmət” inzitam cəzası verilməklə, ümumilikdə 4 halda İddiaçı intizam məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.Lakin iddiaçı özünün əməli ilə Nizamnamə ilə müəyyən edilmiş davranış qaydalarını kobud şəkildə pozmuşdur. İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyqunsuzluqa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8393/2023 nömrəli, 01 avqust 2023-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində “e” bəndi xidməti vəzifəyə uyğunsuzluq qeyd olunmuşdur. Halbuki, onun xidməti uyğunsuzluğuna dair göstərilən qərarı düzgün hesab etmir. O, işinə qarşı həmişə sədaqətlə və vicdanla çalışıb, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Belə olan halda 14 yanvar 2022-ci il tarixli qərar qərəzli və ədalətsizdir. Hesab edir ki, apellyasiya şikayəti qanunidir və əsaslıdır, buna görə də təmin olunmalıdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı xx.xx.2022-ci il tarixli əmri xx.xx.2022-ci il tarixində iddia qaldıraraq mübahisələndirmişdir. Mübahisələndirilən əmrin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur, məhkəmə araşdırmaları zamanı da cavabdeh inzibati orqan sözügedən əmrin iddiaçıya təqdim (elan) olunma tarixinə dair sübutlar təqdim etməmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun: -41.0 maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X3”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikası Silahlı X1: -61-ci bəndinə əsasən gizirlərə və miçmanlara verilən intizam cəzaları. a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 887 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin: -5-ci bəndinə əsasən hərbi qulluqçu komandirlərə (rəislərə), böyüklərə hörmət etməli, intizamın və qaydaqanunun saxlanmasında onlara yardım göstərməli, əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. -12-ci bəndinə əsasən hərbi qulluqçular tutduqları vəzifəyə və rütbələrinə görə bir-biri ilə münasibətdə (10-11- ci maddələr) rəis və ya tabe olan deyillərsə, böyük və ya kiçik ola bilərlər. Böyüklük hərbi qulluqçuların hərbi rütbəsi ilə müəyyən edilir. Hərbi rütbəsi böyük olanlar hərbi rütbəsi kiçik olanlara irad tutmaq hüququna malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna, geyim formasına, həmçinin davranış və salamlaşma qaydalarına riayət etmələrini tələb etmək hüququna malikdirlər. Rütbəcə kiçiklər böyüklərin bu tələblərini sözsüz yerinə yetirməlidirlər. -38-ci bəndinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan İddiaçı Əliəsgər oğlunun intizam məsuliyyətinə cəlb edilməsi barədə arayışa əsasən xx.xx.2016-ci il tarixdə verilmiş göstərişi vaxtında icra etmədiyinə görə “töhmət”; xx.xx.2019-cu il tarixdə üzmə vasitəsinə baxışı səthi keçirdiyinə görə “töhmət”; xx.xx.2021-ci il tarixdə xidmətdə yol verdiyi nöqsanlara görə “şiddətli töhmət”; xx.xx.2021-ci il tarixdə özbaşına hərbi hissəni tərk etdiyinə görə “töhmət” intizam məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərxəd Xidməti Sahil Mühafizə rəisinin xx.xx.2022-ci il tarixli 1ş/h nömrəli əmrdə qeyd edilir: Baş gizir İddiaçı Cənub regional şöbəsi 1-ci sahil nəzarəti bölməsi rəisinin müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsın və onunla xx.xx.2020-ci il tarixdə bağlanmış bağlaşma ləğv edilsin. Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsinə göndərilsin. Baş gizir İddiaçı 01 dekabr 2021-ci il tarixə xidmət illəri: Təqvimi: 07 il, 02 ay, N gün Əsas: N №-li hərbi hissədə keçirilmiş attestasiya komissiyası iclasının xx.xx.2021-ci il tarixli 32 №-li protokolu və qərargah rəisinin xx.xx.2021-ci il tarixli təqdimatı. - Apellyasiya instansiyasında işin araşdırılması məqsədilə, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı Əliəsgər oğluna məxsus şəxsi iş materialları cavabdeh orqandan sorğu edilmiş, şəxsi iş materialları ilə tanış olunmuş, bəzi hissələri məhkəmə işinin materiallarına əlavə edilmişdir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərxəd Xidməti Sahil Mühafizə rəisinin xx.xx.2022-ci il tarixli 1ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsi əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı hazırki iddiasında cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli 1ş/h nömrəli əmrini mübahisələndirərək, əmrin ləğv edilməsini və xidmətə bərpa edilməsini xahiş edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, is materiallarında olan xx.xx.2021-ci il tarixli, 21 №-li protokoldan görünür ki, cənub regional şöbəsi 1-ci sahil nəzarəti bölməsi rəisinin müavini, baş gizir İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi nəzakət qaydalarını pozması ilə əlaqədar dinlənilmə iclası keçirilmişdir. Dinlənilmənin sonunda İddiaçı xidmətində yol verdiyi nöqsanlara görə “şiddətli töhmət” inzitam cəzası verilməklə xidmət yerinin sahil nəzarəti bölmələrindən birinə dəyişdirilməsi qərarı qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli, 21 №-li protokolla İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli öhdəliyin surətindən bəlli olur ki, İddiaçı xx.xx.2020ci il tarixdə “DSX hərbi qulluqçuların etik davranış qaydalarının və əməl edilməsi ilə bağlı" öhdəliyi imzalamışdır. O, bu öhdəliyə qol çəkməklə DSX rəisinin xx.xx.2007-ci il tarixli “DSX hərbi qulluqçularının etik davranış qaydaları haqqında" əmri ilə tanış olmuş və həmin əmrin tələblərini pozmağa görə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdar edilmişdir. Həmin Qaydaların 1-ci maddəsinə əsasən, bu Qaydalar DSX-nin bütün əməkdaşlarına şamil edilir. DSX-nin hər bir əməkdaşı qanunun əliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur. Həmin Qaydaların 2.0.4-cü maddəsinə əsasən, DSX-nin əməkdaşları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi Qaydaların məqsədini təşkil edir. Həmin Qaydaların 23.1-ci maddəsinə əsasən, etik davranış qaydalarının pozulması DSX-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Bütün bunlara baxmayaraq, İddiaçı xidməti fəaliyyətində dönüş yaratması üçün son şans verilmiş, lakin iddiaçı yuxarıda qeyd olunanlara baxmayaraq, barəsində tətbiq edilmiş intizam cəzalarından xidmət müddətində heç bir müsbət nəticə çıxarmamış və dönüş yaratmamışdır. xx.xx.2021-ci il tarixli, 32 №-li protokoldan görünür ki, cənub regional şöbəsi 1-ci sahil nəzarəti bölməsi rəisinin müavini baş gizir İddiaçı xx.xx.2021-ci il tarixdə üzərində “smartfon” tipli mobil telefonun olması və şöbə rəisinin əmrinə tabe olmaması ilə əlaqədar dinlənilmə iclası keçirilmişdir. İddiaçı buna dair öhdəlik götürərək (imzalamaqla) qadağan olduğunu bildiyi halda “Smart’ tipli mobil telefondan istifadə edərək Dövlət Sərhəd Xidməti rəisinin “Dövlət Sərhəd Xidmətinin Aparatında və hərbi hissələrində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin, informasiya təhlükəsizliyinin, məxfiçilik rejiminin qorunmasının təmin edilməsi və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında”xx.xx.2017-ci il tarixli 07 nömrəli əmrinin tələblərini kobud səkildə pozmuşdur. Digər tərəfdən iddiaçı xx.xx.2018-ci il tarixdə “Hərbi sirrin qorunması və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında” öhdəliyə imza atmaqla üzərinə bir nçə öhdəlik götürmüşdür ki, onlardan biri də hərbi hissə və struktur qurumlarda foto və video çəkiliş imkanı olan “smartfon” tipli mobil telefonlardan istifadə edilməməsini nəzərdə tutur. Dinlənilmənin sonunda İddiaçı xidməti fəaliyyəti təhlil olunaraq, və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. xx.xx.2021-ci il tarixli, 32 №-li protokolla İddiaçı tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. İşə əlavə olunmuş İddiaçı xidməti vərəqəsinin surətindən görünür ki, xidmət etdiyi müddət ərzində xx.xx.2016-ci il, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə “töhmət”; xx.xx.2021-ci il tarixdə isə barəsində “şiddətli töhmət” intizam cəzası verilməklə, ümumilikdə 4 halda İddiaçı intizam məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh DSX İddiaçı tərəfindən birinci dəfə vəzifə funksiyalarını icra etmədiyinə görə onu xidmətdən xaric etməmiş, əksinə ona töhmət və “məzəmmət” intizam cəzaları vermiş, son olaraq da etik davranış qaydalarını pozduğuna görə şiddətli töhmət vermiş, bununla da iddiaçıya gələcəkdə bu növ hərəkətlərə yol verilməməsi və xidmətdə özünü doğrultması üçün imkan yaratmışdır. Qeyd olunmalıdır ki, xx.xx.2021-ci il tarixdə isə barəsində “şiddətli töhmət” intizam cəzası qüvvədə olduğu müddətdə İddiaçı xidmətdən xaric edilməsinə səbəb olan hərəkətlərə yol verməsi onun barəsində tətbiq olunan intizam tənbeh tədbirlərindən nəticə çıxartmamasının göstəricisi qismində çıxış edir. Beləliklə, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və qərarın ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8393/2023 nömrəli, 01 avqust 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Əliəsgər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8393/2023 nömrəli, 01 avqust 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar