Məhkəmə qərarları › İş №2-1(103)-589/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-589/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-589/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Həmidovun sədrliyi ilə (məruzəçi); Elmira Eyvaz qızı Nağıyeva və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə; İddiaçının nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyasının ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-4283/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyasının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək ona 1 noyabr 2019-cu il tarixiən ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 1 noyabr 2016-cı il tarixdən 2019- cu il 01 noyabr tarixinə kimi verilməyən hissəsinin ödənilməsini xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 12 fevral 2020-ci il tarixdə müvafiq cavab məktubu onu qane etmədiyindən, məhkəməyə müraciət edir. İddiaçının П qrup əlilliyi (sağlamhq imkanları məhdudluğu) 1985-ci ildən, yəni uşaqlıqdan müəyyən olunduğundan, ona ailə başçısı itirməyə görə 1 noyabr 2019-cu il tarixdən atası X8 əmək pensiyasının 80% mənləğində əmək pensiyası tətbiq edilmişdir. İddiaçının anası X2 ailə başçısı itirməyə görə atası X8 əmək pensiyasının 80% məbləğində pensiyasım vəfat etdiyi tarixə 2015-ci il mart ayının 28-dək almışdır. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ailə başçısı itirməyə görə 1 noyabr 2019-cu il tarixdə təyin edilmiş, əmək pensiyasım almaq hüququ 29 mart 2015-ci il tarixdən (anasının ölümündən sonra) yaranmışdır. O, bir vətəndaş kimi itirdiyi gəlir kompensasiyasını almaq hüququna malikdir. Məhkəmədən ona DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ailə başçısı istirməyə görə 1 noyabr 2019-cu il tarixində təyin edilmiş əmək pensiyasının 01 noyabr 2015-ci il tarixdən 1 noyabr 2019-cu il tarixinədək verilməyən hissəsinin hesablanaraq ödənilməsi barədə qərar çıxarılması xahiş olunur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprelindən 1 noyabr 2019-cu il tarixədək (ödənilmiş sosial müavinətlərin məbləği çıxılmaqla) tətbiq edilməsi və 2015-ci ilin aprel ayından 1 noyabr 2019-cu il tarixədək ödənilməmiş əmək pensiyası hissəsinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı 9 oktyabr 2019-cu il tarixində İdarəyə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. İdarənin sorğusuna əsasən DSMF Abşeron rayon şöbəsinin 28 oktyabr 2019-cu il tarixli **********1 nömrəli məktubunda ona İİ qrup əlilliyə görə sosial müavinətin 31 oktyabr 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, 1 noyabr 2019- cu il tarixində İdarə tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununun 20.13-cü maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə mərhum atası X9 almalı olduğu əmək pensiyasının (1.694,55 manat) 80 faizi – 1.355,64 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası ilə sosial müavinət məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, iddiaçının ərizəsində qeyd edilən keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi mümkün hesab edilmir. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-588/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya ödənilmiş sosial müavinətin məbləği çıxılmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının 1 noyabr 2016-cı il tarixdən 1 noyabr 2019-cu il tarixədək olan dövr üzrə məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4283/2020 saylı iş üzrə 12 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. “Əmək pensiyaları haqqında” AR Qanununun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) vəfat etmiş və ya həlak olmuş şəxslərin, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan övladların ailə başçısını itirməyə görə əmək pensiyası hüququ Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüqüqu yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bildirilmişdir ki, 1 noyabr 2019-cu il tarixində Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə mərhum atası X9 almalı olduğu əmək pensiyasının (1694,55 manat) 80 faizi-1355,64 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Sosial müavinətlər haqqında” AR Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardim göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1,0.2,-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında AR Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla),yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudliğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Belə ki, Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin 28 oktyabr 2019-cu il tarixli **********1 nömrəli məktubunda ona İİ qrup əlilliyə görə sosial müavinətin 31 oktyabr 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1250/2021-ci il saylı, 05 may 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1634/2021 saylı 05.10.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 may tarixli, 2-1(103)-1250/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Yeni apellyasiya baxışında iddiaçının nümayəndəsi iddia tələbinə dair dəqiqləşdirmə ərizə verərək ona ödənilmiş sosial müavinətin məbləği çıxılmaq şərti ilə cavabdeh tərəfindən təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının 16 yanvar 2017-ci il tarixdən 16 yanvar 2020-ci il tarixədək olan dövr üzrə məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmasını xahiş etmiş və məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsini qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4283/2020 saylı iş üzrə 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilməli, İddiaçı ödənilmiş sosial müavinətin məbləği çıxılmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının 16 yanvar 2017-ci il tarixdən 16 yanvar 2020-ci ilədək olan dövr üzrə fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. AR İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, X3 31 mart 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və onun ölümü haqqqında Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən 31 mart 2015-ci il tarixdə AZ-İ seriyalı 741800 nömrəli şəhadətnamə verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-123/2017 saylı iş üzrə 11 yanvar 2017-ci il tarixli qərarı ilə AR ƏƏSM Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının imtinası qanunsuz sayılmış və X4 1985-ci ildən, yəni uşaqlıqdan 2-ci qrup əliliyin müəyyən edilməsi və qanunamüvafiq hərəkətlərin aparılması öhdəliyi AR ƏƏSM Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 259/2019 saylı iş üzrə 24 aprel 2019-cu il tarixli qərardadı ilə AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-123/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qərardadı ilə AR ƏƏSM Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2-1(85)- 123/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi rədd edilmişdir. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış 12 fevral 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, 9 oktyabr 2019-cu il tarixdə İdarəyə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmisiniz. İdarənin sorğusuna əsasən DSMF Abşeron rayon şöbəsinin 28 oktyabr 2019-cu il tarixli **********1 nömrəli məktubunda Sizə İİ qrup əlilliyə görə sosial müavinətin 31 oktyabr 2019-cu il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, 1 noyabr 2019-cu il tarixdə İdarə tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununun 20.13-cü maddəsinə əsasən Sizə mərhum atanız X8 almalı olduğu əmək pensiyasının (1.894,55 manat) 80 faizi 1.355,64 manat məbləğində əmək pensiyası təyin edilmişdir. eyni zamanda nəzərə alınmalıdır ki, əmək pensiyası ilə sosial müavinətlər arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, ərizədə qeyd olunan keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, hazırkı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının 2015 – 2019-cu illər üzrə ödənilməmiş məbləğini tələb etsə də, bu məsələyə münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin (həmin maddələrin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan) tələbləri tətbiq edilməlidir. Yəni, iddiaçı ödənilməmiş pensiya məbləğinin 2016-cı ilin noyabr ayından 2019-cu ilin noyabr ayınadək olan dövrə aid hissəsini tələb edə bilər ki, həmin məbləğ də ona «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməli və bu ödəmədən ona verilmiş sosial müavinət məbləği çıxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə qismən razılaşır və aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» AR Qanununun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Sosial müavinətlər haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: - (4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; - (4.0.1.5) ailə başçısını itirməyə görə müavinət; Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 4.0.1.4-cü və 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin edilir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən bu Qanunun 5.2-ci maddəsi həmin maddədə göstərilən müavinətlərin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan («Əmək pensiyaları haqqında» AR Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə tətbiq edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 15.2-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını onların mənası və məqsədi baxımından təfsir edərək müəyyən edir ki, 1975-ci il təvəllüdlü hazırkı İddiaçı atası X8 vəfatı ilə əlaqədar 2019-cu ilin noyabr ayından ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilmiş və həmin pensiya təyinatının aparılmasından əvvəlki dövrdə ona «Sosial müavinətlər haqqında» AR Qanununun 4-cü maddəsinə uyğun olaraq aylıq sosial müavinət verilmişdir. X1 31 mart 2015-ci il tarixdə vəfat etmiş və o, həmin tarixədək mərhum X8 arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. İddiaçının uşaqlıqdan (1985-ci ildən) əlil olması qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı ilə müəyyən edilmişdir. O, ailə başçısını itirməyə görə əmək pensiyasının anasının vəfatından sonra vaxtdan özünə həmin pensiya təyin olunanadək dövr üzrə ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmək pensiyası ilə sosial müavinətlər arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yenidən hesablama və əvvəlki 3 il üçün pensiya fərqinin ödənilməsi öhdəliyinin əsasında məhz pensiyanın müraciət tarixindən 3 il və ya daha çox əvvəl üçün təyin olunması şərti dayanır. Bu səbəbdən inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən yalnız müraciət tarixindən geriyə üç il üçün ödəmə aparmaq öhdəliyini daşıyır. Cavabdehin 2020-ci il 12 fevral tarixli imtina məktubundan görünür ki, iddiaçı keçmiş dövr üzrə fərq məbləğinin hesablanması haqqında ərizə ilə cavabdehə 2020-ci il 16 yanvar tarixdə müraciət etmişdir. Buna görə də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddət də məhz həmin müraciət tarixi nəzərə alınmaqla müəyyən edilməlidir. İşdən göründüyü kimi iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilərək «ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprelindən 2019-cu il 1 noyabr tarixədək (ödənilmiş sosial müavinətlərin məbləği çaxmaqla) tətbiq edilməsi və 2015-ci ilin aprelindən 2019-cu il 1 noyabr tarixədək ödənilməmiş əmək pensiyası hissəsinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmiş, birinci instansiya məhkəməsinin 2020-ci il 2 sentyabr tarixli qərardadı ilə iddia tələbi «ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprelindən 2019-cu il 1 noyabr tarixədək (ödənilmiş sosial müavinətlərin məbləği çıxmaqla) tətbiq edilməsi və 2015-ci ilin aprelindən 2019-cu il 1 noyabr tarixədək ödənilməmiş əmək pensiyası hissəsinin ödənilməsi» kimi icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının “ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprelindən tətbiq edilməsi” məzmunda tələbinin, onun əslində arzuladığı nəticəyə uyğun ifadə edilməsində yardım edilmiş və tələb “iddiaçıya 16 yanvar 2017ci il tarixdən 16 yanvar 2020-ci il tarixədək ona ödənilmiş sosial müavinətin məbləği çıxılmaq şərti ilə ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması” kimi qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası hab edir ki, iddiaçı keçmiş dövr üzrə fərq məbləğini hesablanması haqqında ərizə ilə cavabdehə 16 yanvar 2020-ci il tarixdə müraciət etdiyindən “Əmək Pensiyaları haqqında” AR Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddət həmin müraciət tarixi nəzərə alınmaqla müəyyən edilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4283/2020 saylı iş üzrə 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı ödənilmiş sosial müavinətin məbləği çıxılmaqla ailə başçısını itirməyə görə əmək pensiyası 16 yanvar 2017-ci il tarixdən 16 yanvar 2020-ci ilədək olan dövr üzrə fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar