Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-584/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X1 ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən və Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1171 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.m (0.06) torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakının dövlət Reyestrində adına qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8842/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən və Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1171 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.m (0.06) torpaq sahəsinə dair mülkiyyət hüququ Daşınmaz əmlakının Dövlət Reyestrində adına qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m. (0,06 ha.) torpaq sahəsi Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1171 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmışdır. Sərəncamın icrası əsasdan qeyd olunan 600 kv.m. torpaq sahəsi mərzləri yerində müəyyən edilb, ona təhvil verilmiş və faktiki durumuna uyğun cizgi sxemi tərtib edilmişdir. Sonra həmin torpaq sahəsində iddiaçı tərəfindən mərz boyu hasara alınmış, giriş-çıxış darvazası qoyulmuşdur. Artıq 30 ilə yaxındır ki, torpaq sahəsi iradsız istifadə və sahibliyindədir. Əvvəllər tərəfindən həmin torpaq sahəsində inşa edilmiş köhnə tikililəri söküb, yerində yeni fərdi yaşayış ev tikmək üçün Səbail rayon icra hakimiyyətinə müraciət edəndə, torpaq sahəsinin çıxarışı tələb edildi. Bu baxımdan qeyd olunan ünvanda 600 kv.m. torpaq sahəsinə yaranmış hüququn qeydə alınması üçün aidiyyəti üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdehin ona ünvanladığı 07 mart 2024-cü il tarixli **********93 nömrəli cavab məktubun məzmunundan aydın oldu ki, hüququn qeydiyyata alınması ilə bağlı müraciəti müsbət həll olunmamış, imtina edilmişdir. Səbəbi də onunla izah edilmişdir ki, həmin torpaq sahəsinə tərtib edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və premetrik ölçüləri qeyd edilmədiyindən, həmin cizgi ilə faktiki sahə arasında konfiqurasiya fərqli olduğundan sənəd üzrə torpaq sahəsinin yerləşməsini aydınlaşdırmaq mümkün olmamışdır. Daha sonra qeyd edilmişdir ki, təqdim edilmiş cizginin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsi olduğundan Səbail rayon İcra Hakimiyyətinə sorgu verilmişdir. Cavabdeh sözü gedən torpaq sahəsinə dair əldə etdiyim hüququn qeydə alınmasından imtinasının heç bir hüquqi əsası yoxdur və imtinasının əsası kimi istinad etdiyi hallar formal mülahizədir. Belə ki, adıçəkilən torpaq sahəsinin əldə etməyi ilə bağlı yuxarıda qeyd edilənlərdən aşkar şəkildə göründüyü kimi torpaq sahəsi ona icra hakimiyyətinin sərəncamı əsasında 1995-ci ildə ayrılmış, yerində ona təhvil verilmiş, vəziyyətinə uyğun cizgisi çəkilmişdir və yanaşı yerləşən torpaq sahələrinin ardıcıllığına uyğun 1879 sıra ilə nömrələnmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-48-2F/2- M-08859/2023 saylı arayışla da, adıçəkilən torpaq sahəsinin onunla bağlı yuxarıda qeyd etdiklərinə uyğun olduğu bir daha təsdiqlənmişdir. Qeyd edilməlidir ki, cavabdehin imtinasında göstərilənlərin biri-digərinə ziddir. İmtinada göstərilir ki, cizgidə istinad ölçüləri göstərilməmişdir. Eyni zamanda cizginin torpaq sahəsinə uyğun olmadığını qeyd edir. Ölçüsü qeyd olunmayan cizginin torpaq sahəsinə uyğun olmadığını hansı yolla müəyyən etmişdir. Uyğunsuzluq üçün cizgidə göstərilən ölçülərin, torpaq sahəsinin yerində müəyyən edilən ölçüsündən fərqli olduğu müəyyən edildiyi halı baş verməlidir. Bundan başqa, cavabdeh “təqdim edilmiş cizginin həqiqiliyinə ciddi şübhəsi olduğundan Səbail rayon İcra Hakimiyyətinə sorgu verildiyini” qeyd etdiyindən, cizgi ilə bağlı qənaətə gələ bilməzdi. Çünki bununla bağlı qənaəti Səbail rayon İcra Hakimiyyətinin cavabından asılı olduğu bəllidir. Lakin həmin cizginin möhtəbərsizliyinə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş hər hansı sənəd mövcud deyildir. Göründüyü kimi cavabdeh imtinasının şübəhələr əsasında formalaşdırmışdır. Bu baxımdan da adıçəkilən torpaq sahəsinə dair əldə edilmiş hüququn qeydiyyatı ilə bağlı müraciətinin müsbət həll edilməsi və hüququn reyestrdə qeydə alınması cavabdehin vəzifəsidir. Həmin əmlakın qanun əsasında əldə etdiyi və 30 ilə yaxın müddətdə iradsız istifadəsində olması nəzərə almalı idi. Bu barədə cavabdeh idarənin bir neçə səlahiyyətli vəzifə sahiblərinin qəbulunda olaraq məsələni mübahisəyə çevrilmədən həll edilməsini xahiş etsə də, cavabdeh məsələni qarşılıqlı həllini rədd etdiyindən qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Ona görə də qeyd olunan məsələnin müsbət həll edilməsi cavabdehdən tələb edilməklə, üzərinə öhdəlik qoyulmalıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin sərhədləri şərti olmaqla ümumi ərazi daxilində yerləşdiyi müəyyən olunmuşdur. Sənədlər toplusuna əlavə olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçü qeyd edilmədiyindən, həmçinin cizgi ilə faktiki sahə arasında konfiqurasiya fərqi olduğundan sənəd üzrə torpaq sahəsinin yerləşməsini aydınlaşdırmaq mümkün olmamışdır. Eyni zamanda təqdim olunmuş cizginin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsi olduğundan Səbail Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatı 5-19/2-2/10- 408/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1171 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (yerləşmə sxemi və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Eyni zamanda yerləşmə cizgisi xx.xx.2004-cü il tarixində verilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8842/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən və Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1171 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.m (0.06) torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ Daşınmaz əmlakının Dövlət reyestrində adına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-8842/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçının nümayəndəsinə ünvanladığı 11 dekabr 2023-cü il tarixli, 3-48-2F/2-M08859/2023 nömrəli məktubu ilə, İddiaçı torpaq sahəsi ayrılması barədə Səbail rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 1171 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. - Səbail rayon İcra Hakimiyyəti başçısının 17 aprel 1995-ci il tarixli, 1171 nömrəli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Sərəncamına əsasən, Badamdar qəsəbəsində, 600 \altı yüz\ kv.m fərdi ev tikmək üçün İddiaçı torpaq sahəsi ayrılmışdır. - Səbail rayon İcra Hakimiyyəti Başçısının 1171 nömrəli, 17 aprel 1995-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış, Badamdar qəsəbəsi 3 yaşayış massivi, 1879 nömrəli, 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi RİHB-nin Badamdar qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-80085-8/2024 **********93 nömrəli məktubuna əsasən bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin sərhədləri şərti olmaqla ümumi ərazi daxilində yerləşdiyi müəyyən olunmuşdur. Sənədlər toplusuna əlavə olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi və perimetrik ölçü qeyd edilmədiyindən, həmçinin cizgi ilə faktiki sahə arasında konfiqurasiya fərqi olduğundan sənəd üzrə torpaq sahəsinin yerləşməsini aydınlaşdırmaq mümkün olmamışdır. Eyni zamanda təqdim olunmuş cizginin həqiqiliyinə qeydiyyat orqanın ciddi şübhəsi olduğundan Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: -55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1171 nömrəli Sərəncamı verilmişdir. İddiaçı qeyd edilən sərəncamı əsas götürərək, ona ayrılmış 600 kv.m (0.06) torpaq sahəsinə dair mülkiyyət hüququ Daşınmaz əmlakının Dövlət Reyestrində adına qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, tələbin əsası kimi çıxış etmiş Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8842/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8842/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-584/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-584/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver