Məhkəmə qərarları › İş №2-1(103)-585/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-585/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-585/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil Məmməd oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əlavələri hesablanmaqla ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1480/2021 saylı, 24.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüququ yarandığı tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əlavələrin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1941-ci il tarixində doğulmuşdur. 1996-cı ilədək Rusiya Federasiyasında işləmiş, 01.11.1996-cı il tarixindən 30.12.2011-ci il tarixinədək isə “Bakı Metropoliteni”ndə yalnız gecə işində tunel ustası işləmiş və 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajını toplamışdır. O, güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etsə də müsbət nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, idd qəbul etməmiş, iddiaçıya işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışda güzəştli iş stajı ilə bağlı Azərbyacan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına istinad edilməmiş, işlədiyi vəzifələrin hansı bölmə, hansı fəsil və hansı koda uyğun gəlməsi qeyd edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1480/2021 saylı, 24.08.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “məhkəmənin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, iddiaçının 57 yaşı 18.05.1998-ci il tarixində tamam olmuş, həmin dövrdə pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla tənzimlənirdi. Məhkəmə bildirir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ümumi iş stacı ilə bağlı ödənilsə də güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir. Halbuki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında (29-cu bölmə) yer almışdır” Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçının nümayndəsi Vəkil işin hazırkı apellyasiya mərhələsində, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 avqust 2009-cu il tarixindən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il nəzərə alınıb əmək haqqına uyğun hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının hazırıkı iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi İddiaçı isə hər bir halda birinci instansiya məhkəmsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, 01 avqust 2009-cu il tarixindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb edir. 1941-ci il təvəllüdlü iddiaçınin qeyd olunan tələbi araşdırıldıqda müəyyən olunur ki, onun güzəştli şərtlərlə pensiya təyin olunması üçün 57 yaşı və azı 25 il ümumi stajı mövcud olsa da, güzəştli şərtlərlə pensiya hüququ verən Bakı Metropolitenində yalnız gecə vaxtlarında tunel ustası kimi azı 12 il 6 ay xüsusi stajı 2009-cu ildə tamamlanmışdır. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1ci maddəsinin 01.07.2017-ci il tarixədən qüvvədə olan redaksiyasına axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin müəyyən etdiyi həmin şərtlər, konkret halda iddiaçıya münasibətdə mövcuddur. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı...; 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər...” Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddiaçının iş materiallarında olan əmək kitabçasının qeydləri araşdırıldıqda onun 16.11.1960-cı il tarixdən 01.11.1996cı il tarixinədək olan dövrdə 25 ildən qat-qat artıq ümumi stajının mövcudluğu müəyyən olunur ki, bu da işin mübahisələndiriləmyən halını təşkil edir. 01.11.1996-cı il tarixindən 30.12.2011-ci il tarixinədək isə o, "xxxx"ndə yalnız gecə işində tunel ustası vəzifəsində çalışmışdır ki, həmin çərvivədə də onun güzəştli şərtlərlə pəmək pensiya təyin edilməklə pensiyasının yenidən hesablanmasını tələb etdiyi 01.08.2009-cu il tarixinədək olan müddətdə 12 il 9 ay xüsusilə zərərli iş şəraitində xüsusi stajı toplanır. Belə ki, "xxxx" QSC-nin işə əlavə olunmuş 17 iyul 2021-ci il tarixli güzəştli arayışdan görünür ki, onun 1996-2011-ci illərdə metropolitenini Tunel qurğuları xidmətində yalanız gecə işində xüsusi zərərli əmək şəraitində tunel ustası, böyük tunel ustası kimi əmək stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21-ci “Nəqliyyat” bölməsinin 21.5-ci “Metropolitenlər” bəndininə aiddir. Həqiqətən də adıçıkilən Siyahnının 21.5-ci bəndinin 11-ci sətrindən görünür ki, “bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri) güzəştli pensiya hüququ verən vəzifələrə aid olunmuşdur. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbinə müvafiq olaraq 01.08.2009-cu il tarixində onun güzəştli şərtlər daxilində onun əmək pensiyasının yenidən hesablanmısı üçün əsas yaranır. İddiaçının işə əlavə olunmuş 2006-cı ildən doldurulmasına başlanılmış pensiya uçot vərəqinə əsasən müəyyən olunur ki, ona ilkin olaraq 15.01.2004-cü il tarixində təyin olunmuş 2006-cı ildə onun əmək pensiyasının məbləği 43,35 manat, 2007-ci ildə 53,35 manat, 2008-ci ildə 83,18 manat 2009-cu ildə 101,00 manat təşkil etmişdir (Daha sonrakı artımlardan sonra 01.02.2016-cı il tarixinə əmək pensiyası 290 manat təşkil etmişdir). Qeyd olunmalıdır ki, iddiaçının ilkin pensiya təyinatı aparılarkən, qanunvericilikdə 2008-ci ilə qədər əmək pensiyasının hesablandığı müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) mövcud olmuş sonradan isə həmin məhdudiyyət aradan qaldırılmışdır Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinin 2008-ci ilin yanvar ayının 1-dən 2010-cu ilədək qüvvədə olan redaksiyasına əsasən: “26.1-ci maddəsinə əsasən Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.2. Bu qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır...” Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir...” Qanunun qeyd olunan normasından göründüyü kimi, 2006-cı ilədək əmək pensiysı ğtəyin edilmiş şəxslərə münasibətdə 2008-ci ilin yanvar ayının 1-dən etibarən əmək pensiysı müvafiq orta aylıq əmək haqqına məhdudiyyət qoyulmadan, tam məbləği əsas götürülməklə yenidən hesablanmalıdır ki, iddiaçıya münasbətdə qanun bu tələbi yerinə yetirilməmişdir. İş materiallarında olan iddiaçının güzəştli pensiya hüququnun yarandığı 2009-cu ildə və bundan əvvəlki illərdə "xxxx"nində ilədiyi dövrün əmək haqqı cədvələrinə əsasən müəyyən olunur ki, ona 2006-cı ildə 2.606,31 AZN, 2007-ci ildə 5.291,59 AZN, 2008-ci ildə 7.499,43 AZN, 2009-cu ildə 9.258,91 AZN və s. məbləğlərdə əmək haqqı ona hesablanmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, Qanunun qeyd olunan 26-cı maddəsinin tələbləri qaydasında iddiaçının qeyd olunan əmək haqqı cədvlləri üzrə aldığı əmək haqqı nəzərə alınmaqla, 01.08.2009-cu il tarixindən güzəştli şərtlər daxilində onun əmək pensiyasının yenidən hesablanaraq ödənilməli olduğu halda, cavabdeh əsassız olaraq qanunla üzərinə düşən öhdəliyini icra etməmişdir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öhdəliyin icrası haqqında (İPM.m 34.1) iddia vasitəsilə 01.08.2009-cu il tarixindən onun əmək pensiyasının güzəştli şərtlər daxilində pensiya təyin edilməklə pensiyasının yenidən hesablanaraq müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsini tələb etməkdə haqlıdır. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək pensiyaları haqqında qanunvericiliklə qorunan hüquqları pozulmuşdur. Belə olan halda, İPM-in 73.1-ci maddəsinin tələbtindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmamış, iş üçün əhəmiyyti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bütün bunların nəticəsi olaraq da iddianın rədd olunması barədə maddi və prosessual hüquq normalarının pozulması ilə müşayət olunan düzgün olmayan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1480/2021 saylı, 24.08.2021ci il tarixli qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi (dəqiqləşdirilmiş) təmin olunmalı və 01 avqust 2009-cu il tarixdən ona zərərli iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciət etdiyi əvvəlki 3 il üçün əmək haqqına uyğun pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 52, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1480/2021 saylı, 24.08.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı 01 avqust 2009-cu il tarixindən, zərərli iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılaraq, müraciət etdiyi əvvəlki 3 il üçün əmək haqqına uyğun olaraq pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar