Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-584/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5350/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 27 may 2003-cü il tarixli 108 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün ona ayrılmış Qaraçuxur qəsəbəsinin Şərq yaşayış sahəsində (ayrıc aktında göstərilən yerdə) yerləşən 286 kv. metr (0,0286 ha) torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun Dövlət Reyestrində qeydə alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34.1.) İddianın əsaslarına görə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin 27 may 2003-cü il tarixli, 108 saylı qərarına əsasən Qaraçuxur qəsəbəsinin Şərq yaşayış sahəsində (ayrıc aktında göstərilən yerdə) fərdi yaşayış evi tikmək üçün 286 kv. metr (0,0286 ha) torpaq sahəsi ona ayrılmış, həmin qərara əsasən ayrılmış torpaq sahəsinin hər kvadrat metri köhnə nominalla 16.000 manat qiymətləndirilmiş və qeyd edilən torpaq sahəsinə görə o, ümumilikdə 4 576 000 manat məbləğində pul vəsaiti ödəmişdir. Bundan sonra torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və 27 may 2003-cü il tarixli ayrıc aktı ilə qeyd edilən torpaq sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. Həmin dövrdən o, qeyd edilən torpaq sahəsindən istifadə etmiş, torpaq sahəsinin hasarlayaraq, içərisində fərdi yaşayış evi inşa etmişdir. O, qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınaraq, Dövlət Reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə DƏDKR 1 saylı ünvan 1 ünvanlanmış 17 dekabr 2021-ci il tarixli məktubla müraciətindən imtina edilmiş, imtinanın əsası kimi onun tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmaması göstərilmişdir. O, cavabdehin bu əsasları ilə razı deyil və belə hesab edir ki, cavabdeh aktın qeydiyyata alınması ilə hüququn qeydiyyata alınması hallarını qarışdırmış, həmin hallara düzgün qiymət verməmiş, həmin dövrdə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sənədlərin qeydiyyatını deyil, torpaq sahəsi üzərində olan hüquqların sənədlərə əsasən qeydiyyatını aparan orqan olmasını nəzərə almamışdır. Belə ki, qeyd edilən torpaq sahəsi ona ayrılandan və həmin torpaq sahəsinə dair o, ödəniş edəndən və bu barədə torpaqların alqı-satqısına dair akt tərtib edildikdən sonra o, həmin aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edərək, ona ayrılmış torpaq sahəsinin dövlət qeydiyyatına aldırmalı idi. Lakin həmin torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyata aldırmamağının və sonradan Xəritəçəkmə Komitəsinin ləğv edilməsi onu qeyd edilən torpaq sahəsinə dair hüquqlarının sonradan qeydiyyata alınması üçün maneə ola bilməz. Cavabdeh iddia ərizəsinə dair etirzında iddianı qəbul etməmiş, iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamış və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Qeyd olunanlarla yanaşı, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə, yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd edilməmiş və yerləşmə sxemi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********76 saylı, xx.xx.2021-ci il tarixli və **********43 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5350/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 27 may 2003-cü il tarixli 108 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün İddiaçı Cəmil oğluna ayrılmış Qaraçuxur qəsəbəsinin Şərq yaşayış sahəsində (ayrıc aktında göstərilən yerdə) yerləşən 286 kv. metr (0,0286 ha) torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, İddiaçı Cəmil oğlunun adına Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Qeyd olunanlarla yanaşı, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə, yerləşmə sxemində dəqiq istinad və məsafələr qeyd edilməmiş və yerləşmə sxemi səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********76 saylı, xx.xx.2021-ci il tarixli və **********43 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialının 26 may 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, İddiaçı torpaq sahəsi ayrılması baradə sənədlərə əsasən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 108 №-li xx.xx.2003-cü il tarixli qərarına əsasən vətəndaş İddiaçı, xx.xx.2003-cü il tarixli əriəzsi əsasında - Qaraçuxur qəsəbəsinin "Şərq” yaşayış sahəsində (ayrıc aktında göstərilən yerdə) fərdi yaşayış evi tikmək üçün 286 kv. metr (0,0286 ha) torpaq sahəsi ayrılmış və bələdiyyə tərəfindən torpaq sahəsinin planı tərtib olunmuşdur. İddiaçının iddia tələbindən göründüyü kimi, öhdəlyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 27 may 2003-cü il tarixli 108 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün ona ayrılmış Qaraçuxur qəsəbəsinin Şərq yaşayış sahəsində (ayrıc aktında göstərilən yerdə) yerləşən 286 kv. metr (0,0286 ha) torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun Dövlət Reyestrində qeydə alınaraq, dövlət reyestrindən çıxarışın verilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; …; Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü...; Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələr qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən özgəninkiləşdirilməsinə dair aktlar həmin torpağa mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilər. Konkret halda isə mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən qanunla müəyyən olunmuş qaydada iddiaçıya ayrıldığı müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. İddiaçıya ayrılan həmin torpaq sahəsinin bələdiyyə torpağı olub-olmadığını müəyyənləqşdirmək üçün hazırkı apellyasiya mərhələsində torpaq kadasıtrı mütəxəssisi də cəlb olunmaqla, məhkəmə mühəndis – texniki ekspertizası təyin olunmuş və xx.xx.2023-cü il taixdə mütəxəssis rəyi alınmaqla, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli 10/5812 nömərili ekspert rəyi verilmişdir. Həmin rəydə aşağıdakı nəticəyə gəlinmişdir: “- Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********93 saylı mütəxəssis rəyinə əsasən vahid elektron baza məlumatlarında göstərilən torpaq sahəsinin 310,0 kv.m təşkil etməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. -Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. “ Göründüyü kimi, Qaraçuxur bələdiyyəsinin qərarı ilə, birincisi, iddiaçıya ayrılmış torpaq sahəsi 286 kv m deyil, 310 kv-m-dir. İkincisi, həmin torpaq sahəsi bələdiyyə torpaqlarına aidiyyəti yoxdur, dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Belə olan halda, Qaraçuxur bələdiyyəsi həmin torpaq sahəsini fərdi yaşayış evi tikintisi üçün üçün iddiaçıya ayrılmasına dair sərəncam verməkdə səlahiyyətli olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin tələbinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır. Həmin Qanunun 64.4-cü madəsi isə nəzərədə tutur ki, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Bundan əlavə, mübahisəli torpaq sahəsi bələdiyyə torpaqlarına aid edilmiş olsa belə həmin vaxt fəaliyytdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Yəni, həmin tormaq sahəsinin iddiaçıya satılması barədə onunla bələdiyyə ilə aralarında həmin Komitə ilə razılaşdırılmış alqı-satqı aktı (müqaviləsi) də mövcud deyildir (İşdən görünür ki, həmin Komitənin Bakı şəhər şöbəsinə müvaftiq məktub göndərilsə də həmin prosedur başa çatdırılmamışdır). Halbuki, «Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»nın 8ci bəndi ilə müəyyən edilən qaydalarla müəyyən olunur ki: “- bələdiyyə torpağı almaq istəyən şəxslərin müraciətinə əsasən bələdiyyə orqanı ərizəyə 5 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçirmək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir; - rayon, şəhər torpaq şöbəsi qanunvericiliklə müəyyən edilmiş qaydada satılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; -bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. -satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir.” İkinci bir tərəfdən, bələdiyyənin müvafiq icra hakimiyyəti orqanından rəy alınmadan iddiaçıya torpaq sahəsi ayrıla da bilməzdi. Belə ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 4-cü maddəsindən görünür ki, bələdiyyə torpaqlarının isğifadəyə verilməsi «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi qaydalar çərçivəsində həyata kençirilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 6.5-ci madəsinə əsasən isə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafıq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir (Həmin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanına əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri(qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.) İş materiallarına əsasən isə Qaraçuxur bələdiyyəsi tərəfindən iddiaçıya qanunvericiliyin qeyd olunan tələbləri qaydasında torpaq sahəsinin ayrıldığı müəyyən olunmur. Ümumiyyətlə, qeyd edildiyi kimi, müvafiq icra hakimiyytinin rəyi alınması və bələdiyyət tərəfindən qərar qəbul olunması və alqı-satqı aktının tərtib olunaraq torpaq şöbəsində qeydiyyatının aparılması bütün bunların - iki gün ərzində həyata keçirilməsi mümkün olan proses deyil. Üçüncü bir tərəfdən, həmin torpağa bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində təsbit olunmamış, deməli, onun həmin torpaq üzərində sərəncamvermə hüququ da mövcud olmamışdır (İddiaçı ona torpaq ayrılması barədə xx.xx.2003-cü il tarixli əriəzə ilə bələdiyyəyə müraciət etmiş, xx.xx.2003-cü il tarixdə ona torpaq ayrılması barədə qərar qəbul olunmuşdur). Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.9-cu maddəsinin tələbinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Eyni zamanda, Mülki Məcəllənin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Lakin Qaraçuxur bələdiyyəsinin isə mübahisəli torpaq sahəsini satmaq üçün müvafiq səlahiyyətə malik olmadığı, həm də həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrində qeydə alınmadığı halda, iddiaçıya torpağın alqı-satqısı həyata keçirilməsi hüquqi qüvvyə malik ola bilməz. Belə olan halda da, iddiaçının həmin torpaq sahəsinə hüququ dövlət qeydiyyatına alınmalı hüquq kimi qiymətləndirilməsi də istisna olunur. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Konkret halda, mübahisəli torpaq sahəsinin iddiaçınının istifadəsinə hüquqi normasına uyğun olaraq ayrıldığı müəyyən olunmadığından, onun həmin torpaq üzərində qanuni gözlənti hüququnun mövcudluğu da istisna olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.1-ci və 15.1.5-ci maddələrinin tələbləri isə müəyyən olunur ki, qeydiyyat orqanı tərəfindən - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və bələdiyynin qərarı etibarsız akt kimi hüquqi qüvvəsi yoxdursa, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, cavabdeh mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməkdə haqlı olmuşdur. Haqlı imtina isə iddiaçının hüquqlarının pozulmasına əsas ola bilməz. İPM-in İPM-in 73.1-ci maddəsinin tələbində də ehtiva olunur ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozmuş olsun. Beləliklə də, iddiaçı tərəfindən İPM-in 14.3-cü maddəsinin təlbinə müvafiq olaraq mübahisəli torpaq sahəsinin qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, əksinə cavabdeh tərəfindən təkzib olunur. Birinci instansiya məhkəməsi tərəfindən isə iddia təmin ounarkən işin bütün faktiki halları aydınlaşdırılmamış, torpağın statusu müəyyən olunmamış, iddianın təmin edilməsi barədə maddi və prossessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul olunmuşdur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5350/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5350/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-584/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-584/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver