Məhkəmə qərarları › İş №2-1(103)-585/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-585/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-585/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi» tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz sayılması və ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir (İPM m.33.1.) İddianın əsaslarına görə iddiaçı ilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında ona müddətsiz əsaslarla əlillik dərəcəsinin uzadılması məsələsində mübahisə yaranmışdır. 22 aprel 2021-ci il tarixdə növbəti müayinə tarixi olması səbəbilə, iddiaçı son beş il ərzində əlillik səbəbi olan xəstəliklə bağlı aldığı müalicələr və Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xəstəliyi ilə bağlı tibbi rəyini cavabdehə təqdim etmişdir. Lakin cavabdeh müraciəti təmin etməmiş, guya diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbilə əlilliyin vermədiyini bildirmişdir. Müraciət cavabdeh tərəfindən rədd edildiyindən o, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. O (iddiaçı), xx xxxxxx 1970-ci il tarixdə Sabirabad rayonunun Xəlfəli kəndində doğulmuşdur, hazırda da orada yaşayır. Birinci Qarabağ müharibəsi dövründə hərbi xidmətdə olmuş və odlu silah yarası almışdır. Daha sonrakı tarixlərdə ona həmin yaralanma və onun tibbi ağırlaşmaları səbəbilə 2010-cu ildə cavabdeh tərəfindən üçüncü dərəcə əlillik təyin edilmişdir. 22 aprel 2016-cı il tarixdə təkrar müayinədən keçdikdən sonra əlillik müddəti daha beş il müddətinə uzadılmışdır. 22 aprel 2021-ci il tarixdə isə, cavabdeh onun əlilliyinin müddətinin uzadılmasından yuxarıda qeyd edilən səbəbi əsas gətirərək imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası əsassızdır. İmtinanın məntiqi, hüquqi və tibbi əsası yoxdur. Cavabdeh daha əvvəl eyni diaqnoz və onun tibbi ağırlaşmaları səbəbilə iki dəfə iddiaçıya əlillik təyin etmiş və ya əlillik müddətini uzatmışdır, İddiaçının diaqnozu «Əlilliyin və sağlamlıq imkanlanın məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» ilə tamamilə üst-üstə düşür və təbii ki, bu daha əvvəl cavabdehin ona əlillik təyin etməsinin hüquqi əsasını müəyyən etmişdir. Əlillik Meyarlarında ixtisaslaşmış tibb müəssisəsinin rəyi həlledici rol oynayır və ona (iddiaçıya) travma sahəsində ölkənin baş ixtisaslaşmış tibb müəssisəsi olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş və daha əvvəlki tarixlərdə ona cavabdeh tərəfindən əlillik təyin edilməsi üçün tibbi əsas olmuş diaqnozu təsdiqləyən tibbi rəy növbəti dəfə cavabdehə təqdim edilsə də, cavabdeh həmin tibbi sənədi nəzərə almamışdır. İddiaçıya Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş tibbi rəylər daha əvvəlki dövrlərdə əlillik təyin edilməsində əsas sənəd rolunu oynasa da cavabdehə sonuncu müraciətdə sonuncu tibbi rəyə əhəmiyyət verilməmişdir, halbuki, sonuncu tibbi rəy daha əvvəl verilmiş tibbi rəyləri bir daha təsdiq etmişdir. Cavabdehin imtinasında guya diaqnozun əlillik təyin edilməsinə imkan vermədiyi bildirilsə də, bu, həqiqəti əks etdirmir. Çünki, diaqnoz Əlillik Meyarlarında aşağıda qeyd edilən kateqoriyalarla tam üst-üstə düşür; (2.5.6) hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5 – M24.6); (3.1.4) ankilozlarla, kontrakturalarla, pataloji sınaqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişikləri və sümük toxumasının iriölçülü destruksiyaları nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması, və ya hərəkətin və özünəxidmətin mümkün olmaması (M24.5-M246, M30-M36, M40-M43, M62, M80, M85-M89.9, Q65-Q66, Q67.5-Q67.8, Q68). M24.5 kodu ilə təsbit edilmiş diaqnoz X6 və Ortopediya İnstitutu tərəfindən verilmiş tibbi arayışda öz əksini tapmışdır. İki dəfə eyni tibbi hüquqi əsaslarla cavbdeh tərəfindən iddiaçıya əlillik təyin edilməsi üçün həmin dövrdə nəzərə alınmış hallar indiki halda da hüquqi əsas kimi nəzərə alınmalı və ona müddətsiz əlillik təyin edilməlidir. Belə ki, onun 22 aprel 2016-cı il tarixdə əlillik müddəti uzadıldıqdan sonra növbəti müayinədən keçmə vaxtı kimi 22 aprel 2021-ci il tarixədək Əlillik Meyarlarında öz əksini tapmış tibbi əsaslarda (diaqnozlarda) heç bir dəyişiklik baş verməmişdir. Halbuki, dəyişiklik olsaydı ona ilk dəfə əlillik təyin edilən dövrdə qüvvədə olmuş tələblər tətbiq edilməli idi. İddiaçı belə qənaətdədir ki, əlillik dərəcəsi növbəti beş il üçün aparıldığı təqdirdə, ardıcıl əlillik müddəti 15 ildən çox olduğundan, Əlillik Meyarlarının 4.2-ci bəndinə əsasən ona əlillik müddətsiz təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda, əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert öz rəyində (iddiaçıya məxsus tibbi rəydə) qeyd edilən diaqnozlaprın mövcudluğunu etiraf etsə də, birinci instansiya məhkəməsi həmin diaqnozların tibbi rəydə X2 uyğun kodları müəyyən edildiyi halda, həmin kodların əlillik təyinatına imkan verməsini nəzərə almamış və tibbi rəyə hüquqi münasibət bildirməmişdir. Həmçinin, ekspertiza vəzifə səlahiyyətlərinə aid olmayan məsələyə münasibət bildirərək, iddiaçıya mövcud diaqnozla əlillik təyinatının mümkün olmamasını bildirmişdir. Belə olan halda nəyə görə son 10 il ərzində həmin diaqnozlar əlillik təyinatı üçün əsas ola bilmir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının 8 dekabr 2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında iddiaçıya qoyulmuş diaqnoz və ağırlaşmanın əlillyin təyinatına əsas vermədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin materiallarından görünür ki, cavabdehin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə diaqnoz və ağırlaşma əlilliyin təyininə əsas vermir səbəbi ilə əlillik təyin olunmasından imtina edilmiş və o, məcburetmə haqqında iddia vasitəsilə, ona müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, «İddiaçı barəsində tam doldurulmaqla tərtib edilmiş göndərişdə qeyd olunan xəstəliyin ağırlaşmaları və müvafiq nəticələr əlillik dərəcəsinin təsdiqinə əsas vermədiyindən, cavabdeh əsaslı olaraq iddiaçıya müddətsiz əlillik təyinatından imtina etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatda iş üzrə xüsusatlar nəzərə alınaraq ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı hal müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qiymətləndirilir. Bundan başqa, rəydə iddiaçının əlavə müalicəyə ehtiyacının olmaması halı da müəyyən edilir. Bu isə, yuxarıda qeyd olunan qənaətin təkzibi ehtimalını aradan qaldırmış olur. Hansı ki, qanunvericilik normaları, eləcə də formalaşmış inzibati praktika şəxslərə əilliyin təyinatında müvafiq xəstəliklərin, travmaları və zədələrin mövcud olduğu halda, ambulator və ya stasionar müalicələrdə aradan qaldırılmasını da mümkün sayır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir.» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, birincisi, məhkəmənin istinad etdiyi, işə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin T57/2022 №-li xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqat və tibbi sənədlər əsasında ekspert aşağıdakıları müəyyən etmişdir: «…İddiaçı adına X1 institutnda tərtib edilmiş xx.xx.2021-ci il tarixli 4090/8448 saylı arayışda qeydedilmişdir ki,o, həmin tarixdə müraciət edərkən ona odlu silah yaralanmasından sonra , sağ baldırın aşağı 1/3-nin tış və iç səthlərində dartıcı çapıqtoxuması, sağ aşıq-baldır oynağının artrozu, açıcı-bükücü kəskin konkrakturaəzələ atrofiyası, daimi ağrı sindromu və funksiyanın pozulması (S81.7, W33?0,M19.1, M24.5, M62.5,R52,2, R26,8) diaqnozu müəyyən edilmişdir. Sabirabad rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0309003AAPTT saylı forma№-088 göndərişdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə müayinə olunmuşdur (Akt №xxxxxxx0005) Müvəqqəti əmək qabilliyyətini itirməsi: Xeyr; X4: XXSinif-xəstələnmənin və ölümün xarici səbəbləri –Y35-Y36- hərbi əməliyyatlar nəticəsində digər…; Diaqnozun mətni:Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın odlu silah yaralanmasından sonrakı qalıqları,digər oynaqların postravmatik artrozu,sağ aşıq-baldır oynağının artrozu, sağ aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası, digər daimi ağrı, daimi ağrı sindromu.Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin /imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb:Diaqnoz və ağırlaşması əlilliyin təyininə təyininə əsas vermir… 08 fevral 2022-ci il tarixdə Feyziyev X5 Təkrar ekspertizalar şöbəsində TSEK-in ekspertləri ilə birgə müayinədən keçirildi… Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Sağ baldırın aşağı 1/3-nin bayır və içəri səthlərində sağalmış yaraların izləri olan çapıq toxumalar vardır. Beləliklə, İddiaçı sağlamlıq vəziyyətinin təyini ilə əlaqədar səhiyyə müəssisəsinin göndərişi tam doldurulsa da, qeyd olunmuş diaqnoz və ağırlaşmalar “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşağı ətrafın odlu silah yaralanmasından sonrakı qalıqları, digər oynaqların postravmatik artrozu, sağ aşağı baldır oynağının artrozu, oynaqların kontrakturası, sağ aşağı baldır oynağının açıcı-bükücü kəskin kontrakturası, digər daimi ağrı sindromu” əyani müayinədə əlillik dərəcəsinin təyininə əsas vermədiyindən, «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair» Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür sağlamlıq vəziyyəti ilə əlaqədar İddiaçı hazırda müalicəyə ehtiyacı yoxdur.» Göründüyü kimi, ekspert tətdqiqatı zamanı tibbi sənədlərin tədqiqi və tibbi müayinənin nəticələri əsasında nəinki iddiaçının xəstəlik diaqnozunun ona əlillik dərəcəsinin təyininə əsas vermədiyi, hətta onun müalicyə belə ehtiyacının olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci bəndi ilə də məhz, göndəriş verilməsinin aşağıdakı əsasları nəzərədə tutulmuşdur: - 1.5.1. şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz, və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator, və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); - 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Konkret halda isə «Qayda»da nəzərdə tutulan qeyd olunan hallardan hər hansı biri mövcud olmadığı halda, iddiaçıya əlillik təyinatı aparılması mümkünsüzdür. Qeyd olunmalıdır ki, işin hazırkı apellyasiya mərhələsində də məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıının əlilliyinin müəyyən edilməsinə əsas ola bilən halların mövcud olub-olmamasının müəyyən olunması üçün, əlavə suallar qoyulmaqla, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya» Birliyinə (PHŞ) əlavə məhkəmə-tibbi ekspertizası təyin olunmuş, lakin Birlik məhkəməyə ünvanladığı xx.xx.2023-cü il 1660 nömrəli və xx.xx.2023-cü il tarixli məktubları ilə bildirmişdir ki, iddiaçı müayinə üçün gəlmədiyindən ekspertizanın başa çatdırmaq mümkün olmamışdır. İPM-in 1.2-ci maddəsinin göndərişi baxımından MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Onu da qeyd etmək lazımdır ki, iddiaçı məhkəmə iclaslarına da gəlməmiş, halbuki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən tibbi-sosial ekspertiza müayinəsi üçün 088 formalı göndərişin tərtib edilib reyestrə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması üçün əsasların mövcudluğu sübuta yetirilmiş hesab oluna bilməz. Belə olan halda, məhkəmə kollegiyası ilkin məhkəmə tibbi ekspertizasının qeyd olunan nəticələrinə inandırıcı yanaşharaq hesab edir ki, cavabdehin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya əlillik təyin olunmasından imtina etməsi əsaslıdır. Əsaslı imtina isə onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi isə onu nəzərdə tutur ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması, və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, ekspert rəyi ilə razılaşmayaraq, əvvəlki əlillik təyinatlarına istinədən, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar