Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-596/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2870/2024 saylı 10 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1997-ci ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış və 18 aprel 2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır (öz imzası ilə təsdiq etmişdir). Ehtiyata buraxılarkən onun hərbi xidmət illəri 21 il 06 ay 10 gün və ali təhsil illəri 02 il 05 ay 07 gün olmaqla, cəmi xidmət illəri 23 il 11 ay 17 gün hesablanmışdır. İddiaçı həqiqi hərbi xidmət dövrlərində xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin və MTN-in müvafiq struktur bölmələrində xidməti vəzifələrini icra etmişdir. İddiaçı 2007-ci ilin dekabr ayından 2013-cü ilin sentyabr ayınadək AR DSX-nin N saylı hərbi hissəsində xidmət etdiyi illərin, güzəştli şərtlərlə 1 (bir) ilinin 1,6 il (bir il altı) kimi nəzərə alınması və pensiyasının buna görə yenidən hesablanması, yenilənmiş məlumat vərəqəsinin DSMF-na göndərilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır. Bundan sonra İddiaçı iddia ərizəsi, daha sonra isə tələbin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə verərək, 2007-ci ilin dekabr ayından 2013-cü ilin sentyabr ayınadək AR DSX-nin N saylı hərbi hissəsində xidmət etdiyi illərin, güzəştli şərtlərlə 1 (bir) ilinin 1,6 (bir il altı) il kimi nəzərə alınmaqla yenilənmiş məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, 1997-ci ilin avqust ayından, 2017-cı ilin aprel ayının 18-nə qədər (Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi-Əks- Kəşfiyyat Xidməti, AR MTN və AR DTX-də) hərbi xidmətdə olmuş, 2007-ci ilin dekabr ayından, 2013-cü ilin sentyabr ayınadək AR DSX-nin N saylı hərbi hissəsində xidmət etmişdir. Qeyd olunan hərbi hissədə xidmət edən hərbi qulluqçuların, xidmət illəri 1 (bir) ili 1,6 (bir il altı) ay kimi hesablanmışdır. Lakin naməlum səbəblərdən ona pensiya hesablanarkən qeyd olunan xidmət illəri 1 (bir) gün, 1 (bir) gün kimi hesablanmış, güzəştli xidmət illəri nəzərə alınmamışdır. Bu da iddiaçının pensiya təminatına mənfi təsir etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına əsasən 13 sentyabr 2004-cü il tarixinə qədər dövrü bir gün - üc gün kimi hesablanırdı. “Hərbi Qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə AR 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanuna əsasən 13 sentyabr 2004-cü il tarixdən güzəştli xidmət illəri bir gün iki gün hesablanır. Qeyd olunan güzəştli xidmət illərinin hesablanması keçmiş MTN-nin 27 mart 2004-cü il tarixli əsasnaməsinin 13-cü bəndinə, AR kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında 29 iyun 2004-cü il tarixli 711-11 Q nömrəli Qanunun 20.1 -ci maddəsində, AR hərbi qulluqçuların statusu haqqında 1991-ci il 25 dekabr tarixli 36 nömrəli Qanunun 9.1-ci məddəsində nəzərdə tutulmuş və AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən mənə də şamil olunmalı idi. Lakin, 2007ci ilin dekabr ayından, 2013-cü ilin sentyabr ayınadək AR DSX-nın N saylı hərbi hissəsində xidmət etməyinə baxmayaraq, iddiaçının pensiya illəri hesablanarkən yuxarıda qeyd etdiyi müddətlər müvafiq qanunlara əsasən güzəştli hesablanmamış, bir gün bir gün kimi hesablanmışdır. Bununla əlaqədar olaraq tərəfindən 28 avqust 2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edərək pensiya illərinin yenidən düzgün hesablanması və yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə idarəsinə göndərilməsi xahiş olunmuşdur. Lakin bu günədək 28 avqust 2023-cü il tarixli ərizəsinə cavab verilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) “pensiyanın yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbi barədə iddia ərizəsi vermişdir. Daxil olmuş iddia ərizəsi ilə bağlı əlavə olunmuş məlumatlar əsasında müvafiq qaydada araşdırma aparılaraq iddia əsassız hesab olunmuşdur. Belə ki, İddiaçı xx.xx.1997-ci ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış və 18 aprel 2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən onun hərbi xidmət illəri 21 il 06 ay 10 gün və ali təhsil illəri 02 il 05 ay 07 gün olmaqla cəmi xidmət illəri 23 il 11 ay 17 gün hesablanmışdır. İddiaçı həqiqi hərbi xidmət dövrlərində xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin və MTN-in müvafiq struktur bölmələrində xidməti vəzifələrini icra etmişdir. İddiaçının Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının sərhəd dəstələrinin əməliyyat təminatını həyata keçirən qurumlarda fəaliyyət göstərdiyi xx.xx.2007- xx.xx.2013-cü llərdəki xidmət illərinin güzəştli şərtlərlə hesablanmaması barədə iddiası ilə əlaqədar bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununa görə sərhəd mühafizə orqanlarının hərbi qulluqçularına güzəştlər onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd mühafizə orqanlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla müəyyən edilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” yarımbəndinin altıncı abzası ilə xidmətin bir ayının ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə hesablanması yalnız sərhəd mühafizəsi orqanlarının zastavalarında və onlara bərabər tutulan bölmələrdə aparılan xidmətə aid edilmişdir. Belə ki, “Sərhəd mühafizə orqanları haqqında” Qanunun 19-cu və 20-ci maddələrinə uyğun olaraq sərhəd zastavası sərhəd dəstəsinin ərazinin müəyyən sahəsində dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən bölməsidir. DTX (MTN)-nin əməliyyat heyəti bütövlükdə sərhəd dəstəsinin əməliyyat təminatını həyata keçirdiyinə və xidməti vəzifələrinin sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetiridiyinə görə, onlara sözügedən güzəştlərin tətbiq edilməsi qanunvericiliklə əsaslı olaraq nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq, iddiada qeyd olunan dövrün güzəştli şərtlərlə hesablanıb uzun müddət xidmətə daxil edilməsi mümkün hesab edilmir. İddiaçınin cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “pensiyanın yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini əsassız hesab edərək, onun təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2870/2024 saylı 10 sentyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, onun və vəkili tərəfindən məhkəməyə subut kimi onunla eyni illərdə xidmət etmiş şəxsin iddia tələbinin təmin edilməsinə dair qüvvədə olan Qərarını təqdim etsə də məhkəmə bu subuta yekun nəticədə münasibət bildirməmişdir. O, şöbə rəisi vəzifəsində xidmət etmiş və AR DSX-nin N saylı hərbi hissəsinin bütün sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində əks-kəşfiyyat fəaliyyətini həyata keçirmiş və əməliyyat təminatının həyata keçirilməsinə cavabdeh olmuşdur. Yuxarıda qeyd olunanlardan və MTN-nin 27 mart 2004-cü il tarixli əsasnaməsinin 13-cü bəndində imperativ qayda da qeyd edilir ki, Nazirliyin hərbi əkskəşfiyyat orqanlarının hərbi qulluqçularına əks-kəşfiyyat təminatmı həyata keçirdikləri Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi qulluqçularının imtiyaz və sair sosialmüdafiə xarakterli təminatları şamil edilir. Lakin, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı həmin tələblərə cavab vermir. Belə ki, bu qərarda hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qərarda qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi hazırki işə mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarının tətbiq və təvsirində yalnışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndələri X8 və X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hüquqi marağı 2007-ci ilin dekabr ayından 2013-cü ilin sentyabr ayınadək AR DSX-nin N saylı hərbi hissəsində xidmət etdiyi illərin, güzəştli şərtlərlə 1 (bir) ili 1,6 (bir il altı) ay kimi nəzərə alınmaqla yenilənmiş məlumat vərəqəsinin verilməsinə yönəlmişdir. Yeni məlumat vərəqinin tərtib edilməsi ilə bağlı hərəkətlər isə “öhdəliyin icrası haqqında” iddia növünə uyğun gəlir. “Öhdəliyin icrası haqqında” iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. Hazırki işdə də iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı tələbi “2007-ci ilin dekabr ayından 2013-cü ilin sentyabr ayınadək AR DSX-nin N saylı hərbi hissəsində xidmət etdiyi illərin, güzəştli şərtlərlə 1 (bir) ilinin 1,6 (bir il altı) ay kimi nəzərə alınmaqla yenilənmiş məlumat vərəqəsinin verilməsi” barədədir. Bu barədə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Sonradan o, məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş arayışlarda bildirilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixədək keçmiş MTN-də xidmətini MTN-in sərhəd dəstəsi üzrə şöbəsində aparmışdır. İddiaçı keçmiş MTN-nin müvafiq əmrli ilə 2007-ci ildən 2013-cü ilə qədər aidiyyəti sərhəd dəstəsi üzrə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. Bununla bağlı iddiaçı ehtiyata buraxılarkən onun barəsində hazırlanmış pensiya təyin etmək üçün xidmət illərinin hesabı cədvəlində qeyd olunan müddətlərdə iddiaçının vəzifədə müddətləri, eləcə də bu müddət ərzində xidmət illəri, ayları və günləri, o cümlədən güzəştli illəri qeyd olunmuş və 27 aprel 2017-ci il tarixdən iddiaçı tərəfindən imzalanaraq bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” yarımbəndinin altıncı abzasına əsasən xidmətin bir ayının ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə hesablanması yalnız sərhəd mühafizəsi orqanlarının zastavalarında və onlara bərabər tutulan bölmələrdə aparılan xidmətə aid edilir. DTX (MTN)-nin əməliyyat heyəti isə bütövlükdə sərhəd dəstəsinin əməliyyat təminatını həyata keçirir və xidməti vəzifələrinin sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetirir. Beləliklə, iddiada qeyd olunan dövrün güzəştli şərtlərlə hesablanıb uzun müddət xidmətə daxil edilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Həmçinin, əməliyyat sənədlərində olan məlumatların təqdim edilməsi ilə bağlı tələb ilə əlaqədar bildirilmişdir ki, AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. Hərbi xidmət keçdikləri dövrdə hərbi qulluqçuların hərbi xidmətdə nəzərdə tutulmayan işlərə və başqa vəzifələrin icrasına cəlb edilməsinə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada yol verilir. “Sərhəd mühafizə orqanları” haqqında Azərbaycan Respublikasının Qanununun 19cu maddəsinə əsasən dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələr Sərhəd zastavası, sərhəd nəzarəti bölməsi, sərhəd gəmisi (kateri), radiotexniki post, sahil nəzarəti bölməsi, sərhəd hava gəmisi, əməliyyat-axtarış orqanının bölməsi, sərhəd mühafizə orqanlarının sahə müvəkkili Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirən əsas bölmələrdir və qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərdən başqa heç kim onların xidməti və təsərrüfat fəaliyyətinə qarışa bilməz. Həmin Qanunun 20-ci maddəsinə əsasən sərhəd zastavası sərhəd dəstəsinin bölməsi olub, ərazinin müəyyən sahəsində Dövlət sərhədinin bilavasitə mühafizəsini həyata keçirir. Sərhəd zastavası ona təhkim edilmiş sahədə, öz səlahiyyətinə daxil olmayan məsələlərdən başqa, sərhəd mühafizə orqanlarını və Dövlət sərhədində Azərbaycan Respublikasının mənafeyini təmsil edir. Sərhəd zastavasının rəisi sərhəd zastavasına təhkim edilmiş sahədə sərhəd mühafizə orqanlarının ali vəzifəli şəxsidir. Sərhəd zastavasına sıra nömrəsi verilir. Həmin Qanunun 36-cı maddəsinə əsasən sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları, dövlət qulluqçuları və digər mülki işçiləri üçün əlavə güzəştlərin və kompensasiyaların müəyyən edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi, müvafiq icra hakimiyyəti orqanının qərarları ilə sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları, dövlət qulluqçuları və digər mülki işçiləri üçün onların vəzifə mövqeyi, üzərlərinə düşən vəzifələrin yerinə yetirildiyi şərait, sərhəd mühafizə orqanlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsində iştirak etmələri dərəcəsi nəzərə alınmaqla bu Qanunla nəzərdə tutulan güzəştlərdən başqa digər güzəştlər və kompensasiyalar müəyyən edilə bilər. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarının 2ci maddəsinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: b) xidmətin bir ayı ayyarım sayılmaqla: ...müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; ...sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində);... Hazırki işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1997-ci ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış və 18 aprel 2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İddiaçı öz imzası ilə bunu təsdiq etmişdir. İddiaçı Ehtiyata buraxılarkən onun hərbi xidmət illəri 21 il 06 ay 10 gün və ali təhsil illəri 02 il 05 ay 07 gün olmaqla, cəmi xidmət illəri 23 il 11 ay 17 gün olaraq hesablanmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı həqiqi hərbi xidmət dövrlərində xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin və MTN-in müvafiq struktur bölmələrində xidməti vəzifələrini icra etmişdir. Həmçinin xx.xx.2007-ci il tarixindən xx.xx.2013-cü il tarixədək keçmiş MTN-də xidmətini MTN-in sərhəd dəstəsi üzrə şöbəsində aparmışdır. İddiaçı xidmətdən tərxis olunan zaman pensiya üçün xidmət illərinin hesabı ilə (xidmətin bir ayının bir aya bərabər olmaqla məhz sərhəd dəstəsi üzrə şöbədə) razılaşmış, müvafiq hesablamanı imzası ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericilikdə müəyyən edilmiş normanın təhlilinə əsasən xidmətin güzəştli şərtlərə aid edilməsi məhdudlaşdırılmışdır. Sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində) uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Dövlət Təhlükəsizlik Xidməti (MTN)-nin əməliyyat heyəti bütövlükdə sərhəd dəstəsinin əməliyyat təminatını həyata keçirdiyinə və xidməti vəzifələrinin sərhəd zastavalarının hərbi qulluqçuları ilə müqayisədə tamamilə fərqli şəraitdə yerinə yetiridiyinə görə, onlara sözügedən güzəştlərin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2870/2024 saylı 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-596/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-596/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver