Məhkəmə qərarları › İş №2-1(103)-594/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-594/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-594/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “mənzil növbəliyinə alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6715/2021 saylı, 20.09.2021-ci il taixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 20 il qüsursuz xidmətini nəzərə alaraq Müdafiə Nazirliyində tərtib edilən mənzil növbəliyinə alınmasına dair öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.08.2021-ci il tarixli, 2-1(112)-6715/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6715/2021 saylı, 20.09.2021-ci il taixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6715/2021 saylı, 20.09.2021-ci il taixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 29.01.1997-ci il tarixli nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 255-1 maddəsinin “v” bəndi ilə təqsirli bilinərək məhkum edilmişdir. Beləliklə, İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması iddiaçının xidmətinin qüsursuz olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6715/2021 saylı, 20.09.2021-ci il taixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinin 09.09.2020-ci il tarixli,164 saylı Arayışından görünür ki, 1971-ci il təvəllüdlü ehtiyatda olan polkovnik-leytenant İddiaçı 01.08.1988-ci ildən 02.08.1992-ci ilədək Ukrayna Silahlı Qüvvələrində, 02.08.1992-ci ildən 10.04.2020-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvəllərində hərbi xidmətdə olmuş və AR Müdafiə Nazirinin 086 saylı 10.02.2020-ci il tarixli əmrinə, “Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. - EZ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 01.08.1988-ci ildə Ukrayna Respublikasının Poltava şəhərində Ali Hərbi Rabitə Komandanlıq Məktəbinə daxil olmuş, 20.06.1992-ci ildə oranı bitirmişdir. Müdafiə Nazirliyinin 0134rt №-li 30.12.2005-ci il tarixli əmri ilə iddiaçıya polkovnik-leylenant hərbi rütbəsi verilmişdir. SHXÇDX-nin Kəpəz rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış və 01.08.1988-ci ildə hərbi hissəyə göndərilmişdir. İddiaçı 02.08.1992-ci ildən 16.07.1993-cü ilə kimi N saylı hərbi hissədə tağım komandiri, 16.07.1993-cü ildən 30.12.1993-cü ilə qədər N saylı hərbi hissədə baş zabit, 30.12.1993-cü ildən 29.03.1995-ci ilə qədər N saylı hərbi hissədə bölmə rəisi, 29.03.1995-ci ildən 26.04.1998-ci ilə qədər N saylı hərbi hissədə rəisin köməkçisi, 26.04.1998-ci ildən 21.04.2001-ci ilə qədər N saylı hərbi hissədə qərargah rəisi, 21.04.2001-ci il tarixdən 02.02.2007-ci il tarixədək N saylı hərbi hissədə şöbə rəisi, 23.06.2007-ci il tarixdən 28.01.2014-cü il tarixədək N saylı hərbi hissədə baş zabit, 28.01.2014-cü il tarixdən 21.12.2016-cı il tarixədək N saylı hərbi hissə komandirinin rabitə üzrə müavini, 21.12.2016-cı il tarixindən 10.02.2020-ci il tarixinədək Silahlı Qüvvələrin Təlim və X1 təminatı kafedrasının Rabitə silsiləsində baş müəllim vəzifələri üzrə çalışmışdır. 10 fevral 2020-ci il tarixli 086 nömrəli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Gəncə Qarnizonu Hərbi Tribunalının 29.01.1997-ci il tarixli hökmündən görünür ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-1 maddəsinin “v” bəndi ilə təqsirli bilinərək, iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-1-ci maddəsinə əsasən hökmün icrası 1 il müddətinə təxirə salınmış, iddiaçıdan 22.250.000 köhnə manat tutularaq N saylı hərbi hissəyə ödənilməsi hökm edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 29.07.2021-ci il tarixli, 351-4204D- 3221 saylı Arayışından da görünür ki, İddiaçı məhkumluğu yoxdur. Eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 16.08.2021-ci il tarixli Tələbnamədən görünür ki, iddiaçı barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əsasən iddiaçı:

1. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 035t №-li 19.05.2015-ci il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə;

2. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 027t №-li 25.06.2009-cu il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə;

3. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 065t №-li 26.06.2010-cu il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə;

4. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 084t №-li 24.06.2013-cü il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə;

5. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 046t №-li 26.06.2009-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" medalı ilə;

6. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0122t №-li 30.06.2008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” medalı ilə;

7. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 071t №-li 24.06.2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” medalı ilə;

8. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0171t №-li 26.06.2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918- 2018)” yubiley medalları ilə təltif olunmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın 1, 2, 3-cü hissələrini, “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 1, 2-ci hissələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 2-ci hissəsini, “Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci hissəsini, Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 444-İVQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 1-ci madəsini, Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamənin 1-ci maddəsini, Azərbaycan SSR Cinayət Məcəlləsinin 53cü maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, cavabdeh orqan özü yuxarıda sadalanan qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçının 25 il qüsursuz xidmət etdiyini qəbul edərək iddiaçını qüsursuz xidməti təsdiq edən medallarla təltif etmişdir və bu təltiflər hazırda qüvvədədir. Cavabdeh bir tərəfdən qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi iddiaçını təltif edib, ona müvafiq hüquqular versə də, digər tərəfdən 569 saylı Fərmanı iddiaçıya tətbiq etməkdən imtina etmişdir. Qanunvericiliyə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələr - şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda, iddiaçının əvvəllər məhkum olunması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Digər tərəfdən, iddiaçı məhkumluğu olmayan şəxs hesab olunduğu tarixdən sonra 20 ildən çox xidmət etmiş və qüsursuz xidmətə görə təltifləri də məhz həmin dövrdə əldə etmişdir. Ona görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan SSR Cinayət Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakılar məhkumluğu olmayan şəxslər hesab edilirlər: 1)cəzadan azad edilmiş (45-46-cı maddələr), intizam batalyonunda cəza çəkmiş və ya ondan vaxtından əvvəl azad edilmiş şəxslər, habelə islah işləri əvəzinə qaupvaxtda saxlanma növündə cəza çəkmiş olan hərbi qulluqçular; 2-2) bu Məcəllənin 42-1-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər, bu şərtlə ki, onlar hökmün icrasının təxirə salındığı müddət ərzində yeni cinayət törətməmiş olsunlar və onlar barəsində hökm müəyyən edilmiş qaydada icra edilməmiş olsun. İş materiallarında olan Gəncə Qarnizonu Hərbi Tribunalının 29.01.1997-ci il tarixli hökmündən görünür ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-1 maddəsinin “v” bəndi ilə təqsirli bilinərək, iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-1-ci maddəsinə əsasən hökmün icrası 1 il müddətinə təxirə salınmış, iddiaçıdan 22.250.000 köhnə manat tutularaq N saylı hərbi hissəyə ödənilməsi hökm edilmişdir. Göründüyü kimi iddiaçı barəsində çıxarılmış Gəncə Qarnizonu Hərbi Tribunalının 29.01.1997-ci il tarixli hökmünün icrası bir il müddətinə təxirə salınmışdır. 1 il ərzində iddiaçı yeni cinayət törətməmişdir. Beləliklə, iddiaçı məhkumluğu olmayan şəxs hesab olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, 15.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il tarixli 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman qəbul edilmişdir ki, həmin Fərmanın 4-cü bəndinə əsasən, Prezidentin 28 dekabr tarixli 569 nömrəli Fərmanına aşağıdakı məzmunda yeni 3-1, 3-2 və 3-3-cü bəndlər əlavə edilmişdir. “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”. Fərmandan da göründüyü kimi, hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməsi üçün, cavabdehin göstərdiyi kimi, özü-özlüyündə məhkumluğ faktı deyil, məhkumluğun müddəti maneə ola bilər, bu zaman məhkümlüğün müddəti hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətindən çıxılmalıdır. Hazırki halda iddiaçının 1992-2016-cı ilədək 25 ilə yağın qüsursuz hərbi xidməti mövcuddur, həmin müddətdən onun 1 il məhkumluğ müddəti çıxılarsa, yenə də onun 24 ilə yaxın qüsursuz hərbi xidməti yaranır, bu fakt da iddiaçıya dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməsi üçün mühüm əsasdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6715/2021 saylı, 20.09.2021-ci il taixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar