Məhkəmə qərarları › İş №2-1(103)-590/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-590/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-590/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil Aağalar oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5607/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı xx.xx.1981-ci il tarixdən halhazıradək Akademik M.A.Topçubaşov adına X8 damar Cərrahlığı şöbəsində ürək-damar cərrahı kimi çalışır. X5 zamanı Hərbi hospitallarda damar cərrahlığı ixtisası üzrə mütəxəssislər olmadığı üçün müxtəlif vaxtlarda dəfələrlə cəbhə bölgələrinə-Ağdərə, Ağcabədi, Kəlbəcər, Ağdam, Fizuliyə ezam olunmuş və damar cərrahı kimi döyüşlərdə yaralanmış əsgərlərə cərrahı yardım göstərmiş, həkim kimi əlindən gələni etmişdir. Sonrakı illərdə iddiaçıya müharibə veteranı vəsiqəsi verilmişdir və o veteranlara şamil edilən imtiyazlardan istifadə etmişdir. Lakin bir müddət keçdikdən sonra ona məlum olmayan səbəblərdən veteranlıq statusu ləğv edilmişdir. Müharibə veteranlarına diqqətin artırılıması ilə bağlı cənab Prezidentin Sərəncamından ruhlanaraq iddiaçı veteran statusunun bərpa edilməsinə dair ərizə ilə əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Müraciət etmişdir. Oradan iddiaçıya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyini məsləhət bilmişlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdikdə isə xahişi təmin edilməmiş və xx.xx.2022-ci il tarixli H/3172 saylı məktubla həmin qurumdan cavabı almışdır ki, aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməlidir. Daha sonra xx.xx.2022-ci il tarixdə müvafiq xahişlə Müdafiə Nazirliyinə müraciət etsə də bu genədək həmin qurumdan heç bir cavab almamışdır. Müharibə gedişində iddiaçının döyüş bölgələrinə - hospitallara ezam olunması rəsmi əmrlərə əsasən olmuşdur. Bununla bağlı işlədiyi, Akademik M.A.Topçubaşov adına X9 verdiyi xx.xx.2022-ci il tarixli arayışda həqiqətən xx.xx.1993-cü ildə Ağdərə rayon hərbi hospitalına ezam olunduğu təsdiq edilmiş, 2002-ci ildə baş vermiş yanğın nəticəsində digər ezam sənədlərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir...” Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…İnzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Norma ümumiləşdirərək qeyd edilir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Aəzıbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə, komissiyanın xx.xx.2023-cü il tarixli 4/3- 3253 nömrəli məktubundan da göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmamışdır Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Hazırki iddiada veteran adının verilməsi məsələsi Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyanın səlahiyyətlərinə aid olmadığından, cavabdehin məktubunda iddiaçıya izah olunub ki, digər qoşun növlərində xidmət etdiyi üçün həmin qurumun müvafiq Komissiyasına müraciət etməlidir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göslərən “Veteran adlarının və müvafiq vəsigələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Züİfiqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5607/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmənin qərarı qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının tələblərini pozması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə «Müharibəveteranı» adının və vəsiqəsi (o cümlədən , onun dublikatı) Azərbaycan Respulikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı iddiaçı hərbi qulluqçu statusuna malik olmadığına görə onun müharibəveteranı adı və vəsiqəsi verilməsi üçün aidiyyəti üzrə həmin Xidmətə müraciət etməsinin məqəsədəuyğun olduğu Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyasının 10 yanvar 2023-cü il tarixli qərarında bildirmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, iddia müvafiq tələbə cavab verməli olmyan şəxsə – hazırkı vəziyyətdə inzibati orqana yönəldiyindən mübahisəyə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia baxılmamış saxlanılmalı idi. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mükünlüyünə dair» Azərbaycan Respulikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərədə tutur. Həmin Qərarın 1.4cü bəndində qeydolunur ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin zəmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərədə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını,İPM-də nəzərədə tutulmuş maddələrinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisəyə baxan birinci instansiya məhkəməsi tərəfindən işin qeydolunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir…» Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iştirak edən iddiaçı və onun nümayəndəsi iddiaçının 1992-1993-cü illərdə cavabdeh Müdfiə Nazirliyinin Qarabağ döyüş bölgələrində düşmənə qarşı əməliyyatlar aparan hərbi hissə və hospitalında cərrah həkim kimi ezam olunaraq yaralılıra tibbi yardım göstərməsinin işə əlavə olunmuş sübutlarla təsdiq olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, Müdafiə Nazirliyini iddiaçının müharibə veteranı və vəsiqəsinin verilməsi barədə iddia tələbinə cavab verməli olan əsl cavabdeh hesab etməyərək bildirir ki, mübahisələndirilən məsələyə əsl cavabdeh Azərbaycan Respulikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Xidmətin yaratdığı müvafiq komissiya tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin qüvvədə olan tələbinə əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan müddasından göründüyü kimi, adıçəkilən bölgələrdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər. İddiaçının X5 dövründə cavabdeh Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparılan hərbi hissə və hospitalına əezam olunması işə əlavə olunmuş aşağıdakı sənədələrələ təsdiq olunur. Akademik M.A.Topçubaşov adına X10 PHŞ-in xx.xx.2022-ci il tarixli, 75 nömrəli arayışına əsasən müəyyən olunur ki, xx.xx.1981-ci il tarixindən X6 Damar cərrahlığı şöbəsində həkim ürək-damar cərrahı kimi çalışan İddiaçı xx.xx.1993-cü ildə Ağdərə rayon hərbi hospitalına 10 günlük ezam olunmuşdur (Arayışda qeyd olunur ki, digər ezam sənədlərini, 2002-ci il tarixində yanğın baş verdiyi üçün təqdim etmək mümkün deyildir). X10 tərəfindən məhkəmə sorğusuna əsasən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 73 nömrəli məktubunda bildirilir ki, həkim ürək-damar cərrahı vəzifəsində çalışan İddiaçı 1992 və 1993 cü illərdə Ağcəbədi, Ağdərə rayonlarında hərbi hospitallarda ezamiyyətdə olmuşdır. (Məktubda həmçinin qeyd olunur ki, Mərkəzdə yanğın zamanı ezamiyyət cədvəlləri, ezamiyyət vərəqləri məhv olmuşdur). Cərrahiyə Mərkəzinin həmin məktubuna əlavə edilmiş, keçmiş M.A.Topçubaşov adına Elmi-Tədqiqat Kliniki və X1: -xx.xx.1993-cü il tarixli 13 nömrəli əmrindən görünür ki, dördüncü sırada İddiaçı adı damar cərrahlığı şöbəsinin həkim cərrahı 22 yanvar 1993-cü ildən Ağdərə rayonuna hərbi hospitala 10 günlük ezamiyyətə göndərilmiş ( Əsas: Ezamiyyət cədvəli); -xx.xx.1992-ci il tarixli 182 nömrəli əmrindən görünür ki, birinci sırada İddiaçı adı qandamar cərrahlığı şöbəsinin həkim cərrahı 1992-ci ilin sentyabr ayının 22-dən Ağcəbədi rayonuna 5 günlük ezamiyyətə göndərilmişdir Eyni zamanda, cavabdeh Müdafiə Nazirliyinin işə əlavə olunmuş məhkəmə sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/2-1948 nömrəli cavab məktubunda - iddiaçı barəsində N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində məlumat aşkar olunmadığını bildirsə də, həmin məktubuna əlavə edərək məhkəməyə göndərdiyi N №-li hərbi hissə komandirinin xx.xx.1993- cü il tarixli 22 №-li nizami hissə üzrə əmrindən Arxiv Çıxarışına əsasən müəyyən olunur ki, sözügedən hərbi hissənin xx.xx.1993- cü il tarixli 22 №-li əmrində göstəriş verilir ki, İddiaçı, Topçubaşov adına İN-n həkim cərrah 10 gün müddətinə Ağdərəyə ezam olunduğu üçün yemək və yatacaqla təmin edilsin. Qeyd: Əmr olduğu kimi köçürülmüşdür. Əmrdə atasının adı yazılmamışdır. Akademik M.A.Topçubaşov adına X10 PHŞ-nin və cavabdeh Müdafiə Nazirliyinin tədqiq olunan arxiv sənədələrinə əsasən biri-birini tamamlayan hallardan göründüyü kimi, iddiaçının İddiaçı həqiqətən, qeyd olunan tarixlərdə həkim cərrah kimi döyüş bölgəsi hesab edilən Ağdərə rayonuna, Müdafiə Nazirliyi tabeliyində olan hərbi quruma ezam olunmuş və onun həmin ezamiyyətinin mövcudluğu nazirliyinin N №-li hərbi hissə komandirinin əmrinin arxiv nüsxəsində də məlumatlarla, o cümlədən, ezam olunduğu üçün onun yemək və yatacaqla təmin edilməsi barədə əmrin verilməsi ilə öz təsdini tapır. Belə olan halda, AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin səkkizinci yarımbəndinin «Qeyd»inin 2-ci bəndinnin 1-ci və 4-cü hissələrinə müvafiq olaraq iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi onun ezam olunduğu cavabdeh Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan həmin hərbi hissəsinin (hospitalın) yerindən asılı olaraq, məhz, Müdafiə Nazirliyi tərəfindən (onun yaratdığı komissiyanın rəyinə əsasən) verilməli idi. Belə ki, sözügdən Əsasnamənin sözügedən «Qeyd»inin 2-ci bəndi nəzərdə tutur ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur Həmin bəndin 4-cü hissəsi isə Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndininsəkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir…» Göründüyü kimi, tədqiq olunan sübutlarla iddiaçının cavabdeh qarşı iddia tələbində haqlı olduğu sübuta yetirilir. Lakin cavabdeh işə əlavə olunmuş iddiaçının müraciətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-170 nömrəli cavab məktubnda onun hərbi qulluqçu statusuna malik olmadığınıza görə “müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaratdığı müvafiq komissiyaya müraciət etməyiniz məqsədəuyğun olduğunu bildirməklə, dolayısı ilə əsassız olaraq onun ərizəsinin icrasından imtina etmiş, bununla da qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının tələbinin təmin olunması barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlinmişdir. İPM-nin 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarın qanunsuz və əsassız, maddi və prosessual hüquq normalarının tələblərini pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5607/2023 saylı xx.xx.2023-cü il tarixli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5607/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar