Məhkəmə qərarları › İş №2-1(103)-597/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-597/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-597/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz sayılması və belə hərəkətlərə son qoyulması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-6998/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xasiyyətnamələrin ləğv edilməsi, dəymiş maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-6998/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim R.Kərimli). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən Azərbaycan Respublikası məhkəmələrinin qərarları, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları, məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra xidmətinin icra məmurunun icra ilə əlaqədar yerinə yetirdiyi vəzifələrdəndir. Həmin Qanunun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icra qanunvericiliyi icra sənədi üzrə icraat çərçivəsində işdə iştirak edən şəxslərin icra məmurunun hərəkət və hərəkətsizliyini mübahisələndirdiyi hallarda, inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmasını deyil, işə baxan məhkəməyə müvafiq şikayət verilməsini nəzərdə tutur. Belə olan halda məhkəmənin qənaətinə görə, İddiaçı hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-6998/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar