Məhkəmə qərarları › İş №2-1(103)-586/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-586/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-586/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “siyahıdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6875/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********839600 nömrəli Qərarın ləğv edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, veİddiaçı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********839600 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********839600 nömrəli qərarı qanunsuz və əsassız hesab edir: Mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda səbəb olaraq göstərilmişdir ki, “cəmiyyətin icra orqanının rəhbəri olan fiziki şəxs beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olduğundan AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının” 2.1.8-ci yarımbəndinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab edilir. Qeyd olunanlardan aydın olduğu kimi, riskli vergi ödəyicisinin anlayışı Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən daxil edilmiş, riskli vergi ödəyicisinin meyarları isə xx.xx.2020-ci il tarixdən təsdiq edilmişdir. İddiaçı şirkətin rəhbəri X1 təsisçisi və rəhbəri olduğu digər müəssisələr 2020-ci ildən əvvəlki tarixlərdə təsis edilmiş və ya rəhbər təyin edilmiş, 2020-ci ildən sonra isə adına hər hansı yeni hüquqi şəxs təsis edilməmiş və ya hər hansı hüquqi şəxsə rəhbər təyin edilməmişdir. Yəni, Məmmədov Fəxrəddin beşdən çox hüquqi şəxs təsis edən və hüquqi şəxslərin ya rəhbəri təyin edilən zaman riskli vergi ödəyicisi ilə bağlı qanunvericilikdə hər hansı norma mövcud olmamışdır. Bu isə o deməkdir ki, vergi orqanı hazırkı iş üzrə Vergi Məcəlləsinin normalarını və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların” Meyarlarını qüvvəyə minməzdən əvvəlki tarixlərdə baş vermiş münasibətlərə tətbiq edir ki, bu da qanunvericiliyin tələblərinin pozuntusu deməkdir. Belə ki, AR Konstitusiyasının 149cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, vergi orqanı vergi qanunvericiliyinin müddəalarını geriyə şamil edərək iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır. Halbuki, iddiaçı qanunla ona verilmiş hüququdan istifadə edərək adına beşdən artıq hüquqi şəxs təsis etmişdir ki, qanunda bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Əksinə, Məmmədov Fəxrəddin hüquqi şəxsləri müxtəlif şəxslərin adına qeydiyyatdan keçirib idarə edən şəxslərdən fərqli olaraq, bütün məsuliyyəti öz üzərinə götürərək və hər hansı əməliyyatı pərdələmədən bütün hüquqi şəxsləri öz adına qeydiyyatdan keçirmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vergi ödəyicisi olan İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il tarixli, **********839600 nömrəli Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyətin icra orqanının rəhbəri olan X3 (FİN:1QNNX0E) xx.xx.2023-cü il tarixdə 33 (otuz üç) sayda müəssisənin fəaliyyəti passiv, 9 (doqquz) sayda müəssisənin fəaliyyəti isə aktiv olmaqla, ümumilikdə 42 sayda müəssisənin rəhbəridir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6875/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6875/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin iddiaçının müraciətinə olan məktubunda bildirilmişdir ki, “İddiaçı MMC-nin (VÖEN: **********) rəhbəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olduğu üçün riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli və **********839600 nömrəli Qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq müvafiq risk meyarını aradan qaldırmaqla yenidən müraciət etməyiniz tövsiyə olunur.” - Vergi orqanının xx.xx.2023-cü il tarixli **********839600 nömrəli qərarı ilə Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, vergi ödəyicisi olan İddiaçı (VÖEN. **********) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il tarixli, **********839600 nömrəli Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyətin icra orqanının rəhbəri olan X3 (FİN:1QNNX0E) xx.xx.2023cü il tarixdə 33 (otuz üç) sayda müəssisənin fəaliyyəti passiv, 9 sayda müəssisənin fəaliyyəti isə aktiv olmaqla, ümumilikdə 42 sayda müəssisənin rəhbəridir. - X1 rəhbəri olduğu "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2013-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2015-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2006-cı il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" BEYNƏLXALQ ŞİRKƏT (aktiv) xx.xx.2004-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2013-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2012-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2017-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2014-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2012-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2013-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2013cü il tarixdə təsis edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, cavabdeh orqan tərəfindən aparılmış araşdırma nəticəsində İddiaçı (VÖEN**********) müvafiq mənbəyi bəlli olan məlumatları üzrə uyğunsuzluq müəyyən edilərək riskli vergi ödəyicisi hesab olunmuş, riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə vergi orqanı xx.xx.2023-cü il tarixli, **********839600 nömrəli Qərar qəbul etmişdir. İddiaçı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunmasına əsas cəmiyyətin icra orqanının rəhbəri olan X1 xx.xx.2023-cü il tarixə 33 sayda fəaliyyəti passiv, 9 sayda fəaliyyəti aktiv olan, ümumilikdə 42 sayda müəssisənin rəhbəri olması göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndi (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) rəhbər tutulmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, X1 42 sayda müəssisənin deyil, hazırda 5 fəaliyyətdə olan hüquqi şəxsin ("xxxx" MMC, "xxxx" BEYNƏLXALQ ŞİRKƏT, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) icra orqanının rəhbəri olması iş materialları ilə öz təsdiqini tapmışdır. Onun təsisçisi olduğu digər müəssisələr isə fəaliyyəti passiv olmaqla ləğv prosesindədir. Belə olan halda İddiaçı icra orqanının rəhbəri X1 rəhbəri olduğu müəssisələrin sayı beşdən artıq olmamaqla, fəaliyyəti qanunverciliyin qeyd olunan tələbinə zidd olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6875/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6875/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar