Məhkəmə qərarları › İş №2-1(103)-589/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-589/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-589/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması“ tələbinə dair dair Bakı İnzibati Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(112)-45/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5, 09 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər "xxxx" İstehsalat Birliyində işləmişdir. Bakı "xxxx" X3 İttifaqı Komitəsinin müdriyyətinin X9 və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçularına yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən passport qeydiyyatına salınması, birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində plan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 limanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya Ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxtadək yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqşulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X3 İttifaqı Komitəsinin müdriyyətinin X9 və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Cavanşir küçəsi 4də yerləşən yataqxanada 1-ci mərtəbədə 18 kv.m-lik 1 otaqlı 09 nömrəli mənzilin iddiaçıya verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq, birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillərin həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. ünvan 2 ünvanında yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin siyahısında iddiaçının adı 15-ci sırada qeyd olunmuşdur. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Qeyd olunan mənzil uzun illər iddiaçının və ailə üzvlərinin istifadəsində olmasa da, həmin mənzil üzrə bütün komunnal xidmət haqları iddiaçı tərəfindən vaxtı-vaxtında ödənilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə Ölkə Prezidentinin təşəbbüsü ilə qeyd olunan yataqxanada yaşayan məcburi köçkünlərə yeni mənzillər verilmiş və həmin insanlar qeyd olunan mənzillərə köçürülmüşlər. Bundan sonra iddiaçı qeyd olunan mənzilə dair iddiaçıya verilmiş order üzrə kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etsə də, bu günə qədər müraciətimə cavab verilməmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinin vətəndaşa orderi dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərarı əsasında verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi isə kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmçinin qanunverici xidməti yaşayış sahəsinin anlayışını verərək əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçün olduğunu, yaşayış sahəsinin xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edildiyini tənzimləmişdir. Bundan əlavə qanunverici xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslərin digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməməsini də tənzimləmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(112)-45/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzilə dair order 2006-cı ildə verilmiş, 2018-ci ildən isə faktiki olaraq həmin mənzildə yaşayır, yəni həmin mənzil 16 ildir ki, ona məxsusdur. Həmin mənzilə dair hüquqlarının yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin tələblərinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətandaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün və ya təşkilatların hüququnun pozulduğu, yaşayış sahəsinin verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi və şərtlərinin pozulduğu hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında verilməsi qaydasının etibarsız hesab oluna bilər. Orderin etibarsız hesab edilməsi haqqında tələb orderin verildiyi gündən üç il ərzində verilə bilər. İş materiallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin ona qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı vardır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin (48, 107-ci maddəsinin) tələblərinə uyğun olaraq verilmiş order əsasında yaşadığı, həmin orderin qanuni, əsaslı olması barədə qanuni qüvvəyə minmiş yuxarı instansiya məhkəməsinin qərarı olduğu halda 1-ci instansiya məhkəməsinin iddianın predmetindən kənara çıxmaqla “digər yaşayış sahəsi verilmədən çıxarılmalı olmağı” əsası ilə iddianı təmin etməməsi absurddur, heç bir məntiqə sığmır və hüquqdan sui-istifadədir. Bundan başqa iş materiallarında olan “Bakı şəhəri "xxxx" İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məshəti küçəsi ЗА və S.Ə.ünvan 1A-da yerləşən yataqxanalarda "xxxx" İB-nin HİK-nin X9 və MMK-nin Birgə İ qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş Orderin Siyahısımdan (təqdim edilən) göründüyü kimi "xxxx" İB balansında olan yataqxanalardan mənzil növbəsində plan fəhlə və qulluqçuların 263 nəfərinə faktiki yaşadıqları və ya boş olan otaqlara mənzil əsaslı olmaqla Order verilmiş, onun adı isə həmin siyahıda 263-cü sıradadır. Təqdim etdiyi “Siyahı”da çəhrayı rənglənmiş sakinlər siyahıda qeyd olunan otaqlara dair mülkiyyət hüququ əldə ediblər, onlardan bir neçə nəfər, məs: X7 məhkəmə qaydasında mənzil kirayə müqaviləsinin bağlanılmasına dair “Sərəncam” aldıqdan sonra özəlləşdirsə də, digərləri isə “məhkəmədən kənar” cavabdehin “tələblərinə uyğunlaşmaqla” sərəncam almış və özəlləşmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasınnda iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, X4 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilməsi haqqında xx.xx.2007-ci il tarixli aktına əsasən “Bakı Radioquraşdırma” İstehsalat müəssisəsi üzrə 394 yerlik subaylar üçün yataqxana Cavanşir 4, yaşayış binası R.Quliyev 6, 436 yerlik yataqxana S.Şirvani 4 A, 436 yerlik yataqxana Məhsəti 3A obyektlərinin əsas vəsaitləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilmişdir. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər İcra Hakimiyyətinin və Tərtər Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Həmin Sərancama əlavə edilmiş siyahıda Bakı şəhər İcra Hakimiyyətinin balansına verilən əmlakların sırasında ünvan 4 şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 (394 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, X15 küçəsi 4 A (436 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3 A (436 yerlik yataqxana binası) qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamının icrası haqqında” xx.xx.2013-cü il tarixli, 294 saylı Sərəncamına əsasən isə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bunun əsasında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi ilə bağlı obyektlərə vizual baxış keçirilərək akta əlavə edilmiş siyahıda qeyd olunan yaşayış binaları (yataqxanalar) əmlakı ilə birlikdə təhvil götürülmüşdür. Aktda qeyd olunan təhvil götürülmüş obyektlərin ünvanlı siyahısında ünvan 4 şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 (394 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, X15 küçəsi 4 A (436 yerlik yataqxana binası), Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi 3 A (436 yerlik yataqxana binası) qeyd olunmuşdur. İddiaçı xx.xx.2006-cı il tarixli orderi təqdim edərək onunla mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə təqdim edilən orderin heç bir hüquqi əhəmiyyətinin olmaması ilə əlaqədar ərizəni təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün ilk öncə qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. - 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. - 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. - 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51.1-ci maddəsinə əsasən, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 84-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. - 106-cı maddəsinin tələblərinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. - 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın: -14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə): - 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. - 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin: - 6-cı maddəsinə əsasən, mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. - 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. - 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. - 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. - 62.1-cı maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Yuxarıda sadalanna qanunvericlik normalarının birgə təhlilindən aydın olur ki, iddiaçının kirayə müqaviləsinin bağlanmasını xahiş etdiyi ünvan 5 ünvanında yerləşən 09 nömrəli mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi orderin heç bir hüquqi əhəmiyyəti yoxdur. Həm orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələrinin yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. İddiaçının adına order xx.xx.2006-cı il tarixdə verilsə də, iddiaçının «Radioquraşdırma” İstehsalat Birliyində işləməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır, belə ki, iddiaçı da bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin məlumatından da görünür ki, iddiaçının adına "xxxx" Zavodunun arxivində heç bir sənəd aşkar olunmamışdır və iddiaçı həmin müəssisədə işləməmişdir. Halbuki orderdə qeyd olunan mənzilin yerləşdiyi ünvan ünvan 6sı) yataqxana binası olmaqla yalnız zavodun işçiləri üçün verilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin ünvanda 1992-ci ildən 2018-ci ilin iyul ayınadək Laçın rayon məcburi köçkünü X8 1 nəfər (özü) ailə üzvü ilə birlikdə məskunlaşmışdır. İddiaçı isə iddia ərzində də qeyd etdiyi kimi həmin ünvanda yaşamamışdır. Bundan başqa, şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı ünvan 8 ünvanında daimi qeydiyyatdadır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 64 saylı bağ evi xüsusi mülkiyyət hüququ (tam) üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının təqdim etdiyi order hətta etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Lakin işin hallarından (sübutlardan) qeyd edilən prosedurlara riayət edilmədiyi aydın görünür. Məhkəmə kollegiyası həmçinin, diqqət yetirir ki, oxşar işlər üzrə məhkəmə təcrübəsi də hazırki qaydada formalaşmışdır (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-342/2023 №-li, xx.xx.2023-cü il tarixli və 2-1(102)- 952/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarları). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(112)-45/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar