Məhkəmə qərarları › İş №2-1(103)-583/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-583/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-583/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Yadulla qızının cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə görə kompensasiyanın ödənilməsinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2-1(82)-361/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2-1(82)-361/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Yadulla qızı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona verilmiş Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,020 ha torpaq sahəsinə dair kompensasiyanın verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barəd qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o (iddiaçı) 22 sentyabr 2000-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 291 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Babək prospekti 2210-cu məhəllə “Qartal” k/m-nə məxsus sahədə 0,020 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində yaşayış evi tikintisinə başlamış, lakin sonradan maddi vəziyyəti yaxşı olmadığından tikintini yarımçıq saxlamaq məcburiyyətində qalmışdır. Daha sonra işlə əlaqədar xarici ölkəyə gedən iddiaçı bir neçə ildən sonra geri qayıtmış və tikintini başa çatdırmaq istədikdə, ona bildirilmədən tikdirdiyi evin söküldüyünü və yerində başqa tikinti işi getdiyini görmüşdür. Ona bildirmişlər ki, bu torpaq sahəsi olana düşüb və hal-hazırda burada “Ağ şəhər” layihəsi salınır. Buna görə İddiaçı kompensasiya ödəyəcəklərini demiş və iddiaçıdan torpağa aid olan bütün sənədləri alıb, gözləməli olduğunu söyləmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, bu ərazidəki digər torpaq sahibləri ilə müqavilə bağlanılıb. Lakin iddiaçı ilə nəinki müqavilə bağlanılmış, hətta ona bu barədə məlumat belə verilməmişdir. İddiaçıya 2018-ci ilin yanvar ayında Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin qəbulunda olmuş və iddiaçıya mart ayında işə baxılacağı və bu barədə məlumat veriləcəyini bildirmişlər. İddiaçı ona heç bir məlumatın verilmədiyini gördükdə 16 iyul 2018-ci il tarixdə ərizə ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısına müraciət edərək, vəziyyətini bildirmiş və ona dəymiş zərərin kompensasiya edilməsini, eləcə də, bu işlə məşğul olub, məsələnin aydınlaşdırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Lakin 14 avqust 2018-ci il tarixdə iddiaçının ərizəsinə cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Komissiya üzvləri tərəfindən “Ağ şəhər” layihəsi çərçivəsində sökülməsi nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış obyektlərində ölçmə işləri aparılarkən iddiaçıya məxsus olan sahədə hər hansı bir tikinti aşkar olunmadığından kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçı Yadulla qızı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarda qeyd etmişdir ki, Xətai rayon İcra Hakimiyyəti Başçısının 291 №-li 22.09.2000-ci il tarixli sərəncamına əsasən, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,020 ha torpaq sahəsi iddiaçıya verilmişdir və həmin torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan başqa həmin sərəncamın 2-ci bəndinə əsasən evin layihə sənədlərinin rayon memarı, rayon Gigiyena və Epidemiologiya Mərkəzi və rayonun Yanğından Mühafizə İdarəsi ilə razılaşdırılması tələb kimi qoyulmuşdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, müvafiq icra hakimiyyətinin sərəncamı ilə mənə qeyd edilən ünvanda əsaslı şəkildə daşınmaz əmlak inşa edilməsinə icazə verilmişdir. Həmin torpaq sahəsində yaşayış evinin inşa edilməsinə icazə verilməsi onu göstərir ki, həmin yer iddiaçıya müddətsiz verilmişdir. Beləliklə, mübahisələndirilən qərarda məhkəmə nəyə istinad edərək bu nəticəyə gəldiyini qeyd etməmişdir. Belə ki, qeyd edilən torpaq sahəsinin iddiaçıya daimi əsaslarla verilmədiyi və orada əsaslı şəkildə daşınmaz əmlak inşa etməyə icazəmin olmaması barədə hər hansı sübut yoxdur. Odur ki, hər hansı mötəbər sübuta istinad edilmədən qəbul edilən məhkəmə aktı əsassız olduğundan, ləğv edilməlidir. Həmçinin, Xətai rayon İcra Hakimiyyəti Başçısının 291 №-li 22.09.2000-ci il tarixli sərəncamı iddiaçıya qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququ verir. Belə ki, həmin torpaq sahəsində iddiaçının inşa etdiyi yarımtikili gələcəkdə yaşayış sahəsini üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə nəticələnəcəkdi. Yaşayış sahəsinin inşasının başlanılması və müəyyən tikinti işlərinin aparılması artıq bu hüququn yaranması üçün zəmin yaradır. Göründüyü kimi, sözügedən ünvanda inşa edilmiş yarımtikilinin dövlət ehtiyacları üçün sökülməsi ancaq o halda mümkündür ki, onun dəyəri ədalətli şəkildə iddiaçıya ödənilsin. Onun yoxluğundan istifadə edərək sözügedən tikilinin icazəsiz sökülməsi iddiaçının belə bir maddi təzminat almaq imkanından məhrum etmişdir. Bu isə iddiaçının maddi zərər görməyinə səbəb olmuşdur. İddiaçı şikayətində hesab etmişdir ki, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,020 ha torpaq sahəsi üzərində qanuni maraqlarımın olduğunu sübut edən kifayət qədər əsas vardır. İddiaçı uzun müddət başqa ölkədə yaşamış və burada baş verən bütün hadisələrdən xəbərsiz olmuşdur. Xarici ölkədə yaşamağı onu Azərbaycan Respublikasında yerləşən torpaq sahəsi üzərində effektiv nəzarət etmək imkanından məhrum edir. Bu isə ona məxsus əmlakın cavabdeh inzibati orqan tərəfindən söküldüyünü sübut edən dəlilləri toplamağı mümkünsüz edir. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xəbərdar edilmədiyi üçün o, ölkəyə geri qayıdana qədər baş verən hadisələrdən xəbər tuta bilməzdi. Əks təqdirdə, iddiaçı heç olmasa tikilinin qalıqlarının şəkillərini çəkmək imkanında ola bilərdi. Hadisə baş verdikdən uzun müddət sonra ölkəyə geri qayıtmağı və hadisədən yalnız bu zaman xəbər tutmağı onu bu cür tədbirlər görməyinə əngəl oldu. İddiaçı baş verənlərdən xəbərdar olduqda artıq həmin tikili cavabdeh inzibati orqan tərəfindən sökülmüşdü və qalıqları həmin yerdə yox idi. Beləliklə, iddiaçı obyektiv səbəblərdən sözügedən sahədə yaşayış sahəsinin cavabdeh inzibati orqan tərəfindən söküldüyünü sübut edən dəlilləri əldə edə bilməmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməs barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının 22.09.2000-ci il tarixli 291 nömrəli sərəncamı ilə M.hadı küçəsi, ev 99. Mənzil 120-də yaşayan İddiaçı Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə 0,015 ha torpaq sahəsinin sənədləşdirilməsi və yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, məhkəməyə ünvanlanan “X4” MMC tərəfindən verilən mütəxəssis rəyinə əsasən Babək prospekti 2210-cu məhəllədə yerləşən İddiaçı ayrılmış torpaq sahəsinin təqdim edilmiş sənədlərdə və fotoşəkillərdə qiymətləndirmə üçün zəruri olan məlumatlar olmadığına görə həmin sahənin orta bazar dəyərinin hesablanması tərəfimizdən mümkün olmamışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən inzibati orqan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət olunaraq RİH-in 22.09.2000- ci il tarixli 291 nömrəli sərəncanmı ilə onun istifadəsinə verilmiş tikilinin sökülməsi nəticəsində ona dəymiş ziyanın əvəzi kimi kompensasiya məbləğinin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işdə olan sənədlərə, tərəflərin mübahisə ilə bağlı dəlillərinə məcmu halında qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə bu nəticəyə gələrkən onu əsas götürmüşdür ki, iddiaçılara müvafiq ərazidə torpaq sahəsi daimi əsaslarla ayrılmamış və orada yalnız əsaslı tikinti aparılmaması şərtilə talvar quraşdırılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, iddaçılara əsaslı (bünövrəli) şəkildə daşınmaz əmlak inşa olunmasına icazə verilməmişdir. Həmin ərazidə iddiaçılara məxsus daşınmaz əmlaka dair digər hüquq müəyyənedici sənəd isə təqdim edilməmişdir. Üzərində müvafiq işlərin aparılmasına icazə verilmiş torpaq sahəsinə gəldikdə isə, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, mülkiyyətində olsaydı da, onun kompensasiyası iddiaçının tələb etdiyi bu qaydada ödənilə bilməz Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşagıda göstərilən maddi hüquq normalara istinad edilməsini zəriri hesab edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1-ci maddəsinə görə alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının 06.06.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı Yadulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.12.2019-cu il tarixli, 2-1(82)-361/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar