Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-587/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (üçüncü şəxs X7) “mənzillə təmin olunma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(103)- 4516/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və şəhid ailəsi olaraq evlə təmin olunmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X7 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən iddiaçıların tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə fərqli tələblə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün mənzillə təmin edilməsi barədə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(103)-4516/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qismən təmin edilmiş, üçüncü şəxs X2 iddiası qismən təmin edilmiş, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və üçüncü şəxs X2 yaşayış sahəsinin ayrılma norması nəzərə alınmaqla vahid (bir) mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (Agentlik) publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığa götürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Sabunçu Rayon icra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 11 fevral 2021-ci il tarixindən 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və övladı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən şəhid X3 atası - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində 11 fevral 2021-ci il tarixindən 3 nəfər (özü, həyat yoldaşı və oğlu Rəsul) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış İddiaçı1 mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən 26 may 2012-ci il tarixində etibarnamə əsasında İddiaçı1 verilən və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən torpaq sahəsində inşa edilmiş 3 fərdi yaşayış evinin mövcud olduğu aşkar edilmişdir. Habelə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 29 avqust 2022-ci il tarixli **********65 nömrəli məktubunda Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov küçəsində ümumi sahəsi 118.6 kvadratmetr, yaşayış sahəsi 75.6 kvadratmetr təşkil edən 69 nömrəli fərdi yaşayış evinin 1/6 hissəsinin İddiaçı1, 1/6 hissəsisinin İddiaçı1 həyat yoldaşı İddiaçı2 mülkiyyətində olduğu qeyd edilmişdir. Bu səbəbdən vətəndaşın Nazirlik tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, şəhidin həyat yoldaşı - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətində 16 yanvar 2021-ci il tarixindən 1 nəfər (özü) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış X2 mənzillə təmin olunması üçün təqdim edilmiş sənədlərə baxılarkən ünvan 1 ünvanındakı fərdi yaşayış evinin 4/6 hissəsinin ona məxsus olduğu aşkar edilmişdir. Adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə Nazirlik tərəfindən sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq qismən təmin edilmişdir. Eyni zamanda həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın dəyişdirilərək fərdi (ayrıca) mənzil ilə təmin olunma barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi işə baxarkən ciddi araşdırma aparmamışdır. Belə ki, onun həyat yoldaşı X8 2020-ci ildə hərbi əməliyyatlar nəticəsində şəhid olduqdan sonra onun valideynləri, yəni qayınatası İddiaçı1 və qayınanası İddiaçı2 şiddət və məcburetmələri nəticəsində evdən qovulmuşdur. Şəhidin həyat yoldaşı olduğuna baxmayaraq, onunla əlaqəni kəsiblər və heç bir ünsiyyətləri hal-hazırda da yoxdur. Məhkəmə qərar qəbul edərkən onun qayınanasıgil ilə heç bir bağlılıqlarının olmadığını, birgə mənzildə yaşaya bilməyəcəyini, birgə təsərrüfat aparmalarının mümkünsüzlüyünü nəzərə almamışdır. Belə ki, həyat yoldaşı X8 şəhid olduğu gündən onu - gəlinlərini evdən qovan insanlar ilə onun necə yaşayacağı və bu evdən də qovulmağı an məsələsidir. Bunları nəzərə alaraq hesab edir ki, onun hüquqları birgə mənzil verilməsi hissəsində ciddi şəkildə pozulmuşdur. Onun hər hansı bir yaşayış yerinin olmadığı, iddiaçıların isə 3 fərdi evinin olduğu faktı məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Hazırda özünə məxsus heç bir yaşayış yeri yoxdur. Müvvəqəti olaraq ünvan 2 ünvanında yaşayır. Müvəqqəti yaşadığı hərbi şəhərçikdəki evdən hər an çıxardıla bilər. Müvvəqəti yaşadığı hərbi şəhərçikdəki evdən çıxarıldığı zaman harada və necə yaşayacağını bilmir. Cavabdeh ilə birgə yaşamaları mümkünsüz olduğundan çarəsiz bir duruma düşmüşdür və nə edəcəyini bilmir. İddiaçı qohumları qayınatası və qayınanası dəfələrlə ona hörmətsizlik etmişlər, ona bərpaolunmaz mənəvi zərbə vurmuşlar, şəhid yoldaşının ruhuna hörmətsizlik edərək onun əmanəti olan həyat yoldaşını evdən qovmuşlar. Onun hal-hazırda yaşamağa yeri yoxdur, Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin Subanı 1 hərbi şəhərciyində müvəqqəti məskunlaşaraq yaşayır. Mənzillə təmin olunmadıqdan sonra nəzərə alınmalıdır ki, Şəhidin həyat yoldaşı olaraq onun yaşayış yerinin olmadığı, kirayə haqqı ödəmək imkanının olmadığı, əmlak almaq imkanının olma ehtimalının sıfıra bərabər olması onu çox çarəsiz duruma düşürmüşdür. Məhkəmə baxışı zamanı iddiaçıların - qayınatası və qayınanasının imkanlı bir şəxs olduğu, tərəfin mənzilə ehtiyacı olmadığı üçün ona imtina verildiyi, 3 fərdi yaşayış evinin olduğu diqqətə alınmamışdır. Onun ayrıca mənzil ilə təmin olunmadığı üçün hüquqları ciddi şəkildə pozulur. Onun da mənzil almaq haqqı vardır. Qayınatası və qayınanası ilə onlar istəmədikləri üçün birgə yaşamağı mümkünsüzdür. Vahid evi aldıqdan sonra onu həmin evə buraxmayacaqlarını qeyd etmək istərdi. Belə olan halda Şəhid həyat yoldaşı kimi harada yaşayacağını bilmir. Məhkəmə tərəfindən onun ayrıca mənzil ilə təmin olunması üçün ciddi əsaslar olduğu nəzərə alınmamış, yaşayış yerinin olmadığı, şəhidin həyat yoldaşına olan hörmətsizliklər və hüquqların pozulması halları hərtərəfli araşdırılmalıdır. Hesab edir ki, məhkəmə aktı ilə onun pozulmuş hüquqları bərpa olunmalıdır. Onun ayrıca mənzil ilə təmin olunması üçün heç bir maneə olmadığından birgə mənzil ilə təmin olunma qərarı qanunsuzdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin onlara aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər iki apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021- 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş məktubda iddiaçının 11 fevral 2021-cı il tarixindən 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və övladı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində mənzillə təmin olunmağı üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etdiyi sənədlərə baxılarkən 26 may 2012-ci il tarixində etibarnamə əsasında ona verilən və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ünvanında yerləşən torpaq sahəsində 3 fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmişdir. Adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməyi mövcud qanunvericiliyə uyğun deyildir. İş materiallarında olan cavabdeh tərəfindən üçüncü şəxsə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş 2020-2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin mənzil növbəliliyi siayhısında onun 16 yanvar 2021-ci il tarixdən 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındığı qeyd edilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın icrası çərçivəsində mənzillə təmin olunması üçün təqdim edilmiş sənədlərə baxılarkən mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov küçəsində ümumi sahəsi 118,6 kvadrat metr təşkil edən 69 nömrəli fərdi yaşayış evinin 4/6 hissəsinin ona məxsus olduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən, adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. İş materiallarında olan İmişli regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 023539 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növü ilə törədilmiş zədələnmələr, aşağı boş venanın travması səbəbi ilə Füzuli rayonunda ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən gizir X8 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. Məktuba əlavə edilmiş siyahıdan çıxarışdan görünür ki, kəşfiyyatçı X8 xx.xx.2020-ci il tarixdə 16:00 radələrində Fizuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 37 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu - Rəsul) olmaqla imtiyazlı əsaslarla (“şəhid ailəsi” kimi) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmiş və İddiaçı1 mənzil növbəsi imtiyazlı əsaslarla olan (şəhid ailəsi) siyahıya əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilmişlər və onlar barədə məlumat ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edilmişdir. İş materiallarında olan 4 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 051548 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci ildə doğulmuş X8 və xx.xx.1991-ci ildə doğulmuş X6 xx.xx.2017-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan ******* nömrəli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının 09 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən X7 şəhid ailəsi kimi 1 nəfər ailə tərkibi ilə (özü) mənzil növbəsinə qəbul edilmiş və bununla bağlı məlumat ƏƏSMN-nin «mənzil növbəsi» altsisteminə yerləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 09 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X7 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə qəbul edilmiş və yaşayış yeri üzrə şəhid ailələrinin mənzil növbəlilik siyahısına daxil edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nöməli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. Həmin Sərəncamın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Göründüyü kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı xüsusi səbəblə əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. İşin faktiki hallarından görünür ki, X8 xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur, İddiaçı1, İddiaçı2 və X7 şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsinə qəbul edilmişlər, həmin sərəncam hazırda qüvvədədir, ləğv edilməmiş, mübahisələndirilməmişdir. Buna görə də həm iddiaçılar, həm də üçüncü şəxs şəhid X3 ailə üzvləri kimi mənzillə təmin edilmək istəyirlər. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi, şəhid ailələrinin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. İddiaçılar və üçüncü şəxs 2021-ci ildə şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışlar və bu barədə məlumat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Yuxarıda istinad olunan normalara əsasən həmin şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi üçün bütün şərtlər mövcuddur. Cavabdeh iddiaçılar və üçüncü şəxs tərəfindən edilən müraciətləri təmin etməkdən imtina edərkən həmin şəxslərin mülkiyyətində yaşayış sahəsi olmasına istinad etmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçıların və üçüncü şəxsin adına hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıların və üçüncü şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi güzəştli mənzil növbəsinə qəbul edilməsi barədə sərəncamlar ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçılar və üçüncü şəxs onlara münasibətdə əlverişli xarakter daşıyan sərəncamlara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. Öz növbəsində iddiaçıların və üçüncü şəxsin güzəştli mənzil növbəsindən çıxarılması barədə hər hansı bir qərar qəbul edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, iddiaçılar və üçüncü şəxs mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olan hesab olunurlar və onlar sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilmələrini tələb etmək hüququndan məhrum olunmamalıdırlar. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası qanununun 4-cü maddəsinin tələblərindən də göründüyü kimi, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçılar və üçüncü şəxsin ayrılıqda mənzillə təmin edilməsi məsələsinə münasibətdə cavabdehin dəlili əsaslıdır. Belə ki, qanunverici şəhid ailəsinin vahid bir subyekt kimi mənzillə təmin edilməsini nəzərdə tutumuşdur. Bu zaman ailənin mənzillə təmin edilməsi şəxsin şəhid olması faktından irəli gəlir və məqsəd şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasından sonra onun ailəsinin maddi təminatının yaxşılaşdırılmasıdır. Lakin bu təminat sosial ədalət prinsipinə uyğun olmalı, digər şəxslərin hüquqlarını məhdudlaşdırmamaqla dövlət və ictimai marağa zidd olmamalıdır. Yəni şəhid ailəsinin mənzillə təmin olunması hər bir ailə üzvünün ayrılıqda mənzillə təmin olunmasını ehtiva etmir. Mövcud qanunvericiliyin bu sahədəki yeganə tələbi yaşayış sahəsinin ayrılma normasının 16 kvadratmetr olmasıdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 04 aprel 2023cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq imtiyazlı şəxslərə verilmiş dövlət mənzil fondunun yaşayış sahəsi vətəndaşın digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur, Nazirlik tərəfindən bir şəhidin ailə üzvlərinin sayından asılı olaraq ayrı-ayrı mənzillər verilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıların və üçüncü şəxsin şəhid ailəsi kimi mənzillə təmin edilmə barədə hüququ qəbul edilsə də, onların ayrılıqda deyil, bir mənzillə təmin edilməsi mümkündür. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-4516/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-587/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-587/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver