Məhkəmə qərarları › İş №2-1(103)-588/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-588/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-588/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi, yaşayış sahəsi ilə təmin olunanadək ona kirayə haqqı ödənilməsi”nə dair iddia tələbi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81) 3777/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-3777/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə ddiaçı İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi, yaşayış sahəsi ilə təmin olunanadək ona kirayə haqqı ödənilməsi”nə dair iddia tələbi təmin edilməmişdir. İddiacı apelyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmiş və apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə maddi hüququn təfsiri və tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.7-ci bəndinə istinadla hesab etmişdir ki, iddiaçı «yaşa, xəstəliyə, şataların ixtsarına, ailə vəziyyətinə görə» deyil, öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıldığına görə, iddia tələbində qoyulan hüquqa malik deyildir. Hesab edirik ki, məhkəmə Qanunun 12-ci maddəsinin məzmunu və məqsədini yanlış təfsir edərək, həmin maddənin digər müddəalarından ayrı kontekstdə nəzərdən keçirdiyindən hüququn təfsirində belə yanlışlığa yol vermişdir. Belə ki, Hərbi qulluqçsuların statusu haqqında AR Qanunun 12-ci maddəsində hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ nəzərdə tutulmuşdur. “Hərbi qulluqçuların statusu“ haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Göründüyü kimi, “Hərbi qulluqçuların statusu“ haqqında Azərbaycan Respublikasının Qanunun 12.2-ci maddədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçunun hüquqları nəzərdə tutulmuşdur. Həmin Qanunu 12-ci maddəsinin sonrakı bəndlərində ayrı-ayrı kateqoriyadan olan hərbi qulluqçuların hüquqları nəzərdə tutulur ki, bu müddəalarda bəzi kateqoriya hərbi qulluqçuların ilk növbədə, təxirə salınmadan, 6 ay müddətində və s. şərtlərlə mənzil və ya yaşayış yeri hüququndan istifadəsi nəzərdə tutulur. Beləliklə, Qanunun 12.2.-ci maddəsi ilə 12.7-ci maddəsində yarı-ayrı kateqoriya hərbi qulluqçuların hüquqları nəzərdə tutulduğundan, iddia tələbinin təmin olunmasında Qanunun 12.7-ci maddəsinin məhdudiyyət yaratmadığı nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaсında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mənzil növbəsinə götürülməsi və mənzil kirayə haqqının ödənilməsinə dair ərizə ilə cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu iddiaçının öz arzusu ilə ehtiyata buraxılmasını əsas gətirərək müraciətin tımin olunmasından imtina etmişdir. Cavabdehin qeyd olunan imtinasından sonra İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçu kimi onun ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək ona kirayə haqqı ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ilin iyul ayında BABKM-a qəbul olmuş, 2000-ci ilin iyun ayında BABKM-da təhsilini başa vurmuşdur. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyində leytenant rütbəsində xidmətə qəbul olmuşdur. 2013-cu ilin fevral ayının 2-nə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmətdə olmuşdur. 2019-cu ilin fevral ayının 2-də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) polkovnik-leytenant rütbəsindən ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 20 təqvim ilindən çox hərbi xidmət illəri olduğuna görə pensiya alır. Hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatındadır. Xidməti dövr ərzində evlə (mənzillə) təmin edilməmiş, evi olmadığına görə hal-hazırda Suraxanaı rayonu, A.Rzayev küçəsi, ev 210, mənzil 26-da kirayədə yaşayır. Bakı şəhəri, Binəqədi rayonu, Natəvan küçəsi, 1 H/hissədə qeydiyyatdadır. Qeyd olunan qanunu rəhbər tutaraq xx.xx.2019-cu il tarixdə ehtiyatda olan hərbiçi kimi mənzil növbəsinə dayanması üçün daimi qeydiyaytda olduğu Binəqədi rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.2019-cu il tarixli 02/09-11-11/S-52/2-068/2-t/1 saylı məktub ilə müraciətinə cavab olaraq bildirmişdir ki, “Hərbi qulluqcuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. Lakin, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) əsasən ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətinin müsbət həlli mümkün olmamışdır. Mübahisə birinci instansiya mhkməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ehtiyata yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə deyil, öz arzusu ilə ehtiyata buraxıldığından qanunvericilikdə nəzərdə tutulan güzəştlər ona şamil edilməməlidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının cavbdehə qarşı iki tələbi vardır: - mənzil növbəsinə götürülmə, - yaşayış sahəsi ilə təmin olunanadək ona kirayə haqqı ödənilməsi Birinci tələb üzrə düzgün nəticəyə gəlmədiyinə, ikinci tələb isə əsaslandırılmadığından Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. İş materiallarından müəyyən olunur ki, iddiaçı 15 ildın artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 3671 nömrəli arayışdan görünür ki, Səmədov X4 Nazirliyində xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, kirayəyə verən X3 ünvan 1 mənzil 26 ünvanında yerləşən ümumi sahəsi 36 kv.m olan mənzili aylıq 450 manat kirayə haqqı müqabilində İddiaçı kirayəyə vermişdir. İddiacıya aid EZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Səfərərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.2019-cu ildə Müdafiə nazirinin xx.xx.2018ci il, 0823 № li tarixli əmri ilə 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. 20 təqvim ilindən çox qüsursuz hərbi xidmət illəri mövcudur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestrindən” **********95 nömrəli, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı adına Bakı şəhər inzibati ərazi vahidi üzrə onun adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi iddiaçıya münasibətdə bu şərtlər ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh iddiaçının mənzillə növbəsinə götürülməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən Kollegiya iddiaçının mənzil növbəsinə götürülməsinə dair hissədə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlir. İddiacının digər, yəni, yaşayış sahəsi ilə təmin olunanadək ona cavabdeh tərəfindən kirayə haqqı ödənilməsi tələbi isə əsassız olduğundan təmin oluna bilməz. Belə ki, ehtiyata və istefaya buraxılmış vətəndaşların mənzil xərclərinin ödənilməsi “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nizama salınır ki, həmin qərarda 15 təqvim ili və ya daha cox xidmət etmiş şəxslərin müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın tam rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiacı İddiaçı oölunun apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-3777/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiacı İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi ehtiyata buraxılmış zabitlərin mənzil növbəsinə götürülməsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsliilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar