Məhkəmə qərarları › İş №2-1(103)-587/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-587/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-587/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 qızının, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5284/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşının tamam olduğu 03.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1963-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. İddiaçı 01.09.1978-18.07.1981-ci illərdə Göyçay şəhəri 58 saylı X7 Məktəbində oxumuş, armaturçu-qaynaqçı peşəsinə yiyələnmiş və bundan sonra əmək fəaliyyətinə başlamışdır. İddiaçıya məxsus İT-İ seriyalı ******* №-li 24 avqust 1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı 20.04.1981-20.07.1981-ci illərdə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin X3 Zavodunda elektik-qaynaqçısı vəzifəsində işləmiş, 15.11.1981-08.11.1983-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 06.02.1984-20.04.1995-ci illərdə Mingəçevir şəhər 102 saylı Tikinti İdarəsində (hazırda 62 saylı Tikinti İdarəsi) elektrik qaynaqçısı vəzifəsində işləmiş, 27.04.1995- 27.06.1995-ci illərdə Azərbaycan DRES-də 1 №-li Qazan-Turbin sexinin İV qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinist, 27.06.1995-ci ildən hal-hazıradək həmin sexdə Vİ qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində işləyir. İddiaçı Azərbaycan DRES-də (indiki “Azərbaycan İES" MMC) işlədiyi gündəlik 8 saatlıq iş saatı ərzində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların istismarı ilə məşğul olmuşdur. İş şəraitində səs-küy, titrəmə, toz, havanın cərəyan sürəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları var. İddiaçı zərərli iş sahəsində işlədiyi üçün 27.04.1995-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12%-i miqdarında ona əlavə əmək haqqı ödənilmiş və əlavə məzuniyyət günü verilmişdir. İddiaçının “Azərbaycan İES" MMC-də güzəştli iş stajı hal-hazırda 25 il 10 aydır. Eləcə də Mingəçevir şəhəri 102 №-li (sonradan 62 №-li) Tikinti İdarəsində güzəştli iş stajı 11 il 2 ay 11 gün olmuşdur. Cəmi güzəştli iş stajı 37 ildən çoxdur ki, bundan da 01 yanvar 2006-cı il tarixinə güzəştli iş stajı 21 il 11 ay təşkil edir. İddiaçı ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 19 yanvar 2021-ci il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən əsassız imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin az olması iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina üçün qanuni əsas deyil və iddiaçıya pensiya təyin edilməsi üçün pensiya kapitalı və ya onun məbləği qanunla tələb olunmur. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq 06 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndi ilə tənzimlənir ki, iddiaçının da 25 ildən çox ümumi stajı, 01 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan çox güzəştlə iş stajı, tələb olunan yaş həddi (57 yaş) var və həmin qanunda pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsinin pensiya kapitalına dair heç bir müddəa, hüquq norması yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5284/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 03.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyanın minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda iddiaçının əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - Azərbaycan SSR X6 Təhsili Komitəsi tərəfindən 18.07.1981-ci ildə verilmiş iddiçıya məxsus B seriyalı 809622 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1978-ci ildə Azərbaycan SSR Göyçay şəhəri 58 nömrəli X7 məktəbinə daxil olmuş və 18.07.1981-ci ildə armaturçu-qaynaqçı peşəsi üzrə həmin məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır, imtahan komissiyasının qərarı ilə ona dördüncü dərəcə armaturçu-qaynaqçı peşəsi üzrə ixtisas verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 19.01.2021-ci il tarixli məktubda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yalnız yaşa və staja görə əvvəllər qüvəddə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 47800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 44251,16 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması uçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Həmçinin, iddiaçının müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 15.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı (30.09.1963-cü il təvəllüdlü) 27.04.1995-ci il tarixdən 27.06.1995-ci il tarixədək Azərbaycan DRES-nin 1 nömrəli Qazan-Turbin sexinə İV qrup (öyrənən) qazan avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 77 25.04.1995), 27.06.1995-ci il tarixdən İV qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində müstəqil işə buraxılmışdır (Əmr № 118/K 27.07.1995), 27.06.1995-ci il tarixdən hal-hazıradək həmin sexdə Vİ qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində işləyir. İddiaçı işlədiyi müddət ərzində 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların istismarı ilə məşğul olmuşdur. İş şəraitində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 27.04.1995-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən ona əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 27.04.1995-ci il tarixdən halhazıradək tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 24-cü bölməsinin “a” bəndinə uyğundur. "Azərbaycan İES” MMCdə zərərli iş stajı 25 il 04 ay 13 gün təşkil edir. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC"xxxx" MMC adlandırılmışdır. - Azərbaycan Respublikası “Mingəçevir "xxxx" ASC-nin 20.09.2020-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı (30.09.1963-cü il təvəllüdlü) həqiqətən 06.02.1984cü il tarixdə 32/k əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir. İddiaçı tam iş günü ərzində üzərinə düşən çətin qaynaq işlərini yerinə yetirmişdir. O, 21/k əmrlə 03.02.1989-cu ildə yenidən tərifləndirmə protokoluna əsasən 5-ci dərəcəli elektrik əl qaynaqçısı təyin olunmuşdur. O, həqiqətən dəmir, dəmir-beton konstruksiyaların quraşdırılmasında elektrik əl qaynaq işlərini tam ağır iş şəraitində yerinə yetirmişdir. İddiaçı 09 saylı əmrlə 18.04.1995-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan SSR Tikinti Nazirliyinin 164 saylı 13.04.1987-ci il tarixli sərəncamına əsasən 102 №li Tikinti İdarəsi -62 №li Tikinti İdarəsi və sonralar isə "xxxx" ASC olmuşdur. Onun 62 №li Tikinti İdarəsində zərərli iş stajı 11 il 2 ay 11 gün təşkil edir. Arayış "xxxx" ASC-nin saxlanılması əmr kitablarına və vətəndaşların kadr anketinə əsasən yazılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin 22.09.2020-ci il tarixli 288 saylı arayışından görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 15.11.1981-ci il tarixdən 04.11.1983-cü il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir (Əsas: Hərbi bilet NZ № 4462095). - İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1978-ci ildən 04.07.1981-ci ilədək 58 nömrəli X7 məktəbində təhsil almış, 20.04.1981-ci ildə Azərbaycan SSR MMP çarpayıların istehsalı üzrə Xosrov zavoduna 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 20.07.1981-ci ildə öz istəyi ilə işdən azad edilmiş, 15.11.1981-ci ildən 04.11.1983-cü ilə qədər Sovet ordusu sıralarında xidmət etmiş, 06.02.1984-cü ildə Mingəçevir şəhəri DSK-3, 102 №-li Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların təmiri üzrə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, Azərbaycan SSR Tikinti Nazirliyinin 30 saylı 16.01.87-ci il tarixli əmrinə əsasən Tİ-102 Azərbaycan SSR Tikinti Nazirliyinin 6 saylı trestinə verilmiş, Azərbaycan SSR Tikinti Nazirliyinin 164 saylı 13.04.87-ci il tarixli əmrinə əsasən Tİ-102-nun adı dəyişdirlərək Tİ-62 olmuş, 02.01.1989-cu ildə təkrar tarifləşdirmə protokoluna əsasən əl qaynağının 4-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, 01.11.1989-cu ildə protokola əsasən əl qaynağının 5-ci dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, 20.04.1995-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, 27.04.1995-ci ildə Azərbaycan DRES-də 1 №-li qazan-turbin sexinə İV qrup qazan avadanlıqları üzrə (öyrənən) nəzarətçi maşinist qəbul edilmiş, 27.06.1995-ci ildə qazan avadanlıqları üzrə nəzarətçi maşinist (Vİ qrup) vəzifəsində müstəqil işə buraxılmışdır, 25.04.2003-cü ildə Azərenerji ASC idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" "xxxx" MMC adlandırılmışdır, 05.01.2006-cı ildə Azərenerji ASC idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" MMC adlandırılmışdır, 03.07.2009-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir (21.07.2009-cu ildə "xxxx" MMC üzrə 143 saylı 03.07.2009-cu il tarixli əmrin 3-cü bəndi qüvvədən düşmüş hesab edildiyi üçün 15 nömrəli qeyd etibarsız sayılmışdır), hal-hazırda işləyir (15.09.2020-ci il). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmununa əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 25 ildən çox ümumi iş stajı olması və bundan 12 il 6 aydan çoxunun Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməsi müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. İddiaçı 01.09.1978-ci ildən 18.07.1981-ci ilədək Göyçay şəhəri 58 nömrəli X7 məktəbində təhsil almış, 15.11.1981-ci ildən 04.11.1983-cü ilədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 20.04.1981-ci ildə Azərbaycan SSR MMP çarpayıların istehsalı üzrə Xosrov zavoduna 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 20.06.1981-ci ildə öz istəyi ilə işdən azad edilmiş, 06.02.1984-cü ildə Mingəçevir şəhəri DSK-3, 102 №-li Tikinti İdarəsində Polad və dəmirbeton konstruksiyaların təmiri üzrə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 02.01.1989cu ildə təkrar tarifləşdirmə protokoluna əsasən əl qaynağının 4-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, 01.11.1989-cu ildə protokola əsasən əl qaynağının 5-ci dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, 20.04.1995-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, 27.04.1995-ci ildə Azərbaycan DRES-də 1 №-li qazan-turbin sexinə İV qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinist qəbul edilmiş, 27.06.1995-ci ildə Qazan avadanlıqları üzrə nəzarətçi maşinist Vİ qrup) vəzifəsində müstəqil işə buraxılmışdır və hal-hazıradək (15.09.2020-ci il) həmin sexdə Vİ qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində işləyir. Azərbaycan SSR Tikinti Nazirliyinin 164 saylı 13.04.1987-ci il tarixli sərəncamına əsasən 102 №li Tikinti İdarəsi -62 №li Tikinti İdarəsi və sonralar isə "xxxx" ASC olmuşdur. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmış, "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. Göründüyü kimi iddiaçının təhsil müddəti də daxil olmaqla onun 01.01.2006-cı ilə qədər ümumi iş stajı 25 ildən artıq olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarına əsasən iddiaçı 02.01.1989-cu ildən 20.04.1995-ci ilədək Mingəçevir şəhəri DSK-3, 103 №li Tikinti İdarəsində ("xxxx" ASC) əl ilə qaynaq aparan elektrik qaynaqçısı, 27.04.1995-ci ildən hal-hazıradək (15.09.2020-ci il) Azərbaycan DRES-də ("xxxx" MMC) qazan-turbin sexində qazan avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində işləmişdir (hər iki vəzifə üzrə cəmi 16 il 11 ay 24 gün). İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (Xİİİ Bölmə - Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, a) fəhlələr, kod 2140000a—13929, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər, XXXİİİ Bölmə - Ümumi peşələr, kod 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (24-cü Bölmə - Elektrikstansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, a) fəhlələr, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər, 35-ci Bölmə - 35. Ümumi peşələr, əl ilə qaynaq aparan elektrik qaynaqçıları) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. İş materiallarının 20-21-ci səhifələrində olan həmin arayışlarda iddiaçının 06 fevral 1984-cü il tarixdən 18 aprel 1995-ci il tarixədək "xxxx" ASC-də dəmir beton konstruksiyalarının quraşdırılmasında elektrik əl qaynaqçısı peşəsində 11 il 2 ay 11 gün, Azərbaycan DRESdə (indiki "xxxx" MMC) qazan avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində 25 il 4 ay 13 gün işləməsi faktları təsdiq olunmaqla bərabər, işlədiyi peşələrin işin xarakteri haqqında məlumatlar öz əksini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının əmək kitabçasında 07.02.1984-20.04.1995-ci il tarixləri arasındakı dövrlərlə əlaqədar qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələrin olması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin dövrlərlə əlaqədar iddiaçının iş yeri olan "xxxx" ASC-nin 20.09.2020-ci il tarixli güzəştli arayışı məhkəməyə təqdim edilmişdir və həmin arayışla işəgötürən iddiaçının qeyd olunan dövrlərdəki iş yerləri, vəzifələri və iş stajını təsdiq etmişdir. Həmin arayış əmr kitablarına və kadr anketinə əsasən yazılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və iş yerindən müvafiq arayışlarla öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Apellyasiya şikayətinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi və güzəştli stajı 2006-cı ilin yanvarın 1-dək qazanıldığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin az olması iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, yuxarıda göstəilən şərtlər mövcud olduğu halda güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalının məbləği qanunla tələb olunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5284/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar