Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-596/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat idarəsinin (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı) nümayəndəsi X1 iştirakı ilə İddiaçı əmək pensiyasının yarısının həyat yoldaşına ödənilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5668/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona təyin olunmuş əmək pensiyasının 50%-nin həyat yoldaşına ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı hazırda Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Həyat yoldaşı heç bir yerdə işləmir, evdar qadındır, təqaüdçü deyil, ağır xəstəliklərdən əziyyət çəkir. Cəzaçəkmə müəssisəsində cəza çəkməyini, Azərbaycan xalqının milli adət-ənənəsinə uyğun olaraq, həyat yoldaşının ağır şəraitdə yaşadığını nəzərə alaraq, humanizim və mərhəmət göstərərək ona təyin olunmuş əmək pensiyasının 50 faizinin həyat yoldaşına ödənilməsi ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Ona verilən cavaba görə ona təyin olunmuş pensiya məbləğinin ayrıayrı şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın əsasları ilə eyni olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd olunan Qanunda və əlaqəli digər normativ hüquqi aktlarda pensiya məbləğinin başqa şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır. Əgər iddiaçı pensiya məbləğinin həyat yoldaşına ödənilməsini arzu edirsə, bu istəyini pensiya ödəniş kartını həmin şəxsə təqdim etmək və sonuncuya etibarnamə vermək yolu ilə də həyata keçirə bilərdi. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin yerinə yetirilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, pensiya məbləğinin başqa şəxslərə ödənilməsinin qanunla nəzərdə tutulmaması barədə cavabdehin xx.xx.2019-cu il tarixli **********2 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5668/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-596/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-596/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver