Məhkəmə qərarları › İş №2-1(103)-590/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-590/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-590/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2020 saylı,xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə Azərbaycan Tibb Universitetinin Rektorunun 210/N- saylı əmrinə əsasən xx.xx.1989-cu ildən xx.xx.1989cu il tarixinə qədər Xankəndi rayonuna, rektorun 39/E saylı əmrinə əsasən xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə qədər Ağdam rayonuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1994-cü il tarixli 1 saylı əmrinə görə rektorun 3/E saylı əmrinə əsasən Beyləqan rayonuna xidməti ezamiyyətə göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə “müharibə veteranı” statusu verilməsinə dair etdiyi müraciətlərə 2 dəfə baxılmış, həmin qurumun xx.xx.2019-cu il tarixli, R/4301 saylı və xx.xx.2020-ci il tarixli, R/102 saylı eyni məzmunlu məktubları ilə imtina cavabı verilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarına istinad etmiş və həmin qərarın yanlış interpretasiyası səbəbindən imtina qərarı qəbul etmişdir. Komitəyə təkrar müraciətində Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına xx.xx.2016-cı tarixli 438 saylı qərarla dəyişikliklər edilməsi barədə məlumat vermiş və barəsində qəbul edilmiş imtina qərarına yenidən baxılmasını xahiş etmişdir. Lakin həmin müraciətinə də əsaslandırılmayan imtina qərarı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2020 saylı,xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və məhkəmə gedişi zamanı sorğularla əldə olunmuş sənədlərdən onun döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi və ya döyüş təminatı ilə bağlı ezamiyyətdə olması müəyyən edilməmişdir. İşdə olan arayışlardan (əmrlərdən) görünür ki, iddiaçının müharibə şəraitində olan rayonlara ezam olunması yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi məqsədi daşımış, döyüş təminatı ilə bağlı olmamışdır. Həmçinin, işdə olan Azərbaycan Dövlət Tibb İnstitutunun xx.xx.1989-cu il tarixli əmrinə əsasən tibbi xidmət göstərmək üçün xx.xx.1989-cu il tarixdə Xankəndi şəhərinə ezamiyyət xərci ödənilmək şərti ilə ezamiyyətdə hesab edilmişdir. Bu əmrdən də göründüyü kimi iddiaçının ezam olunması onun döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi deyil, xidməti vəzifələrinə uyğun olaraq xəstə və yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi olmuşdur. Göstərdiyi xidmət qarşılığında həmin dövrdə ona ezamiyyət xərcləri ödənilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, müharibə veteranı adı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən yuxarıda adıçəkilən Əsasnamənin “(...) döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, (...)” müddəasına əsaslanaraq iddia tələbini təmin etmiş, lakin nəzərə almamışdır ki, qanunun bu müddəası yalnız hərbi qulluqçulara şamil olunur. İddiaçı hərbi qulluqçu olmamış və o, həkim olaraq xidməti vəzifələrini yerinə yetirməklə xəstələrə və yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün mülki şəxs kimi ezam olunmuşdur. Eyni zamanda, yuxarıda göstərilən qanunvericilik aktının tələblərinə əsasən, cavabdeh tərəfindən Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılara əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdir. İddiaçının xidməti vəzifələrinə uyğun olaraq tibbi yardım göstərməsi barədə sənədlər mövcuddur, lakin özünümüdafiə dəstələrinin tərkibində döyüşməsi barədə heç bir sənəd mövcud deyil. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilmədiyi üçün, həmçinin, özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 mart tarixli, 2- 1(103)-359/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 17 sentyabr tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1494/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 mart tarixli, 2-1(103)- 359/2021 nömrəli qərarı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarında qeyd olunmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “... döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş ...” müddəasını səhv təfsir edərək, nəzərə almamışdır ki, qanunvericiliyin bu tələbi hərbi qulluqçulara şamil olunur. İddiaçı isə hərbi qulluqçu olmamışdır və o, həkim olaraq xidməti vəzifələrini yerinə yetirməklə xəstələrə və yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün mülki şəxs kimi ezam olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə razılaşmır. Belə ki, oxşar mübahisə üzrə digər işdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin məzmununa görə, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normaya görə, hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: - döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Aşağıdakı şəxslərə isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onların hərbi qulluqçu olması şərti nəzərdə tutulmuşdur: - 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular (İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 2-1(102)-1408/2021 №-li iş üzrə 2021-ci il 21 sentyabr tarixli Qərarın 39 və 40-cı bəndləri). Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını həmin hüquqi mövqe nəzərə alınmaqla, həm də təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı və qiymətləndirməlidir. Hazırkı işdə bu, baş vermədiyindən, bununla da İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbləri təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2020 saylı,xx.xx.2020-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2020 saylı,xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 630 nömrəli xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, iddiaçı həqiqətən döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə 39/E saylı əmrə əsasən 10.05-xx.xx.1992-ci ildə Ağdam rayonuna ezamiyyətə göndərilmişdir. - AR SN Azərbaycan Tibb Universitetinin 631 nömrəli xx.xx.2019-cu il tarixli arayışına əsasən, iddiaçı həqiqətən döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə 3/E saylı əmrə əsasən 06.01-xx.xx.1994-cü ildə Ağdam rayonuna ezamiyyətə göndərilmişdir. - Azərbaycan Tibb Universitetinin 627 nömrəli xx.xx.2019-cu il tarixli arayışına görə, iddiaçı həqiqətən döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə 210/N saylı əmrə əsasən xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixə kimi Xankəndi rayonuna ezamiyyətə göndərilmişdir. - AR Səhiyyə Nazirliyinin 3/E saylı 05.01.94-cü il tarixli əmrinə əsasən, döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə qeyd edilən universitetin əməkdaşları sırasında iddiaçı 06.01-xx.xx.1994-cü ilə kimi 15 gün müddətinə Beyləqan rayonuna ezamiyyətə göndərilmişdir. - N.Nərimanov adına X4 Ordenli Azərbaycan Dövlət Tibb İnstitutu üzrə 210/H saylı xx.xx.1989-cu il tarixli əmrə görə, iddiaçı cərrahiyyə xəstəlikləri kafedrasının klinik ordinatoru tibbi xidmət göstərmək üçün 22.09.89-cu ildən 09.11.89-cu ilə kimi Stepanakert şəhərində ezamiyyət xərci ödənilmək şərti ilə ezamiyyətdə hesab edilmişdir. - Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli R/102 nömrəli məktubla onun nəzərinə çatdırılmışdır ki, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar olduğu təqdirdə (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti), “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə aidiyyəti komissiyada baxıla bilər. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin (keçmiş N. Nərimanov adına X4 Ordenli Azərbaycan Tibb Universiteti) müvafiq əmrləri əsasında cərrahi xəstəliklər kafedrasının aspirantı, hərbi-səhra hospitalında yaralılara tibbi yardım göstərmək məqsədilə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ağdam şəhərində, daha sonra isə döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Beyləqan rayonuna, yəni qanunvericilikdə qeyd olundugu kimi döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması iş materialları ilə sübuta yetirilmişdir. Bunu təkzib edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddia təmin edilməli, İddiaçı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan qanunvericilik normalarına əsasən müəyyən olunur ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müəyyən edilir. Baxılan iş üzrə iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan qayadada Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübut edən sənədlərə malik deyil. İddiaçının bu barədə sübut kimi istinad etdiyi əmrlər, yəni iddiaçının müharibə şəraitində olan rayonlara ezam olunması yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi məqsədi daşımış, döyüş təminatı ilə bağlı olmamışdır. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilmir, həmçinin, onun özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlərin mövcudluğu iş materialları ilə təsdiqini tapmır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının, Azərbaycan Tibb Universitetinin Rektorunun 210/N- saylı əmrinə əsasən, xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixinə qədər Xankəndi rayonuna, rektorun 39/E saylı əmrinə əsasən xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə qədər Ağdam rayonuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1994-cü il tarixli 1 saylı əmrinə görə rektorun 3/E saylı əmrinə əsasən Beyləqan rayonuna xidməti ezamiyyətə göndərilməsi və bu müddətlərdə ezam olunan yerlərdə olması faktları hər hansı sənəd-sübutla (o cümlədən ezam olunduğu rayon İcra Hakimiyyəti orqanının və ya hərbi komissarlığın, Müdafiə Nazirliyinin, tibb müəssisəsinin hər hansı arayışı və ya qeydi ilə) təsdiq olunmadığından iddia tələbi əsaslı sayıla bilməz. Eyni zamanda iddiaçının təşəbbüsü ilə məhkəmə kollegiyası tərəfindən göndərilmiş sorğuya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidlmətinin verdiyi 1827 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunun məzmunundan aydın olur ki, iddiaçının iş yoldaşları kimi göstərdiyi 2 şəxsə: B.Zeynalova və N.Bayramova müvafiq məhkəmə qərarları və təsdiqedici sənədlər (ezam olunan yerdə yerləşən hərbi hospitalın rəhbərliyinin müvafiq məktubları) nəzərə alınmaqla müharibə veteranı statusu verilmişdir. Beləliklə, iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2020 saylı,xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2020 saylı,xx.xx.2020-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar