Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-597/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6845/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyatın aparılması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli, 47 nömrəli qərarı və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X1 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1991-ci il tarixli, 7 nömrəli qərarına əsasən Abşeron rayon Donuzkökəltmə Sovxozunun fəhlə və qulluqçularına 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərarlara uyğun olaraq Abşeron rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmri əsasında iddiaçıya 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrinə dair cizgi və xəritədən çıxarış Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Daha sonra iddiaçı tərəfindən həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair ərizə ilə cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Halbuki sadalanan hüquqmüəyyənedici sənədlər iddiaçının ərizəsinə əlavə edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6845/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən fərdi ev tikdirmək üçün İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsaən torpaq sahəsi Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində yerləşir. Ərazinin 40 m. yaxınlığından orta təzyiqli qaz xətti (219 mm.lik) keçir. Qeyd olunanlardan əlavə, torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq var. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin mübahisələndirdikləri qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Belə ki, işin hallarından aydın olur ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün işçilərin hər birinə 0,08 ha torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda İddiaçı adı 20-ci sıra sayı ilə qeyd edilmişdir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Tətbiq edilən hüquq : «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş materiallarında olan sənədlər : İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Binə qəsəbəsi, Bünyatzadə küçəsi, ev 30 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991- ci il tarixli əmrindən çıxarışla Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün ona ayrılmış torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı müraciəti ilə bağlı ona ayrılmış torpaq sahəsinin hüquqi sənədlər əsasında Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş və həmin torpaq sahəsinə cizginin və xəritədən çıxarışın verilməsinin məqsədəuyğun olduğu hesab edilmişdir. Bu səbəbdən də Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrindən çıxarışla Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək vətəndaşa göndərilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Respublika İstehsalat-elm damazlıq-heyvandarlıq birliyi RİEB “Azərdamazlıq birliyi” Abşeron Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrinə əsasən Abşeron RİK-nin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün aşağıdakı işçilərin hər birinə 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır - İddiaçı. Həmin məktuba əlavə edilmiş cizgi və xəritədən çıxarışdan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmri ilə Binə qəsəbəsində İddiaçı ayrılmış sahənin cizgisi və xəritədən çıxarışı hazırlanaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Abşeron Rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 saylı qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Bu siyahıda vətəndaş İddiaçı adı 20 sıra sayı ilə qeyd edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, H202 saylı məktubla təqdim edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrindən çıxarışdan (Arxiv çıxarışı) görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarına və sovxoz Həmkarlar İttifaqı Komitəsinin qərarına (xx.xx.1991-ci il tarixli, 7 nömrəli protokol) uyğun olaraq fərdi ev tikdirmək üçün aşağıdakıların hər birinə 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır - 20…İddiaçı. Əsas: Fond.101, s.1a, s.v. 70.səh. Beləliklə, yuxarda qeyd olunan iş materiallarından müəyyən edilir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin və sovxoz Həmkarlar İttifaqı Komitəsinin müvafiq qərarları əsasında fərdi ev tikdirmək üçün 0,08 ha torpaq sahəsi ayrılan şəxslərin siyahısında iddiaçının adı da qeyd olunmuşdur. Cavabdeh tərəfindən qeyd olunan qərarların həqiqətə uyğun olmadığı sübuta yetirilməmiş, həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. İnzibati İcraat Haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin faktiki vəziyyəti ilə yuxarda qeyd olunan hüquq normaları qarşılıqlı olaraq təhlil olunduqda müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, yəni iddia tələbinin təmin olunması ilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətində mübahisəli torpaq sahəsinin Donuzkökəltmə sovxozundan 230 metr kənarda, faktiki olaraq Qala qəsəbəsinin ərazisində yerləşdiyini bildirmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinin sovxoz ərazisindən kənarda yerləşməsi ilə bağlı cavabdeh nə birinci instansiya, nə də apelyasiya instansiya məhkəmə araşdırması zamanı qeyd etdikləri dəlilləri təsdiqləyəcək hər hansı sübut təqdim etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçının müraciəti əsasında ona ayrılmış torpaq sahəsinə hüquqi sənədlər əsasında Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində baxış keçirilmiş, hər hansı uyğunsuzluq müəyyən edilməyərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 108 nömrəli, xx.xx.1991-ci il tarixli əmrinə əsasən Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək iddiaçıya göndərilmişdir. Bundan başqa cavabdeh apelyasiya şikayətində torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olduğunu, Ərazinin 40 m. yaxınlığından orta təzyiqli qaz xəttinin (219 mm.lik) keçdiyini bildirmişdir. Torpaq sahəsinin yerləşmə sxeminin perimetrik ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq olması ilə bağlı məsələyə gəldikdə isə qeyd olunan hal iddiaçının iradəsindən asılı deyil və uyğunsuzlugun mövcud olmasına cavabdehlik daşımır. Həmin uyğunsuzluğun aradan qaldırılması cavabdeh tərəfindən yerinə yetirilən vəzifələrə aiddir. Eyni zamanda ərazinin 40 m. yaxınlığından orta təzyiqli qaz xəttinin (219 mm.lik) keçməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları”, “mülkiyyət” kimi qiymətləndirilə bilər “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6845/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-597/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-597/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver