Məhkəmə qərarları › İş №2-1(103)-588/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-588/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-588/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7863/2021 saylı, 08.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 4 mart 1992-ci il tarixdən 6 yanvar 2016-cı il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə 23 il 10 ay 02 gün müddətində qulluq etmiş, bundan əlavə 2 il müddətində 20.05.1979-28.05.1981-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmiş, ayrıayrı idarə, müəssisə və təşkilatlarda 10 il 4 ay 3 gün iş stajına da malikdir. Habelə, 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək 3 il 9 ay müddətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir və «Qarabağ müharibəsi» veteranıdır. Beləliklə, onun əmək kitabçası üzrə prokurorluq orqanlarında xidmət etdiyi 23 il 10 ay 2 gün və müddətli həqiqi xərbi xidmət dövrü də daxil olmaqla 36 il 2 ay 5 gün ümumi iş stajı vardır. Ümumi iş stajı olmaqla yanaşı, prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranmasına əsas verən 60 yaşı da 4 may 2020-ci il tarixdə tamam olmuşdur. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu «Əmək pensiyaları haqqında» Qanununun 9.4.2-ci maddəsinə istinad edərək, qeyd olunan maddədə nəzərdə tutulmuş bərabər hüquqlu güzəştli şərtlərin bir-birindən “vergül” durğu işarəsi ilə ayrılmasına, eləcə də 9.4-cü maddənin mətninin sonunda qoyulmuş “qoşa nöqtə” işarəsinə əhəmiyyət vermədən, onun prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, digər əsaslarla xitam verilməsini və bu səbəbdən prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmamasını göstərməklə, **********5 nömrəli 15 mart 2021ci il tarixli cavab məktubu ilə pensiya təyin edilməsindən əsassız olaraq imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7863/2021 saylı, 08.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “... Qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tədqiq olunmuş faktlar və sübutlarla yox, mübahisə ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun iddia tələbinə münasibətdə tətbiq edilməli olan 9.4.2-ci maddəsinin müddəalarını 9.4-cü maddənin normativ göstərişlərini nəzərə almadan səhv təfsir etməsi nəticəsində onda yaranmış daxili inamla əsaslandırmışdır. Qanunun 9.4.2-ci maddəsinin mətnində bir-birindən vergül durğu işarəsi ilə ayrılan yaşa görə prokurorluq orqanlarında qulluğuqna xitam verilmiş, 35 il və daha çox ümumi sttajı olan”, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri” kimi nəzərdə tutulmuş üç əsas güzəştli şərtin hər biri ayrılıqda 9.4-cü maddənin istisna barədə “qoşa nöqtə” işarəsi qoyulmaqla tamamlanan normativ göstərişinə bilavasitə tabe etdirilmişdir. Bu da onu göstərir ki, prokurorluq işçilərinin qulluğuna digər əsaslarla xitam verildiyi hallarda belə, Qanunun 9.4-cü maddəsində göstərilən istisna halı olmadıqa 9.4.2-ci maddədə nəzərdə tutulan yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş” şərti ilə bərabərhüquqlu olan və birbirindən vergüllə ayrılan sonuncu iki şərtin ödənilməsi prokurorluq işçilərinə prokurorluq orqanlarında qulluğuna xitam verilməsinin səbəb və əsaslarından asılı olmayaraq, yaşa görə güzəştli şərtlərlə əmək pensiyaysı təyin edilməsi imkanını özündə ehtiva edir. Bununla belə mövcud qanunvericiliklə prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, digər əsaslarda xitam verilmiş prokurorluq işçilərinə 60 yaşında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini şadağan edən hər hansı bir norma və müddəa nəzərədə tutulmamış, hər hansı qayda və şərtlər də müəyyən edilməmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.2-ci maddəsinə maddəsinə əsasən prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Məhkəmənin mövqeyindən çıxış etdikdə məlum olur ki, Qanunu həmin maddəsi ilə müəyyən edilmiş qulluqda olmanın yaş həddinə çatmadıqda, habelə, prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, həmin Qanunun 29-cu maddəsində prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, həmin Qanunun 29-cu maddəsində prokurorluq orqanlarında qulluq keçməyə xitam verilmə əsasları kimi nəzərdə tutulmuş “öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə” (m.29.2.5) və s. əsaslarla qulluğuna xitam verildikdə belə, prokurorluq orqanlarında xidmət müddətindən , habelə, “Əmək pensiyaları haqqında” Qanunun 9.4 və 9.4.2-ci maddələri ilə müəyyən olunmuş qayda və şərtlərdən asılı olmayaraq yaşa görə əmək pensiyası hüququ yaranmır. Görünür məhkəmə nəzərə almamışdır ki, “Dövlət qqulluğu haqqında” Qanundan fərqli olaraq “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 29-cu maddəsində prokurorluq orqanlarında qulluqda olmanın yaş həddinə çatmaq qulluğa xitam verilmənin əsasları kimi nəzərdə tutulmamışır. Qeyd olunanlar onu deməyə əsas verir ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsindən və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü və 9.4.2-ci maddələrinə istinadən hesab edir ki, onun prkurorluq orqanlarının əməkdaşı kimi onun güzəştli şərtlərlə yaşa görə əmək pensiayası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən isə prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Konkret halda iddiaçı, onun 35 il prokurorluq orqanlarında qulluğu mövcud olmadığından, Qanunun 9.4.1-ci maddəsində göstərilən əsasla deyil, 9.4 və 9.4.2-ci maddələrində göstərilən əsasdan çıxış edərək hesab edir ki, onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Lakin həmin əsasla iddiaçının pensiya hüququnun yarandığı öz təsdiqini tapmır. Belə ki, Qanunun 9.4 və 9.4.2-ci maddələrində əsasən prokurorluq orqanlarında qulluq etmiş (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) şəxslərin yaşa görə əmək pensiyası hüququ - aşağıdakı üç şərtin vəhdət halında mövcud olduğu halda yaranır:

1. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş;

2. 35 il və daha çox ümumi iş stajı olan;

3. bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş – prokurorluq işçiləri Qanunun tələbindən göründüyü kimi, qeyd olunan üç şərtin yerinə yetirildiyi təqdirdə yalnız, iddiaçının prokurorluq işçisi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmış olur. Lakin konkret halda, iddiaçı tərəfindən qanunun qeyd olunan 2-ci və 3-cü şərti yerinə yetirilsə də, 1-ci şərt, yəni, yaşa görə “prokurorluq orqanlarında qulluğuna xitam verilməsi” öz təsdiqini tapmır. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.2-ci maddəsinə görə prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. İddiaçının iş materiallarında olan ******* No-li əmək kitabçasının 11-ci vərəqindən görünür ki, o, “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci abzasına və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinin tələbləri əsas tutularaq prokurorluq orqanlarından xaric edilmişdir. “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci abzasına əsasən Xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu X2 Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçisinin barəsində vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər, həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, prokurorluq orqanlarında işə təyin edilir) intizam tənbehi tətbiq oluna bilər. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən də həmçinin, xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu X2 Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçisinin barəsində prokurorluq orqanlarından xaric etmə intizam tənbehi tətbiq oluna bilər. Göründüyü kimi, iddiaçı prokurorluq orqanlarından tamamilə başqa əsasla - xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu X2 Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə, intizam tənbehi qaydasında, prokurorluq orqanlarından xaric edilmişdir. Lakin iddiaçı onun intizam tənbehi qaydasında prokurorluq orqanlarından xaric edilməsini, faktiki olaraq, yaşa görə prokurorluq orqanlarından azad edilmə ilə eyniləşdirir və ona bərabər tutur. Ümumiyyətlə, iddiaçının apellyasiya şikayətinin qeyd olunan məzmunundan da aydın görünür ki, onun tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsi düzgün təfsir olunmur. Qanunun qeyd olunan 9.4.2-ci maddələrindən irəli gələn mənası isə çox sadə və anlaşılandır. Yəni, burada qanunverici həmin güzəşti o prokurorluq işçisinə münasibətdə nəzərdə tutur və onu həvəsləndirir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.2-ci maddəsində nəzərdə tutulan 60 yaş həddinə çatanadək prokurorluq orqanlarında çalışmış olsun və həmin yaş həddinə çatması ilə əlaqədar da onun qulluğunua xitam verilmiş olsun. Bəli, onun oz arzusu ilə də həmin yaş həddinə çatması ilə əlaqədar sözügedən Qanunun 29.2.5-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilə bilər. Eyni zamanda, qeyd olunmalıdır ki, Qanunun 32.2-ci maddəsinin tələbi nəzərə alınmaqla, prokurorluğun öz təşəbbüsü ilə belə, prokuorluq işçisinin qulluqdan azad edilməsini qadağanedici norma da mövcud deyil. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində “azərbaycan dili”nin qramatikasına və “Prokurorluq haqqında” Qanunun 32.2-ci və 29-cu maddələrinə istinadən, özünəməxsus şəkildə “Əmək pensiyaları haqqında” Qanunun 9.4 və 9.4.2-ci maddələrinin birinci instansiya məhkəməsi tərəfindən qərarda düzgün təfsir olunmadığını mübahisələndirən dəlilləri ilə razılaşmayaraq hesab edir ki, qərar işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. Beləliklə də, iddiaçının tələbində haqlı olmasının faktiki şərtlərinin mövcudluğu sübuta yetirilmir (İPM m.14.3). Belə olan halda, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunması onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz onu nəzərdə tutur ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda, öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozmuş olsun. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7863/2021 saylı, 08.10.2021-ci il tarixli qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7863/2021 saylı, 08.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar