Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-597/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Xidmət Nümayəndəliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “müharibə ilə əlaqədar İİ dərəcə əlilliyinə görə pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2021 saylı, 21.09.2021-ci il tarixli qərarından cavabdeh və 3-cü şəxs AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə (Xidmət nümayəndəliyinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq İİ qrup müharibə əlilliyini 31.08.2016-cı il tarixində ləğv edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə həmin vaxtdan müharibə əlilliyinin bərpa olunması vəzifəsinin qoyulması barəsində qərar verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2-1(112)-6128/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı 26.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunsuz hesab edilməsi və ona Qarabağ müharibəsi İİ qrup əlil kimi pensiyanın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. İddiaçı 19.08.2021-ci il tarixdə daxil olmuş iddia ərizəsinin dəqiqləşməsi ərizəsində 31.08.2016-cı il tarixdə cavabdeh tərəfindən Qarabağ qazisi kimi əlillik pensiyasını qanunsuz dəyişdirilərək yaşa görə pensiyaya keçirilməsinin əsassız hesab edilməsini və Qarabağ qazisi kimi pensiya səbəbinin əvvəlki vəziyyətə (yəni əlillik pensiyası) dəyişdirilməsi səbəbini bərpa etmək və bu barədə yeni arayış təqdim etməyi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyaraq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2021 saylı, 21.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2021 saylı, 21.09.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası ilə əvəz edilməsi üçün yazılı ərizə və zəruri sənədlər təqdim edilmədən ona şöbə tərəfindən yaşa görə əmək pensiyası təyin edilə bilməzdi. O, ilkin olaraq Fondun Xətai rayon şöbəsinə dayandırılmış əlilliyə görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı müraciət etməli, məhkəmədə şöbənin iddiaçının pensiyasının bərpa edilməsinə dair müraciətinə verdiyi imtina cavabını mübahisələndirməli idi. Eyni zamanda üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1538/2021 saylı, 21.09.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Fondun Xətai rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı daha sonra İİ qrup əlilliklə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək “məlumat vərəqi”nin Mərkəzi Filiala göndərilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən 09.04.2020-ci tarixdə iddiaçının adına “məlumat vərəqi” Mərkəzi Filiala təqdim edilmişdir. Tərəfimizdən araşdırma zamanı məlum olmuşdur ki, hal-hazırda iddiaçıya Fondun Xətai rayon şöbəsindən yaşa görə əmək pensiyası ödənilir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən - “əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyaçısının bir növündən başqa bir növünə keçmə hüququ vardır”. Göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyasından əlilliyə görə əmək pensiyasına keçmək hüququnun olmaması qanunvericilikdə qadağanedici norma kimi nəzərdə tutulmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2021 saylı, 21.09.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - ASAN 2 tərəfindən 27.11.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1946-cı il tarixdə doğulmuş və ünvan 1 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin 17.04.2019-cu il tarixli **********2 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 949728 №-li pensiya işi üzrə 25.07.1995-ci ildən 31.08.2016-cı ilədək 2-ci qrup ARMZ əlilliyə və 01.09.2016-cı ildən ömürlük yaşa görə 262,77 qəp (iki yüz altmış iki man 77 qəp.) manat məbləğində əmək pensiyası alır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin 21.01.2020-ci il tarixli **********9 nömrəli arayışdan görünür ki, İddiaçı 592317 №-li təqaüd işi üzrə İİ qrup ARƏB əlil kimi 230.00 manat məbləğində ömürlük Prezident təqaüdü təyin olunmuşdur. - Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 09.12.2021-ci il tarixli **********5 saylı məktubda göstərilmişdir ki, pensiyaçı İddiaçı (pensiya hesab nömrəsi 950728) pensiya işinə aid sənədlər inventarizasiya zamanı aşkar olunmamışdır. Bu səbəbdən pensiya işinə aid sənədlərin təqdim edilməsi mümkün deyil; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş İddiaçı pensiya işinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən ona 25.07.1995-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Qanununun 20.16, 34, 32.1-ci maddələrini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”-nı tətbiq etməklə belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının müharibə ilə əlaqədar İİ dərəcə əlilliyə görə pensiyası bərpa olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.16-cı maddəsinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə—80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə—55 faizi; 20.16.2. İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin—60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə—55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə—35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəlarından göründüyü kimi, əmək pensiyasının bir növündən başqa növünə keçmək əmək pensiyaçısının təsbit edilmiş hüququdur və yalnız onun müraciəti əsasında həyata keçirilir. Lakin cavabdeh iddiaçının rəsmi müraciəti olmadan onun hüquqlarına müdaxilə edərək, əlilliyə görə təyin edilmiş əmək pensiyasını yaşa görə əmək pensiyası növünə keçirmişdir. Bununla da iddiaçının hüquqları pozulmuş və O, müharibə ilə əlaqədar 2-ci dərəcə əlilliyinə görə pensiyaçı kimi qanunvericilikdə nəzərdə tutulmuş bir sıra sosial təminatlardan da məhrum edilmişdir. Belə olan halda, inzibati orqanın qanunauyğun olmayan hərəkətləri ucbatından iddiaçının hüquqları pozulmuşdur. Ona görə də, iddiaçının əlilliyə görə əmək pensiyasının 01.09.2016-cı il tarixindən yaşa görə əmək pensiyası növünə keçirilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilsin və iddiaçının müharibə ilə əlaqədar İİ dərəcə əlilliyə görə pensiyasının bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Xidmət Nümayəndəliyinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2021 saylı, 21.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-597/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-597/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver