Məhkəmə qərarları › İş №2-1(103)-595/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-595/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-595/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı «siyahıya alınmış əmlakının satılması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3294/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 896.832,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.500.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qanunvericilikdə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixə yaranan 1.116.832,45 manat borcuna görə 1.500.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 896.832,45 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3294/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərarı (hakim E.Əliyev) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109, 110 və 110-3-cü maddələrinə görə kooperativlər onun iştirakçılarının maddi və ya başqa tələbatlarını ödəmək məqsədilə yaradılır və nəticədə ərsəyə gəlmiş əmlak kooperativin mülkiyyətində olur. Belə ki, kooperativin üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqından ibarətdir ki, bu pay haqqı da kooperativin əmlakının meydana gəlməsinə sərf olunur və nəticədə, yaranmış əmlak kooperativin mülkiyyətində olur. Həmin Məcəllənin 110-cu maddəsinə görə, kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir və kooperativlər öz öhdəliklərinə görə özləri məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunvericilikdə kooperativlərin öz əmlakları ilə tam məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən, əmlak siyahıya alınarkən protokol tərtib edilir və siyahıya alınan əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Göründüyü kimi, əmlak siyahıya alınarkən onu əks etdirən zəruri cəhətlər protokolda əks olunmalıdır və məhkəmənin icraatında olan işlə bağlı həmin cəhətlər də əks olunmuşdur. Belə ki, vergi orqanı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” **********5 nömrəli protokola əlavə edilmiş siyahıdan da göründüyü kimi siyahıda əmlakın dəqiq adı- “çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsi, fərqləndirici əlamətləri- qeyri-yaşayış, öçüsü 1000 kv2, 1 kv2 nin qiyməti- 1500 manat, ümumi qiymət 1.500.000 manat qeyd olunmuşdur. Eyni zamanda, əmlakın siyahıya alınma prosesində vergi ödəyicisinin nümayəndəsi- rəhbəri X2 iştirak etmiş, lakin tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Lakin bu hallar məhkəmə tərəfindən araşdırılmamış, əsassız yerə iddianı təmin etməmişdir. Məhkəmə kifayət qədər araşdırma aparmamış, vəzifəsi olduğu halda zəruri sübutlar toplamamış, bununla bağlı müvafiq orqanlara, eyni zamanda vergi orqanına sorğular verilməmişdir. Belə ki, məhkəmə qərarında qeyri-yaşayış sahəsinin cavabdehin mülkiyyətində olması və yaxud cavabdehin həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilmədiyini qeyd edir. Lakin məhkəmənin qərarında istinad etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda torpaq sahəsi ilə bağlı hər hansı məlumat təqdim edilmir. Ümumiyyətlə, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnun olmaması barədə həmin məktubda hər hansı qeyd yoxdur. Məhkəmə həmin məlumatları iddiaçıdan, eləcə də aidiyyəti qurumdan sorğu edərək almamışdır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarının əsaslandırıcı hissəsinə nəzər yetirdikdə görmək olur ki, məhkəmə ancaq 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna istinad etmiş, əlavə araşdırma aparmamışdır. Məhkəmə binanın Cavabdeh MTK-ya aidiyyətini bildiyi halda, MTK tərəfindən tikilmiş binanın zirzəmisinin ona məxsus olduğunun müəyyən olunmadığını əsas götürmüşdür. Halbuki, qeyd olunan bina Cavabdeh MTK tərəfindən tikildiyindən həmin binanın 1-ci və 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin ona məxsusluğu işin mübahisələndirilməz halıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da aydın olduğu kimi, kooperativ tərəfindən ərsəyə gətirilmiş əmlaklar kooperativin mülkiyyətində olur və kooperativ öz öhdəlikləri üçün həmin əmlakla tam şəkildə məsuliyyət daşıyır. Lakin məhkəmə tərəfindən qərar çıxarılarkən yuxarıda qeyd olunan əsaslar nəzərə alınmamış və nəticədə qanuni olmayan, yəni maddi və prosessual normalara əsaslanmayan düzgün olmayan qərar çıxarılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh vergi ödəyicisi olan Cavabdeh MTK-ya sonuncunun xx.xx.2019-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 1.332.945,28 manat, o cümlədən: vergilər üzrə 809.569,01 manat, maliyyə sanksiyaları üzrə 1.000 manat, faizlər üzrə 398.759,27 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 123.617 manat işsizlikdən sığorta haqqı üzrə ümumilikdə 42.489,28 manat (32.399.04 + 10.090.24 manat faizlər üzrə) vergi borcunun olduğu və yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2019-cu il tarixli **********2 nömrəli bildiriş göndərilmişdir. Lakin Cavabdeh MKT vergi borcunu Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə əmlakının siyahıya alınması qərara alınmışdır (xx.xx.2019-cu il tarixli **********5 nömrəli qərar). Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli **********5 nömrəli protokol tərtib edilmişdir. Dövlət büdcəsinə ödənilməmiş borcuna görə vergi ödəyicisinin Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, C.Hacıbəyli, M.Qaşqay küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1000 kv.m olan qeyriyaşayış sahəsi (Siyahıya alınmış əmlakın tam siyahısı tərtib edilmişdir. Protokol və protokola əlavə edilmiş siyahı cavabdehin nümayəndəsi tərəfindən imzalanmamış və imza etməkdən imtina qeydi aparılaraq iş materiallarına əlavə edilmişdir) ümumilikdə 1.500.000 manat məbləğində əmlakları siyahıya alınmışdır. Tərtib edilmiş protokol əsasında vergi ödəyicisinin iştirakı ilə siyahıya alınmış və həmin əmlak siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2021-ci il tarixli Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisinə elan edilmiş, lakin vergi ödəyicisi olan cavabdehin nümayəndəsi tərəfindən həmin sənədlər imzalanmamışdır. İddiaçı tərəfindən cavabdehə əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən 1.500.000 manat borc məbləğinin ödənilmədiyinə görə iddiaçı hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh şəxsi hesab vərəqəsində əmlaka yönəldilən məbləğ üzrə xx.xx.2016-cı il tarixli 2-2(81)-233/16 saylı Qətnaməyə əsasən, ödəmə tarixi xx.xx.2016-cı il olaraq qeyd edilmiş və 133.617,00 manat göstərilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Cavabdeh MTK-nın balansında olan Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli, M.Qaşqay küçələrinin kəsişmələri ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, qeyd olunan çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır”. Beləliklə işdən müəyyən olunur ki, vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmış, həmin yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. İddiaçı tərəfindən VMin 89-cu maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-ci il tarixli qərar qəbul etmiş, həmin qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixə yaranan borcuna görə 1.500.000 manat dəyərində əmlakı, çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 1000 kv.m qeyri-yaşayış siyahıya alınmışdır. Lakin siyahıya alınmış əmlak daşınmaz əmlak olsa da, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya əsasən bildirilmişdir ki, Cavabdeh MTK-nın balansında olan Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli, M.Qaşqay küçələrinin kəsişmələri ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının: 6.10-cu bəndinə əsasən siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir: 6.10.5 Vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. 6.19-cu bəndinə əsasən əmlakın siyahıya alınma prosesində bir neçə mütəxəssis iştirak edirsə, Protokolun və Siyahının müvafiq sətirlərində prosesdə iştirak edən hər mütəxəssisin soyadı, adı, atasının adı qeyd edilir və Protokol ilə Siyahı hər bir mütəxəssis tərəfindən ayrıca imzalanır. Daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir. Siyahıya alınmış əmlakın vergi ödəyicisinin mülkiyyətində olduğunu sübut etmək vəzifəsi, yəni sübut etmək yükü hazırkı halda iddiaçının üzərinə düşdüyü halda, iddiaçı siyahıya almanı həyata keçirərkən 2020-ci il 14 fevral tarixli Qaydaların 6.19-cu bəndində nəzərdə tutulmuş sənədləri əldə etməmiş və həmin sənədləri sübut qismində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarına əsasən “Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.” Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı)”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 10.0. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: 10.0.1. bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər; 10.0.2. bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər; 10.0.3. Azərbaycan Respublikasının dövlət vergi orqanları; 10.0.4. Azərbaycan Respublikasının gömrük orqanları; 10.0.5. bu Məcəllə ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları; 10.0.6. bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər.

11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; 52.1. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, əmlakın hərracda satışı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hərracı vergi orqanın sifarişi əsasında həyata keçirir. Vergi orqanın sifarişi ilə daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti əlavə edilməlidir. Lakin hazırkı işdə qeyd olunan sənədlər mövcud deyildir. Belə ki, siyahıya alınmış qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən qeydiyyatdan keçməmiş və müvafiq çıxarış verilməmişdir. İddiaçı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh MTK-nın balansında olan Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli, M.Qaşqay küçələrinin kəsişmələri ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin ixtisaslaşdırılmış açıq hərracda satılması tələbini irəli sürsə də, həmin qeyriyaşayış sahəsinin cavabdehin mülkiyyətində olması və yaxud cavabdehin həmin qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, siyahıya alınmış və mülkiyyət hüququ təsdiq olunmayan daşınmaz əmlak hərracda satıldığı təqdirdə, alıcı həmin tikiliyə mülkiyyət hüququnu əldə edə bilməyəcək və nəticədə hərrac baş tutmayacaq. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, o cümlədən siyahıya alınan əmlakın cavabdehin mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş və hazırki iş üzrə qərar qəbul edərkən və siyahıya alınmanı həyata keçirərkən MM-in 139, 140, VM-in 39.1, 89, 90-cı maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının tələbləri pozulmuşdur. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili məhkəmənin kifayət qədər araşdırma aparmaması, vəzifəsi olduğu halda zəruri sübutlar toplamaması, məhkəmənin yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək qərar qəbul etməsindən ibarətdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vergi orqanı siyahıya almanı həyata keçirərkən daşınmaz əmlak siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə etməlidir. Halbuki, vergi orqanı siyahıya alınmış daşınmaz əmlakın Cavabdeh MTK-nın mülkiyyətində olmasına dair hər hansı sübutu siyahıya əlavə etməmiş, o cümlədən məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi kifayət qədər araşdırma apararaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 13 aprel 2023cü il tarixli sorğu verərək Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Q.Quliyev, C.Hacıbəyli, M.Qaşqay küçələrinin kəsişmələri ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh MTK-nın (o cümlədən hər hansı digər şəxsin) hüquqlarının qeydiyyata alınıb-alınmaması öyrənilmiş və sorğuya verilən cavaba əsasən müəyyən edilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi 1 saylı Bakı ərazi İdarəsinə daxil olmamışdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ümumi sözlərdən istifadə edilməklə əsaslandırılmağa çalışılmış, hansısa əsaslı dəlil, sübut göstərilməmişdir. Şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3294/2023 saylı, 24 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar