Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-590/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6645/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-70/3 nömrəli xx xxxxx 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 15 yanvar 2020-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və onun ailə üzvləri (xx.xx.2013-cü il təvəllüdlü oğlu Qambari İmran və xx.xx.2015-ci il təvəllüdlü qızı Qambari Kawsar) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Nahor ulusvaliliyinin Kurmurdə kəndində anadan olmuşdur. 9 illik orta təhsil almış, bir müddət Kabildə dərzilik etmişdir. Evlidir. 2 övladı var. O, etnik olaraq həzara, dini mənsubiyyətinə görə şiə-müsəlmandır. Əri 4 il əvvəl Almaniyaya getmişdir. Əfqanıstanda qeyri-stabil vəziyyətin olması, tez-tez partlayışların törədilməsi, uşaqlarının Əfqanıstandakı vəziyyət səbəbindən təhsil almaq imkanlarının olmadığı üçün xx.xx.2019-cu ildə Almaniyada yaşayan ərinin yanına getmək üçün Azərbaycana gəlmişdir. İddiaçı xx xxxxxx 2019-cu ildə Azərbaycana gəlib. xx xxxxxx 2019cu (mətnə uyğun) ildə sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 12-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. İddiaçı Əfqanıstanda qeyri-stabil vəziyyətin olması, tez-tez partlayışların baş veməsi, yaşamaq üçün təhlükəli olduğundan üçün Əfqanıstana geri qayıtmaq istəmir. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 176 saylı xx.xx.2020-ci il tarixli qərar ilə inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olması ilə (ümumi və qeyri-müəyyən sözlərlə) əsaslandırıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6645/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-70/3 nömrəli xx xxxxx 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçıya və onun ailə üzvlərinə (xx.xx.2013-cü il təvəllüdlü oğlu Qambari İmran və xx.xx.2015-ci il təvəllüdlü qızı Qambari Kawsar) qaçqın statusunun verilməsinə dair iddiа tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6645/2020 nömrəli qərarının, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin xx.xx.2020-ci il tarixli AR DMX İQ-70/3 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya və onun ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyi qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - 12-2020 nömrəli qaçqın statusunun verilməsi haqqında vəsatətə (ərizə-anket) əsasən qeyd edilmişdir ki, adı-Zarmina; atasının adı-Xanşirin (pasportda qeyd edilməyib; soyadı-Qambari (ərinin soyadı Nazaridir, soyadını dəyişməyib); təvəllüd-27 yaşı var (pasportda xx xxxxx 1993); doğulduğu yer-ƏİR, Qəzni vilayəti, Nahor ulus., Kurmurdə kəndi; vətəndaşlığı-Əfqanıstan İslam Respublikası; milliyyəti-həzarə; dini etiqatı/təriqətiislam (şiə); ana dili-fars (dəri) dili; digər dillər-ingilis dilini zəif bilir; təhsili-məktəbi 9-cu sinfə qədər oxuyub, məktəbi Kurmurdə kəndində oxuyub, ailə qurduğu üçün təhsilini davam etdirməyib; peşəsi-heç bir peşəsi yoxdur; ailə vəziyyəti-evli; ərizəçinin əri haqqında məlumat-adı: X1; doğulduğu tarix və yer: təxminən 28 yaşı var, harda doğulduğunu bilmir; ixtisası/peşəsi: Əfqanıstanda yaşayərkən polis idi; - AFG seriyalı 00460402 nömrəli pasportun surətinə əsasən pasportun xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olması göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MŞ-435-2019 №-li müvəqqəti şəhadətnaməyə dair arayışa əsasən xx.xx.1993-cü ildə anadan olmuş Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı və onun ailə üzvləri (oğlu, xx.xx.2013-cü il təvəllüdlü Qambari İmran və qızı xx.xx.2015-ci il təvəllüdlü Qambari Kawsar) qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, onun adına 12-2020 saylı şəxsi işi açılmışdır. Bu sənəd xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. -Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ- 70/3 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 176 №-li inzibati şikayətin təmin edilməməsi haqqında qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-70/3 saylı nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarında olan Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Nahor ulusvaliliyinin Kurmurdə kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 9 illik orta təhsil aldığını və bir müddət Kabildə dərzilik etdiyini bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, bu evlilikdən iki övladının dünyaya gəldiyini, 5 bacısı, 3 qardaşının olduğunu, atasının 15 il bundan əvvəl itkin düşdüyünü, bir qardaşının Almaniyada təhsil aldığını, anasının və digər qardaş-bacılarının hazırda Əfqanıstanda yaşadıqlarını bildirmişdir. Ərizəçi ərinin dörd il bundan əvvəl Almaniyaya getdiyini, orada qaçqın statusu almaq üçün müraciət etdiyini, lakin müraciətinə indiyə qədər cavab verilmədiyini, özünün də ərinin yanına getmək məqsədilə ölkəsini tərk etdiyini və xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir Ərizəçi ölkəsini tərk etməsinin digər səbəbini Əfqanıstanda qeyristabil vəziyyətin olması, tez-tez partlayışların törədilməsi , uşaqlarının qeyri-stabil vəziyyət səbəbindən təhsil almaq imkanlarının olmaması ilə əlaqələnmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin söylədiklərindən onun Əfqanıstanda heç bir təhdid və təzyiqə məruz qalmadığı, ölkəsini Almaniyaya ərinin yanına getmək məqsədilə tərk etdiyi məlum olmuşdur. İddiaçı müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm iddia ərizəsində, həm də apellyasiya şikayətində cavabdehin iddiaçının qərəzsiz tərcümə hüququnu pozduğu qeyd edilmişdir. Lakin ərizə-anketdə tərcüməçinin fars dilində verilən sualları başa düşürsünüzmü sualına iddiaçı “bəli” cavabını vermişdir. Bu səbəbdən də qeyd edilən dəlil məhkəmə kollegiyası tərəfindən əsassız hesab olunur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6645/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6645/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-590/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-590/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver