Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-59/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, X4 və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X2rşı “iddiaçının diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(82)-3552/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona, Rusiya Federasiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən 20.06.1997-ci il tarixdə verilmiş MM 000202 nömrəli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 sentyabr 1993-cü il tarixdən 20 iyun 1997-ci il tarixədək Rusiya Federasiyasının Mahaçqala şəhərində Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun əyani təhsil forması üzrə tələbəsi olmuş, hüquqşünas ixtisası üzrə tam kursu bitirmişdir. Rusiya Federasiyasının ərazisində tam təhsil proqramını mənimsəmiş, tədris planını yerinə yetirmiş, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. Dövlət Attestasiya Komissiyası tərəfindən 20 iyul 1997-ci il tarixli qərarla ona “hüquqşünas” ixtisası üzrə ali təhsil haqqında diplom verilmişdir. O, həmin diplomun tanınması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Cavabdehin 15 yanvar 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİ.İ.2 maddəsini, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26 və 37-ci paraqraflarını rəhbər tutaraq, Rusiya Federasiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən verilmiş MM 000202 nömrəli 30 iyul 1997-ci il tarixli diplom üzrə ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Cavabdehin imtinası heç bir əsaslandırmaya söykənmir. Belə ki, cavabdehin onun tədris dilini bilməyini qiymətləndirmək səlahiyyəti yoxdur, onun təhsil aldığı təhsil müəssisəsi Rusiya Federasiyasında müvafiq qaydada akkreditə olunmuş qurumdur. Belə olan halda, həmin İnstitutda təhsil almış şəxsin tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı qənaətinə gəlmək məntiqə uyğun görünmür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3552/2019 saylı, 20 dekabr 2019cu il tarixli qərarı ilə iddia təmin olunmuş, İddiaçı Rusiya Federasiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən verilmiş 20 iyun 1997-ci il tarixli MM 000202 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.06.2020-ci il tarixli 2-1(103)-992/2020 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3552/2019 nömrəli iş üzrə 20 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verimiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.10.2020-ci il tarixli 2-1(102)-1905/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-992/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmçinin Ali Məhkəmənin 04.09.2020-ci il tarixli 2-1(102)-1905/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Təhsil haqqında” Qanunun 1.0.43-cü maddəsinə görə, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, onun (ərizəçinin) ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq ali məktəb tərəfindən iddiaçının adına verilmiş diplom üzrə ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qeyd edilən Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərk etməsini; problemi analiz etmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtsasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə imkanın verilməsi səpkisində baxılmalıdır”. d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır”. Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər(tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil ediməsi formasında ola bilər”. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Bu Qaydaların 1.1-ci, 2.2-ci və 3.6-cı bəndlərindən görünür ki, ixtisasların tanınması zamanı bilavasitə bu sahəni əhatə edən və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tətbiqi nəzərdə tutulmuşdur. Digər tərəfdən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvesiyaya uyğun olaraq hazırlanmışdır. Ərizəçinin bilik və bacarıqlarının qiymətləndirilməsi mexanizmi Konvensiyada təfsilatı ilə qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, diplomlar o halda tanınır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının müsahibə zamanı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Cavabdehin imtinasının əsası işdə olan hər hansı sübutla təsdiq edilmir. Əksinə, işdə olan 29 noyabr 2019-cu il tarixli mütəxəssis rəyində iddiaçının rus dilində lüğət ehtiyatının xeyli zəngin olduğu, nəticədə rus dilini bilməsi produktiv səviyyəyə uyğun gəlməsi, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verməsi qeyd edilmişdir. Apelyasiya məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma aparmamış, iddiaçının təqdim etdiyi sübuta hüquqi qiymət verməmişdir. Hazırkı işin hallarından görünür ki, İddiaçı RF Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 20 iyun 1997-ci il tarixli MM 000202 nömrəli diplom verilmişdir. Həmin diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, Nazirlikdə sənədləri araşdırılarkən onun ixtisasını mənimsəmək üçün tədris dilini bilməsi səviyyəsi qənaətbəxş olmamışdır. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi, xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa), xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Qeyd olunan Qaydaların 1.6-cı bəndinin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Rusiya Federasiyasının səlahiyyətli orqanı İddiaçı Rusiya Federasiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən verilmiş 20 iyun 1997-ci il tarixli 000202 nömrəli diploma (təhsil sənədinə) apostil verilməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli idi. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyi tutarlı dəlillər gətirməmişdir. Cavabdehin dəlili (iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması) imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Birinci instansiya məhkəməsi, cavabdehin dəlilinə münasibətdə bir xüsusatı da qeyd etmişdir ki, məhkəmə icraatı zamanı alınmış müvafiq mütəxəssis rəyi ilə iddiaçının aldığı ixtisas üzrə tədris dilini qənaətbəxş səviyyədə bilməməsi təsdiqini tapmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı Slavyan Universitetinə müraciət olunaraq İddiaçı rus dilini bilmə səviyyəsinin ona RF Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu tərəfindən verilmiş “hüquqşünas” ixtisasını mənimsəmək üçün yetərli olubolmaması barədə mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur. Bakı Slavyan Universiteti Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) tərəfindən verilmiş müvafiq mütəxəssis rəyində isə aşağıdakılar bildirilmişdir: - Hər hansı xarici dildə, o cümlədən rus dilində nitq fəaliyyətinin həyata keçirilməsinin müxtəlif səviyyələri mövcuddur: reseptiv, reproduktiv və produktiv. İlkin, yəni reseptiv səviyyə dedikdə, danaışan şəxsin yalnız xarici dildə nitqi dinləyib anlama, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməmə səviyyəsi başa düşülür. Reproduktiv nitq səviyyəsində danışan dinlədiyi (oxuduğu) mətnləri təkrarən canlandırmaq bacarığına malikdir. Ona mətnlə bağlı verilən sadə sualları cavablandırır. Produktiv nitq səviyyəsində danışan şəxs nəinki xarici dildə danışanı başa düşür, onunla ünsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur. Produktiv səviyyə məhsuldar səviyyədir. Bu səviyyə özünü mövcud iki – yazılı və şifahi – formada biruzə verir. İddiaçı özü və ixtisası haqqında ona verilən ən müxtəlif suallara şifahi və yazılı formada cavab verir. Nitqində bəzən fonetik, orfoqrafik və qrammatik səhvlərə yol versə də, əsasən fikrini düzgün ifadə edir. İddiaçı rus dilində lüğət ehtiyatı xeyli zəngindir. “Hüquqşünas” ixtisasına dair rus dilində verilən sullara məntiqi və dolğun cavabları onun bakalavr səviyyəsində yaxşı ali təhsil aldığına, rus dilində sərbəst surətdə dinləyib anlama, danışma, oxu və yazı bacarıqlarına malik olmasına əyani sübutdur. İddiaçı aldığı ixtisasına dair elmi və terminoloji söz və ifadələrdən istifadə etməyi bacarır, peşəyönümlü anlayışların izahını verə bilir, asanlıqla ünsiyyət qurur. Yuxarıda göstərilənlər ümumiləşdirilərək hesab olunur ki, İddiaçı rus dilini bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verir Cavabdehin imtinasını əsaslandırdığı iddiaçının ixtisasın mənimsənilməsi üçün tədris dilini (rus dili) bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırkı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin deyil, onun təhsil aldığı müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş aidiyyəti komissiyanın və ya qurumun) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələni artıq həmin vaxt başa vurduğundan, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd edilən dəlili ilə razılaşmır. Beləliklə, qeyd edilən səbəblər qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından cavabdeh orqan tərəfindən iddiaçıya düzgün olmayaraq imtina cavabı verilmişdir. Hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından cavabdeh iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı nəticəsinə hansı sübutlar əsasında gəldiyi müəyyən edilmir. Yəni, cavabdehin müsahibə zamanı iddiaçının dil biliklərini hansı qaydada yoxladığı bəlli deyildir. Eləcə də, bu yoxlamanın nəticələrini əks etdirən sübut (məsələn, CD və.s) da cavabdeh tərəfindən təqdim edilməmişdir. Bununla bağlı olaraq qeyd olunmalıdır ki, iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı halına istinad etdiyi üçün bu halı təsdiq edən mötəbər sübutları təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24-cü maddəsinin 3-cü bəndinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir; 4-cü bəndinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutları toplamağa borcludur. İnzibati icraat dövründə aparılmış ekpertiza zamanı iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı 1997-ci ildə universiteti bitirmiş, tədris dilini bilmə səviyyəsinin müəyyən edilməsi ilə bağlı ekspertiza isə 2018-ci ilin dekabrında həyata keçirilmiş, göründüyü kimi iddiaçının təhsil aldığı dövrdən artıq 20 ildən artıq müddət keçmiş, ötən müddət ərzində iddiaçı tərəfindən rus dilindən istifadə edilməmişdir. Eyni zamanda, iddiaçıya məxsus attestata əlavə olunmuş yekun qiymətlərin müvəffəqiyyət cədvəlindən görünür ki, iddiaçı orta məktəbdə tədris olunmuş rus dili və rus dili ədəbiyyatı fənlərindən 4 qiyməti almışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2-1(82)- 3552/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-59/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-59/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver