Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-593/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4285/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının Kocaeli Universiteti Kocaeli Səhiyyə Ali Məktəbi tərəfindən verilmiş 8 iyun 2018-ci il tarixli 190627 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən olunması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2014-2018-ci illərdə Türkiyə Respublikası Kocaeli Universiteti Kocaeli Səhiyye Ali Məktəbində Mamalıq ixtisası üzrə təhsil almışdır. O, həmin təhsil müəssisəsini bitirməsi barədə diplomu üzrə ixtisasının tanınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mamalıq ixtisasının ekvivalenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) təsnifatı”nda mövcud deyil. Azərbaycan Respublikası Mamalıq və Ginekologiya İnstitutu üçün zəruri olan bütün dərslikləri (fənləri) Kocaeli Universitetində mənimsəmişdir və bununla bağlı müvafiq sertifikatı da var. Orada ginekoloji xəstəliklərin müalicəsi ilə yanaşı, hamiləlikönü və hamiləlik vaxtı müayinə və müşahidələr, doğuşun həyata keçirilməsi və doğuş sonrası və sair prosedurlar ilə bağlı zəruri olan bütün biliklərə yiyələnmişdir. Bütün klinikalarda mamalıq və ginekologiya şöbəsi fəaliyyət göstərir. Bununla da görünür ki, onun aldığı təhsil mamalıq, respublikadakı Mamalıq və Ginekologiya İnstitutunun özüdür. Hazırda bu ixtisas üzrə 5 illik rezidentura təhsili tələb olunur. Lakin o, qanunvericiliyə əsasən Türkiyə Respublikasında müvafiq təhsil almışdır. Bunun nəticəsi olaraq ona orada tanınan ali təhsil diplomu verilmişdir. Cavabdeh onun aldığı 4 illik təhsil diplomunu tanımamaqla hüququnu pozur. Bakı İnzibati Məhkəməsinin 30.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarın əsaslarına görə, “Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya verilmiş 8 iyun 2018-ci il tarixli 190627 nömrəli diploma (təhsil sənədinə) Türkiyə Respublikasının səlahiyyətli orqanı tərəfindən “apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının 23 fevral 2018-ci il tarixli 1004-VQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edildiyindən, həmin Sazişin şərtlərini inzibati orqan iddiaçının diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik barədə şəhadətnamə verilməsi ilə bağlı icraatda nəzərə almalı idi. İnzibati orqanın imtinasını əsaslandırdığı dəlillə bağlı məhkəmə onu da qeyd edir ki, imtinada gətirilən həmin əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2003cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda nəzərdə tutulmuş meyarlarla tam uzlaşmır. İnzibati orqanın imtina ilə bağlı hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13, 17, 19, 24-cü maddələrinə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ona Türkiyə Respublikasının Kocaeli Universiteti Kocaeli Səhiyyə Ali Məktəbi tərəfindən verilmiş 8 iyun 2018-ci il tarixli 190627 nömrəli diplom üzrə ixtisasının tanınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, araşdırma zamanı iddiaçının əldə etdiyi Mamalıq ixtisasının dövlət təhsil standartlarına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Mamalıq ixtisasının ekvivalenti və ya alternativi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli 45 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda mövcud deyildir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsaslıdır. İşdən müəyyən edilir ki, Türkiyə Respublikasının Kocaeli Universiteti Kocaeli Səhiyyə Yüksək Məktəbi tərəfindən verilmiş 08.06.2018-ci il tarixli 190627 nömrəli bakalavr diplomunda göstərilmişdir ki, dörd illik təhsilini başa vuran iddiaçı Mamalıq bölümünü bitirmişdir. İddiaçı sözügüdən diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə 19.12.2019-cu il tarixdə X3 vasitəsilə cavabdehə müraciət etmiş, sonuncu onun müraciətini təmin etməkdən imtina edərək, bildirmişdir ki, Mamalıq ixtisasının ekvivalenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda mövcud deyildir. İmtinada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə istinad olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının 23.02.2018-ci il tarixli 1004-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in (bundan sonra - Saziş) “Diplomların tanınması və ekvivalentliyi” adlı 12-ci maddəsinə görə, Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2019-cu il tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”ndan görünür ki, həmin normativ hüquqi akt ali təhsilin bakalavr səviyyəsi üzrə 10 ixtisas qrupunda 148 ixtisası təsnifləşdirir ki, “9. Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu” 137. 050901 Hərbi tibb, 138. 050902 İctimai səhiyyə,
139. 050903 Stomatologiya və 140. 050904 Tibb ixtisaslarından ibarətdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra - Qaydalar): 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 05.03.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu 05.10.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin “Apostille (Convention de la Haye du 5 octobre 1961)” adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə görə, şəhadətnamə sənədi imzalamış şəxsin və ya həm hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur.
İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı Kocaeli Universiteti Kocaeli Səhiyyə Yüksək Məktəbində mamalıq ixtisası üzrə bakalavr təhsili alsa da, mamalıq ixtisası Azərbaycan Respublikasının qanunvericiliyi ilə əsas (baza ali) tibb təhsilinə aid edilməmişdir, başqa sözlə, qanunvericiliklə əsas (baza ali) tibb təhsilinə daxil edilən ixtisasların arasında mamalıq ixtisası nəzərdə tutulmamışdır. Bu da iddiaçının mübahisəli diplomunun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun iş üzrə sübuta yetirilməsi, o cümlədən Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunması deməkdir. Cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə və Sazişə zidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və bu sıradan Sazişdə, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından haqlı olaraq imtina etmişdir. Sazişin də 12-ci maddəsindən göründüyü kimi, həmin ikitərəfli beynəlxalq müqavilədə Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirildiyi təsbit olunmuşdur. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Məhkəmə kollegiyası, həmçinin, birinci instansiya məhkəməsinin qərarında iddianın təmin olunmasının əsaslarından biri kimi qeyd etdiyi iddiaçının diplomuna Türkiyə Respublikasında Apostille şəhadətnaməsinin əlavə olunması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, Apostille yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət təmin edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4285/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərarı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı Türkiyə Respublikasının Kocaeli Universiteti Kocaeli Səhiyyə Ali Məktəbi tərəfindən verilmiş 8 iyun 2018-ci il tarixli 190627 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən olunması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova