Məhkəmə qərarları › İş №2-1(103)-595/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-595/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-595/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3116/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1958-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur, xx.xx.1975-ci il tarixdə həmin respublikada əmək fəaliyyətinə başlamışdır. Müxtəlif peşələrdə və vəzifələrdə işləmişdir. Ermənistan Respublikasının hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. 1977-ci ildə hərbi xidmət keçmiş, 1979-cu ildə hərbi xidmətini bitirib tərxis olunmuşdur. 23 may 1990-ci il tarixdə işlədiyi idarədən “prorab” (iş icraçısı) vəzifəsinə dəyişdirilərək təyin olunmuşdur. xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinə kimi baş “prorab” (iş icraçısı) iş icraçısı vəzifəsində işləmişdir. Cavabdeh təşkilata qanuna uyğun olaraq “Güzəştli şərtlərlə əmək pensiyası vermələrinə dair müraciət etsə də, sonuncu bundan əsassız olaraq imtina etmişdir. Bununla da qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3116/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2023-cü il) əvvəlki üç il üçün, yəni xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi 10 oktyabr 1975-ci il tarixli əmək kitabçasının 4-7 səhifələrinin 11-12-ci qeydlərində xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının 15 saylı Tikinti quraşdırma trestində işlədiyi qeyd olunmuşdur. Araşdırma zamanı sözügedən qeydlərin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. İddiaçının əmək kitabçasında müvafiq dövr üzrə vurulmuş möhür kiril qrafikası ilə yazılmış və Azərbaycan SSR-ə aid olduğu əks olunmuşdur. Əslində bu, həmin möhrün etibarsızlığına, eləcə də həmin dövrlə bağlı qeydlərin mötəbər olmamasına əsas verir. Qanunvericiliyin tələblərindən də aydın olur ki, əgər müvafiq dövrün mötəbərliliyinə əsaslı şübhələr varsa, həmin dövrlə bağlı müvafiq arayış təqdim edilməlidir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddia qismən təmin olunduğundan və cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təmin olunan hissəsinin ləğvinə yönəldiyindən kollegiya qərarın qanuniliyini təmin edilən hissədə yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun güzəştli iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin qismən təmin edilməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2017-dək, yəni mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: … 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.8. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixə 25 illik ümumi və 12,6 illik xüsusi iş stajının toplanması. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən iddiaçının umumi stajının 25 ildən artıq olması müəyyən olunur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının güzəştli iş stajıdır. İş materiallarından olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 15 saylı Tikinti quraşdırma trestində iş icraçısı vəzifəsində çalışmışdır. Kollegiya bildirir ki, sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 29-cu -“Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki “b” bəndində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi, əmək kitabçasının qanunvericiliyin tələblərinə uyğun şəkildə doldurulması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilməsi və əmək kitabçasının lazımi qaydada doldurulması vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Həmçinin Kollegiya apelyasiya şikayətinin “əmək kitabçasının həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ-yə aid etibarsız möhürlə təsdiq edilməsi” dəlilini də əsassız hesab edərək bildirir ki, bu hal iddiaçının mübahisəli dövrlərdə sözügedən müəssisədə işləməsini inkar etmək üçün kifayət etmir. Qeyd olunan hal ilə bağlı Kollegiya tərəfindən məhkəmə iclasında iddiaçı ilə eyni dövrdə, eyni müəssisədə işləyən şəxslərin (şahidlərin) dindirilməsi zamanı iddiaçının həmin tarixlərdə 15 saylı Tikinti quraşdırma trestində işləməsi təsdiq edilmişdir. Həmçinin həmin şahidlərin əmək kitabçalarına baxış zamanı da müəyyən edilmişdir ki, həmin şəxslərində əmək kitabçalarına vurulmuş möhür iddiaçının əmək kitabçasına vurulmuş möhür ilə eynidir. Qeyd olunanları nəzərə alan Kollegiya hesab edir ki, əmək kitabçasında aparılmış qeydlərin şübhəli olması, həqiqəti əks etdirməməsi cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən iddiaçının əmək kitabçasında qeyd olunan mübahisəli xx.xx.1989-xx.xx.2005-ci illərdə işlədiyi dövr ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3116/2024 nömrəli, xx.xx.2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar