Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-593/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdein nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6010/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın azaldılmasına dair inzibati aktın ləğv edilməsi və pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilməklə iddia tələbinin “İddiaçı işlədiyi hakim vəzifəsinə görə təyin olunmuş 3.540,70 manat məbləğində pensiyaya prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi təyin olunmuş 1.791,90 manat məbləğində pensiyanın xx.xx.2017-ci il tarixdən etibarən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarasınız.” kimi göstərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6010/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən, iddiaçıya 09 iyun 2004-cü il tarixdən prokurorluq işçisi kimi pensiya təyin edilmişdir; 2017-ci ilin iyun ayının pensiyası 1.790,51 ödənilməkləxx.xx.2017-ci il tarixdən dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən, İddiaçı 01 iyul 2017-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 3.117,88 manat təşkil etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablaması haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin olunmuş pensiyanın məbləği 4.689,54 manatdan 3.540,70 manata azaldılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə k, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya 09 iyun 2004-cü il tarixdən prokurorluq işçisi kimi əmək pensiyası təyin edilmişdir. 01 iyul 2017-ci il tarixdən isə iddiaçıya sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən prokurorluq işçisi kimi aldığı 1.790,51 manat pensiya dayandırılmışdır. İddiaçının həm prokurorluq işçisi kimi, həm də hakim kimi pensiya hüququnun olması işin mübahisələndirilməyən hallarına aiddir. İddiaçıya sabiq hakim kimi təyin edilmiş pensiya məbləği (3.540,70 manat) iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının tələbi həmin məbləğə prokurorluq işçisi kimi əvvəllər aldığı 1.790,51 manat pensiya məbləğinin xx.xx.2017-ci il tarixdən etibarən hesablanaraq birlikdə ödənilməsindən ibarətdir. Hazırkı məhkəmə baxışının predmetini iddiaçının həm prokurorluq işçisi kimi, həm də hakim kimi yaşa görə əmək pensiyasını birgə almaq hüququnun olub-olmaması təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşlar pensiya seçmək hüququna malikdirlər. Həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Yəni Azərbaycan Respublikasının qanunvericiliyi müxtəlif pensiya hüququ olan şəxsə öz arzusu ilə sərbəst bir pensiyanı seçmək hüququ verir. Belə ki, vətəndaşın həm sonuncu iş yeri, həm də əmək fəaliyyətinin müxtəlif dövrləri üzrə əmək pensiyası hüququ yarana bilər. Belə olan halda vətəndaş hansı pensiya hüququndan istifadə edilməsini sərbəst seçə bilər. Hazırkı iş üzrə iddiaçı da hakim kimi yaşa görə əmək pensiyasını almaq üçün müraciət etməklə seçimini etmişdir. İddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində, sözügedən Qanunun 4-cü maddəsinə istinadən “müxtəlif pensiya növlərinə hüququ olan şəxs” anlayışından istifadə olunmamışdır. Həmin normada nəzərdə tutulmuş “müxtəlif pensiya hüququ” ifadəsi daha geniş anlayış olmaqla, həm müxtəlif pensiya növləri (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası), həm də bir pensiya növü daxilində (məsələn, yaşa görə) müxtəlif pensiya hüququnu ehtiva edir. İddiaçı həm prokurorluq işçisi kimi, həm də hakim kimi pensiya hüququna malik olsa da, qanunvericilkdə eyni vaxtda iki pensiya almaq hüququ barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. İddiaçının prokurorluq işçisi kimi pensiyasının bir hissəsinin müəyyən dövr hakim kimi təyin olunan pensiyaya birləşdirilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hətta məhkəmə araşdırması ilə öz təsdiqini tapdığı halda belə hazırkı iddia üzrə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Bu mənada, məhkəmə kollegiyası qeyd edilən məsələ ilə bağlı əlavə araşdırma aparılmasına zərurət görmür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, kollegiya hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbinin təmin edilməməsində cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Kollegiya apellyasiya şikayətinə münasibətdə bildirir ki, iş materialları və qanunvericiliyin müddəaları baxımından şikayət düzgün əsaslandırılmamışdır . Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6010/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-593/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-593/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver