Məhkəmə qərarları › İş №2-1(103)-592/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-592/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-592/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı ali təhsil müəssisəsinə köçürülməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-131/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun Türkiyə Resublikasının dövlət universiteti olan Yıldırım Beyazit Universitetinin Hüquq fakültəsindən Azərbaycan Respublikasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə köçülməsinə verdiyi imtinaya dair 28.02.2019-cu il tarixli qərarının ləğv edilərək, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə köçürülmə hüququnun tanınması üçün qərar qəbul etmə vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Neftçala rayonunda anadan olmuşdur. Tam orta təhsilini Azərbaycan Respublikasında bitirdikdən sonra 2002-2007-ci illər ərzində Türkiyə Respublikası Ankara şəhəri X12 Universitetində biologiya sahəsi üzrə bakalavr, daha sonra, 2009- 2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində həmin sahə üzrə magistr təhsili almışdır. Bundan sonra isə təhsilini davam etdirmək qərarına gəlmiş və 2011-ci ildə Türkiyə Respublikası Ankara şəhəri X12 Universitetində botanika sahəsi üzrə doktorantura təhsilinə başlamışdır. Hal-hazırda həmin universitetdə sözügedən ixtisas üzrə doktorantura təhsili almaqdadır. Hərbi xidmətdə olmuş, ailəli və iki övladı vardır. Botanika sahəsi üzrə doktoranturada oxuduğu müddət ərzində eyni zamanda, hüquq sahəsinə böyük marağı olduğu üçün 2014-cü ildə ingilis dilində SAT (X4) imtahanını, yəni Ali təhsilə qəbulla bağlı Qiymətləndirmə Test imtahanını müvəffəqiyyətlə verərək topladığı balla Ankarada yerləşən və dövlət universiteti olan Yıldırım Beyazıt Universiteti Hüquq fakültəsinə qəbul olmuşdur (əyani). Hal-hazırda həmin universitetin 4-cü kurs tələbəsidir. Təhsil aldığı universitetin hüquq fakültəsində tədris olunan dərslərin 30 %-i ingilis dilindədir və bu xüsusiyətinə görə Türkiyə Respublikasında ilk və tək dövlət universitetidir. Ailə vəziyyəti ilə əlaqədar 2016-cı ildə Bakıya köçmüşdür. Hüquq fakültəsindəki bakalavr təhsilini Azərbaycana köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra “Nazirlik”) dəfələrlə müraciət etmişdir. Sonuncu dəfə 07.02.2019-cu il tarixində Nazirliyin transfer.edu.az veb portalında köçürülmə ilə əlaqədar bütün sənədləri təqdim edərək qeydiyyatdan keçmişdir. 28.02.2019-cu il tarixində Nazirlik heç bir səbəb göstərmədən köçürülmədən imtina etmişdir Bakı İnzibati Məhkəməsinin 27.02.2020-ci il tarixli qərarı ilə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.06.2020-ci il tarixli, 2- 1(103)-1135/2020 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1243/2020 nömrəli iş üzrə 27 fevral 2020-ci il tarixli qərardadı ləğv edilməsi, iş həmin məhkəməyə göndərilməsi qərara alınmış, İddiaçı apellyasiya şikayəti təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-131/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, imtinaya səbəb kimi iddiaçının təhsil aldığı Yıldırım Beyazit Universitetinin “dünyanın ən yaxşı təhsil müəssisələri reytinqlərində” yer almadığı göstərilmişdir. Lakin, iddiaçının təhsil aldığı Yıldırım Beyazit Universiteti cavabdehin istinad etdiyi 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda göstərilən “Shanghai Ranking (http://www.shanghairanking.com/ARWU2013.html)” reytinq sıralamalarında yer alır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin xeyrinə qərar verərək iddiaçının təhsil almaq hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkil-nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -Türkiyə Respublikası Yıldırım Beyazit Universiteti Tələbə işləri üzrə idarə rəhbərliyi tərəfindən verilmiş 07.01.2016-cı il tarixli, **********5 №-li tələbə barədə məlumatın surətindən görünür ki, İddiaçı hüquq fakultəsinin 2-ci kursunda təhsil alır. Qeydiyyat tarixi 03.09.2014-cü ildir. Həmin universitetin 2015-2016 təlim-tədris ili payız semestrində hüquq fakultəsinin tələbəsidir. -Türkiyə Respublikası Yıldırım Beyazit Universiteti tərəfindən verilmiş 07.01.2016-cı il tarixli İddiaçı aid transkripitin surətindən görünür ki, hüquq fakultəsinin tələbəsi İddiaçı 2014-2015-ci il payız semestr üzrə uğurlu semestr krediti 34,00, ümumi ağırlıqlı uğur balı 116,50, uğurlu semestr ağırlıq balı 116,50, 2014-2015-ci il yaz semestri üzrə uğurlu semestr krediti 36,00, ümumi ağırlıqlı uğur balı 215,00, uğurlu semestr ağırlıq balı 215, 2015-2016-ci il yaz semestri üzrə uğurlu semest krediti 3,00, ümumi ağırlıqlı uğur balı 227,00, uğurlu semestr ağırlıq balı 227 olmuşdur. - İnternet resuslarından çıxarışdan görünür ki, Türkiyə Respublikası Yıldırım Beyazit Universiteti 2016-cı ildə dünyanın reytinqli universitetlərinin siyahısındadır. -Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Dövlət Universitetinə ünvanladığı 4A-11-1444/17 №-li, 24.02.2016-cı il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Türkiyə, Yıldırım Bəyazit Universiteti “hüqüqşunaslıq” ixtisası, köçürülmək istədiyi ixtisas, təhsilalma forması “Hüquqşunaslıq” ixtisası, əyani şöbəsinə TQDK-a imtahanlarında iştirak etmədiklərinə görə imtina edilmişdir. -“transfer.edi.az” saytından çıxarışdan görünür ki, 28.02.2019-cu ildə İddiaçı Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə köçürülməyindən imtina edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 04- 11-54/12 №-li, 13.07.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a (bundan sonra Qaydalar) əsasən X8 tərəfındən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycarı Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı onların beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr, qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri və təhsil aldıqları ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması nəzərə alınır. İddiaçı məsələsinə bu tələblər nəzərə alınmaqla bir daha baxılmışdır. Bildirilir ki, Qaydalarda “dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması” dedikdə konkret reytinqlər (X9 X5 (https://www.timeshiqhereducation.com/worlduniversitvrankinqs/2017/world rankinq; Quacquarelli Symonds - QS X5 (http:// www.topuniversities. com/universitv-rankinqs), Academic Ranking of World Universities – Shanghai Ranking (http://www.shanqhairankinq.com/ARWU2013.html) nəzərdə tutulur. İddiaçı təhsil aldığı Yıldırım Bəyazit Universiteti 2011-ci ildə yaradılmış və cari ilədək Qaydalarda qeyd olunan reytinq cədvəllərində yer almamışdır. Qeyd olunanları və Qaydaların tələblərinin ödənilmədiyini nəzərə alaraq İddiaçı respublikanın ali təhsil müəssisələrinə köçürülməsini məqsədəuyğun hesab etmirlər. İşin hallarından müəyyən edilmişdir ki, İddiaçı 03.09.2014-cü ildə Türkiyə Respublikası Yıldırım Beyazit Universitetinin hüquq fakultəsinin əyanı şöbəsinə qəbul olunmuşdur. 2-ci kursda təhsil alan zaman aliə vəziyyəti ilə bağlı həmin universitetdən Bakı Dövlət Universitetinin hüquq fakultəsinə köçürülməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. 28.02.2019-cu il tarixində cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqan imtinasını iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer almaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.1-ci bəndinə əsasən tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır. Həmin Qaydaların 2.8-cü bəndinə əsasən DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır: 2.8.1. beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); 2.8.2. qənaətbəxş akademik göstəriciləri; 2.8.3. köçürülmə səbəbləri; 2.8.4. təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması. Qeyd “dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması” dedikdə konkret reytinqlər (X9 X5 (https://www.timeshiqhereducation.com/worlduniversitvrankinqs/2017/world rankinq; Quacquarelli Symonds - QS X5 (http:// www.topuniversities. com/universitv-rankinqs), Academic Ranking of World Universities – Shanghai Ranking (http://www.shanqhairankinq.com/ARWU2013.html) nəzərdə tutulur. Həmin Qaydaların 2.10-ci bəndinə əsasən bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Həmin Qaydaların 2.11-ci bəndinin tələblərinə görə köçürülmə üçün əsas olmadığı hallarda Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qənaətbəxş akademik göstəriciləri və beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələri olmasına baxmayaraq təhsil aldığı Yıldırım Bəyazit Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer almadığından onun köçürülməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsinə əsas olan hallar iş materialları ilə öz təsdiqini tapmadığından apellyasiya şikayəti qərarın ləğv edilməsi üçün əsas təşkil etməmişdir. İddiaçı apellyasiya şikayətində təhsil aldığı Yıldırım Bəyazit Universitetinin “Shanghai Ranking” reytinq sıralamalarında yer aldığını bildirsə də məhkəmə kollegiyasına bu faktı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunan QS EECA University Rankings 2021-də Yıldırım Bəyazit Universitetinin ilk onluqda yer almasını təsdiq edən hər hansı bir qeyd öz əksini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-131/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar