Məhkəmə qərarları › İş №2-1(103)-595/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-595/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-595/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)- 1335/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 19 fevral 2016-cı il tarixdən, 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq, 01 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün yaranmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 57 yaşının tamam olduğu 19 fevral 2018ci il tarixinə kimi 25 ildən çox ümumi staja malikdir və bu müddətin 20 ilindən çoxunu hava gəmilərində bələdçi olaraq çalışdığı üçün 01 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı üçün ona pensiya təyin edilməsi və son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 18 may 2021-ci il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan vermir, qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. O, xx xxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilini başa vurduqdan sonra 23 aprel 1979-15 iyun 1981-ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuşdur. 15 sentyabr 1981-07 dekabr 1981-ci il tarixlərində V.İ.Lenin adına Maşınqayırma zavodunda sürücü vəzifəsində işləmişdir. 30 noyabr 1981-ci il tarixində Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hazırlıq şöbəsinə qəbul olmuş, 27 iyul 1982-ci il tarixində həmin universitetin geoloji-coğrafiya fakültəsinin əyani şöbəsinə qəbul olmuş, 14 iyul 1987-ci il tarixində həmin fakültəni coğrafiyaçı-müəllim ixtisası üzrə bitirmişdir. 09 dekabr 1987-02 fevral 1988-ci il tarixində “AzDövlətSənayeLayihə” Dövlət Layihə İnstitutunda mühəndis-topoqraf, 16 mart 1988-10 sentyabr 1988-ci il tarixində 17-ci X1 baş təlimatçı, 16 dekabr 1988-16 yanvar 1989-cu il tarixlərində Oktyabr rayonu 161 nömrəli məktəbdə laborant vəzifələrində çalışmışdır. 16 mart 1989-17 yanvar 1991-ci il tarixlərində 1-ci X3 Dəstəsində yanğınsöndürən vəzifəsinə keçirilmiş, 02 noyabr 1992-26 iyul 1993-cü il tarixlərində Suraxanı Rayon İctimai-İaşə Trestinin 19/31 nömrəli yeməkxanasında bufetçi işlədikdən sonra işdən çıxmışdır. 28 iyul 1993-cü il tarixdə “AzalAvia” Bakı Nəqliyyat Aviaşirkətində bələdçi vəzifəsinə keçirilmiş və 06 iyun 2007-ci il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 06 iyun 2007-ci il tarixində “AZAL” Milli Aviaşirkətində nəzarət üzrə dispetçer vəzifəsinə keçirilmiş və 27 sentyabr 2008ci il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 02 oktyabr 2008-ci il tarixində Azərbaycan Hava Yolları QSC-də təyyarə bələdçilərinin planlaşdırılması və nəzarət üzrə dispetçer vəzifəsinə işə qəbul edilmiş və 15 oktyabr 2011-ci il tarixinə kimi həmin vəzifədə çalışmışdır. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə aydın olur ki, cavabdeh onun pensiya kapitalının az olması qənaətinə gəlib ki, bu da kökündən yanlış yanaşma hesab edilməlidir. Cavabdehin imtina məktubunda onun ümumi və təyyarə bələdçisi vəzifəsində topladığı güzəştli iş stajını qəbul edir. Bu, mübahisələndirilməyən haldır. Lakin hazırki iddiada mübahisələndirilən yeganə hal onun pensiya təyinatı üçün guya pensiya kapitalının olmamasıdır. Cavabdehin onun kapitalı barədə mülahizəsi əsassızdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə görə ona pensiya təyinatı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən aparılmalıdır və bu səbəblə də, ondan pensiya kapitalı tələb edilə bilməz, çünki pensiya kapitalı anlayışı 01 yanvar 2006-cı il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri siyahısındadır, geriyə hüquqi qüvvəsi mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun istər 9.1, istərsə də 9.3-cü maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün minimum əmək pensiyası məbləğindən az olmayan təyinatına imkan verən pensiya kapitalının mövcud olması tələbi 01 iyul 2017-ci il tarixindən etibarən keçərlidir, yəni güzəştli pensiya təyinatı üçün yaş və staj tələbləri həmin tarixdən sonra ödənilən şəxslərə tətbiq edilə bilər. O, ümumi və xüsusi iş stajını 01 yanvar 2006-cı il tarixinə kimi qazanmış olduğu üçün 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılması tələbində özünü haqlı hesab edir. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli, 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir. Hesablanma qaydası isə həmin Qaydaların 3.1-ci maddəsində öz əksini tapmışdır. Məhz həmin bu qaydalar əsas götürülərək Azərbaycan Hava Yollan QSC-nin ona təqdim etdiyi arayışda 32 il 6 ay stajının olduğu öz əksini tapmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi onun topladığı ümumi sığorta stajı cəmi 43 il 9 ay 8 gün təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29.142,96 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İddiaçının 55 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq, 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair bildiririk ki, istinad edilən maddəyə əsasən hava gəmilərində bələdçi işləyən kişilər 55 yaşına çatdıqda və azı 25 il - ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışmışlarsa, əmək şəraitinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı tələb olunan 15 ildən az (12 il 5 ay 8 gün (xx.xx.1993-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üçün - xx.xx.2018ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-1335/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: P.Hüseynov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus QE seriyalı 131378 nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: Arxiv sənədlərinə əsasən İddiaçı 1981-ci il 30 noyabr tarixli 3/541 nömrəli əmrlə istehsalatdan ayrılmaqla hazırlıq şöbəsinə qəbul olunmuş, 1982-ci il 27 iyul tarixli, 3/384 nömrəli əmrlə Geoloji-coğrafiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1987-ci il 14 iyul tarixli, 3/313 nömrəli əmrlə həmin fakültənin əyani şöbəsini “Coğrafiyaçı, müəllim” ixtisası üzrə bitirmiş və ona 1987-ci il 31 iyul tarixində qeydiyyat nömrəsi 80 olan HB seriyalı, 008393 nömrəli adi diplom verilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cı ildən xx.xx.1981-ci ilədək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildə V.İ.Lenin adına maşzavoda TM 3-cü sinif şofer qəbul edilmiş, xx.xx.1981-ci ildə öz şəxsi istəyi ilə işdən azad edilmiş, xx.xx.1981-ci ildə Kirov adına ADU nəzdində hazırlıq şöbəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin gündüz şöbəsinin 1-ci kursuna qəbul edilmiş, xx.xx.1987-ci ildə S.M.Kirov adına ADU-nun geologiya-coğrafiya fakültəsinin tam kursun bitirmiş, xx.xx.1987-ci ildə Azərbaycan SSR Dövlət quruluşu “Azərbaycan Dövlət Sənaye Layihə” DLİ Mühəndis - texniki tədqiqat şöbəsinə mühəndis topoqraf vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə öz şəxsi istəyi ilə işdən azad edilmiş, xx.xx.1988-ci ildə 17-Peşəkar Yanğına qarşı hissə İdman Sarayının baş təlimatçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə öz şəxsi istəyi ilə işdən azad edilmiş, xx.xx.1988-ci ildə Oktyabr rayonu 161 nömrəli məktəbə laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR DİN YMİ 1-ci Peşəkar Yanğına qarşı Müdafiə Dəstəsi İTTİ və “K” yanğınsöndürən vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu İTTİ və “K” təlimatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1992-ci ildə Suraxanı rayon X6 19/31 nömrəli yeməkxanaya 3-cü dərəcəli bufetçi təyin edilmiş, xx.xx.1993-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1993-cü ildə Bakı Nəqliyyat Aviaşirkəti Azalavia TBX-də təyyarə bələdçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə əməyin ödənilməsinin yeni şərtlərinə keçməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 205-93 saylı qərarına əsasən VTMK üzrə V dərəcə verilmiş, xx.xx.1997-ci ildə BTA “Azalavia” yenidən təşkil edilməsi ilə bağlı MAŞ “Azal” vəzifəsində hesab edilmiş, xx.xx.2005-ci ildə Sərnişinlərə xidmət şöbəsinə 5-ci dərəcəli təyyarə bələdçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə həmin şöbədə 7-ci ödəniş dərəcəsilə nəzarət üzrə dispetçer vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlandığına görə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008-ci ildə "xxxx" QSC-də Uçuşların planlaşdırılması və yerinə yetirilməsi idarəsinin Baqajların planlaşdırılması və nəzarəti şöbəsinin Təyyarə bələdçilərinin planlaşdırılması və nəzarət qrupunun təyyarə bələdçilərinin planlaşdırılması və nəzarət üzrə dispetçer vəzifəsinə ştat cədvəlinə əsasən 5-ci dərəcə ilə təyin edilmiş, xx.xx.2009-cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların istehsalı idarəsinin Ekipajların planlaşdırılması və nəzarəti şöbəsinin təyyarə bələdçilərinin planlaşdırılması və nəzarəti qrupunun təyyarə bələdçilərinin planlaşdırılması və nəzarət üzrə dispetçeri vəzifəsində hesab edilmiş, xx.xx.2010-cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların İstehsalı İdarəsinin Uçuş heyətinin planlaşdırılması və nəzarəti şöbəsinin Təyyarə bələdçilərinin planlaşdırılması və nəzarəti qrupunun təyyarə bələdçilərinin planlaşdırılması və nəzarəti üzrə dispetçer vəzifəsində hesab edilmiş, xx.xx.2011-ci ildə tutduğu vəzifədən azad edilmiş və həmin idarənin uçuş heyətinin planlaşdırılması və nəzarəti şöbəsinin təyyarə bələdçilərinin planlaşdırılması üzrə dispetçeri vəzifəsinə 5-ci dərəcə ilə keçirilmiş, xx.xx.2011-ci ildə ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 mart 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 40.200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29.142,96 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir: Qanuni qüvvəsini itirmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 saylı Qanununa (Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanununa əsasən qüvvədən düşmüşdür) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarına (həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən qüvvədən düşmüşdür) əsasən “təyyarə bələdçiləri peşəsi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin nə 1 nömrəli Siyahısına, nə də 2 nömrəli Siyahısına daxil edilməyib. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 saylı Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq təyyarə bələdçiləri əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakı şərtlərlə malikdir: kişilər-57 yaşına çatdıqda və azı 25 il ümumi stajı olduqda, bu müddətin azı 15 ilini təyyarə bələdçisi vəzifəsində çalışarsa; qadınlar-52 yaşa çatdıqda və azı 20 il ümumi stajı olduqda, bu müddətin azı 15 ilini təyyarə bələdçisi vəzifəsində çalışarsa; 1 nömrəli Siyahı üzrə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan işçilərin pensiyaları 13-cü maddənin a) bəndinə, 2 nömrəli Siyahı üzrə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan işçilərin pensiyaları isə 13-cü maddənin c) bəndinə uyğun olaraq təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir: xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilə kimi (13 il 10 ay 7 gün) təyyarə bələdçisi vəzifəsində çalışmışdır. xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə kimi nəzarət üzrə dispetçeri, xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə kimi təyyarə bələdçilərinin planlaşdırılması üzrə dispetçeri vəzifələrində çalışmışdır. Bildiyiniz kimi, təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. Qanuni qüvvəsini itirmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 saylı Qanununa (Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanununa əsasən qüvvədən düşmüşdür) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına (həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarına əsasən qüvvədən düşmüşdür) əsasən “təyyarə bələdçiləri’’ peşəsi yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin nə 1 nömrəli Siyahısına, nə də 2 nömrəli Siyahısına daxil edilməyib. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli, 305 saylı Qanununun 13-cü maddəsinin d) bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq təyyarə bələdçiləri əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakı şərtlərlə malikdir:kişilər-57 yaşına çatdıqda və azı 25 il ümumi stajı olduqda, bu müddətin azı 15 ilini təyyarə bələdçisi vəzifəsində çalışarsa; qadınlar-52 yaşa çatdıqda və azı 20 il ümumi stajı olduqda, bu müddətin azı 15 ilini təyyarə bələdçisi vəzifəsində çalışarsa; 1 nömrəli Siyahı üzrə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan işçilərin pensiyaları 13-cü maddənin a) bəndinə, 2 nömrəli Siyahı üzrə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan işçilərin pensiyaları isə 13-cü maddənin c) bəndinə uyğun olaraq təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 211 saylı arayışından görünür ki, İddiaçı “AZAL” Sərnişin Aviasiya şirkətində təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir: xx.xx.1993-xx.xx.1993 - 152 saat 31 dəqiqə; xx.xx.1994-xx.xx.1994 - 850 saat; xx.xx.1995-xx.xx.1995 - 563 saat; xx.xx.1996-xx.xx.1996 - 677 saat 20 dəqiqə; xx.xx.1997-xx.xx.1997 - 533 saat 50 dəqiqə; xx.xx.1998-xx.xx.1998 - 508 saat 10 dəqiqə; xx.xx.1999-xx.xx.1999 - 533 saat 35 dəqiqə; xx.xx.2000-xx.xx.2000 - 515 saat; xx.xx.2001-xx.xx.2001 - 286 saat 56 dəqiqə; xx.xx.2002xx.xx.2002 - 301 saat; xx.xx.2003-xx.xx.2003 - 387 saat 42 dəqiqə; xx.xx.2004-xx.xx.2004 - 573 saat 18 dəqiqə; xx.xx.2005-xx.xx.2005 - 455 saat 32 dəqiqə; xx.xx.2006-xx.xx.2006 - 389 saat 30 dəqiqə. Cəmi: 7046 saat. İş materiallarında olan Azərbaycan Respublikasının "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 14 saylı arayışından görünür ki, İddiaçı “AZAL” Sərnişin Aviasiya şirkətində təyyarə bələdçisi kimi aşağıdakı uçuş saatlarına malikdir: xx.xx.1993-xx.xx.1993 - 152 saat 31 dəqiqə; xx.xx.1994-xx.xx.1994 - 850 saat; xx.xx.1995-xx.xx.1995 - 563 saat; xx.xx.1996xx.xx.1996 - 677 saat 20 dəqiqə; xx.xx.1997-xx.xx.1997 - 533 saat 50 dəqiqə; xx.xx.1998xx.xx.1998 - 508 saat 10 dəqiqə; xx.xx.1999-xx.xx.1999 - 533 saat 35 dəqiqə; xx.xx.2000xx.xx.2000 - 515 saat; xx.xx.2001-xx.xx.2001 - 286 saat 56 dəqiqə; xx.xx.2002-xx.xx.2002 - 301 saat; xx.xx.2003-xx.xx.2003 - 387 saat 42 dəqiqə; xx.xx.2004-xx.xx.2004 - 573 saat 18 dəqiqə; xx.xx.2005-xx.xx.2005 - 455 saat 32 dəqiqə; xx.xx.2006-xx.xx.2006 - 389 saat 30 dəqiqə. Cəmi: 7046 saat. Təyyarə bələdçisi vəzifəsində işləmiş İddiaçı uçuş xidməti cəmi 32 il 6 ay təşkil edib. İşdən görünür ki, iddiaçı ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il üçün xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: d) hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər-55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 3.1-ci bəndinə əsasən təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1979-cı ildən xx.xx.1981-ci həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildə V.İ.Lenin adına maşzavoda TM 3-cü sinif şofer qəbul edilmiş, xx.xx.1981ci ildə öz şəxsi istəyi ilə işdən azad edilmiş, xx.xx.1981-ci ildə Kirov adına ADU nəzdində hazırlıq şöbəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin gündüz şöbəsinin 1-ci kursuna qəbul edilmiş, xx.xx.1987-ci ildə S.M.Kirov adına ADU-nun geologiya-coğrafiya fakültəsinin tam kursun bitirmiş, xx.xx.1987-ci ildə Azərbaycan SSR Dövlət quruluşu “Azərbaycan Dövlət Sənaye Layihə” DLİ Mühəndis - texniki tədqiqat şöbəsinə mühəndis topoqraf vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə öz şəxsi istəyi ilə işdən azad edilmiş, xx.xx.1988-ci ildə 17- Peşəkar Yanğına qarşı hissə İdman Sarayının baş təlimatçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə öz şəxsi istəyi ilə işdən azad edilmiş, xx.xx.1988-ci ildə Oktyabr rayonu 161 nömrəli məktəbə laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR DİN YMİ 1-ci Peşəkar Yanğına qarşı Müdafiə Dəstəsi İTTİ və “K” yanğınsöndürən vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu İTTİ və “K” təlimatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1992-ci ildə Suraxanı rayon X6 19/31 nömrəli yeməkxanaya 3-cü dərəcəli bufetçi təyin edilmiş, xx.xx.1993-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1993-cü ildə Bakı Nəqliyyat Aviaşirkəti Azalavia TBX-də təyyarə bələdçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə əməyin ödənilməsinin yeni şərtlərinə keçməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 205-93 saylı qərarına əsasən VTMK üzrə V dərəcə verilmiş, xx.xx.1997-ci ildə BTA “Azalavia” yenidən təşkil edilməsi ilə bağlı MAŞ “Azal” vəzifəsində hesab edilmiş, xx.xx.2005-ci ildə Sərnişinlərə xidmət şöbəsinə 5-ci dərəcəli təyyarə bələdçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə həmin şöbədə 7-ci ödəniş dərəcəsilə nəzarət üzrə dispetçer vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlandığına görə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008-ci ildə "xxxx" QSC-də Uçuşların planlaşdırılması və yerinə yetirilməsi idarəsinin Baqajların planlaşdırılması və nəzarəti şöbəsinin Təyyarə bələdçilərinin planlaşdırılması və nəzarət qrupunun təyyarə bələdçilərinin planlaşdırılması və nəzarət üzrə dispetçer vəzifəsinə ştat cədvəlinə əsasən 5-ci dərəcə ilə təyin edilmiş, xx.xx.2009-cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların istehsalı idarəsinin Ekipajların planlaşdırılması və nəzarəti şöbəsinin təyyarə bələdçilərinin planlaşdırılması və nəzarəti qrupunun təyyarə bələdçilərinin planlaşdırılması və nəzarət üzrə dispetçeri vəzifəsində hesab edilmiş, xx.xx.2010-cu ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar Uçuşların İstehsalı İdarəsinin Uçuş heyətinin planlaşdırılması və nəzarəti şöbəsinin Təyyarə bələdçilərinin planlaşdırılması və nəzarəti qrupunun təyyarə bələdçilərinin planlaşdırılması və nəzarəti üzrə dispetçer vəzifəsində hesab edilmiş, xx.xx.2011-ci ildə tutduğu vəzifədən azad edilmiş və həmin idarənin uçuş heyətinin planlaşdırılması və nəzarəti şöbəsinin təyyarə bələdçilərinin planlaşdırılması üzrə dispetçeri vəzifəsinə 5-ci dərəcə ilə keçirilmiş, xx.xx.2011-ci ildə ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının hərbi xidmət keçdiyi dövr və təhsil aldığı dövr, həmçinin təyyarə bələdçisi vəzifəsində işlədiyi 32 il 6 ay nəzərə alınmaqla, iddiaçı ümumilikdə 43 il 9 ay 10 gün sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilədək sığorta stajı 25 ildən çoxdur. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, iddiaçı “AZAL” Sərnişin Aviasiya şirkətində təyyarə bələdçisi vəzifəsində işləmiş, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək onun sığorta stajı cəmi 32 il 6 ay təşkil etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi həmin vəzifə xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «d» bəndində güzəştli şərtlərlə əmək pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 15 ildən çoxdur. Məhkəmə hesab etmişdir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması və bunun 15 ildən artıq müddətini bələdçi vəzifəsində çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Məhkəmənin qənaətinə görə xx.xx.2006-cı il tarixədək iddiaçı tələb olunan ümumi və güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, əsassız olmaqla yanaşı, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 15 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın, eləcə də etirazda göstərilən dəlilləri ilə eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-1335/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar