Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-588/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-6540/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki yaşayış sahəsində qeydiyyatdadır və faktiki yaşayır. Mənzil sahəsi onun X5 işlədiyi müddətdə istifadəsinə verilmişdir. Məhkəmə qətnaməsi əsasında o, mənzil sahəsinə qeydiyyata alınmışdır. İddiaçı yaşayış sahəsinə münasibətdə kirayə müqaviləsinin bağlanılması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya münasibətin (etirazın) surətindən görünür ki, cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. İddiaçı “Azərneftyağ” NEZ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli HİK-232355 saylı məktuba əsasən ona müvəqqəti ayrılmış mənzilin kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına sərəncam verilməsi xahiş etmişdir. Halduki, iddiaçı əmək münasibətlərin kəsildiyi halda mənzilin dövlətə qaytarılmalı olmasını nəzərdə almamışdır. Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-6540/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə Bakı şəhəri, A.Novruzov küçəsi, 2 saylı evin 3 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanılması öhdəliyinin Bakı Şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərneftyağ” NEZ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli HİK-23/2355 saylı məktuba əsasən mənzil iddiaçıya müvəqqəti ayrılmış və eyni zamanda həmin zavodla əmək münasibətlərinin kəsildiyi halda mənzilin dövlətə qaytarılmağı qeyd edilmişdir. Mübahisənin mahiyyətinə aid cavabdehin irəli sürdüyü dəlillərin müzakirə edilməməsi, eləcə də onların qiymətləndirilməməsi və məhkəmə qərarında əks olunmaması həmin qərarın çəkişmə prinsipinin pozulması ilə çıxarıldığına dəlalət edir. Belə qərar isə ədalət məhkəməsinin qanununa uyğun akt kimi qəbul oluna bilməz. Belə hüquqi dəyərləndirmənin nəticəsi olaraq mümkün sayılan tələbə baxılmalı, digər hissələrdə isə iddia mümkün sayılmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki iddiaçı xx.xx.1975-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Adıçəkilən mənzil “Azərneftyağ” NEZ-in balansında olmuş, həmin mənzil xx.xx.2004-cü il tarixdə iddiaçının müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” X8 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli HİK-23/2355 saylı məktuba əsaslanaraq onunla kirayə müqaviləsinin bağlanılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının “Azərneftyağ” X8 ilə aralarında bağlanılmış əmək müqaviləsinə xitam verildiyinə istinad edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009- cu il tarixədək qüvvədə olan): 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. 35-ci maddəsinə əsasən vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məhkum edildikdə. Uçotdan çıxarmanı vətəndaşları uçota götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər.Qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir. 36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: -yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində—müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən; -iş yerində uçota götürülmüş vətəndaşlar barəsində,—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. Birinci növbədə və növbədənkənar yaşayış sahəsi almaq hüququ olan vətəndaşlar ayrıca siyahılara daxil edilirlər. Yaşayış sahəsi almaq üçün növbəlilik əmək intizamını qəsdən pozan şəxs barəsində, sərxoşluğa və ya xuliqanlığa görə dəfələrlə inzibati tənbeh yaxud ictimai təsir tədbirləri görülmüş vətəndaş barəsində, habelə törətdiyi cinayətə görə məhkum edilmiş şəxs barəsində, əkər bununla əlaqədar olaraq bu Məcəllənin 35-ci maddəsinin 5-ci bəndinə uyğun surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmamalıdırsa, daha sonrakı müddətlərə keçirilə bilər. 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. (1-ci hissə) 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 17.3.1.-ci mаddəsinə əsаsən- sоsiаl təyinаtlı mənzil fоndu- dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. 17.4-cü mаddəsinə əsasən mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. 18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; İnzibati orqan tərəfindən qаnunvеricilik ilə müəyyən еdilmiş dövlət mənzil fоndunа dаir nəzаrəti həyаtа kеçirmək vəzifəsi yеrinə yеtirilməmiş, iddiaçının yaşadığı mənzil dövlət nəzаrətindən kənаrdа qаlmışdır, belə ki, həmin mənzilin kirayəçisinin mənzildən istifadə etməsinə baxmayaraq yeni kirayə müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquq münasibətləri qüvvədə olan qanunvericilik dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi əsaslarını, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasını, o cümlədən vətəndaşların uçotdan çıxarılması əsaslarını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi iddiaçıya onun “Azərneftyağ” X5 işlədiyi müddətdə verilmişdir. Doğrudur ki,“Azərneftyağ” X6 xx.xx.2004-cü il tarixli məktubunda İddiaçı zavodla əmək münasibəti kəsildiyi halda mənzili zavoda təhvil verilməsi ilə bağlı məlumat qeyd olunmuşdur. Buna baxmayaraq, iddiaçının əmək müqaviləsinə xitam verilməsi hazırki iddia tələbinin təminini istisna edən hal kimi qiymətləndirilmir. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Heydər Əliyev adına X6 (“Azərneftyağ X8”nun hüquqi varisi) əmri ilə xitam verilmiş, bundan sonra onunla yenidən əmək müqaviləsi bağlanılmış və o, Heydər Əliyev adına X6 “Socar Downstream managemnet” əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi vaxtı ilə yaşayış sahəsinin iddiaçıya verilməsi, onun hazırda əmək fəaliyyəti icra etdiyi iş yeri ilə eynilik təşkil edir. Başqa sözlə desək, iddiaçı həm hazırki dövrdə, həmçinin də yaşayış yeri ayrıldığı dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəznində olan X5 əmək fəaliyyətini icra etmişdir. Belə olan halda, iddiaçı hazırki vaxtda eyni müəssisədə əmək fəaliyyətini icra etdiyindən cavabdehin imtina əsası kimi göstərdiyi bu dəlil iddianın təmini istisna edən hal kimi qiymətləndirilmir. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzilin balansaxlayıcısı 101 saylı Mənzil Kommunal İstismar Sahəsi Forma 2 arayışı təqdim edərək, Bakı şəhəri, A.Novruzov küçəsindəki 2 №-li evin 2 mərtəbəli evin 1-ci mərtəbəsində 16 kv.m sahəsi olan 1 otaqlı 3 №-li mənzilin dövlət balansında olmasını, həmin mənzildə iddiaçıdan savayi, onun qızı X1 qeydiyyatda olmasını bildirmişdir. Göründüyü kimi iddiaçının ailə üzvündən başqa hər hansı digər şəxsin yaşayış sahəsində qeydiyyatda olması müşahidə olunmur. Hazırki mübahisə üzrə iddiaçının övladı olan X2 yetkinlik yaşına çatmayan fiziki şəxs olduğundan, onun kirayə müqaviləsinin iddiaçı ilə bağlanılmasına münasibət bildirilməsinə zərurət olmamışdır. İddiaçı mübahisə predmeti olan mənzildə uzun illərdir ki, faktiki yaşadığından və daimi qeydiyyatda olduğundan, həmçinin həmin mənzildə qeydiyyatda başqa şəxslər olmadığından, başqa sözlə şəxsin mənzilə hüququnun tanınması digər şəxslərin maraq və manefərinə toxunmadığından mənzilin balans saxlayıcısı olan orqandan onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-6540/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-588/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-588/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver