Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-59/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı MMC-nin nümayəndəsi (direktoru) X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə (üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC cəlb edilməklə) qarşı rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədəiddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1889/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından (hakim Elçin Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin İddiaçı MMC-yə ayrılmış torpaq sahəsi barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə Yasamal Rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx xxxxxx 2016-cı il tarixli Qərarının icrası və məqsədinə nail olunması ilə əlaqədar Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinləri ilə qarşılıqlı razılaşma əsasında sökərək yerində yeni yaşayış binasının tikintisini aparmaq niyyəti ilə İddiaçı MMC Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş, yeni binanın tikintisinin layihələndirilməsinə icazə verilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq müvafiq rəyin bildirilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısı xx xxxx 2017 ci tarixli məktub ilə cavabdehə müraciət etmişdir. Həmin Agentliyin Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə göndərdiyi xx xxxx 2017-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilənədək sifarişçinin vəsaiti hesabına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Həmin işlər başa çatdıqdan və müvafiq sənədlər təqdim edildikdən sonra qeyd edilən məsələyə münasibət bildiriləcəkdir. Bu cavab məktubunu yazmaq ilə cavabdeh öz vəzifəsini bitmiş hesab edərək bununla kifayətlənmiş, yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin İddiaçı MMC-yə ayrılmasına baxmayaraq yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları bu günə kimi yerdə (naturada) və xəritədə müəyyən edilməmişdir. İddiaçı MMC-nin səlahiyyətli nümayəndələrinin cavabdehə dəfələrlə etdiyi müraciətlərə baxmayaraq həmin məsələyə cavabdeh tərəfindən heç bir rəsmi münasibət bildirilməmişdir. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə İddiaçı MMC istifadəsinə verilən torpaq sahəsinin cizgisinin surətini də əlavə etməklə, cavabdehə məktubla müraciət edərək mübahisəli məsələyə münasibət bildirməsini xahiş etmişdir. Agentliyin İddiaçı MMC-yə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, “Torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilənədək, sifarişçinin vəsaiti hesabına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidməti tərəfindən yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Həmin işlər başa çatdıqdan və aparılacaq tikintinin layihəsinin şəhərsalma normalarına uyğunluğu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi ilə birlikdə müvafiq sənədlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edildikdən sonra qeyd edilən məsələyə rəy bildiriləcəkdir”. Halbuki torpaq sahəsinin ayrılması barədə sənədin surətinin cavabdehə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin Yasamal Rayon İcra Hakimiyyətinə təqdim edildiyini, Bakı Şəhər İcra Hakimiyyətinin isə bu məsələnin həllinə heç bir aidiyyatı olmadığını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, cavabdeh qərəzli surətdə məsələnin həllindən yayınır, üzərlərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edərək, onlara maneçilik törədir. Cavabdeh tərəfindən müvafiq rəyin verilməməsi həmin ərazidə İddiaçı MMC tərəfindən tikiləcək yaşayış binalarının gələcəkdə dövlət qeydiyyatından keçirilməsində maneələr yaradacağından pozulmuş hüquqlarının müdafiə etmək məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1889/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının xx.xx.2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimata əsasən dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy verilməsi barədə müraciət və əsaslandırıcı sənədlər ərazi şöbələri və Agentlik tərəfindən qəbul edilir. Dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy verilməsi barədə ərazi şöbələrinə daxil olan müraciət və sənədlər 1 (bir) gün müddətində Agentliyə göndərilir. Agentlik tərəfindən daxil olan müraciət və sənədlər 1 (gün) müddətində elektron qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və X4 Mərkəzi” X1 yerli idarəsinə (torpaq sahəsinin yerləşdiyi ərazi üzrə) göndərilir. “Kadastr və X4 Mərkəzi” MMC-nin yerli idarəsi 3 (üç) gün müddətində ərazi şöbəsinin nümayəndəsi, dövlət torpaqlarını icarəyə və istifadəyə vermək hüququ olan icra hakimiyyəti orqanının nümayəndəsi, həmin orqan tərəfindən iştirakı təmin edildikdə dövlət torpağını icarəyə və istifadəyə götürmək niyyətində olan hüquqi şəxsin nümayəndəsi, fiziki şəxsin özü və ya nümayəndəsinin iştirakı ilə torpaq sahəsinə baxış keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2010-cu il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nə müvafiq olaraq torpaq sahəsinin sərhədlərini yerdə konkret olaraq müəyyən edir və yerquruluşu planını və xəritəsini hazırlayır. Nümayəndələrin, eləcə də yeri müəyyən edilmiş torpaq sahəsi ilə qonşu olan digər istifadəçilərin iştirakı ilə yerin seçilməsi aktı tərtib edilir, həmçinin naturada torpaq sahəsində tikili və qurğuların mövcudluğu müəyyən edilir. “Kadastr və X4 Mərkəzi” MMC-nin yerli idarəsi icarəyə və istifadəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planını, xəritəsini, qanunvericiliklə nəzərdə tutulmuş hallarda hazırlanmış digər sənədləri, həmin torpaq sahəsində tikili və qurğuların mövcudluğu barədə və digər məlumatları Agentliyə təqdim edir. Agentlik tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə elektron qaydada sorğu verilməklə 1 (bir) gün) müddətində torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı hüququn olub-olmaması və ya üzərində hüquq qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməməsi yoxlanılır. Bundan sonra Agentliyin Torpaqların dövlət idarəetməsinin təşkili və torpaq münasibətlərinin tənzimlənməsi şöbəsində zəruri sənədlərin mövcudluğu müəyyən edilir, Agentliyin Hüquq şöbəsində sənədlərin ekspertizası keçirilir. Agentlik tərəfindən 3 (üç) gün müddətində torpaq sahəsinin icarəyə və istifadəyə verilməsinin mümkünlüyü barədə rəy yerquruluşu planı, xəritə və digər sənədlərlə birlikdə müraciət etmiş quruma və ya onun nümayəndəsinə təqdim edilir (göndərilir). Sənədlər təqdim edilərkən (göndərilərkən) ‘Kadastr və X4 Mərkəzi” MMC-nin yerli idarəsinə müvafiq xidmət haqqının ödənilməsinə nəzarət olunur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx xxxxxx 2010-cu il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir. “Dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatın tələblərinə əsasən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilənədək, sifarişçinin vəsaiti hesabına (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilməli həmin işlər başa çatdıqdan sonra aparılacaq tikintinin layihəsinin şəhərsalma normalarına uyğunluğu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi ilə birlikdə müvafiq sənədlər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edildikdən sonra qeyd edilən məsələyə rəy bildirilməlidir. Ancaq sifarişçi qeyd olunan işlərin görülməsi üçün zəruri olan vəsaiti ödəməkdən və iştirakdan yayındığından rəy verilməsinədək zəruri sənədlərin hazırlanması və təqdim edilməsi mümkün olmamamışdır. Həmin sənədlər hazırlanıb Agentliyə təqdim olunduqdan sonra rəyin verilməsi mümkündür. İşə apellyasiya qaydasında baxılan zaman məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə mübahisənin məhkəmədən kənar həll olunması məqsədi ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada iddiaçının ərizəsi üzrə inzibati icraatın həyata keçirilməsi və müvafiq inzibati aktın qəbul edilməsi üçün 30 gün müddət təyin edilmiş, lakin təyin olunmuş müddət ərzində cavabdeh tərəfindən məhkəmənin qərardadının icra olunmamış və icra edilməməsinin səbəbləri barədə rəsmi məlumat verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İşə apellyasiya qaydasında sonuncu dəfə baxılması xx.xx.2020-ci il tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslərin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1889/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 219 saylı, xx xxxx 2017ci il tarixli sərəncamından görünür ki, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evləri İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmiş, sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi İddiaçı MMC-nin icarəsinə ayrılmışdır. Eyni tarixli 218 saylı sərəncamla binaların yerləşdiyi ərazinin “Azərdövləlayihə” DBLİ tərəfindən hazırlanmış tikinti-planlaşdırma eskiz layihəsi təsdiq olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx/xx-1110 saylı, xx xxxx 2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-nin sifarişi əsasında “xxxxxxxxxxx” MMC tərəfindən hazırlanmış ərazinin memarlıq hissəsi (eskiz) layihəsi Komitə tərəfindən razılaşdırılmış, eyni zamanda təqdim olunmuş memarlıq hissəsi (eskiz) tikinti planlaşdırma eskizinə uyğun hesab edilmişdir İşdəki Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə ünvanlanmış 527/9-7 saylı, xx xxxx 2017-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarının icrası ilə əlaqədar Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin yerində yeni yaşayış binasının tikintisini aparmaq niyyəti ilə İddiaçı MMC-nə ayrılmış torpaq sahəsi ilə bağlı rəyin bildirilməsi xahiş edilmişdir. Cavabdehin xx xxxx 2017-ci il tarixli cavab məktubunda torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilənədək, sifarişçinin vəsaiti hesabına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilməli olduğu, həmin işlər başa çatdıqdan və müvafiq sənədlər təqdim edildikdən sonra qeyd edilən məsələyə münasibət bildiriləcəyi qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********53 saylı imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və A.Sultanova küçələrinin əhatəsindəki ərazidə yerləşən köhnə binaların sökülərək yerində yeni yaşayış binasının tikintisinin layihələndirilməsinə rəy bildirilməsi barədə məktubuna baxılmış və bildirilmişdir ki, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilənədək, sifarişçinin vəsaiti hesabına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Eyni zamanda həmin işlər başa çatdıqdan və aparılacaq tikintinin layihəsinin şəhərsalma normalarına uyğunluğu barədə Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinin rəyi ilə birlikdə müvafiq sənədlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edildikdən sonra qeyd edilən məsələyə rəy bildiriləcəkdir. Məhkəmə kollegiyası cavabdeh orqanın imtinasını qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 3.0.3-cü bəndinə əsasən dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəy vermək Agentliyin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının xx.xx.2015-ci il tarixli 03 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatın 1.2-ci bəndindən görünür ki, dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəy Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilir. Həmin təlimata əsasən dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy verilməsi barədə müraciət və əsaslandırıcı sənədlər ərazi şöbələri və Agentlik tərəfindən qəbul edilir. Agentlik tərəfindən daxil olan müraciət və sənədlər 1 gün müddətində elektron qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və X4 Mərkəzi” MMC-nin yerli idarəsinə göndərilir. MMC-nin yerli idarəsi 3 gün müddətində torpaq sahəsinə baxış keçirir, torpaq sahəsinin sərhədlərini yerdə konkret olaraq müəyyən edir və yerquruluşu planı və xəritəsini hazırlayır və Agentliyə təqdim edir və Agentlik tərəfindən 3 gün müddətində torpaq sahəsinin icarəyə və istifadəyə verilməsinin mümkünlüyü barədə rəy yerquruluşu planı, xəritə və digər sənədlərlə birlikdə müraciət etmiş quruma və ya onun nümayəndəsinə təqdim edilir (göndərilir). Sənədlər təqdim edilərkən (göndərilərkən) “Kadastr və X4 Mərkəzi” MMC-nin yerli idarəsinə müvafiq xidmət haqqının ödənilməsinə nəzarət olunur. Hazırkı halda cavabdehin rəy verilməsindən imtina məktubunda sifarişçinin vəsaiti hesabına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edildikdən sonra və aparılacaq tikintinin layihəsinin şəhərsalma normalarına uyğunluğu barədə Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinin rəyi ilə birlikdə müvafiq sənədlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edildikdən sonra rəy verilməsi məsələsinə münasibət bildiriləcəyi göstərilmişdir. Halbuki istinad edilən təlimatda ərizəçi tərəfindən tikintinin layihəsinin şəhərsalma normalarına uyğunluğu barədə Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin təqdim edilməli olduğu nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında qeyd edilən sənədin ərizəçidən hansı normativ akta əsasən tələb edildiyini izah edə bilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli elektron formada göndərilmiş məktubdan görünür ki, təlimata uyğun olaraq iddiaçının ərizəsi cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “Kadastr və X4 Mərkəzi” MMCnin 1 saylı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, iddiaçı tərəfindən xidmət haqqı ödənilmədiyi üçün “Kadastr və X4 Mərkəzi” MMC tərəfindən Təlimata uyğun olaraq torpaq sahəsinə baxış keçirilməsi və torpaq sahəsinin yerquruluşu planı və xəritəsinin hazırlanması mümkün olmamışdır. Məhkəmə cavabdehin bu mülahizəsini əsassız hesab edir. Belə ki, “Dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatın tələblərinə əsasən müvafiq rəy verilməsi üçün xidmət haqqı cavabdeh tərəfindən sənədlər tam hazırlandıqdan sonra təqdim edilərkən (və ya göndərilərkən) ödənilməli idi. Məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, hazırkı halda iddiaçının ərizəsi əsasında Təlimatda nəzərdə tutulmuş qaydada müvafiq inzibati icraat həyata keçirilməmiş, iddiaçıdan ümumiyyətlə sənədlərə görə xidmət haqqının ödənilməsi tələb olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab edir ki, yerli icra hakimiyyəti tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə dair rəyin verilməsi ilə bağlı münasibətlər publik hüquq sahəsinə aiddir və “Dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatda nəzərdə tutulmuş qaydada bu rəyin verilməsi üçün zəruri hərəkətlərin həyata keçirilməsinin təmin edilməsi (o cümlədən digər inzibati orqanlardan sənəd və məlumatların tələb edilməsi) də iddiaçının deyil, inzibati orqan kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin öhdəliyi olduğu halda cavabdeh öz vəzifələrini lazımı qaydada icra etməmişdir. İşin araşdırılan hallarından göründüyü kimi, cavabdeh müvafiq rəyin verilməsi üçün zəruri olan torpaq sahəsinin yerquruluşu planı və xəritəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Kadastr və X4 Mərkəzi” MMC tərəfindən hansı səbəbdən tərtib edilmədiyini araşdırmamış, iddiaçıdan rəyin tərtib edilməsi üçün qanunla nəzərdə tutulmayan sənədlər tələb etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr məhkəmə qətnaməsinin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1889/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1889/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-59/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-59/2020
09.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver