Məhkəmə qərarları › İş №2-1(103)-589/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-589/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-589/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin X3 üzrə Mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3254/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki: X3 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli qanunu ilə xx xxx 2002-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin qanunun tələblərinə uyğun olaraq yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx xxx 2002ci tarixində təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “X1 haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1961-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 14 iyul 1993-cü il tarixinədək istehsalatın müxtəlif sahələrində çalışmış, xx xxxx 1993-cü il tarixdən xx xxxxxxxx 2006-cı il tarixinədək “Bulla-Dəniz” NQÇİ-də elektrikqaz qaynaqçısı vəzifəsinə və xx xxxxxxxx 2006-cı il tarixdən xx xxx 2009cu il tarixinədək “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərə yaşa görə əmək pensiyası ona 57 yaşı tamam olduğu 01 may 2002-ci il tarixdən təyin olunmuşdur. Lakin aylıq pensiya haqqının məbləğində sonrakı artımlar həmin qanunun tələblərinə müvafiq surətdə nəzərə alınmamışdır. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququn yarandığı vaxtdan, yəni ona pensiya təyin edildikdən sonrakı dövrdə çalışdığı peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqlarındakı artımlar barədə məlumat əldə edilməsi məqsədilə “Azneft” İB-nə müraciətinə cavab olaraq verilmiş SOCAR **********30490075X00001 saylı 07 oktyabr tarixli arayışda sonuncu illər üzrə artımlar öz əksini tapmışdır. Hamin arayışa əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan digər işçilərin, yəni “elektrik qaz qaynaqçı”larının orta aylıq əmək haqqı 2015-ci ildə 902,85 manat, 2016-cı ildə 1054,02 manat, 2017-ci ildə 1042,48 manat, 2018-ci ildə isə 1099,04 manat təşkil etmişdir. İddiaçı xx xxx 2002-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləği “X1 haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli qanununun tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 90%-i miqdarında müəyyən edilmişdir. Hazırda aylıq pensiya haqqı 403 manat təşkil edir. Bu isə sözügedən qanunun tələblərinə uyğun deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3254/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3254/2020 saylı qərarının ləğv edilməsini, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası “X1” haqqında qanunun qüvvədə olduğu zaman təyin edildiyi üçün aylıq pensiya haqı məbləği də həmin qanunun müddəalarına uyğun hesablanmalıdır. Apellyasiya icraatı zamanı zamanı cavabdehin nümayəndəsi iddiaçıya məxsus pensiya işinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclası zamanı iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3254/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, cavabdehin nümayəndəsinin izаhаtını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1945-ci il təvəllüdlüdür, 1961-ci il tarixdən 2009-cu ilə qədər müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya xx xxxxxx 2002-ci il tarixdə 57 yaşı tamam olduqda “X1 haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. 2008 və 2009-cü illər üzrə əmək haqqının aylar üzrə məbləği nəzərə alınmaqla yenidən hesablanma həyata keçirilmiş, son olaraq isə xx.xx.2020-ci il tarixli qərarla əmək pensiyası yenidən hesablanmış, xx.xx.2020-ci il tarixindən əmək pensiyasının məbləği 433.79 manata çatdırılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı pensiya hüququnu “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olduğu müddət ərizində qazanmış olsa da, həmin Qanun xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, xx.xx.2006-cı il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmiş, bu Qanunda əmək pensiyasının yenidən hesablanması qaydalarını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Belə olan halda, təyin edilmiş əmək pensiyasının hazırki halda yenidən hesablanmasının əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həyata keçirilməməsi barədə cavabdeh inzibati orqanın hərəkəti qanunazidd olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçının pensiya hüququ 2002-ci ildə yaranmışdır. Həmin dövrün qanunvericiliyinə uyğun olaraq pensiyanın məbləği orta aylıq əmək haqqının 90 faizi miqdarında müəyyən edilmişdir. xx.xx.2009-cu il tarixində əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cü maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir. Göründüyü kimi iddiaçı işlədiyi zaman əmək haqqı almış və aldığı əmək haqqından sosial sığorta haqqı ödəmişdir. Ona görə də iddiaçının əmək pensiyası pensiyaya çıxdığı zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq orta aylıq əmək haqqının 90 faizi miqdarında müəyyən edilməklə, ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3254/2020 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3254/2020 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. xx xxx 2002-ci tarixində təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “X1 haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsi cavabdeh AR ƏƏSMN yanında DSMF-nin X3 üzrə Mərkəzi filialına həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar