Məhkəmə qərarları › İş №2-1(103)-593/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-593/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-593/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3223/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. X11 Akademiyası tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayışda bildirilmişdir ki, verilir İddiaçı ona görə ki, o, həqiqətən 1975-1979-cu illərdə Bakı dəniz yolları məktəbində əyani formada təhsil almışdır. İddiaçıya məxsus 2074/80 saylı xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə cildləyici vəzifəsinə müvəqqəti işə təyin edilmiş, xx.xx.1974-cü ildə işdən azad edilmişdir. xx.xx.1975-ci ildə Bakinproqor cildləyici vəzifəsinə işə təyin edilmiş, xx.xx.1975-ci ildə işdən azad edilmişdir. xx.xx.1975-ci ildə Bakı Dənizçilik Məktəbi 1-ci kursa kursant kimi qəbul edilmiş, xx.xx.1980-ci ildə Naviqasiya/gəmiçilik/ixtisası üzrə tam kursu bitirmiş və X9 işə göndərilmişdir. xx.xx.1980-ci ildə Nəqliyyat donanması gəmilərinə matros qəbul edilmiş, xx.xx.1981-ci ildə Nəqliyyat donanması gəmilərində kapitanın 3-cü köməkçisi təyin edilmiş, xx.xx.1984-cü ildə Nəqliyyat donanması gəmilərində kapitanın 2-ci köməkçisi təyin edilmiş, xx.xx.1986-cı ildə Nəqliyyat donanması gəmilərində kapitanın baş köməkçisi təyin edilmiş, xx.xx.1989-cu ildə Az.SSR Azərbaycan Respublikası Gömrüyünə keçirilməklə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə Gömrüyün baş inspektoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə vəzifəsindən azad edilmişdir. xx.xx.1996-cı ildə Dövlət Gömrük Komitəsi Azərterminalkompleks Xarici iqtisadi birliyinin Bakı şöbəsinə müvəqqəti icra edən şöbə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə ərazi terminalı üzrə Bakı şöbəsinə baş inspektor keçirilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmişdir. 212-L saylı xx.xx.1989-cu il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən etibarən ayda 170 rubl əmək haqqı ilə Azərbaycan Respublikası gömrükxanasına baş müfəttiş vəzifəsinə işə qəbul edilmiş, gömrükxananın katerini idarə etmək vəzifələrini həvalə edərək, ona 6 aylıq sınaq müddəti müəyyən edilmişdir. Bakı Gömrükxanası tərəfindən Fərdi rütbənin verilməsinə dair təqdimatda göstərilmişdir ki, İddiaçı (.....) Gömrükxananın bütün fəaliyyət sahələrində çalışmışdır. Təcrübəli əməkdaşdır. Hazırda “Azəri” xidməti-operativ katerin t/x kapitanı vəzifəsini yerinə yetirir (.....). İş materiallarına əlavə edilmiş Bakı Gömrükxanası tərəfindən xx.xx.1990-cı il tarixli Fərdi rütbənin verilməsinə dair təqdimatda göstərilmişdir ki, (....) yoldaş İddiaçıP (.......) Xidməti səyyar gömrük kateri kapitanının vəzifələrini icra edir. Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021ci il tarixli, 1000-180/1xx-xx/01333 nömrəli məktubunda bildirilmişdir ki, siz 27 noyabr 1989-cu il tarixli 212-İ nömrəli əmr ilə Azərbaycan Respublikası gömrükxanasının böyük inspektoru vəzifəsinə təyin olunmusunuz və həmin əmrlə sizə gömrükxananın “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsinin icrası həvalə olunmuşdur. Siz “Azəri” xüsusioperativ katerinin kapitanı vəzifəsini 20 dekabr 1994-cü il tarixədək, yəni Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 3-cü bəndinə əsasən gömrük orqanlarından xaric olunan tarixədək icra etmisiniz. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-İi Qərarı ilə təsdiq edilmiş 2 №-İi siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********)) uyğun göstərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X5 AM03/02-43 saylı xx.xx.2020-ci il tarixli və AMxx/xx-1572 saylı xx.xx.2021-ci il tarixli arayışlarında qeyd edilmişdir ki, İddiaçı oğluna ondan ötrü ki, o, həqiqətən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1980-ci il tarixdən xx.xx.1989-cu il tarixinə kimi matros, kapitanın 3-cü, 2-ci və baş köməkçisi vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 09 il 08 ay 01 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təstiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X10 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 8 ay 1 gün (xx.xx.1980-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17 iyun 1974-cü ildə “Bakqiproqof” instituna cildçi vəzifəsinə müvəqqəti olaraq qəbul edilmiş və 6 sentyabr 1974-cü ildə işdən azad olmuşdur. 17 iyun 1975-ci ildə yay tətili vaxtında “Bakqiproqor” instituna cildçi vəzifəsinə müvəqqəti olaraq qəbul edilmiş və 22 avqust 1975- ci ildə işdən azad olmuşdur. 01 sentyabr 1975-ci ildə Bakı dəniz yolları məktəbinə gəmi sürücüsü ixtisasına, birinci kursuna qəbul olmuş və 05 fevral 1980-ci ildə gəmi sürücüsü ixtisasını tam bitirib və X9 işə təyinatla göndərilmişdir. 24 mart 1980-ci ildə X9 nəqliyat donanmasının gəmilərinə matros vəzifəsinə qəbul olmuş, 30 may 1981-ci ildə nəqliyat donanmasında kapitanın 3 köməkçi vəzifəsinə, 19 iyul 1984-cü ildə nəqliyat donanmasında kapitanın 2 köməkçisi vəzifəsinə, 05 mart 1986-cı ildə nəqliyat donanmasında kapitanın baş köməkçisi vəzifəsinə keçirilmiş, 25 noyabr 1989-cu ildə işdən azad olmaqla keçirilmə yolu ilə Azərbaycan Respublikasının gömrükxanasına keçirilmişdir. 27 noyabr 1989-cu ildə Azərbaycan Respublikasının gömrükxanasına böyük inspektor vəzifəsinə qəbul edilmiş və həmin əmrlə gömrükxananın T/X “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsini 20 dekabr 1994-cü il tarixədək, yəni Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 3-cü bəndinə əsasən gömrük orqanlarından xaric olunan tarixədək icra etmişdir. 19 mart 1996cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Xarici iqtisadi birliyi Bakı şöbəsinə müvəqqəti icra edən şöbə rəisi vəzifəsinə qəbul edilmiş, 07 may 1996-cı ildə Ərazi terminalı üzrə Bakı şöbəsinə baş inspektor keçirilmiş, 02 aprel 2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda 62 yaşı var. Güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün cavabdeh təşkilata müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Onun ümumi iş stajı 33 il 7 ay 7 gün, güzəştli şərtlərlə iş stajı isə 14 il 8 ay 24 gün təşkil edir. X13 Gəmiçiliyində 9 il 8 ay 1 gün, Dövlət Gömrük Komitəsində 5 il 23 gün təşkil edir. Bu faktlar ona güzəştli şərtlərlə 57 yaşında yaşa görə pensiyaya çıxmasına imkan verir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 8 ay 1 gün (xx.xx.1980-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3223/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, 27 noyabr 1989-cii il - 20 dekabr 1994-cü il ərzində Azərbaycan Respublikasının gönırükxanasında böyük ispektor vəzivəsində işlədiyi və eyni zamanda gömrükxananın T/x "Azəri" gəmisinin idarə etdiyi dövrünü güzəştli şərtlərlə iş stajına daxil olub- olmaması düzgün araşdırılmamışdır. Məhkəmə Gömrükxanada işlədiyi T/x "Azəri" gəmisinin xidməti gəmilərinə aid olduğunu sübut etməmişdir. Məhkəmə təfəfindən T/x "Azəri" gəmisinin xidməti gəmilərinə aid olduğunu formal olaraq aid etmiş, nəticədə həmin gəmidən işlədiyi dövrü güzəştli şərtlərlə iş stajına daxil edilməmişdir və əsassız qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etirazın məzmunu və məhkəmə qərarında qeyd edilmiş hallarla eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 57 yaşdan xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməs” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan az, yəni 9 il 8 ay 1 gün olması əsası ilə imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən tələbi təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajının olmasına baxmayaraq, güzəştli iş stajının 12 il 6 aydan az olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğu üçün onun 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədi (arayış), əmək kitabçasını və müvafiq arayışı təqdim etmişdir. Azərbaycan Dövlət Dəniz Akademiyasının xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı həqiqətən 1975-1979-cu illərdə Bakı dəniz yolları məktəbində əyani formada təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının ümumi iş stajı iş materiallarında olan təhsil barədə sənəd, əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1979-cu illərdə əyani təhsil aldığı dövr 04 il 04 ay 01 gün, əmək fəaliyyəti dövrü xx.xx.1974-xx.xx.1974-cü ilədək 02 ay 20 gün, xx.xx.1975xx.xx.1975-ci ilədək 02 ay 06 gün, xx.xx.1980-xx.xx.1989-cu ilədək 09 il 08 ay 02 gün, xx.xx.1989- xx.xx.1994-cü ilədək 05 il 24 gün, xx.xx.1996-xx.xx.2006-cı ilədək 09 il 09 ay 13 gün olmaqla ümumilikdə 29 il 03 ay 06 gün təşkil edir. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi-25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdə olan iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının kifayət qədər olması mübahisələndirilir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. İddiaçı qanunla tələb olunan 12 il 6 aydan çox zərərli iş stajının olduğunu bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000-210/2xx-xx/017563 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixli 212-İ nömrəli əmrlə Azərbaycan Respublikası gömrükxanasının böyük inspektoru vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda İddiaçı hərnin əmrlə Azərbaycan Respublikası gömrükxanasının “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsinin icrası da həvalə edilmişdir. İddiaçı “Azəri” xüsusi-operativ katerinin kapitanı vəzifəsini xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək icra etmişdir. Əlavə olaraq qeyd edilir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası gömrükxanasının “Azəri” xüsusi operativ katerinin kapitanı vəzifəsinin icra etsə də, İddiaçı hər hansı bir əlavə əmək məzuniyyəti və əmək haqqına əlavə ödənilməmişdir. İddiaçı Azərbaycan Respublikası gömrükxanasının böyük inspektorunun vəzifə maaşı ödənilmişdir. Eyni zamanda qeyd edilir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək icra etdiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “b” (üzən heyyət) yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod 23003010-üzən heyət) uyğun göstərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 01/03-B-230/259 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ”Azəri” xüsusi-operativ kateri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) donanmalarına məxsus olmadığına görə tələb olunan məlumatların verilməsi ASCO-nun səlahiyyətlərinə aid deyildir. Bununla bağlı aidiyyəti dövlət qurumuna müraciət etməyiniz xahiş olunur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X5 ÇS02/02-215 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azəri” xüsusi-operativ kateri Gəmiçiliyin balansında olmamışdır, həmçinin Babayev X1 çalışmamışdır və hal-hazırda da çalışmır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06 1993-cü il tarixli 320 nömrəli qərarı ilə tənzimlənir. İş materiallarından müəyyən olunmuşdu ki, İddiaçı 27 noyabr 1989-cu il tarixindən 20 dekabr 1994-cü il tarixədək 27 noyabr 1989-cu il tarixli (№ 212-L) əmrlə Azərbaycan Respublikasının gömrükxanasında böyük inspektor vəzifəsinə təyin edilmişdir. Eyni zamanda həmin əmrlə İddiaçı Azərbaycan Respublikası gömrükxanasının “Azəri” xüsusi operativ katerinin kapitanı vəzifəsinin icrası həvalə edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı “Azəri” xüsusi operativ katerinin kapitanı vəzifəsini 27 noyabr 1989-cu il tarixindən 20 dekabr 1994-cü il tarixədək icra etmiş və onun icra etdiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıya uyğundur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 27 noyabr 1989-cu il tarixindən 20 dekabr 1994-cü il tarixədək icra etdiyi “kapitan” vəzifəsinin “üzən gəmi heyəti”nə aid olmaması bildirilərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edillmişdir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən dövlət orqanları və o cümlədən, gömrük orqanlarının tabeliyində olan xüsusi operativ katerlərin “kapitanı” vəzifəsinin “xidməti gəmi” və ya “üzən gəmi” heyətinə aid olub-olmaması barədə ətraflı məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji Resusrsları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin fəaliyyətdə olduğu dövrdə balansında “Azəri” xüsusi operativ kateri olmamışdır. Bundan sonra İddiaçı 27 noyabr 1989-cu il tarixdən 20 dekabr 1994-cü il tarixədək kapitan işlədiyi “Azəri” xüsusi operativ katerin statusunun, yəni onun dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti, yoxsa daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət şəhərətrafı və şəhərdaxili yol gəmiləri bölməsinə aid olması məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 27 noyabr 1989-cu il tarixdən 20 dekabr 1994-cü il tarixədək işlədiyi kapitan vəzifəsi “üzən gəmi heyəti”nə aid olmamış, “Azəri” xüsusi operativ katerinin statusu “xidməti” olmuşdur. Beləliklə, iddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş yerindən verilən arayışa əsasən ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Resublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahılarda nəzərdə tutulan peşələrdə tələb olunan müddətdə işləməsi şərti iş üzrə ödənilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən də düzgün olaraq rədd edilmişdir. İddiaçının digər “pensiyasının müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsi” barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, bu tələb onun əsas tələbinə əlavə tələb olduğundan və əsas tələbin təmin olunmaması səbəbindən rədd edilməlidir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığı üçün birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3223/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3223/2022 saylı 24 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar