Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-594/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (adi cəlbetmə qaydasında üçüncü şəxslər X3, Səbail rayonu Səbail Bələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2388/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin adına mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 1200 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən və uzun illər istifadəsində olmaqla iddiaçı tərəfindən daş hasara alınmış bağ sahəsi kimi abadlaşdırılmış 1200 kv.m. torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi üçün Səbail Bələdiyyəsinə müraciət etmişdir. Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 1353 nömrəli sərəncamı ilə Səbail rayonu, Salyan sossesi 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında ona satılmışdır. Daha sonra bələdiyyə tərəfindən ona ayrılmış 1200 kv.m. topraq sahəsinin plansxemi tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi 30 ilə yaxın bir müddətdir ki, iddiaçının istifadəsindədir. İddiaçı cavabdehə müraciət edilərək istifadəsində olan torpaq sahəsi üzərində hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etsə də, müraciətinə cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli **********84 saylı məktubla elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin dövlət mülkiyyəti olması, yerləşmə cizgisində istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən təqdim olunan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirməyin mümkün olmaması əsası ilə müraciətindən imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
3. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Səbail rayonu Səbail Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1353 nömrəli sərəncamı əsasında ayrılmış Bakı şəhəri Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
6. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Eyni zamanda elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İddia olunan torpaq sahəsi vahid elektron kadastr məlumatlarına əsasən dövlət mülkiyyətindədir. Belə ki, “Dövlət torpaq kadastrı, torpaların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 9-cu abzasına əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Eyni zamanda göstərilən torpaq sahəsinə digər fiziki şəxs - X2 müraciəti olmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsi üzərində hüquqların iddiaçıya məxsus olubolmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Tərəflərin izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
9. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi.
İŞİN HALLARİ:
10. Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1353 nömrəli sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş İddiaçı adına sənədləşdirilməsi və alqı-satqısına dair akt tərtib edilməsi qərara alınmışdır.
11. Torpaqların alqı-satqısına dair akta əsasən müvafiq rəy verilmiş bələdiyyə ərazisində yerləşən 1200 kv.m olan torpaq sahəsi İddiaçı adına tərtib edilmiş və cizgisi iş materiallarına əlavə edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-1109/2023 nömrəli qərarına əsasən müəyyən olunur ki, iddiaçı X3 ona Səbail rayon İcra Hakimiyyətinin 09 mart 1995-ci il tarixli 755 saylı sərəncamı ilə ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi Bakı İnzibati Məhkəməsi tərəfindən təmin olunmamış, həmin qərardan iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1179/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edilən iş üzrə müəyyən etmişdir ki, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhər Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1348, 1353, 1349 saylı qərarları ilə Səbail rayonu, Salyan şossesi 32-də hər birinə 1200 kv.m olmaqla fərdi yaşayış evinin tikintisi üçün X5, İddiaçı və X6 torpaq sahəsi ayrılmışdır. Həmin plan və ölçü sənədlərindən də müəyyən edilir ki, iddiaçının çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyi torpaq sahəsinin koordinatları qeyd olunan fiziki şəxslərə (İddiaçı, X9 və X10) məxsus olan ləğv edilmiş X11 Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) ilə üst-üstə düşür. Belə olan halda məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hazırda qüvvədə olan kadastr planları ilə üst-üstə düşdüyündən hazırki məqamda tələbinin təmini qeyrimümkündür.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü tarixli məktubu ilə İddiaçı adına tərtib edilmiş xx.xx.2008-ci il tarixli A№072528 (**********0341) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surəti təqdim edilmişdir.
14. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən torpaq sahəsi haqqında məlumatların verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1200,0 kv.m təşkil edir (üzərində tikili yoxdur.) Göstərilən faktiki torpaq sahəsi ümumi ərazidə yerləşməklə giriş-çıxış yolu ümumi ərazi daxilindəndir. Göstərilən sahəyə ********** (xx.xx.2023-cü il tarixli) nömrəsi ilə İddiaçı müraciət etmişdir. Bundan əlavə sahəyə ********** nömrəsi (xx.xx.2021-ci il tarixli) ilə X3 müraciət etmiş, **********54 nömrəli,xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir (imtina olunub). Vahid elektron kadastr məlumat bazasında İddiaçı adına ləğv edilmiş X11 Komitəsi tərəfindən verilmiş **********0341 nömrəli kadastr planının baza məlumatı mövcuddur. Sahə Dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən torpaq sahəsi haqqında sənəd surətlərinin təqdim olunması barədə xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş X2 xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli ərizələrinə xx.xx.2021-ci il tarixli, **********54 qeydiyyat nömrəli məktubla münasibət bildirilmişdir və vətəndaşın müraciətə əlavə etdiyi sənədlər məktubla birlikdə qaytarılmışdır.
16. xx.xx.2024-cü il tarixində keçirilmiş birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi ortofoto görüntüsünü məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi topraq sahəsinin yaxınlığındakı torpaq sahəsinin yaxınlığındakı torpaq sahələrinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən sənədlərin surətinin verilməsi barədə xx.xx.2024-cü il tarixli məktub ilə **********72-10301, **********616, **********727 reyestr nömrəli torpaq sahələrinə dair arxiv qovluqlarında saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
26. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
28. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
30. Qeyd olunan hüquq normalarının hazırkı işin hallarına tətbiqi zamanı belə qənaətə gəlinir ki, iddiaçı iddia tələbində haqlıdır və Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1353 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları yaranmışdır.
31. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir, eyni zamanda yerləşmə cizgisində istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən təqdim olunan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün deyil.
32. Cavabdehin yuxarıda qeyd olunan apellyasiya şikayətinin dəililinə əsasən, işin obyektiv araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-594/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
33. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq daxil olmuş ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın 1-ci, 2-ci və 3-cü sualları üzrə: Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini, Bakı şəhəri, Səbail rayonu, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinə dair 29 iyul 2008-ci il tarixli AN° 072527 (**********0334) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin göstəricilərinin nəzərə alaraq, İddiaçı (rəyin bu hissəsində X4 adı qeyd olunsa da, bunun texniki bir səhv olduğu rəyin məzmunundan aydın görünür) faktiki istifadəsində olan 1200 kv.metr torpaq sahəsinin, Bakı şəhəri, Səbail bələdiyyəsinə aid torpaq sahəsinin hüdudları çərçivəsində yerləşməklə, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir.
34. Qərardadın 4-cü sualı üzrə: Təqdim olunan torpaq sahəsinin faktiki sahəsi 1200,0 kv.metr olmaqla, boş torpaq sahəsi olduğu müəyyən edilmişdir. Təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri, Səbail rayonu, Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, həmin topaq sahəsinin cizgiyə uyğun olaraq 1200,0 kv.metr topaq sahəsi olduğu müəyyən edilmişdir.
35. Beləlikdə, iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası əsasında verilmiş ekspert rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1353 nömrəli sərəncamına əlavə edilmiş sxemin texniki parametrləri eynilik təşkil etdiyindən, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin adıçəkilən sərəncam ilə İddiaçı ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid oldugu, digər fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi, mübahisələndirlən torpaq sahəsinin faktiki iddiaçı tərəfindən istifadə olunaraq abadlaşdırıldığı müəyyən edilmişdir.
36. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmaları nəticəsində təkzib olunmuşdur.
37. Qeyd etmək lazımdır ki, bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
38. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması lə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
39. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
40. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
41. Odur ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
42. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
43. Belə ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).
45. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Səbail rayonu Səbail Bələdiyyəsi tərəfindən verilən yerləşmə cizgisi təsdiq edildiyindən, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə olmadığından iddiaçının faktiki sahibliyində və istifadəsində olan sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün hər hansı bir maneə yoxdur.
46. Bundan əlavə, qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir və bunun əksi cavabdeh tərəfindən də iddia edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi ortofoto görüntüsünü məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi topraq sahəsinin yaxınlığındakı torpaq sahəsinin yaxınlığındakı torpaq sahələrinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
47. Belə olan halda, İddiaçı ayrılmış 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi bərabərlik hüququnun pozulmasıdır və iddiaçıya münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırılması yoxdur.
48. Beləliklə, qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, cavabdehin apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, elcədə cavabdeh həmin dəlilləri təsdiq edəcək hər hansı sübut təqdim etmədiyindən əsassızdır və mübahisələndirilən qərarın ləğvinə əsas vermir.
49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
50. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
51. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
52. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
53. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2388/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.